525.Az

Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər


 

Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər<b style="color:red"></b>

Son illərdə türk dünyasında inteqrasiya proseslərini daha da genişləndirmək və türk xalqlarının  gələcəkdə qarşılıqlı əlaqədə birgə inkişafını təmin etmək, yeni nəsilləri yetişdirib hazırlamaq məqsədilə Türk Universitetinin yaradılması ideyası vaxtaşırı olaraq gündəmə gətirilir. Artıq belə təşəbbüslər Türkiyədə və Qazaxıstanda  səsləndirilmişdir.

Bugünlərdə Türk Şurası Gənc Liderlərinin Naxçıvan Forumunda da Muxtar Respublikada Türk Universitetinin yaradılması təşəbbüsünün  irəli sürülməsi bir çox cəhətdən əhəmiyyətlidir. Əvvəla, türk dünyası baxımından Anadoludan və Kərkükdən Orta Asiyaya qədərki türk dünyası məkanında Azərbaycan, o cümlədən də Naxçıvan ortaq nöqtə hesab oluna bilər. İkincisi, hazırda Naxçıvanda fəaliyyət göstərən Azərbaycan Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutlarında  və 3 ali məktəbdə: Naxçıvan Dövlət Universitetində, Naxçıvan Universitetində və Naxçıvan Müəllimlər İnstitutunda yaradılması təklif edilən Türk Universitetini idarə edə biləcək, orada dərs deyə bilən kifayət qədər elmi dərəcəli yüksək ixtisaslı mütəxəssislər formalaşmışdır. Üçüncüsü, əhalinin sıxlığı və ərazi baxımından  da Naxçıvan geniş imkanlara malikdir. Dördüncüsü, nəqliyyat cəhətdən də Naxçıvanda əlverişli şərait vardır. Belə ki, Bakı ilə Naxçıvan  arasında gündəlik  bir neçə hava nəqliyyatı əlaqəsindən başqa, İstanbul-Naxçıvan-Gəncə-İstanbul, Moskva-Naxçıvan reysləri də fəaliyyət göstərir. Bakı-Tbilisi-Qars dəmir yolu da yaxın illərdə Naxçıvanı da əhatə edəcəkdir. Türk Universitetinin yaradılması Ermənistan sərhədində Naxçıvan Muxtar Respublikasının daha da inkişaf etdirilməsi və mövqelərinin möhkəmləndirilməsi baxımından da əhəmiyyətli ola bilər.

Eyni zamanda, Türk Şurasının  3 oktyabr 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə toplantısında təsis edilməsi faktı da Muxtar Respublikada həmin tarixi hadisəni yaşadacaq bir qurumun yaradılmasını əhəmiyyətli məsələlər sırasına çıxarır. Yeri gəlmişkən deyək ki, Türk dünyası üçün çox əhəmiyyətli qərarlar qəbul etmiş və inteqrasiya proseslərində mühüm rol oynamış Naxçıvan Sammitinin 2019-cu ildə 10 yaşı tamam olacaqdır. Bu 10 il ərzində Türk Şurasının qərarları ilə  Beynəlxalq Türk Akademiyası Astanada, Türk Parlament Assambleyası və Türk Mədəniyyəti və İrsi Fondu Bakıda, Türk Şurasının Mərkəzi Ofisi İstanbulda səmərəli şəkildə fəaliyyət göstərir. Muxtar Respublikada Türk Universitetinin yaradılması tarixi əhəmiyyətə malik olan Naxçıvan Sammitinin 10 illiyinə sanballı töhfə ola bilər.

Fikrimizcə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasının  10 illiyi münasibətilə bu quruma aid olan son illərdə yaradılmış təşkilatların və üzv ölkələrin iştirakı ilə Türk Şurasının yarandığı 3 oktyabr tarixdə Naxçıvan şəhərində beynəlxalq elmi konfransın keçirilməsi də əhəmiyyətli ola bilər.

 





30.11.2018    çap et  çap et