525.Az

Ştraus kimi qonaq... - Pərvin yazır


 

Ştraus kimi qonaq... - <b style="color:red">Pərvin yazır</b>

Yaradıcılıq ağrılı işdir... Ağrılı iş deyil əslində, başdan ayağa ağrıdır. Fərqi yoxdu, kasıbsan ya zəngin, xoşbəxtsən ya bədbəxt, pessimistsən ya nikbin, cavansan ya qoca...

Əgər yaratmaq arzusu baş qaldırıbsa, deməli, qövr edən, rahat buraxmayan bir ağrın var. Necəsə azad olmaq istəyirsən bu əzabdan, nə isə uydurmaqla, yaxud duyğularını yaxşı ya pis, səviyyəli ya zəif formada sənətə çevirməklə qurtulmağa çalışırsan. Bəlkə Allah da dünyanı ağrıdan yaradıb və bəndəsinə qoyduğu tələblər də  ona görə belə qəlizdi. Nəyəsə, yaxud kiməsə zəhmət sərf edirsənsə, qəddar, tələbkar olursan ona qarşı. Bu mənada yaradıcı adamın həyat tərzi elə başdan-başa məşəqqətdir. Bir ağrıdan qurtulub gözünü açmağa macal tapmamış növbəti kilidlərin qarşısında görürsən özünü. Və  qəribədir ki, tarix, mühit, cəmiyyət, başa düşən və düşməyən adamlar, hamısı mənasız söhbətlərdi, o kilidlərin bir çoxu elə öz içindən, ovqatından gəlir. Düşmənə ehtiyac da yoxdu, özün özünə ölüm hökmü də verirsən, çarmıxa da çəkirsən. Heç nə də olmasa, Məlikməmməd kimi barmağını kəsib duza batırırsan ki, yuxulamayasan, həm də yaratmaq üçün bəhanəsiz qalmayasan. Beləcə özünlə siçan-pişik oyunu oynaya-oynaya tutduğun yolda irəliləyirsən. Amma tale də arzuladığını verir. Deməli, sənə ağrı lazımdı, eləmi?! Ağlamağa bəhanə axtarırsan, hə? Fərqli hisslərin qoynuna atılıb insana aid müxtəlif halları sənətə çevirmək arzulayan sənsən? Bunların hamısı yuxarıdan idarə olunur... İncimə! Başqası var-dövlət, mənsəb, vəzifə istəyəndə sən yaratmaq istəmisən, ona görə də yaşamaq üçün ayrı yolun yoxdu... Əzablarını əzizləməyi öyrən, ağrılarından sənət yaratmağa alış... Çünki yol uzun və qəlizdi! 

“Düşmən ocaq başında...” 

Böyük Avstriya bəstəkarı İohan Ştrausun ağrıları ailəsindən, evindən gəlirdi. Atası da bəstəkar olduğu üçün bu iki adamı ata və oğul deyə bir-birindən seçirlər. Amma əlbəttə, dünyanın tanıdığı və sevdiyi, Ştraus soyadını dillər əzbərinə çevirən oğul atasından xeyli önə getdi. Bəli, doğma valideyni ilə rəqabətə girdi, onu arxada qoydu... Ata bütün əlaqələrini işə salıb oğluna mane olmağa (bəli-bəli, mane olmağa!) çalışsa da, alınmadı. Vals janrını əvvəlcə öz əhatəsində, şəhərində, ölkəsində, sonralar isə dünyada ən üst mərtəbəyə yüksəldən oğlunun qarşısında heç nə maneə deyildi... Məhz bu iddiası, israrı Ştraus musiqisində duyulur. Dinlədikcə o meydan oxumaları, qəzəbi, hikkəni hiss edirsən. Bu mənada “danış görüm sən kimsən?!” kəlamını sənətə də aid etmək olar. Bütün varlığınla gizlətməyə çalışdığın necəsə, hardasa sızır sənətinə, bulaq suyu daşların arasından özünə yol tapdığı kimi, sirlərin də bu cür yerini alır, faş olur. Bu mənada sənət ifşaedicidir.    

Heydər Əliyev Mərkəzinin geniş və müasir konsert salonunda Vyana Ştraus Festival Orkestri virtuoz dirijor, skripkaçı Peter Qutun rəhbərliyi ilə dahi bəstəkar İohan Ştrausun müəllifi olduğu əsərləri ifa etdikcə məhz bu sirlər haqqında düşünürəm. Peter Qut qeyri-adi yanaşmaları, pozitivliyi və fərqli dirijorluq məharəti ilə dünyada tanınır, sevilir. İndi də zal dolusu tamaşaçını bu qeyri-adi ustalığı ilə təsirləndirir, hətta klassik musiqi vasitəsiylə əyləndirir də... Axı Ştrausun da məqsədi dinləyicini əyləndirərək düşündürmək idi. Zəngin yaradıcılığına aid rəqəmlər də maraqlıdır əlbəttə; təxminən 168 vals, 117 polka, 43 marş yazması, həm də belə nikbin ovqatlı janrlara müraciət etməsi sadə məsələ deyil.

Peter Qut da nikbin valslardan başlayır və elə ilk nömrədən sonra Vyana ilə Bakını müqayisə edir. “Vyana böyük şəhər deyil. Amma qürur duya biləcəyimiz sənətkarlarımız var... Mosart kimi, Ştraus kimi, hətta Arnold Şvarstnegger kimi...” - deyib gülür. Bir millətin vizit kartına çevrilmək sadə məsələ deyil. Mosart və Ştraus adları yetər ki, Peter Qutun “kiçik” adlandırdığı şəhər və xalq haqqında fikir formalaşsın. Amma məsələ burasındadır ki, çağdaş zaman Şvartsnegger imzasını da gözləyir, tirajlayır, sevdirir... Və bu adların yanaşı çəkilməsində müasir dünyaya azacıq ironiya da var. Bununla belə, müasirliyin gətirdiyi bir çox üstünlüklər də var ki, onlar da danılmazdır. Elə Peter Qut da bunlardan danışır: “Vyanada çoxlu konsertlər təşkil olunur. Amma bizim şəhərdə belə  gözəl, müasir konsert salonu yoxdur. Siz qürur duya bilərsiniz. Artıq üçüncü dəfədir ki, Bakıda konsert veririk və hər dəfə də bu möcüzə şəhərə yenidən valeh oluruq”.

Bizimsə bütün heyranlığımız Ştrausa və təkrarsız musiqini belə ifa edən orkestrə yönəlib. Şən və oynaq polka səslənir və musiqi o illərin atmosferini ötürür dinləyiciyə. Geniş və işıqlı zal, gözəl və dəbdəbəli geyimli xanımlar, eleqant kişilər gəlir göz önünə. Həm də musiqi sədaları altında rəqs edən cütlüklər. Nələr yaranmırdı, hansı hisslərə başlanğıc olmurdu bu rəqslər? Sevgilərə təməl, ehtiraslar üçün ilk qığılcım olurdu...

Amma görəsən, ağrılarını gizlətmək üçünmü bu qədər nikbin yazırmış Ştraus?! Məsələ burasındadır ki, Ştrausun sənətə gəlməsinin özündə bir kompleks, ağrı vardı. Çünki xeyli məşhurlarmış atası övladlarına baxmır, hələ bu azmış kimi, qonşuda da bir xanımla eşq yaşayıb, ondan da bir neçə oğul-uşaq sahibi olmuşdu. İohan bankçılıq təhsili alsa da, atasına qəzəbindən musiqi bəstələməyə başlayır və qısa müddətdə tanınır, sevilir. Ancaq yaratdığı musiqi əsərləri ilə atasını ötüb keçsə də, qəlb məsələlərində valideyninin təcrübəsini davam etdirir. Görünür, bu da həyatın paradoksudur!  

Vyana meşəsinin nağılları... 

Deyirlər Ştrausun eyni vaxtda 14 qadını varmış... Əlbəttə, birdən-birə  populyarlaşan bəstəkar haqqında belə miflərin uydurulması da təbiidir. Və əslində, heç rəqəmlərə fikir vermədən də yaraşıqlı və məşhur, sevilən gəncin qəlb həyatının zənginliyini təxmin etmək olar. Və mənə görə istedadlı adama müəyyən izahsız hissləri də bağışlamaq lazımdır. Daha doğrusu, bu faktlar böyük sənəti kölgəyə salmamalıdır. Axı istedadlı adam şar kimi hamar, xətkeş kimi “düzgün” ola bilməz... Axı yaradıcı insan bəlli bir trayektoriya ilə hərəkət edib qüsursuz, mükəmməl adam kimi yaşamağı bacarmaz... Ona görə də Ştraus özündən yeddi yaş böyük aktrisa Etti Trefs (Xalupetskaya) ilə evlənəndə çoxları təəccüblənmədilər. Ettinin müxtəlif sevgililərindən yeddi uşağı vardı. Böyük bəstəkarın ona aşiq olduğunu duyan kimi uşaqların hərəsini bir kişinin “qoltuğuna verib” yola saldı və ömrünü İohana həsr etdi. Bəstəkarınsa xarakterində qəribə bir “freydist” çalar vardı, sevdiyi qadınlarda anasını axtarırdı. Bu mənada Etti ən yaxşı seçim idi, o, Janndan (Etti İohanı belə adlandırırdı) ötrü hər şeyə hazır idi, onun ana kimi qayğısını çəkir, nəvaziş göstərir, məşhurlaşmağı, yeni layihələrə imza atması üçün prodüseri kimi çalışırdı. Beləliklə, İohan arzuladığı qadını tapmışdı.  Onun sayəsində şöhrətin də zirvəsində idi, əziyyətinin də maddi bəhrəsini görürdü. Və bu cür ailə həyatı düz on altı il davam etdi. Amma günlərin birində Ettiyə uşaqlarının birindən məktub gəlir. O məktubda nələrin yazılması bu günə kimi bəlli deyil, lakin Etti kağızı oxuyan kimi ürəyini tutur, nəfəsi kəsilir və gözlərini həmişəlik yumur. Ştraus qəmə batır, yaşamaq istəmir, amma cəmisi bircə ay yas saxlayır. Gənc və gözəl aktrisa Anjelika tezliklə onun ağlını başından alır və İohan evlənir. Bax budur izaholunmaz məqam... Və nə qədər çalışsam da, Ştrausun musiqisində, yaxud bioqrafiyasında bu hərəkətin təməlini, kökünü, səbəbini tapa bilmirəm. Sadəcə təkrarsız musiqisinə görə bəstəkarın “günah”ından keçməli oluruq... Ştraus həyatından bəhs edən “Böyük vals” filmində də bu məqamların üstü vurulmur. Böyük fransız rejissoru Jülyen Devüvin filmində lap əvvəldə bir mesaj ötürülür tamaşaçıya: film bəstəkarın bioqrafiyasına aid faktlara əsaslanmır, sadəcə onun sənətini, xarakterini göstərməyə çalışır... Doğrudan da, bu qəribə faktları necə çatdırasan, necə izah edəsən...

Lakin mənə görə “Böyük vals” filminin əsas üstünlüyü odur ki, bəstəkar həyatının ən mühüm məqamını, valsın yaranma anını dahiyanə şəkildə ifadə edir. Ştraus sənətinin çox sevilməsinin bir səbəbi də bəstəkarın folklordan, xalq motivlərindən istifadəsidir. Filmdə opera kraliçası Karla Doner (Milisa Koryus) ilə inqilabdan, insan qalabalığından qaçan bəstəkar səhər tezdən faytonda gedir və meşənin səsləri, quşların civiltisi, çobanların tütək səsi, faytonun çarxlarının cırıltısı, faytonçunun dodaq qarmonunda ifası, bütün bunlar məşhur valsın yazılması üçün ilham verir ona. Daha doğrusu, bu xaotik səslərdən yaranır vals və “Vyana meşəsinin nağılları” adlanır... Filmin həmin kadrında da, valsın özündə də dəyişilməz bir həyat həqiqəti var. Bütün səslər, bütün sözlər, bütün ideyalar təbiətdədir... Əgər müasir insanın bir nömrəli problemi təbiətdən uzaq düşməsindədirsə, Ştraus musiqisi yenidən dəvət edir təbiət qoynuna... Həm də həyatın bütün paradokslarını, qəribəliklərini, əndrabadiliklərini unudaraq... Quşların səsindən, yarpaqların xışıltısından, suyun şırıltısından, quzuların mələşməsindən zövq almağa... Sadəcə simfonik orkestrin ifasında! 



Qadın adlı bayram...
 

Dirijor-skripkaçı Peter Qut artıq bir neçə ildir ki, qadınlar bayramı ərəfəsində Rusiyaya qostrol edir, konsert verir, tv proqramlara qatılır. Bir sözlə, bu pozitiv adamı sevməmək, bəyənməmək mümkünsüzdür. Qadınlara verdiyi yüksək qiyməti, onları necə sevməsini də hər dəfə orijinal formada ifadə edir... İndi də Bakıda soyuq axşamların birində bizləri qəribə şəkildə özünə çəkir, öz oyunlarına qatır, Ştraus musiqisinin sədaları altında özümüz, taleyimiz, hisslərimiz haqqında düşündürür. Orkestrin qadınlarını yanına dəvət edib öpür, onlarla yanaşı oturmuş gənc oğlanlara səmimi “paxıllıq” etdiyini gizlətmir... Ştrausun sevgi motivli melodiyalarını ifa edir və gülümsəyərək “Sevgisiz olmaz axı” - deyir... Baxıb, dinləyib düşünürəm yəqin doğrudan da sevgisiz olmaz. Və Ştrausu da Ettinin ölümündən bir ay sonra yeni münasibətlər yaşamağa sövq edən bu düşüncə, bu yanaşma idi. Bəzən adama elə gəlir ki, sevgi yeganə dindi və sən gözlədikcə gözləyirsən bu dinin göndərəcəyi müqəddəs kitabı, açacaqsan və bütün sualların cavabı orda olacaq... Ştraus musiqisinin də özəyi sevgi, təməli iki nəfərin birgə rəqsi olduğu üçün belə təsirlidir, unudulmazdır. “Gözəl mavi Dunayda”, “Öpüşlər”, “Şərab, qadınlar və mahnılar”, “Baharın səsləri”, “Gözəl may” - ardıcıl dinləyirik, alqışlayırıq və sanki bu melodiyalar insan qəlbinin kardioqramması kimi, insan həyatının xronoloji ardıcıllığı kimi qavranır...

Haqqında danışdığım “Böyük vals” filmində heç unutmadığım və çox sevdiyim başqa bir məqam da var... Ştraus həmin o meşədə bəstələdiyi valsı ifa edir, hər kəs sevinc, sevgi içində qarşılayır əsəri, alqışlayır, oynayır və bu məqamda həmin o faytonçu ətrafına adamları toplayıb bunun necə bəstələnməsini danışır. Həm də özünü həmmüəllif kimi təqdim edərək - biz belə etdik, biz elə yazdıq, biz belə bəstələdik - deyərək. Görünür, böyük sənətin bir özəlliyi də budur. O qədər ürəklərdən xəbər verir ki, hər adam sənətkarın həmmüəllifi hesab edə bilir özünü. Fərqi yoxdu, o faytonçu kimi yanında olmusan, yoxsa sənətkar səndən bir, hətta bir neçə əsr öncə dünyasını dəyişib?!  Əgər o sənət sənindirsə, sənin də hisslərini, düşüncələrini ifadə edirsə, deməli, həm də sən yaratmısan onu... Ən azı dinlədiyin, eşitdiyin, oxuduğun məqamda sənin olur. Bu mənada həmin axşam Peter Qut Azərbaycan tamaşaçısını Ştrausun həmmüəlliflərinə çevirə bildi...  

Zaman və tarix üzərində qalibiyyət... 

Konsertin ikinci hissəsində Vyana Ştraus Festival Orkestri müxtəlif Avstriya bəstəkarlarının əsərlərini ifa edir. Ata İohann Ştrausun, Yulius Fuçik, Yozef Ştraus, Eduard Ştraus və Karl Mixael Tsirerin əsərləri səsləndikcə həm bayaqdan bəri dinlədiklərimizlə oxşar, həm də fərqli məqamlar hiss olunur. Demə böyük bəstəkarın qardaşı Yozef də musiqilər bəstələyirmiş və İohan tez-tez: “Yozef məndən istedadlıdır, amma mən niyə bu qədər sevilirəm, bilmirəm...” - deyirmiş. Bu təvazökarlığa baxmayaraq, əminəm ki, o, sevilməsinin səbəbini yaxşı bilirdi, amma ölümündən sonra belə sənətinin onun arxasında dayanacağını ağlına gətirmirdi...

Zamanın yaratdığı sənətkarlar var, amma özü zamanı yönləndirənlər də var... Tarixin içində itib batanlar var, amma sadəcə varlığı və sənəti ilə ayrıca səhifə olanlar da az deyil. Bu mənada Ştraus zamana təsir edən, yeni bir mərhələni yaradan, eyni zamanda, tarixdə ayrıca səhifə ola bilən sənətkardır...

1938-ci ildə Avstriya “Alman reyx”inin tərkibinə qatılandan sonra bir çox arxivlər yenidən yoxlanıb araşdırılırdı. Bəzi mühüm adamların təmiz “ari” irqindən, qanından olması son dərəcə vacib məsələ idi. Vyana kilsələrindən birinin də arxivi araşdırılanda açılan faktdan hökümət yumşaq desək, şok vəziyyətinə düşür. Məlum olur ki, böyük bəstəkar İohan Ştrausun ulu babası yəhudi olub, bir vaxt Macarıstandan Avstriyaya qaçıb və katolikliyi qəbul edib... Bu, sözün bitdiyi yer idi. Avstriyanın ən böyük bəstəkarı yəhudi kökənli imiş... Hökümət çaşıb qalmışdı. Reyxin ərazisində Mendelsonun və Offenbaxın musiqisi qadağan olunmuşdu artıq... Elə bu səbəbdən, yəhudi köklərinə görə qadağan olunmuşdu! Amma Ştraus başqa HADİSƏ idi və onu qadağan etmək olmazdı. Uzun müzakirə və araşdırmalardan sonra hökümət qərar verir; Ştrausun əsli-nəsli haqqında sənəd saxtalaşdırılır, daha doğrusu, orijinal sənəd yox edilib onun əvəzində təmiz “ari” irqinə mənsubluğu göstərən kağız qoyulur. Doğrusu bu fakt, milyonlarla günahsız insanı sadəcə yəhudi olduğu üçün məhv edən rejimin Ştraus musiqisi qarşısında əllərini qaldırması o qədər böyük inam oyadır ki, sadəcə bu haqda həyəcansız düşünmək olmur. Deməli, sənət hər şeyə qalib gəlmək gücündədir. Sadəcə böyük sənət, sadəcə xalqın sevgisini qazana bilən sənət!!! Həm də Ştrausun valsları millətin yaşam, həyat, məişət tərzinə hopmuşdu, onu yaddaşlardan silmək mümkün də deyildi!!!  

Ölüm SON deyil... 

Sənətkar həyatı ölümündən sonra başlanır - deyirlər. Əslində, cismani ölümdən sonra yazdıqlarının, yaratdıqlarının müstəqil həyatı başlanır. Yəni sən idarə etmirsən, reklamla, əlaqələr qurmaqla məşğul olmursan və əsərlər elə öz-özünə yol açıb haralarasa gedib çıxır... yaxud da birdəfəlik unudulur. Bu mənada zaman ciddi ələkdir. Və Ştraus musiqisinin həm siyasətə, həm də zamana qalib gəlməsi sadə məsələ deyil...

Bəstəkar ömrünün son günlərində ciddi bir tənhalıq, sarsıntı içərisində yaşayırdı. Uzun müddət evdən çıxmırdı. Anjelikanın xəyanətlərindən sonra yeni sığınacağı elə Ştraus soyadlı xanım idi, onunla ailə qurmuşdu... Amma bu da sadəcə təsəlli idi! “Uçan siçan” operettasının yubiley konsertindən qayıdarkən soyuqlayan və xəstələnən bəstəkar qısa müddətdə ağ ciyər iltihabından vəfat edir. Bütün Vyana ayaq üstə qalxır, dahi bəstəkarı son mənzilə yola salır. İohan Ştraus mərkəzi qəbiristanda Brams və Şubertin yanında dəfn olunur... Elə bu sonun özü də atası üzərində qələbə sayıla bilər. Amma məgər ölüm sondurmu?! 

P.S. BİRlər üçün 

Konsertin sonuna doğru bir-birini əvəz edən hisslərin əlində aciz qalır adam... Amma qəribədir ki, yalnız işıqlı hisslər, xoş duyğular oyadır bu melodiyalar. Ananın qucağındakı qayğısız uşaqlığı, yaxud sevgilinin yanındakı dünyadan xəbərsizliyi eyni vaxtda yaşayırsan... Sanki hər yer işıqlıdı, dünya gözəldi və sən bütün yükləri sevə-sevə daşıyıb qalib gələcəksən. Kefli bir adam kimi - Hər şey əla olacaq - deyirsən özünə... Bu nikbinliyi yaradan dinlədiyimiz musiqidir. Elə bu nikbin ovqatda Peter Qut zaldakı uşaqlardan birini dəvət edib dirijorluq öyrədir. Əllərini, qollarını necə hərəkət etdirməli olduğunu başa salır. Uşaq çox sakit, rahat şəkildə “dirijorluq” edir... Baxıb düşünürəm, o uşaq nə yaşadığının fərqində deyil yəqin. Bəlkə hansı bəstəkarın musiqisinə, hansı orkestrə “dirijorluq” etdiyini də bilmir. Adları bilər şübhəsiz, amma hadisənin mahiyyətini anlamaq üçün zamana, həyata ehtiyac var... Zal dolusu tamaşaçı orkestri buraxmaq istəmir, ayaqda alqışlayır, Peter Qutu dəfələrlə geri qaytarıb “Bis” deyə davam etdirirlər konserti... Yenə baxıb düşünürəm, görəsən, atasına hikkələnən o balaca İohan da bu yerə çatacağını ağlına gətirərdimi?! Yəqin ki yox... Bəlkə ilkin başlanğıcda sadəcə məqsəd yan-yörədəkilərə özünü sübut etmək olub, sonra bir qadının könlünü almaq, sonra bir dostunu sevindirmək, sonra sevgilini özünə yenidən aşiq etdirmək, sonra təkliyi unutmaq, sonra ağrıları ovutmaq üçün yazılıb hər şey... Amma bir az dərinə gedəndə gerçək sənət elə belə, elə bu cür birlər, bir adamlar, yaxud ÖZÜN üçün, özünü ifadə, ya da özündən xilas olmaq üçün yaranmırmı?!

 





01.12.2018    çap et  çap et