525.Az

On üç ilin həsrəti


 

On üç ilin həsrəti<b style="color:red"></b>

Neçə illərdir xiffətini çəkirəm Şahmarın. Allah-talanın mənə bəxş etdiyi ömür müddətində də bu xiffəti çəkəsiyəm. Çünki Şahmar həyatdan köçəndən sonra onunla mənim aramda olan boşluğu heç bir zaman doldura bilməyəcəyimə artıq inanmışam. Yeganə təsəllim onunla mənim aramda olan xatirələr, onun dostları, qançəkərləri ilə Şahmar haqqında söhbətlər və qoyub getdiyi kitablardır.

Adı ürəyimin başında həkk olanların arasında Şahmarı xüsusilə qiymətləndirmək istəyirəm. Tək ona görə yox ki, biz bir yerdə böyümüşük, bir ocaqda tərbiyə olunmuşuq, doğmaca dayıoğlu – mamaoğluyuq. Əslində biz qardaş idik, dost idik, sevincimiz də, dərd-sərimiz də bir idi. Hər  Şahmarı ananda onun yazdığı misralar yadıma  düşür:

Könlümdə  bir  dəli  həsrət  kişnədi,
Onsuz  gözlərimdə  dünya  heç nədi.
 
Ömrümün acılı-şirinli günlərini xatırladıqca doğrudan doğruya görürəm ki, Şahmarsız bu dünya gözlərimdə yarımçıq olardı. O, mənim dünyamı tamamlayan ayrıca dünya  idi. Dahilər havayı yerə insanı yer üzünün əşrəfi adlandırmayıb. Mənim üçün yer üzünün əşrəfiydi Şahmar.

Ağlım söz kəsəndən varlığı ilə öyünmüşəm, fəxr etmişəm, sirdaş olmuşuq və ən nəhayət bir-birimizdən doymayan, yanında sözü keçən, əziz, mehriban qardaş olmuşduq Şahmarla. Lakin ulu Tanrı bu qardaşlığı, bu xoşbəxtliyi bizə çox gördü. O, bizim bütün qohumların, dostların xeyir-şər məclislərinin yaraşığı, dərdlərimizin ortağı idi. “Zalım oğlu” öz şeirlərində xalqın, millətimizin dərd-sərindən, sitəmindən o qədər yazırdı, tamarzı, həsrət sözünü o qədər işlədirdi ki, sanki bu həyatdan tez küsüb  gedəcəyini bilirmiş, balalarını dərdə-sərə salacağını, bizi, qançəkərlərini, dostlarını Şahmara həsrət qoyacağını bilirmiş. Ona sevinirəm ki, Şahmar qısa ömrünü namusla, şərəflə yaşadı, kişi kimi yaşadı. Heç kimdən kömək ummadı, özü kara gələn oldu, haya çatan oldu, dünyanı gözəlləşdirməyə can atdı. Yazılarında insanların ürəklərində xeyirxahlıq duyğuları oyatmağa, pul qazanmaqdan daha qiymətli şeylərin olduğunu anlatmağa çalışdı. Onunla ünsiyyətdə, təmasda olmaq, oturub-durmaq, yol yoldaşı olmaq, səyahətə çıxmaq hamı üçün olduqca maraqlı idi. Şahmarla söhbətlərdən ziyalı da, dünyagörmüş qoca da, müasir cavanlarımız da doymazdılar. Çünki bu söhbətlərdə təbiilik, şirinlik, səmimilik var idi, qeybətdən uzaq idi. Şahmarda çoxlarının görmədiyini görmək, duymadığını duymaq qabiliyyətindən başqa gördüyünü, duyduğunu mənalandırıb sözlə ifadə etmək, poetik dillə canlandırmaq istedadı, gözəl natiqlik qabiliyyəti, ucadan əzbər şeir demək bacarığı vardı.

Hər adama dərdini deməz, ağrı-acısını içində gizlədərdi. Ömrünün son illərində əsəblərini cilovlaya bilmirdi. Hər hansı qeyri-obyektiv televiziya verilişi və ya mətbuatda gedən yazı onu haldan çıxarırdı. Çox hayıf ki, Şahmar kimi əxlaqlı, zəngin mənəviyyatlı Allahı sevdiyi qədər də millətini, xalqını sevən ziyalılarımız azdır. Halal çörəyə alışmış, həyatda gözü, könlü tox yaşamış, özünə çoxlu dostlar qazanmış, heç vaxt vəzifəyə can atmamış Şahmarı Allahdan aşağı Qarabağ dərdi ilə yanaşı müasir insanların yoxsullaşan mənəviyyatı, kökündən uzaqlaşması, müqəddəs adət-ənənələrə arxa çevirməsi çox qəhərləndirirdi. Haqqı tapdanan bir millətin, kişilik heysiyyatı, qüruru ayaqlar altına atılan insanların dərdini çəkmək, utanmayanın yerinə utanmaq xarakteri onu bu dünyadan vaxtsız apardı.

Hərdən şeirlərini, publisistik yazılarını oxuyanda onun ürək çırpıntılarını, dodaqlarının pıçıltısını eşidirəm. Özüm də hiss etmədən onun ruhunun həmsöhbətinə çevrilirəm. Mənə elə gəlir ki, onun yaza biləcəkləri çox şeylər onun sinəsində, ürəyində əbədiyyətə qovuşdu.

Səmimiyyəti, saflığı üzündən, gözündən aşıb daşırdı Şahmarın. Danışanda qardaş ərki ilə danışırdı. Şahmar kimi ürəyinin qanı ilə şeir yazmaq, dostluq münasibətlərini saxlamaq, Qarabağı sevmək hər oğulun işi deyildi. Allah bəlkə də keçən əsrdə onu dünyaya dünyanın yiyəsiz dərdlərinə yiyə durmaq üçün gətirmişdi. Dərd-sərimiz isə nə bir idi, nə iki, başdan aşırdı.

Rəhmətliyin həyat fəaliyyəti bir kənd, bir oba üçün yox, bir xalq üçün nümunə idi. Bütün həyatı boyu istədiyi kimi yaşamadı, çətinlikləri çox oldu, lakin heç bir kəs onun dilindən şikayət eşitmədi. Dərdini öz içində boğa bildi. Zəmanənin onu necə sıxmasını yalnız onun şeirlərindən duymaq, hiss etmək olar. Şahmarın yaxın dostları, respublikada hamı tərəfindən hörmətlə yad edilən Xudu Məmmədov, Bəxtiyar Vahabzadə, Nurəddin Rzayev dəfələrlə bizim evdə olmuş, hörmətlə qarşılanmışdılar. Şahmarın bu dostlarının Ağdamın Mahrızlı kəndinə gəlişi həmişə bizim üçün toy-bayrama dönürdü. Bu dostların mənalı söhbətlərindən, duzlu zarafatlarından doymaq olmurdu. Söhbət elmdən, poeziyadan, mədəniyyətdən, fəlsəfədən gedərdi. Şahmar Üzeyir bəy Hacıbəyovu mədəniyyət tariximizin əlçatmaz zirvəsi, musiqimizin Allahı adlandırırdı.” Məndən olsa, bütövlükdə Qarabağa Üzeyirbaycan deyərdim” deyirdi. Beləliklə, məclis gecəyarıdan keçənədək davam edərdi. Səhər tezdən əziz qonaqları öz maşınımla Ağdama aparardım, Zeynal müəllimgilə. Onlardan ayrılanda adətən Şahmar məni kənara çəkib deyərdi: “Ağalar, sən mənim tək dayım oğlu deyilsən, ürəyimin parçasısan, qardaşımsan, sirdaşımsan. Allah səni qorusun”.

Şahmar “Azərbaycan gəncləri” qəzetində işləyən vaxtı onun iş yerinə getmişdim. 1976-cı il idi, onun anası, mənim bibim təzəcə rəhmətə getmişdi. Şahmar iş yerində yox idi. Səhv etmirəmsə, otaqda iş yoldaşı olan Aslan Kəmərli mənə onun təzəcə getdiyini, Bəxtiyar Vahabzadə ilə görüşməli olduğunu söylədi. Mən isə ərklə onun masasının arxasına keçib kağız-kuğuzları töküşdürməyə başladım. Gözüm istər-istəməz teleqram mətninə sataşdı. Bu, Şahmarın yadımda deyil, hansısa dostuna anasına görə göndərdiyi başsağlığı idi. Başsağlığı belə qurtarırdı. “Qardaş, sənin dərdini mənim kimi anası ölmüşlər bilər”. Bu sözlər o vaxtı mənə adi görünsə də, indi məni bərk tutur, çünki indi mənim də anam yoxdur, o hissləri mən indi keçirirəm. Anaya olan ilahi sevgi şairin “Bircə saniyə” şeirində:

Yolçu ayaq saxla bircə saniyə!
Demirəm yanğıma gözündən yaş tök.
Anamın pak ruhu şad olsun deyə
Gedib öz ananın önündə diz çök!   

Bəxtiyar Vahabzadə Şahmarın bütün şeirlərini  sevirdi. “Mərkəzi poçtxana“ şeirini  poeziyamızın ən nadir, ilahi  incilərindən  sayırdı.

Üstdə dizin-dizin iməklədiyim,
Torpağın  könlünü nə təhər alım?
Anamdır, bəs ona nə təhər deyim:
“Yanına gəlməyə yoxdur macalım”.
 
Atam uzun illər, 68 il eyni məktəbdə pedaqoji fəaliyyət göstərib ki, bunun da 40 ilə yaxınını məktəb direktoru işləyib. Kənddə öz hərəkəti ilə, sözü ilə, dünyagörüşü ilə sayılıb seçilib. Şahmar həmişə deyərdi: “Dayım Qulamın mənim həyatda formalaşmağımda müstəsna xidmətləri olub. Anamın aman-zaman qardaşı, atam əvəzi, istəkli dayım mənim ilk əlimdən tutanım, yol göstərənim olub”.

Bir dəfə Şahmar üzünü mənə tutub qeyzləndi:

“Dayıoğlu, köpəkoğlu hökumətdi bu! Dayım Qulamın nələr çəkdiyini mən bilirəm. Dayımın atasını bizim babamız Balışı da bəy adı ilə havayı yerə güllələyiblər. Mən bilirəm hansı dahilərin başını yeyib bu hökumət”. 1973-cü il sentyabr ayının 2-də 40 il bundan əvvəl Ağdamın Mahrızlı kəndində mənim toyum idi. Şahmar da toydan düz üç gün əvvəl ailəlikcə gəlmişdilər. Atam Şahmara yaxınlaşıb dedi: “Dur ayağa, bacıoğlu, bu gün sən məni əvəz edəcəksən. Bu mənim çoxdankı arzumdur. Elə hesab et ki, heç mən də toyda yoxam. Sən Ağaların böyük qardaşısan. Qalx ayağa! Ağsaqqal səni  seçirəm”.

Cavan olmasına baxmayaraq Şahmar sadəliyi, dərin poetik təfəkkürü, bai kimi şirin danışığı, yüksək davranış mədəniyyəti ilə məclis iştirakçılarını məftun etdi. Danışığından hamı ləzzət aldı, oynamağına hamı heyran oldu Şahmarın. Gerçəkdən də onun munisliyi əlçatmaz idi.

Qüdrətli şairimiz, Şahmarın əbədi dostu Bəxtiyar Vahabzadənin 60 illiyi tədbirində türk dünyasının fəxri Çingiz Aytmatovun Bakıya gəlişini xatırlayıram. Çingiz ağa Vətəninə yola düşən axşam Şahmarın öz mənzilində qurduğu ziyafət  yaddaşımda silinməz iz buraxıb. Çingiz ağa ilə həyat yoldaşı Məryəm xanımın, həm də əlbəttə ki, böyük şair Bəxtiyar Vahabzadənin şəninə düzəldilmiş bu məclisdə böyük alim mərhum Xudu Məmmədov, böyük türkşünas, əvəzsiz alim Əhməd Şimde, professor-həkim Nurəddin Rza, el ağsaqqalı, təkrarsız  vətənpərvər , həmyerlimiz Zeynal Məmmədov iştirak  edirdilər. Məclisin aparıcısı, masabəyisi də elə Zeynal müəllim idi. Məclisdə türk xalqlarının tarixi, ədəbiyyatı, mədəniyyəti, taleyi, uğur və uğursuzluqları barəsində ibrətamiz söhbətlər oldu. Çingiz Aytmatovun Şahmarın dünyada onun yeganə dostu olduğunu, onun böyüklüyünü, gözəl şair olduğunu deməsi heç bir vaxt yadımdan çıxmaz. Həmin vaxtdan hiss etdim ki, biz Şahmarı hələ yaxşı tanımamışıq, onun qədrini bilməmişik.

Nə qədər danışsaq da, səsləsək də hay vermir harayımıza Şahmar. Özü belə yazmışdı:

Ha səslən, dağılmaz əbədi yuxum,
Burnunun ucunu göynədər qoxum.
Çarpaz dağlar çəkər sənə yoxluğum
Çiləyər yarana duzu nə vaxtsa.

Mən bütün duyğularımı Şahmar kimi qardaşın, dostun, millətini, xalqını sevən bir oğulun əlçatmazlığı, ünyetməzliyi üzərində kökləməyə çalışdım. İndi Şahmar yoxdur, lakin ruhən mənimlədir. Şahmarın işıqlı çöhrəsi, dərya kamalı qarşısında həmişə baş əyir, onun vaxtsız ölümü ilə barışa bilmirəm. Sağlığında hörmət qazanana yoxluğunda əbədi rəhmət var. Allah ona qəni-qəni rəhmət eləsin!

Ağalar AĞAYEV

 





26.08.2013    çap et  çap et