525.Az

Bizim gözəl günlərimiz səadətli çağlarla əvəzlənib, İlqar Musaoğlu...


 

Bizim gözəl günlərimiz səadətli çağlarla əvəzlənib, İlqar Musaoğlu...<b style="color:red"></b>

Gözəl günləri yada salan kimi həmin əhvalın  üstündə  qeyri-iradi olaraq  xəyali bir improvizə yaranır... Xırda, yaşıl yarpaqlar, onların arasında rəngini peşəkar rəssamın belə çox çətin ayırd etdiyi qorxaq  (bəlkə də kövrək) tumurcuqlar, Günəşin nəzərəçarpacaq dərəcədə  xəsisliklə  yerə göndərdiyi hərarət, kimdənsə muştuluq almağa tələsən uşaqların səsi kimi qarışıq quş nəğmələri və  bir də baharın indi qeyd edə bilmədiyimiz bütün gözəllikləri göz önünə gəlir... Bir azdan bütün ağaclar çiçəklənəcək, sonra çiçəklərin yerində hələ dadı-tamı məlum olmayan yaşıl meyvəciklər görünəcək, sonra yay gələcək, istilər, quraqlıq, ağaclara düşmənçilikdən yox, öz həyatını təmin etmək üçün yarpaqlara daraşan bağ canlıları, qaynar küləklər, barlı budaqların ağırlaşması və nələr, nələr... və ağaclar bar verəcək. Amma o zamana qədər hansı ağacın başı nələri çəkəcəksə, onu bircə özü biləcək. Daha sonra ağaclar deyəcəklər: bizim gözəl günlərimiz vardı.

...Mən İlqar Musaoğlunu tanıyanda bax eləcə yarpağının rəngi, meyvəsinin adı, budağının boyu hələ tam məlum olmayan, fəqət öz baharını yaşayan cavan bir ağac kimiydi. Ali təhsil almış olsa da, ölkənin ən hörmətli qəzetlərindən birində çalışsa da,  hələ ağaclar arasından boyu görünmürdü. Amma özünə də, qələminə də, sözünə də, məramına da inamı vardı, boy atacağını bilirdi, qələmlər sırasında qələminə, sözlər arasında sözünə, söz adamları arasında  özünə yer olacağını bilirdi.  Üzündə  ancaq özünə məxsus təbəssümü, sözündə bütün gəncəlilərə xas şirinliyi vardı. Redaksiyada vəzifəsi olmasa da ( o illər həmin yaşda olan cavana vəzifə verən kim idi? ) əsl səsi vardı, sözü vardı.  Elə mənim  də  var-dövlətim ancaq qoltuğumdakı  sinif jurnalı və  əlimdəki  bir dəstə kitab idi. Dərsə, dərsdən sonra isə “Bakı” qəzetinə gedib-gəlməkdən başqa boy ucaldacaq bir işim yox idi.  Hər halda, gözəl günlər idi, çox gözəl. Çünki ömür hələ qabaqda idi. Elə indi də qabaqda hələ çox illər, çox aylar var.  İnşallah, 10-15 ildən sonra bu yazını İlqara xatırladıb, ona  məhz bu günlərin gözəlliyindən söz açacağam. 15 ildən sonra min dəfə and içəcək ki, 2013-14-cü illər çox gözəl illərimiz idi. Dəqiq bilirəm, deyəcək. Tanrı qismət eləsin.

... O gün metroda yaşı qırxı keçmiş bir kişi qalxıb mənə yer verdi, başqa  bir gün zəng edib məni  kiminsə  qapısına elçi getməyə dəvət etdilər. Yaşa dolduğuma  məmnun oldum, amma... qocaldığıma görə  sevinmədim. Bir səhər eşitdim  ki, İlqar Həsənov baba olub, redaksiyada şirinlik payladılar. O biri ayın əvvəlində gördüm  ki, köhnə həmkarlarımızdan  birinin  öz yerini bilməyən hansısa  adamla münaqişəsini sona çatdırmaq üçün İlqarı dəvət ediblər...  Ağsaqqal imiş. Məmnun oldum. Həm də sevindim.

Bir gün ziyalı adamların məclisində eşitdim ki, son zamanlar ərsəyə gələn kitabların adları arasında  (çox maraqlı seçki idi, kitabın məzmununu yox, məhz adını bəyənmək istəmişdilər) ən yaxşısını  seçmək istəyiblər və Musaoğlunun 50 yaşına həsr olunmuş “Dünya İlqara bağlı...” kitabının adı daha çox bəyənilib. İlqarın özü orada olmasa da mən bilavasitə ona  zarafat etmək mənasında dedim ki, həmin kitaba ad verilməsində  İlqarlıq bir iş yoxdur. Kitabın adını  şair Sabir Rüstəmxanlı verib.  Dostları İlqarın özünə məxsus yumorla , həm də kifayət qədər  eyhamla soruşdular ki, bəs kitab kimin haqqındadır? Nə işimə qalıb ki, elə dolaşıq suala cavab verəm.

... Hə, qayıdaq bugünkü qocaman, qollu-budaqlı ağacın bayaq xatırlatdığım illərinə. 80-ci illərin əvvəlləri idi. İnstitutu təzə qurtaran bütün gənclər kimi mən də çox böyük  şəstlə dərslərə gedir, müəllim sözünün məsuliyyətini doğrultmağa çalışırdım. Paytaxtın “26 Bakı Komissarı” rayonunda yaradılmış Gənc Müəllimlər Şurasının üzvü idim. Rayon ərazisindəki Müəllimlər Evində şair Nəriman Həsənzadə ilə görüş keçirmişdik. Nəriman müəllimin hansısa çox oxunan bir əsəri yeni çapdan çıxmışdı. Rayon rəsmiləri  dedilər ki, bu tədbir barədə qəzetlərdən hansındasa məlumat verilsin. Mən öhdəmə götürdüm və yazını hazırlayıb  getdim “Bakı”qəzetinin redaksiyasına.  Yazının nədən ibarət olduğunu biləndə “Xəbərlər” şöbəsinə istiqamətləndirdilər. Şöbədə bir az kürənsayaq, əslində isə  azərbaycanlılığı alnına yazılmış kimi aydın sezilən bir oğlan (vallah,  uşaq da yaza bilərdim ) var idi. Soruşdum ki, heç kəs yoxdur? ( Əvvəla, o, faktiki olaraq məndən 5-6  yaş kiçikdir, ikinci də o elə indi də uşaq kimi görünür, gör indi 30-32 il əvvəl necə görünüb?). Soruşdum və heç nə deməyib gülümsündü. O indi də narazılığını və hirsini beləcə təbəssümlə  gizlədir, ya da boğur.  Kimin xoşuna gələrdi ki, redaksiyada çalışasan, iş otağında oturasan, səni bu idarənin işçisi bilməyənlər.

Dedim –  ədəbi tədbir haqqında yazı gətirmişəm. Kimə təqdim edim?. – İşçilərdən biri gələndə təqdim edərəm – deyə götürdü və gözümün qabağında iki qrankalıq yazını oxuyub cəmi 5 cümlə saxladı. Elə bildim ki, mən onu işçi kimi qəbul etmədiyimə görə acıq çıxır. Amma elə deyidi. Sadəcə mənim yazım  başqa şöbəlik idi. Amma belə olmağı da bir naxış idi. Həmin gün yazını özünə aid şöbəyə aparmış olsaydım, bəlkə də indi İlqar Musaoğlu ilə bu qədər çörək kəsməyəcəkdim.  Beləcə “Bakı” qəzeti ilə əməkdaşlığım başlandı   və sonralar bilavastə mənə lazım olan şöbədə Aqil Dadaşovun təşəbbüsüylə  uzun müddət “Şəhərimizin mədəniyyət ocaqlarında” və “Arxivlərdə yaşanan ömürlər” rubrikalarını davam etdirdim. Başqa şöbələrlə də əməkdaşlığım çox oldu. Amma “Bakı” ilə tanışlığım kürənsayaq bir uşağın müəmmalı  gülüşü və çoxbilmiş görünüşü ilə başlanmışdı. O da, mən də ağlımıza belə gətirə bilməzdik ki,  nə zamansa  mən ölkənin bir nömrəli qəzetinin redaksiyasında oturacam və onun Zaqataladan, Balakəndən  faksla göndərdiyi materialları deyinə-deyinə  - “gün axşam oldu,  mən Müşfiqabada getməliyəm, bunu vaxtında göndər də “- deyə-deyə oxuyacam. Deyəsən,  o mənim gül kimi yazımı  “balta ilə” ixtisar etdiyinə görə tale  bir qərinə sonra bir qəzetdə işləməyimizi təmin edib. Hər halda, o günlər gözəl günlər idi. Çox gözəl.

Aradan neçə illər keçəndən sonra,  onun  50 illiyi münasibətiylə hazırlanan “Dünya İlqara bağlı” kitabının ərsəyə gəlməsində mən də iştirak edirdim. Köhnə yazılarından bir neçəsini vərəqlədim.  Mətbuatdan ayrıldığı illərdə yazdığı bir məqalənin təkcə sərlövhəsi bəs edirdi ki, mən uşaq kimi gördüyüm bir insanın qollu-budaqlı bir palıda çevrildiyi barədə qənaətə gələm. Tələbəlik dostlarına xitabən qələmə aldığı yazıya sərlövhə  vermişdi : “Sizin üçün darıxmışam, uşaqlar...” Bəlkə hansısa oxucu bu ifadəmlə razılaşmayacaq. Amma mən həmin sərlövhəni oxuyanda sözün həqiqi mənasında bir andaca tələbəlik  illərimizdəki dostlarım üçün darıxdım. Özü də necə?

O, həqiqətən söz sərrafıdır. Nöqtə. Vəssalam!

Bir  dəfə hansısa tədbirdən əvvəl tanınmış şairlərdən birinə  dedim ki, bu mövzuda  İlqar Musaoğlunun da bir şeiri var. Güldü: – Ayə o, çoxbilmişin biridir. Şeir yazıb ürəyini gücə salarmı? – deyə soruşdu. Söhbətin üstündən keçdik və mərhum həmkarımız Qəzənfər Qəribovun dünyasını dəyişməsindən bir neçə ay sonra onun haqqında hazırlanan kitabda mənim də bir  şeirim verilmişdi.  Sonuncu bənd belə qurtarırdı ki, “Dedilər göylərə uçdu Qəzənfər, Göylərə gedən yol məzardan keçir?” Kitab həmkarlarımız arasında yayıldı və bir gün  İlqar redaksiyanın beşinci mərtəbəsinə daxil olanda   bizi görüb dəhlizin  o biri başından həmin şeiri oxuya –oxuya gəlməyə başladı və şeirin sonunda elə bir improvizə elədi ki,  həmin ifadəni mən nə üçün o şəkildə işlətmədiyimə görə uzun müddət özümü qınadım.

O, həqiqətən söz sərrafıdır. Bir neçə nöqtə. Əziz dostumuz Məmməd Nazimoğlu sağ olsaydı indi mənə deyərdi ki, mirzə, cümlənin sonunda  iki nöqtə, üç nöqtə qoyulduğunu eşitmisən, elə bilirsən  ki, bir neçə nöqtə də olur? Qərəz...

Bizim gözəl günlərimiz vardı, İlqar Musaoğlu. Allaha min şükür ki, həmin günlərimiz səadətli çaglarla əvəzlənib. Ad günün mübarək, səadətli çağların uzunömürlü olsun! Gözəl günlərimizi xatirələrlə yaşatmağın özü də bir qədrşünaslıq nümunəsidir.

İttifaq MİRZƏBƏYLİ
“Bakı” qəzetinin 80-ci illərdəki
ştatdankənar müxbiri

 





26.08.2013    çap et  çap et