525.Az

Oralarda kimlər var- İsaq Əmənullayev


 

Bir ömrün işığında...

Oralarda kimlər var- <b style="color:red">İsaq Əmənullayev</b>

İSAQ ƏMƏNULLAYEV KİMDİR :Lerik rayonunun Azərbaycan (İndiki Günəşli) kəndində dünyaya göz açıb. Uşaqlıq illəri Talış dağlarının qoynunda keçib. İbtidai məktəbi öz kəndlərində, 7 illik məktəbi qonşu Noda kəndində bitirib.  1962-ci ildə Bakı şəhərinə köçüb. Nərimanov rayonunda M. Qorki adına orta məktəbdə təhsilini davam etdirib. 1969-1974-cü illərdə BDU-nın Jurnalistika fakultəsində əyani təhsil alıb. 1973-cü ildən “Kommunist”, indiki “Xalq qəzeti”ndə çalışır. Müxtəlif qəzetlərdə, jurnal və almanaxlarda 1800-dək məqalə ilə çıxış edib, 5 kitabın müəllifidir. Ailəlidir, 4 övladı var. Böyük oğlu və qızı aspiranturanı bitirib, digər iki oğlu ali təhsilli iqtisadçı və filoloqdur. Həmkarımızın anadan olmasının 70, jurnalistlik fəaliyyətinin 50, “Xalq qəzeti”ndə çalışmasının 40 illiyi tamam olub.

 

– İmzanız Azərbaycan oxucularına 1970-ci illərdən tanışdır.

Ömrünüzün 70-ci baharını hansı hisslərlə, hansı duyğularla qarşıladınız? 70 yaş sizin üçün nə deməkdir?

–70 yaş mənim üçün böyük məktəbdir. Bunu çox adi və təbii qəbul edirəm... Hiss etdirmək istəməsəm də, bir az kövrəldim. Ürək boxça deyil ki, hamıya açasan. Bir də ki, o boxçanı hər yetənə açmaqmı olur?!

–Uşaqlıq illərinizi xatırlayırsınızmı?

–Əlbəttə! Uşaqlığım nağıllı dünyamdır... Yaxşı yadımdadı: pəncərəmizin qabağından yapışıb dartınar və gözlərimi səmaya dikərdim. Elə bilərdim ki, səmanı bizim dağlarımız çiynində saxlayır. Bir az ağlım kəsəndən sonra səmadakı ulduzları saymağa başlamışdım... Bayram mərasimlərimiz, qayğılı uşaqlıq illərimiz gözlərim önündə canlanır. Bu barədə duyğularımı “ Yaddaşın solmaz vərəqləri” sərlövhəli publisistik düşüncələrimdə vermişdim. Vaqif Bəhmənli “Kommunist” qəzetində çalışanda həmin yazını dərc elədi. Qəzetin baş redaktoru, yazıçı Cəmil Əlibəyov məni təbrik elədi, dedi ki, Şəhriyarın “Heydər babaya salam” poemasını elə bil nəsrə çevirmisən...

–O illərə qayıdanda kimləri xatırlayırsınız?

–İlk müəllimim Məmməd Rəhmanovu. Onun zəhmli baxışlarını, güclü əllərinin  “sehrini” hiss etməsəydik, çox da böyük olmayan kəndimizdə bəlkə də general, akademik, bir neçə alim, yüksək rütbəli zabit, eləcə də yazıçı, jurnalist yetişməzdi... Ən əsası, kəndin Hani, Leyla, Mina kimi el anaları- ağbirçəkləri,Yusif, Məmmədəli, Əli, Abbas, Hidayət kimi el ağsaqqalları, müdrik qocaları vardı. Onlar adət-ənənələrimizi qoruyurdular. Mərasimlərimiz çox maraqlı keçirdi. Ən başlıcası, ədəb-ərkan, xətir-hörmət, böyük-kiçiklik vardı...

–Bakıya gəlişinizdə əsas səbəb nə idi?

–Əmim Şamil Baxşıyev mütərəqqi adam idi. Elmə, təhsilə xüsusi diqqət yetirərdi. Onun tövsiyəsi ilə Bakıya gəldim ki, həm sənət öyrənim, həm də təhsilimi davam etdirim... Çünki 6 yaşım tamam olmamış, özümdən böyük uşaqlarla 1-ci sinifdə oxumağa başladım. 7-ci sinfi bitirəndə 13 yaşım vardı... O vaxtlar kolxoz sədri, briqadir və başqa səlahiyyət sahibləri yaşa, təhsilə məhəl qoymurdular. Uşaqları məcburən kolxoz işinə cəlb edirdilər... Bakıya gəlməklə həm sənət öyrəndim, həm də orta təhsil aldım. Bir il də BDU-nın hazırlıq kursunda oxudum. Əla və yaxşı qiymətlərlə Jurnalistika fakultəsinə qəbul olundum...

–Tələbəlik illərinizdən razısınızmı?

–Əlbəttə! Tələbəlik illərim həmişə bir kino lenti kimi gözlərim önündə canlanır. İndi də universitetə yolum düşəndə elə bilirəm hələ də tələbəyəm. BDU mənim üçün məbəddir. Oranın məzunu olmağımla həmişə fəxr edirəm, hamısını da yaxşı xatırlayıram. Müəllimlərin çoxu ilə dost olmuşam. Bu səmimiyyətdən heç vaxt sui- istifadə etməmişəm. Məndən qəbul imtahanı götürmüş tarixçi alim , professor Zakir Abdullayevin humanistliyi mənə qol- qanad vermişdi. İbadulla Mədətov, Hökumə xanım Əliyeva və başqa müəllimlər bizə valideyn qayğısı ilə yanaşardılar. Ümumiyyətlə, BDU-nın Jurnalistika fakultəsinin bəxti gətirmişdi. Burada dərs deyən müəllimlər xüsusi alqışa layiq idilər...

–Sizə dərs deyən müəllimlərdən kimə bənzəmək istərdiniz?

–Bu, çox məsuliyyətli və şərəfli bir işdir. Çətin də olsa, ideal arzudur. Allahdan gizli deyil, sizdən nə gizlədim. Elə mən özüm də uzun illər bu arzu ilə yaşamışam. Sevimli müəllimlərim- akademik Məmməd Cəfər kimi zəngin, ensiklopedik bilik sahibi, alicənab və səmimi olmaq, yazıçı- ədəbiyyatşünas alim Mircəlal Paşayev kimi sadə, ədalətli, mərhəmətli və xeyirxah olmaq, professor Şirməmməd Hüseynov kimi cəsarətli, hazırcavab və diplomat olmaq arzusu ilə yaşamışam.Xeyirxahlıqdan söz düşmüşkən, demək lazımdır ki, “Kommunist” qəzetində redaktor müavini Adil Cavadlı, qocaman tərcüməçi Cəlil Xəlilov məni mənəvi cəhətdən sarsılmağa qoymayıblar...

–7 redaktorla işləmisiniz. Onları müqayisə etmək istərdinizmi?  Bu 40 ildə yəqin ki,sevinciniz, sarsıntılarınız da az olmayıb....

–Elədir! İndi 70 yaşımdayam. Ad günüm müqəddəs Ramazan ayının əvvəlinə düşdü. Həm də məlumunuz olsun ki, mən Allaha ibadət edirəm. Qiybət qırmaq, yersiz mübahisə etmək, kimdəsə qüsur axtarmaq günahdır. Amma həqiqət həqiqətliyində qalır. Allah insanı yaradanda ona görmək üçün  göz,  eşitmək üçün qulaq, dünyanı dərk etmək üçün duymaq, hiss etmək qabiliyyəti bəxş edib. Odur ki, müqayisə olunanların fəaliyyəti, ümumi davranışı, mövqeyi, əqidəsi və digər fərdi xüsusiyyətlərini nəzərə almaq çox vacibdir. Xeyirxah adamlar həmişə nəcib,  faydalı əməllərə meyl edirlər. Bədniyyət adamlar isə gecələr də rahat yata bilmirlər. Yeri, göyü Allah yaradıb, Allah da idarə edir, tənzimləyir.Əgər idarə rəhbəri hər bir işçisinə valideyn qayğısı ilə yanaşmağın incəliklərini bilirsə, kollektivdə nizam-intizam da, işgüzarlıq da ürək açar, hər bir işçini fərəhləndirər. Rəşid Mahmudovun, Ramiz Əhmədovun və Cəmil Əlibəyovun redaktorluğu dövründə hər bir jurnalistin  fərdi yaradıcılıq üslubu hiss olunurdu. Qəzetə yeni mövzular, yeni ab-hava gətirilirdi. Onlar öyrənə –öyrənə öyrədirdilər. Müxbirlər bəyənib seçdiyi mövzunu həvəslə işləyirdi.İndi komputer məişətimizə daxil olub. Komputersiz, internetsiz keçinmək olmaz. Elm, texnika da yüksək səviyyədə, həm də sürətlə inkişaf edir. İnternetdən hamı öyrənməyə çalışır. Ancaq bu, o demək deyil ki, internet saytından məruzələrin, hesabatların və digər məlumatların konspektini tutub altından imzamızı yazmaqla onu özümüzünküləşdirək və fəxrlə deyək: Baxın, gündə bir səhifə yazıram!

Mən, 1970-80-cı illəri də yaxşı xatırlayıram. O vaxtlar da insanları narahat edən, düşündürən qlobal problemlər araşdırılardı, təhlil edilərdi və onların həll edilməsi yolları müzakirə olunardı. Diskussiyalarda jurnalistin savadı, istedadı, etik davranışı, həyata baxışı, mövzu seçimi, özünəməxsus dili, üslubu, imzasına nə dərəcədə hörmət etdiyi üzə çıxardı.

–Jurnalistlik fəaliyyətinizdə mövzu seçməkdə çətinlik çəkirsinizmi? Hansı janrda hansı mövzuya üstünlük verirsiniz?

–Maraqlı sualdır. Əgər bu peşəni qəlbən sevib, bu ixtisas üzrə təhsil almısansa, gərək bütün janrlarda yazmağı bacarasan. Mövzu seçimi isə həyatın tələbi, jurnalistin öz qabiliyyəti və həyata baxışı ilə əlaqədardır. Məsələn, mən təbiət mövzusuna, ekoloji problemlərə, bizi əhatə edən aləmə daha çox bağlıyam. Bu da təsadüfü deyil. Beynəlxalq aləmdə ekoloji problem xüsusi diqqət və qayğı tələb edir. Dünyanın təbiətşünas alimləri, eləcə də Azərbaycanın mütəxəssisləri bu sahə ilə əlaqədar gərgin və fasiləsiz işlər görürlər.

SADƏ ÖMRÜN ŞİRİNLİYİ 

ONLAR NƏ DEDİLƏR:
Teymur Xaspoladov
“Qızıl Qələm” və“Həsən bəy Zərdabi” mükafatçısı

Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) Jurnalistika fakültəsinin tələbəsi olmaq sevinci ilə fərəhi aşıb-daşan bir gənc kimi, təhsil illərində yaşamaq üçün yer almaq məqsədilə, digər tələbələr kimi, mən də 1970-ci ilin sentyabrın 1-də Universitetin 7 beşmərtəbəli yataqxanasının yerləşdiyi tələbə şəhərciyinə gəldim. Jurnalistika fakültəsinin tələbələri yerləşən 3 nömrəli yataqxanada mənə də yer ayırdılar. Hərə kimlərlə eyni otaqda yaşayacağnı müəyyənləşdirdi. Otaqlarda səliqə-sahman yaratmağa başladıq. Yavaş-yavaş tanışlıq yarandı. Yanaşı otaqların birində məskunlaşan orta məktəb yoldaşım mərhum Mirzə Dəmirov ilə bir otaqda yaşayan tələbələrlə də tanış oldum. Onların arasında yaşca bizdən nisbətən böyük, orta boylu, gülərüz, özünün daxili mədəniyyəti ilə seçilən bir tələbə nəzərimi daha çox cəlb etdi. Həmin tələbə üçüncü kursda təhsil alan İsaq Əmənullayev idi. Sonradan məlum oldu ki, İsaq həm dərslərini yaxşı oxuyur, həm də Universitetin, qaldığımız yataqxananın ictimai işlərində yaxından iştirak edir. O vaxt nəzərimi o da cəlb etmişdi ki, hay-küylü tələbə yataqxanasının dəhlizində durub ucadan danışan uşaqlar İsaqı görəndə, hörmət əlaməti olaraq, səslərini yavaşıdardılar.İsaq müəllimin çalışqanlığı, mədəniyyəti, dünyagörüşü, yəqin ki, tələbə vaxtı təcrübə keçdiyi “Kommunist” (indiki “Xalq qəzeti”) qəzetinin rəhbərliyinin də nəzərindən qaçmamışdı. Təyinat vaxtı İ.Əmənullayevə tələbnamə verildi və o, bu qəzetin redaksiyasında işlə təmin olundu. Düz 40 il əvvəl İsaq Azərbaycan Dövlət Universitetini bitirib  “Kommunist” qəzetinə (indiki “Xalq qəzeti”) işə düzələndə tələbə yoldaşlarından sevinənlər də oldu, bir qədər həsəd aparanlar da... Çünki o dövrün ən nüfuzlu mətbuat orqanının kollektivinin üzvü olmağı hər jurnalist yalnız arzu edə bilərdi.İsaq müəllim davranışı ilə, demək olar ki, jurnalistika sahəsində çalışanların hamısının hörmətini qazanmışdır. Hər səhər işə gələrkən və hər axşam işdən evə qayıdarkən onunla rastlaşsanız, neçə-neçə insanın onun əlini sıxmağa, onunla görüşüb salamlaşmağa can atdığının şahidi olarsınız. Bu, yəqin ki, tanışlarının İsaq müəllimə olan hörmətinin və məhəbbətinin təzahürüdür. İsaq müəllim düz 40 ildir ki, Bülbül prospekti, 18-də yerləşən bu ünvana gəlir, kabinetinə keçir və gündəlik işi ilə məşğul olur. Yazıb yaradır. Onun məhsuldar qələmindən çıxan mənalı ifadələrini və şirin kəlamlarını, məqalə, zarisovka və oçerklərini oxucular həmişə səbirsizliklə gözləyirlər. İsaq müəllim də oxucularını intizarda qoymur, aktual, günün tələbinə uyğun, mənalı və məzmunlu yazıları ilə mütəmadi olaraq onların görüşünə gəlir.İsaq müəllimə uzun yaradıcı ömür, həmişə olduğu kimi, yenə də gənclik həvəsilə yazıb-yaratmaq eşqi və davamlı xöşbəxt ailə həyatı arzulayıram.

[email protected]

tofigabdin.com

 





26.08.2013    çap et  çap et