525.Az

“Bekarçılıqdır, nə edim?” - Azər Həsrət


 

“Bekarçılıqdır, nə edim?” - <b style="color:red">Azər Həsrət </b>

Rauf Arifoğlu – illərin ictimai-siyasi xadimi, medianın ən öndə gələn simalarından biri, Əməkdar jurnalist. Bütün fəaliyyəti dövründə problemi olan, çətinliklə üzləşənlərin üz tutduğu, bugünlərdə 29 yaşını tamamlamış “Yeni Müsavat” qəzetinin sahibi və yeri gələndə müxbiri kimi çalışmaqdan çəkinməyən birisi.

Niyə sözümə Rauf bəydən başladım? Bəlkə də ilk baxışda dəxli yoxdur, amma belədir: REAL-çı İlqar Məmmədova görə.

Bugünlərdə Rauf bəy yazmışdı ki, İlqar Məmmədov (ki, Rauf bəy onun həbsdə olduğu müddətdə bu adama gərəkli media dəstəyini heç zaman əsirgəməyib) Azərbaycan dövlətindən hər cür ödül alan şəxsləri sosial media siyahısından siləcəyini deyib. İlk addım olaraq da Azərbaycan Respublikasının Əməkdar jurnalisti Rauf Arifoğlunu dostluqdan sildiyini nümayişkaranə şəkildə bəyan edib.

Əcaib olaydır, deyilmi? Azərbaycan dövlətindən (yəni öz dövlətimizdən) ödül almaq niyə bir Azərbaycan vətəndaşında qıcıq yaratsın ki? Belə adamın çaşdığını desək heç ayıb olmaz məncə.

Rauf bəyin İlqar Məmmədovun bu əhvalatını ictimailəşdirməsi istər-istəməz sonuncunun personasına diqqətimi oyatdı və düşündüm ki, bunun həbsdən çıxandan sonra nə işlə məşğul olduğuna bir baxım. Çünki adam həbsdə olanda səsini az qala hər gün eşidirdik, amma indi nəsə sakitlik idi. Yalnız dövlətimizdən ödül alanları dostluqdan silməsi ilə diqqətimi çəkdi.

Kiçik bir araşdırma və dostların da informasiya dəstəyi ilə öyrəndim ki, bu adam bu yaxınlarda Bakı şəhərinə rəhbər seçkisi üçün təşəbbüs irəli sürüb. Hətta bunun üçün 40 min imza toplamağa da başlayıbmış. Bilmirəm, o imzalar toplanıb, ya yox, amma anlaşılan odur ki, bu İlqar Məmmədov nə etdiyini özü də bilmir. O, iddia edir ki, Bakının başçısı – meri seçki yoluyla müəyyən edilməlidir. Yəni ölkə prezidenti onu təyin etməməlidir. Belə baxanda, normal təşəbbüs saymaq olar. Amma ki, 40 min imza toplayıb mer seçkisi tələb edən adam anlamalıydı və bilməliydi ki, bunun üçün ölkə Konstitusiyasından başlamış üzüaşağı bir sıra qanunlara əməlli-başlı əl gəzdirmək lazımdır. Konstitusiya da ki, elə-belə məsələ deyil: referendum elan edilməli, yeni təkliflər müzakirəyə açılmalı, səsvermə keçirilməli və xalq səs versə, artıq işə başlamaq lazımdır. Düzdür, bu sadalananları da anladığını və qanun layihələri təklif etdiyini deyir. Ona da baxmışıq. Sadəcə bir həvəskarın irəli sürdüyü qanun layihələri və dəyişiklik təklifləridir.

O da olsun. Amma ilin-günün bu vaxtında bu təşəbbüsə nə gərək vardı? Yaxud da Bakını mer idarə etsə nə olacaq, icra başçısı idarə etsə nə? Başa düşürük, meri seçicilər seçir, icra başçısını prezident təyin edir. Di gəl ki, bu da heç nəyi dəyişmir. Bizim üçün önəmli olan bu şəhəri idarə edənin hansı üsulla o vəzifəyə sahib olması deyil. Önəmli olan şəhərin necə idarə edilməsidir.

Ümumiyyətlə isə, ölkənin hazırkı ictimai-siyasi durumunda şəhərin başçısını məhz prezidentin təyin etməsi ən düzgün üsuldur. Hələ nəzərə alsaq ki, ölkə seçicilərinin 90 faizə qədəri elə lap bu yaxınlarda – aprel ayında onun yenidən seçilməsi üçün etimad göstərib. Bütün ölkəni idarə etməsi üçün etimad qazanmış şəxs – prezident təbii ki, paytaxta başçı da təyin edərsə məsləhətdir. Hə, günün birində xalqla hakimiyyət arasında etimad problemi yaranarsa (ki, bu yaxınlarda belə bir halın olacağı öngörülmür), onda nəyəsə təşəbbüs etmək olar.

İlqar Məmmədovun bu təşəbbüsü yadıma bir olayı da saldı. İllər öncəydi. Hələ bu adam həbsə düşməmişdi, azadlıqda gəzirdi. Onun çevrəsi bir müraciət hazırlamışdı. O da əcaib dürdəndi. Fransanın Strasburq şəhərinə müraciət edirdilər. Məsələ ondadır ki, Heydər Əliyev Fondu humanitar aksiya kimi o şəhərdə kilsəni təmir etdirirdi. İlqar Məmmədovun çox yaxın çevrəsi də firənglərə müraciət edib onları bu xidmətdən imtina etməyə çağırırdı. Səbəb kimi də onu göstərirdilər ki, kilsənin təmirinə xərclənən pulların mənbəyi şübhəlidir. Facebook-da hər kəsi o müraciəti dəstəkləməyə çağırırdılar. Mən də yazdım ki, “axı bu aksiya Azərbaycanın imici üçün gərəklidir, faydalıdır və bizi Avropa insanının gözündə yüksəldəcək”. Çağırış da etdim ki, belə ziyanlı əməldən imtina etsinlər. Dərhal rəyimi sildilər və şəxsimə yazdılar ki, “Azər bəy, üzrlü sayın, silməli olduq”…

İndi bu təfəkkür sahibləri Bakıya mer seçkisinə təşəbbüs edirlər. Hələ pulsuz təhsil filan nağılları da var o 40 min imza təşəbbüsünün ardında. Belə anlaşılır ki, aradan illər keçsə də İlqar Məmmədov özünü obyektiv gerçəklikləri dərk edəcək qədər yetişdirə bilməyib. Adam ac ermənilərin emosiyalarını alət edərək hazırda Ermənistanda hakimiyyətə gəlmiş Nikol Paşinyanın durumundadır anlaşılan. Nikol da küçə hərəkatı zamanı çoxlu vədlər verirdi, iddia edirdi ki, ölkəsini qısa müddətə böhrandan çıxaracaq.

Amma olmadı, alınmadı və bugünlərdə ölkəsinin parlamenti cəmi 3 milyard dollarlıq yeni büdcəni təsdiqləyəndə günahları əvvəlki hakimiyyətn üstünə atıb yaxasını kənara çəkdi: “Bu, bizim hakimiyyətin büdcəsi deyil. Keçmiş hakimiyyətin xəyal məhsuludur”. Bunu Paşinyan yeni büdcə haqqında deyib. Halbuki neçə aylardır ki, hakimiyyət bunun əlindədir, amma məsələ gerçək iş görməyə çatanda anlayıb ki, heç də asan deyilmiş.

İndi İlqar Məmmədov da bir kənarda oturub, düşünür ki, nəylə gündəmi məşğul edim? “Çıxış yolu”nu Bakıya mer seçilməsi üçün çağırışda görüb. Yalnız bir şeyi nəzərə almayıb: Ermənistanda doğrudan da bıçaq sümüyə dirənmişdi və xalq Paşinyan deyil, kim ortaya çıxsaydı onun istənilən çağırışının ardınca gedəcəkdi. Bizdə isə sabitlikdir, dövlət etibarlı əllərdədir, xalqla hakimiyyət arasında uçurum yoxdur. Yəni sosial sifariş də yoxdur. Anlayana əlbəttə…

Sosial mediada dostluğumda olsaydı özüm deyərdim. Ona görə də onunla ortaq dostluğu olanlardan rica edərdim: adama izah etsinlər ki, mer seçkisi üçün deyil, başqa mətləblər üçün imza toplamaq lazımdır.

Örnək üçün, Azərbaycan torpaqlarını işğal altında tutan Ermənistanın Dağlıq Qarabağa oyuncaq başçı təyin etdiyi Bako Sahakyanın İlqar Məmmədovun ətəyində namaz qıldığı Fransaya, ABŞ-a, hətta Rusiyaya belə rahat gediş-gəlişinə qarşı imza toplamaq yerinə düşməzmiydi?

Yaxud da Xocalı soyqırımını törədənlərin, 20 Yanvar faciəsinin baiskarı Mixail Qorbaçovun cəzalandırılması üçün imza toplamaq yaxşı olmazdımı?

Olardı. Amma İlqar Məmmədov və onun “REAL”istlərindən nəsə bu yöndə heç bir hərəkət görmürük…

Sözardı: Çinin məşhur dövlət xadimi Den Syao Pin deyirdi ki, “pişiyin ağ və ya qara olmasının fərqi yoxdur, təki siçan tutsun”. İndi biz də deyirik ki, şəhər başçısının seçilməsinin və ya təyin edilməsinin fərqi yoxdur, təki şəhərə yaxşı baxsın”.

Sözardına sözardı: Öz dövlətindən ödül alanlara indidən savaş elan edən birisi, allah eləməmiş, hakimiyyətə gəlsə nələrin baş verəcəyini təsəvvür edirsinizmi? Mən təsəvvür etmək belə istəməzdim! Adam anlamır ki, bir vətəndaşın öz dövlətindən ödül alması onun dövləti üçün üstün dəyərə sahib olmasının təsdiqidir. Qınamıram. Çünki bunun kimilər ödülləri vətəndaşı olduğu dövlətə düşmən kəsilənlərin əlindən almağa öyrəşiblər…

Azerhasret.com

 





27.11.2018    çap et  çap et