525.Az

İmzalar içində bənzərsiz imza


 

(“Duyğular” silsiləsindən)

İmzalar içində bənzərsiz imza<b style="color:red"></b>

İntiqam MEHDİZADƏ

Dəqiq yadımda deyil, ilk imzamı neçənci ildə hansı kağız üzərinə atmışam. Bircə onu bilirəm ki, bu, orta məktəb illərində olub. Pionerəmi keçəndə, yoxsa komsomolamı. Bir də orası yadımdadı ki, sinif yoldaşlarıma qoşulub mən də ağ kağız üzərində dalbadal “qol çəkir”, gələcək imzamı löyünə salmağa, ora-burasını düzəltməyə çalışırdım. Axır ki, ürəyimcə olanı barmaqlarımın köməyi ilə kağıza nəqş edə bildim. Bəlkə də yüzüncü cəhddən sonra. O, bu, bəlkə də 60 ildən çoxdur həmin görünüşdəki imzam onlarla, yüzlərlə yazı-pozumun sonunda əks olunmaqdadır. Və mən indi, bu yazımı yazarkən ilk dəfə olaraq fikirləşirəm ki, o imzamdakı cizgilərin qəribə əyri-üyrüsü, dolanbaclığıyla mənim ömür yolumun eniş-yoxuşu, daşı-kəsəyi, asfaltı arasında qəribə bir oxşarlıq var və bu, nə zamansa, böyük Füzulimizin təbirincə desəm, yoxdan var olan, yəni dilimə gəlməyib də eləcə içimdən mənə diqtə olunan bir hökmün, bir əmrin kağız üzərindəki ifadəsi, görüntüsüdür. Bilmirəm başqası mənim bu üzdəniraq “kəşfimə” necə qiymət verəcək, amma dəqiq bilirəm və dəfələrlə şahidi olmuş, özlərindən eşitmişəm ki, adamların qələmindən çıxan ilk imzalarıyla, ömürlərinin sonrakı dönəmində qoyduqları imzaların “portret” oxşarlığı eynidir. Və nə qədər paradoksal olsa da mənə elə gəlir mən də içərisində olmaqla o adamların da imzalarını yazan o qələm onların özününkü deyil, bir başqa, gözəgörünməz varlığınkıdır. Amma bu bir başqa söhbətin mövzusudur. İndiki haldasa söhbət hər adamın öz imzasına hörmətindən, illər ötdükcə onu hansı mərtəbəyə çatdıra bilməsindən gedir və məni ilgiləndirən, bu yazını başlamağa sövq edən də imzaların portret oxşarlığını seyr eləmək istəyi deyil, altından imzalar atılan məqalə, oçerk, esse, ərizə, müraciət, tərcümeyi-hal və müxtəlif çəkili kitabların özlərini nə dərəcədə doğrultmaları, öz müəllifi, sahibi adına qazandırdığı hörmət-izzətin dərəcəsidir. Pislərlə, zəiflərlə işimiz yox, pis elə pis, zəif elə zəifdir. Onları irdələyib araşdırmaq ZAMAN kişinin işidir. Mənsə gümanımca yaxşılardan biri haqqında söz demək istərdim. Bu, Rafael Hüseynovun 2012-ci ildə “Elm və təhsil” nəşriyyatının nəfis tərtibatla buraxdığı 800 səhifəlik “İmzamız” adlı kitabıdır. Yox, mən əlbəttə bu gözəl topluda yer alan sənət korifeylərimizdən bəhs edən son dərəcə cazibəli məqalə, esse, oçerkləri peşəkar ədəbiyyatşünaslar, tənqidçilər birər-birər, yerli-yataqlı şərh eləmək, açıb çözələmək fikrindən uzağam. Bu, sənətşünasların, teatr, kino, rəssamlıq, bir sözlə gözəl sənətlərlə məşğul olanların işi, onların vətəndaşlıq borcudur. Mənsə Rafael Hüseynov haqqında hələ onun erkən gənclik illərindən bəri apardığı tədqiqatlarla, mədəniyyət tariximiz üçün gördüyü titanik işlərlə bir oxucu, bir qələm əhli kimi məni hədsiz qürurlandırmış bir alim dostum barədə ürək sözlərimi bölüşmək istədim. Və bunun da öz səbəbləri var...

Bir daha imza haqqında. Yəqin ki, belədir, Rafaelin də uşaq, yeniyetmə vaxtı ağ kağızlar üzərinə atdığı imzalarla ömrün ahıl çağlarında biri-birindən samballı kitablarına qoyduğu imzalar oxşardı. Hər halda onun qələm dünyasına qədəm qoyandan sonra zaman-zaman yazıb gün işığına çıxardığı və hər dəfəsində üstünü şirin sözlərlə avtoqraflayıb mənə bağışladığı kitablarındakı imzalarına baxanda bunu görmək olar. “Vaxtdan uca”, “1002-ci gecə”, “Məhsəti necə varsa”, “Yurdun adındakı can”, “Millətin zərrəsi”, “Rəfibəylilər”, “Əbədi Cavid”... və nəhayət “İmzamız” kitablarını nəzərdə tuturam. Həmin xətt, həmin görünüş və əvvəldə söylədiyim kimi ömrün, həyatın əyri-üyrüsündən, dolanbaclarından xəbər verən cizgilər.

Amma mən onun imzasını hələ adını çəkdiyim kitablarının gün işığına çıxmasından çox-çox illər öncə görmüşdüm. Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində çalışdığım, radionun məşhur “Xalq yaradıcılığı”, “Bulaq” proqramına redaktorluq elədiyim çağlarda. Hardasa 1976-77-ci illər idi. Şöbə müdirimiz, hər ay mənlə birgə “Bulağ”ın bir, bəzənsə iki sayının mətnlərini yazan Vaqif Əlixanov başqa işə keçəndən vəziyyət çətinləşmişdi. Odur ki, təzə müəlliflər sorağına düşmüşdüm. Rəhmətlik Faiq Hüseynov, Kamil Vəli Nəriman oğlu, Elxan Məmmədəli, Müğdət Həşimov, Ağalar Mirzə, çox sonralar Məhərrəm Qasımlı bu işdə mənə əsas yardımçı oldular və “Bulağ”ın onlarla dürlü sayları da onların adıyla, imzasıyla bağlıdır. Həmin adlar, imzalar sırasında Rafael Hüseynov ən öndə gedənlərdən idi. Bilirdim ki, evsiz-eşiksiz, kasıb oğlandı, heç Bakıya qeydiyyatı da yox idi. Bizdən aldığı beş-on manat onun çox işinə yarayırdı və mən bunu ona əsirgəmirdim. Sonralar çalışqanlığı, xüsusilə radio verilişinin dinlənilmək sirrlərini dəqiq mənimsədiyinə görə onu radionun Musiqi Verilişləri Redaksiyası da necə deyərlər qamarradı və hələ erkən gənclik illərindən başlayaraq Azərbaycan radiosunun “Axşam görüşləri” adlı qocaman bir proqramının daimi aparıcısı oldu. İndi budur, ömrün ahıl çağlarında bulunan, bir sıra ədəbi, elmi titullar qazanmış, səsi Azərbaycan Milli Məclisindən, Strasburqdan-Avropa Parlament Assambleyasından gələn professor Rafael Hüseynovun çıxışları hər həftə sonu radiomuzda efir ömrünü yaşamaqda olan “Axşam görüşləri” proqramında eşidilir və bir alim, pedaqoq, ictimai xadim, Nizami adına Milli Ədəbiyyat Muzeyinin direktoru kimi çiyinlərinə düşən yükün ağırlığına baxmayaraq o, həmin verilişi kimsənin umuduna qoymur, lazım olan saatda studiyada, mikrofon önündə öz yerini tutur. Yəni Rafael Hüseynov imzası uzun illərdi o boyda, o biçimdə, o cizgiləriylə Azərbaycan radiosunun arxivində qorunan əlyazmalarında uyumaqdadır. O əlyazmalardakı sözlər, cümlələrsə sadəcə havaya söylənmiş, efirə səpələnmiş yersiz təfərrüatlar, mənasız hadisələrin təsviri, zəvzəylik nümunələri deyil də Azərbaycan mənəvi dünyasının, mədəniyyətimizin, sənət tariximizin Rafael Hüseynovun o təkrarsız imzasıyla tarixə düşmüş, faktlarla təsdiqini tapmış istedadlı nümunələridir. Və heç şübhəsiz bu istedad yiyəsinin 2012-ci ildə araya-ərsəyə gətirdiyi və “Əzizim İntiqam! Sən varlığınla, qələminlə Azərbaycan mədəniyyətinin vacib bir parçasısan. Sənin imzan həmişə inamlı, mötəbər olub və bu dəyər illər ötdükcə daha da artacaq və bunlardan da mənimçün daha mühüm olanı budur ki, istəkli qardaşımsan” avtoqrafıyla mənə bağışladığı 800 səhifəlik “Imzamız” kitabı da oxucular tərəfindən məhz istedadlı müəllifin gərgin zəhmətinin bəhrəsi kimi qiymətləndiriləcək. Bir də ona görə ki, bu kitabda zaman-zaman adları sənət kuluarlarında bəlli epitetlərlə ağırlanan sənət xadimlərinin həyatlarının bu vaxtacan çoxumuza bəlli olmayan, amma zamanında onların bir çoxundan Rafaelin xüsusi səriştəylə “qopardığı”, arxivlərdən əldə etdiyi külli miqdarda ağrılı-acılı, qüssəli, həm də çox qiymətli, əsrarəngiz məqamlar, faktlar ilk dəfə işıq üzü görür. Üzeyir Hacıbəyov, Bülbül, Niyazi, Fatma Muxtarova, Aleksandr Tuqanov, Mirzə Bilal, Yavər Kələntərli, Əhməd Ağdamski, Kamil Əliyev, Mirzə Fərəc Rzayev, Mirzə Məhəmmədhəsən, Xədicə Qayıbova, Asəf Zeynallı, Mir Cəfər Bağırovun gizli sevgisi haqqında bu kitabda yazılanları oxuyan hər kəs Rafael imzasının təpərini hiss edəcək...

Bu yerdə sənə üz tuturam, Rafael, “İmzamız” kitabının ilk səhifəsindəki avtoqrafında mənimçün “qardaşımsan” yazmısan. Çox sağ ol. Sonda kitabındakı ovqatdan xəbərsiz olanlar üçün maestro Niyazi barədə qələmə aldığın son dərəcə təsirli yazının son bir neçə abzasını oxucularımıza yetirməklə səninlə sağollaşıram. Hələlik, qardaşım.

“...Niyazinin ən böyük faciəsi ölümündən sonra baş verdi. Övladsız Həcər xanım (Niyazinin ömür-gün yoldaşı İ.M.) qardaşı oğlu Teymuru götürüb saxlamışdı. Amma onun da uşağı olmadı və Teymurun arvadı Ziba işlədiyi doğum evində anasının imtina etdiyi bir bic uşağı övladlığa götürdü. Ceyhun adı verdikləri bu yaraşıqlı, dəcəl uşaq da maestronun sevimlisi oldu. Onu əzizləyə-əzizləyə, yağ içində böyrək kimi böyütdülər. Kim biləydi ki, o, bəla çanağıymış. Sən demə bu ərköyün uşaq narkomanlığa qurşanıbmış. 1984-cü ildə Niyazinin vəfatından az sonra yavaş-yavaş evdəki qiymətli əşyalar yox olmağa başladı... Və bir səhər eşitdiyimiz xəbər hamımızı sarsıtdı. Ceyhun narkotik aclığının növbəti  tutmalarından birində Həcər xanımı  olmazın əzablarla, vəhşi işgəncələrlə qətlə yetirmişdi...

...Qüdrətli əlləriylə havanı yara-yara gözəlliyi səmtləndirən, dünyanın ən ecazkar musiqilərinə və musiqiçilərinə ən doğru yolları açan Niyazinin sevimli Həcərinə əli çatmadı...”.

P.S. Altındakı tarixdən də göründüyü kimi bu yazını avqustun 4-də tamamlamışam. Bəzi faktları bir daha dəqiqləşdirim deyə, həm də şəkil məsələsini həll eləmək üçün götürüb Rafaelə telefon açdım. Soruşdum hardasan, dedi Fransada. Nə vaxt gəlirsən, xəbər aldım. Dedi ayın 6-da. Nə işdi, deyə soruşdu. Dedim bəs hal-qəziyyə belə, kitabın haqqında yazmışam, digəl ki, neçə illərdi dostuq, amma bir yerdə şəklimiz yoxdu. Bu yazı üçün bir şəkil çəkdirərdik. Nə isə, uzaq səfərdən qayıtdı, görüşdük, suallarımı cavablandırdı, şəkil də çəkdirdik. Amma biləndə ki, mən bu yazımı onun hələlik son kitabı kimi qələmə verdiyim “İmzamız”a həsr eləmişəm, gülüb “ay hay” dedi. Dedi yatmısanmış, yuxudaymışsan. Məlum oldu ki, bu pir olmuşun balası 2012-də çıxmış “İmzamız”dan sonra hər biri 600-800 səhifəlik daha 6 kitab qoyub ortalığa-“Söz heykəli”, “Hamısı ulduz”, “Söz tək gözəl”, “Rübai mülkünün sultanı”, “Şirvan şairləri”, bir də “Məhsəti nəğmələri”. Üstəlik də sonuncu kitabı dünyanın 20 ölkəsində o xalqların dilinə tərcümə olunub və o ölkələrin Məhsəti aşiqlərindən demək olar hər gün Rafael Hüseynovun ünvanına sayğı və şükranlarla dolu təşəkkür nidaları axışmaqdadır. Görüşümüzün axır-uxurunda istədim dostuma bir dişi tökülmüş, qocaman sual da tuşlayım, yəni gələcək planları, filan-pəşməkan barədə. Amma gördüm yox, burda saydan, plandan söhbət gedə bilməz. Rafaelin bənzərsiz imzası gecə-gündüz bilmədən öz işini görməkdə, sahibini günü-gündən tariximizin, mədəniyyətimizin daha sirli, dərin, mübhəm qatlarına çəkib aparmaqdadır. Və Rafael də yaxın gələcəkdə neçə kitab, əsər, monoqrafiya yazıb ortaya çıxaracağının fərqində deyil, çünki bunların sayını heç özü də bilmir. Xoş bir çaşqınlıq, xaos içərisindədir qardaşım. Amma onun özü də, mən də bilirəm ki, bu çaşqınlığın, bu xaosun içərisindən onu bir möhtəşəm qüvvə çəkib çıxaracaq və o hər şeyə qalib gələcək. O qüvvə artıq bərkimiş, təsdiqini tapmış, oturaqlaşmış Rafael Hüseynovun öz İMZASIDIR.  

4 avqust 2013-cü il

 





26.08.2013    çap et  çap et