525.Az

Səməd Seyidov koreyalı həmkarını qəbul edib


 

Səməd Seyidov koreyalı həmkarını qəbul edib<b style="color:red"></b> Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, professor Səməd Seyidov Koreyanın Hankuk Xarici Dillər Universitetinin rektoru Çul Parkı qəbul edib.

525.az-ın məlumatına görə, Səməd Seyidov iki ölkə, həmçinin ADU arasındakı münasibətlərin tarixi köklərə malik olduğunun bildirib. O, Koreyanın ölkədəki səfirliyi ilə qarşılıqlı əməkdaşlıq edildiyini və birgə tədbirlərin həyata keçirildiyini vurğulayıb. Koreya ilə əlaqələrə xüsusi əhəmiyyət verildiyini deyən S.Seyidov ADU-da 40-dək tələbənin Koreya dili ixtisasında təhsil aldığını qonağın nəzərinə çatdırıb.

Rektor rəhbərlik etdiyi ali təhsil ocağında 14 əcnəbi dilin, o cümlədən yəhudi, ərəb, yapon, Çin, malay dillərinin də tədris olunduğunu qeyd edib.

Koreya universitetləri ilə ADU-nun əlaqələrinə toxunan Səməd Seyidov Hankuk Univeristeti ilə əməkdaşlığa maraqlı olduğunu deyib. Rektor bu baxımdan bu gün imzalanacaq əməkdaşlıq müqaviləsinin əhəmiyyətini vurğulayıb. Bu müqavilənin universitetlərarası əməkdaşlığın daha da genişləndirilməsinə töhvə verəcəyinə əminliyini ifadə edib.

Sonra universitetlə əməkdaşlıq müqaviləsi imzalanıb. İmzalanan müqavilə tələbə, tədqiqatçı və doktorantların mübadiləsini, professor və müəllim heyətinin elmi sahədə ixtisaslarının artırılmasına qarşılıqlı yardımı, qabaqcıl inkişaf metodları sahəsində təcrübə mübadiləsini, ikitərəfli birgə simpozium, kitabxana sahələri və digər yardımçı xidmətlər və kadr mübadiləsi üzrə əməkdaşlıq, seminar və konfrans təşkilini və qarşılıqlı maraq doğuran layihə və proqramlarda tərəflərin birgə iştirakını nəzərdə tutur. İmzalanma mərasimindən sonra çıxış edən rektorlar – Səməd Seyidov və Çul Park müqavilənin işlək olacağına, yaxın vaxtlarda səmərə verəcəyinə inandıqlarını qeyd ediblər.

Qeyd edək ki, bu tədris ilində Koreyadan iki tələbə Azərbaycan Dillər Universitetində təhsil alacaq.

S.QARAYEVA
 





08.10.2012    çap et  çap et