525.Az

“Serenad” - Türkan Turanın yazısı


 

“Serenad” - <b style="color:red">Türkan Turanın yazısı </b>

Bəzən o qədər yorulursan ki, ruhuna edilən bütün ziyarətlərə qadağa qoyursan. Ətrafına sədlər çəkirsən, hasarlar dikirsən, xəndəklər qazırsan, insanlarla olan məsafəni mümkün qədər uzaq tutursan. Qəlbinə işləyən sözlərin, sənə çıxan yolların önünü kəsirsən! Ürəyini möhkəm qıfıllayıb sandığın içərisində yüz ildən qalan naftalin qoxulu ipək dəstlərinin lap altında gizlədirsən. Heç kim aça bilməsin deyə, üstünə yük də yığırsan.

Ümidini kəsdiyin, əlini üzdüyün günlərin birində elə insan gəlir ki, bircə, “bu vaxta qədər harda idin” deməyə fürsət tapırsan, sonra qatlar açılır, yastıqlar havada uçuşur, yorğan döşək yerə dağılır, tez-tələsik sandığı açıb, naftalinin ağır qoxusu yayılmış otaqda ürəyini çıxardıb sinəsinə, bütün kilidlərin açarını isə əllərinə təslim edirsən! Bax, Zülfü Livaneli də eynən elə hiss yaşadır. Ona gecikdiyin üçün özünü qınayırsan. Hələ də oxumadığın əsərlərinin qaldığını düşünəndə təəssüflənirsən! Kitab mağazalarının rəflərində baxışlarınla onun adını axtarırsan. Hətta kənardan, oxuduğun romanına gözün sataşanda maqnit kimi o istiqamətə dartılırsan! Almasan da, mütləq toxunmaq, barmaqlarını adının üzərində gəzdirmək istəyirsən. Bunu niyə etdiyini özünə sual verəndə donub qalırsan, cavab tapa bilmirsən!

İlk dəfə onun kitabını oxuyanda eynilə bu hissləri keçirmişdim! Hər şey əsrarəngiz “Serenad”la başladı. Təsirli, insan xarakterlərini ustalıqla yaradıldığı, hisslərin dərinliyinə varan, oxucuları öz aurasından çıxmağa qoymayan əsər təsiri bağışlamışdı. Səhifələri çevirdikcə yanılmadığına əmin olursan.

Romanda bir neçə tale dil, din, irq, millət fərqi olmadan bir-biri ilə görüşür və ayrılır. Oxuduqca adama elə gəlir ki, Livanelinin əsl məqsədi təsirli, nümunə ola biləcək, yaddaşlardan silinməyəcək obrazlar yaratmaqdır. Bunu da böyük ustalıqla bacarıb! Əsərin qəhrəmanı İstanbul Universitetində İctimaiyyətlə Əlaqələr şöbəsinin əməkdaşı Maya Durandır. Digər obraz isə alman əsilli amerikalı professor Maksimilian Vaqnerdir.

Maksimilianın Mayanın həyatına girməsiylə qadının həyatı alt-üst olur. Daha xəfif desək, professor onun həyatını kökündən dəyişir. Bu iki insanın mənəvi yaxınlaşmasından sonra onların keçmişlərindəki bütün sirləri bir-bir açılır. Əslində, ortaya çıxan dəhşətli ailə sirləri deyil, dünya dövlətlərinin insan taleləri üzərində oynadıqları oyunlar, bundan bəslənərək həyata keçirdikləri soyqırımlar, mühacirətlər, müharibələr, sayı-hesabı bilinməyən dağıdılmış həyatlardır.

Romanda Türkiyənin öz cəmiyyətinin keçmişini pərdələməsi və örtməsi araşdırılır. Yazıçı bunun səbəbini aydınlaşdırmağa çalışır. Əsas mesaj keçmişin işığında şəxsi, mədəni, milli mənliyə baxa bilməkdir. Yazıçı mükəmməl türkcəsi ilə axıcı, duru və bir nəfəsə oxuya biləcəyimiz roman təqdim edib.

Livaneli nə etsə, nəyə toxunsa, hansı işə qol qoysa, nəfəs versə, orada sevgi seli yaranır. Bəzən insana elə gəlir ki, onun sehirli dəyənəyi var, yoxsa yazdığı romanlar, bəstələdəyi musiqilər, yönətdiyi filmlər, can verdiyi obrazlar niyə bu cür işım-işım işıldasın ki?

“Serenad”da öldürücü siyasət, əsrarəngiz musiqi, sehirləyən sənət, ürəyin cızdağını çıxardan insanlıq faciəsi var. Rekord sayıla biləcək satışla, dünyanın bir çox dilinə tərcümə edilən “Serenad”ın əsas obrazının qadın olması isə ayrı üstünlükdür. Maya 36 yaşlı boşanmış, işdən evə, evdən işə tələsən bir oğul anasıdır. Modern həyatın dərdli insanlarından biridir. Həssas, ağıllı qadındır. Gerçəkləri görə bilməsi ona əzab verir, yaşamaq eşqini söndürür, üzərinə sanki ölü torpağı tökür!

Maks isə 86 yaşında, sirlərlə dolu və hələ də yaraşıqlı kişi, əsl centlimendir. Universitetin dəvəti ilə bir neçə günlük İstanbula gələn professoru qarşılamaq Mayaya həvalə edilir. Ancaq İstihbaratın onları addım-addım izləməsi işin gedişatını dəyişir, hadisələrə daha da maraq qatır. Maksimilian İkinci Dünya müharibəsi dönəmində yəhudi qadına ürəyini qapdırır, məşəqqətli eşq onu 30-cu illərin axırlarında İstanbula gətirir. Tarixin hopduğu hər səhifədə, Maya professorun keçmişini araşdırdıqca öz köklərini, ailəsinin gizlinlərini öyrəndiyini görürük.  Yazıçı bunu çılpaqlığı ilə göz önünə sərir: “Onsuz da, bir çox türk evində belə susqunluq vardı, keçmiş danışılmazdı. Sanki o qorxulu hadisələrdən danışmaq hər şeyi yenidən başladacaq… Türkiyədə az qalsın hər mövzuda, bütün qurumlarda problemlərin həll edilməsindən çox üstünün örtülməsinə səy göstərilir, görəsən, bu alışqanlığın nəticəsi ərsəyə gələn mənzərə idi?” Keçmişdə yaşanan iztirablar, insanların başına gətirilən dəhşətlər şüurlu şəkildə unudulmağa hesablanıb. Bəlkə, unutduraraq rahatlayırdılar. Livaneli isə bu sirr pərdəsini “Serenad” yazmaqla aralayır, həqiqətə ayna tutur, gözümüzü qapatdığımız, qulağımızı tutduğumuz gerçəkləri ruhumuza hopdurur! Yazıçı bu əsərlə oxucunun keçmişini, dünyanın acı gerçəklə dolu olduğunu hiss etdirməyi bacarır.

Romanda qadın gücünə şahid oluruq. Mayanın yaşadıqları, bütün çətinliklərin qarşısında dik dayanması, azadlığına sahib çıxmağı insanı təsirləndirir. Həm ana, həm ata, həm də işçi olmaq məcburiyyətində qalan Mayanın gücü heyran edir. Ancaq nə qədər güclü olursan ol, sevgi yoxdursa gücsüzləşirsən. Elə buna görədir, qadının ürək yanğısı ilə şikayətlənməyi: “Bir gün dediklərimi yox, demək istədiklərimi anlayacaq kişi çıxacaq qarşıma? Hava soyuqdur deyəndə sadəcə havadan bəhs etmədiyimi başa düşmək bu qədər çətindir? Mütləq, “mən bu həyatdan bezdim” kimi sözlərmi deməliyəm? Yanımda olmağını istədiyim kişiyə bunu bir başa deyil, dolayı yolla “yağan yağış içimi isladır” deyərək, “Gəl”demək istədiyimi necə anlamır? Öz dilimlə, “qucaqla məni dedikdən sonra qucaqlanmağın nə mənası qalır?” Mütəmadi olaraq, qəbul edilməyəcək duaya “amin” demək duyğusu yaşayıram”. Hər nə qədər yeniyetmə oğul və keçmiş əri ilə yaşadığı problemlərin, qadınlığını və kimliyini sorğuladığı qisimlərin tarixi mövzuların kölgəsində qaldığı düşünülsə də, göründüyü kimi, böyük incəliklə işlənib! Livaneli boşanmış, uşaqlı ananın yaşadığı sıxıntıları, cəmiyyətin basqısını dəqiqliklə oxucuya hiss etdirir. Burada yazıçının həssaslığı və empatiya bacarığının qarşısında baş əyməmək mümkün deyil.

Kitabı oxuduqca tarixi səhifələyirsən. Gözün sətirlərdə, barmaqların kompüterin düymələrində olur. Kitabda bəhs edilən hər hadisəni “google”a yazıb araşdırmaq ehtiyacı hiss edirsən. Yazıçı oxucunu musiqi sədası altında keçmişə götürüb aparır. Özü də Frans Piter Şubertin əfsanəvi “Serenad”ı ilə... Şubertin musiqilərini eşitsəm də, həyatı haqqında dərin bilgim yox idi. Romanla bərabər, avstriyalı dahinin həyatını da araşdırdım. Altı yüzə yaxın leyder, tamamlanmış səkkiz simfoniya, məşhur “Tamamlanmamış simfoniya”, liturgik musiqi, opera və çox saylı kamera və solo piano musiqisinin müəllifi olan möcüzənin 31 yaşında, özü də səfalət içində öldüyünü biləndə sarsılmışdım. Kitabı oxuyub bitirdikdən sonra Zülfü Livanelinin bu cümlələri uzun zaman beynimi tərk etmədi: “Gözlərimi yumdum, içmdən kainatın bütün allahlarına, bütün ilahi güclərinə təşəkkür etdim”.

 





24.11.2018    çap et  çap et