525.Az

“Əhlət ağacı”ndan nə dərə bilərik? - Rəvan Cavid


 

“Əhlət ağacı”ndan nə dərə bilərik? - <b style="color:red">Rəvan Cavid </b>

Ədəbiyyat başda olmaqla digər bütün incəsənət növlərində nəsillərarası müxtəliflik bəzən mübahisələrə, birinin sənət meydanından sıxışdırılıb çıxarılmasına qədər gətirib çıxarır.

Məşhur “atalar və oğullar” dilemması özündən əvvəlkini qismən və ya tamamilə dəyişmək, yenilikçi ruh qatmaqla sənət əcdadlarına  təsir etmək mövzusunu aktual edir. Bütün zamanlarda bu mübahisə müzakirəyə açıq qalır. Modernizmin keçmişi köklü surətdə dəyişmək iddiası İkinci Dünya Müharibəsindən bir qədər sonra postmodern eranın başlanması ilə yavaş-yavaş tənəzzül etdi. Artıq sənət öz əcdadını günahlandırmır, onu öz statusundan salmaqda maraqlı olmur, əksinə, ona yeni ruh qatır, zamanın axarına uyğunlaşdırır, bəzən onunla “zarafatlaşır”, özündə özündən əvvəl yaradılmışların hər birinə ironiya etmək cəsarəti tapır. Bəzən bu alınmır və yeni nəsil keçmişə uduzur. Sənət haqqında düşüncələri, ümidləri susuz quyunun lap dibinə düşür. Yəni, “atalar” “oğullarını” özlərinə bənzətməkdə israrlı qalır. Ya da “oğul” özü “ataya” təslim olur. Nuri Bilgə Ceylanın son çəkdiyi “Əhlət ağacı” filmində olduğu kimi.

Dünyaca məşhur türk rejissoru, Anadolunun insanını özünəməxsus şəkildə dünya tamaşaçısına göstərən Nuri Bilgə Ceylanın sonuncu ekran işi olan “Əhlət ağacı” filmsevərlərə təqdim olunduğu andan  həmişə olduğu kimi yenə də böyük maraqla qarşılandı. Filmləri mədəniyyət hadisəsinə çevrilən rejissor bu dəfə gənc yazıçının ilk kitabını nəşr etdirmək üçün göstərdiyi hər cür səyləri və uğursuzluğunu ana xətt edib yenə də bir çox göndərmələrlə, detallarla zəngin kino ərsəyə gətirib. Filmin baş qəhrəmanı Sinan universiteti bitirib öz məmləkətinə qayıdır. Sinan bu kəndi sevmir, öz içində doğulduğu kəndlə anlaşılmazlığı var, “yola gedə bilmir”. Aid olduğu toplum Sinanı yorur. Bu kənddə onu təəccübləndirəcək, ona qeyri-adi gələcək heç nə yoxdu. Sinan qəzəblidi. Bu kəndin adamlarını, mühitini içindən keçirə bilməyib. Bir yazıçı kimi ilk burada uğursuzdu. Parçası olduğu cəmiyyətin əksiklərini tam mənada görə bilmir. Bu da onun başqaları ilə münasibətini soyuqlaşdırır, kobudlaşdırır. Obraz bizə rejissorun digər filmlərindən tanış deyil. Ceylanın kameralarında bu cür xarakter bir ilkdi. Amma soyuqluğu, mübarizəyə qarşı gücsüzlüyü, ümidsizliyi digər filmlərində də rastımıza çıxan xüsusiyyətlərdir. Türkiyədəki uğursuz gənc yazıçıların ümumiləşdirilmiş obrazı olan Sinan tələbəlik illərindəki müşahidələri əsasında bir roman yazıb. Roman insanın iç səsi ilə bağlı monoloqlardan ibarət “Əhlət ağacı” adlı bir mətndir. Əhlət ağacı zahirən çox qoca görünən, Anadoluda tez-tez rast gəlinən, meyvələri görkəmsiz, yabanı armud ağacıdır. Kitabın adı onun gələcək taleyinə işarədir. Yabanı bir ağac nə qədər gərəksizdirsə, Sinanın yazdığı kitab da oxucu rəğbəti qazana bilməyəcək. Filmin bir səhnəsində Sinan kitabxanaya gəlir və kitablarının satışı ilə maraqlanır. Aldığı cavab isə “heç bir kitabınız satılmayıb” olur.

Öz həyatını nə qədər atasından fərqli yaşamağa çalışsa da, Sinan bunu bacarmır. Kinonun ikinci baş qəhrəmanı, Murat Cemcirin bütün ustalığıyla canlndırdığı İdris obrazıdır. İdris arzularına məğlub olmuş, bu məğlubiyyətlə barışmış və hər şeyin əvvəlki kimi olmadığına özünü inandırmış vecsiz bir obrazdır. İdrisin ən böyük fərqliliyi vecsizliyidir. Hər kəsin qınağına gələn İdris özü də gənclik illərində axından fərqlənən biri olmağa çalışsa da, bunu bacarmayıb. Oğlunun insanlara öz səsini duyurmaq arzusu İdrisə gülməli gəlir, çünki özü də bir zamanlar bunu istəyib. İndi isə sadə bir müəllim, qayğısız atadır. Atasından qalma bağında quyudan su çıxarmağa çalışan İdris daha bir ümidsiz mövhumla bizi tanış edir – quyu. Pamukun “Qırmızı saçlı qadın”ında olduğu kimi Nuri Bilgə Ceylanın bu filmində də quyu bədbəxtliyin işarəsi kimi göstərilib. Sinan kəndə gələn gündən atası ilə o quyudakı daşları təmizləyir ki, su çıxsın. Ancaq Pamukun baş qəhrəmanını öldürən quyu, bu filmdə Sinanın arzularını, gənclik ehtirasını öz içindəki daşlara bağlayır. Sinan sonda elə quyunun içərisində atasının taleyinə şərik olur. Nəsillərarası savaş ata tərəfin, yəni keçmişin qalibiyyəti ilə bitir. “Bir zamanlar Anadolu” filmi əgər yeni nəslin köhnə nəslin qayda-qanunlarına daş atmaqla, etiraz etməklə bitmişdisə, burada Ceylan sanki özü də heç nəyin dəyişməyəcəyinə inanır və keçmiş yola təslim olur. Görünür, ötən yeddi ildə məşhur rejissor özü üçün bəzi həqiqətləri yenidən düşünüb, ya da əksinə, onun bu finalı verməsi özlüyündə yeni bir səhərin açılacağına işarədir.

“Bircə bu it məni mühakimə etmir”. İdrisin filmdəki ən kədərli cümləsi ola bilər bu məsum ifadə tərzi. Kənddə daim qınanılan atanın bir iti var. Kameralar tez-tez o itin tənha evin həyətində dolaşdığını göstərir. Köpək öz sahibindən narahatdı. İdrisə deyilən kobud sözləri sanki başa düşür və bu, o itə əzab verir. O öz sahibinin uduzmağını, bu kütləyə qarışmağını istəmir. İt bizə məşhur rejissor Tarkovskinin “Stalker” filmini xatırladır. Ümumiyyətlə, Nuri Bilgə Ceylanın əksər filmlərində Tarkovskidən nəsə tapmaq olur. Tarkovski türk rejissoruna güclü təsir edib və hətta Ceylanın öz xəttini müəyyən etməsində Tarkovskinin böyük rolu var deyə bilərik.

Hərbi xidmətdən qayıdan sonra Sinanın artıq kəndi, onun sakinlərini, cəmiyyəti və atasını yavaş-yavaş qəbul etdiyini görürük. Kinonun daha bir təsirli səhnəsi isə atasının onun kitabını göstərib “Bu kitab mənim ən yaxın dostum olub” deməsidi. Sonda yenə də atasına qayıtmağa məcburdu Sinan. Çünki bu kənddə onu elə atası anlayır. Gələcəyi nə qədər uğursuz olsa belə İdris öz oğlunu hamıdan yaxşı tanıya bilir və onun yanında olur. Sinan atasının kölgəsinə sığınmaq məcburiyyətindədir.

“Əhlət ağacı” filmində Sinanın anası öz həyatını olduğu kimi qəbul edən və ona tutunan obrazdı. Bu obraz xoşbəxt deyil, amma sevir və sevgisi onu həyatda saxlaya bilir. İdris kimi bir vecsiz insanla həyatını paylaşan qadın İdrisi sevdiyi üçün onun qayğılarına dözməlidir.

Türkiyə ədəbi mühitindəki “atalar və oğullar” məsələsinə isə rejissor yazıçı olmaq istəyən Sinanla artıq özünü təsdiq etmiş məşhur yazıçı Süleymanı kitabxanada görüşdürməklə işıq tutur. Məşhur aktyor Sərxan Kəskinin oynadığı Süleyman obrazı kitabları yaxşı satılan, yazıçı kimi uğur qazanan, eyni zamanda gənc nəsilə bir qədər kənardan baxmağı sevən, tənqidləri qəbul etməyən, öz həyat təcrübəsini daha üstün tutan bir xarakterdi. Onun yazıçı keçmişi ilə bağlı bir məlumatımız yoxdu. Sinan Süleymanı ilk dəfə tələbəlik illərində simpoziumların birində görüb. Həmin simpoziumda başqa bir yazıçının Süleymana göndərdiyi məktub haqqında iki obraz arasındakı dialoqdan Süleymanın içində gizlənən eqosunun şahidi oluruq. Sinan da çox müxalifdi. Hər halda Süleymanın onu sonadək dinləməsi, ən azından çıxış yolu tapmağına kömək etməsi vacib idi. Ailəsi, dostları, cəmiyyətlə yola gedə bilməyən Sinan kitabının nəşrindəki problemləri ona danışır, ailəsi ilə arasındakı ziddiyəti deyir. “Ya onlar istədiyi kimi olacaqsan, ya da ailənlə arandakı mübahisələri vicdanında həll etməlisən” deyən Süleyman böyük bir həqiqətə toxunur. Yazıçı olmağın Türkiyə cəmiyyətində nə qədər ağrılı, çətin yol olduğunu və bu yolda qarşısına çıxacaq problem və əngəlləri elə bu yol uğruna keçməli olduğunu vurğulayır. Süleyman Sinana məlum doğrunu demişdi – imtina. Əgər atası, ailəsi, kəndi ona mane olurdusa, o da bunlardan imtina etməli idi. Sinan isə bu vacib həqiqəti eşidə bilmədi.

Kitabxana səhnəsində bir neçə yazıçıyla bərabər Markesin şəklini görürük. İdrisin doğum zamanı üzündəki qarışqalar, sonra ağacın altında yatarkən üzündə yenidən gördüyümüz qarışqalar bizə Markesi və məşhur romanı “Yüz ilin tənhalığı”nı xatırladır. Bundia nəslinin də bədbəxtliyi bu filmlə başqa bir ortaq yönünü göstərir. Həmin romanda da ana obrazı nəslin əzabına qatlanır, həyatını qəbul edir, necə ki Sinan anası filmdə öz taleyi ilə razılaşdı.

Başqa bir səhnədə isə Sinan kitablarının taleyi ilə maraqlananda və posterin bir müddət asıldığına baxmayaraq heç bir kitabının satılmadığını öyrənəndən sonra qapıda Süleymanın yeni kitabının posterini görməsi keçmiş nəslin hələ də yeni nəsil üzərindəki üstünlüyünə işarədir.

Nuri Bilgə Ceylan iki dəfə ölüm səhnəsi qurur. Birinci, İdrisin yerdə uzandığını və üzündə qarışqaların olduğunu görən Sinan onun öldüyünü zənn edir. İkinci, Sinan quyuya düşərkən atası onu kəndirdən asılan vəziyyətdə görür. Ancaq hər iki səhnədə sadəcə yalnış müşahidə hadisəsi olduğu bildirilir. Bu isə ata və oğulun öz talelərindən həyatın icazəsi olmadan qaça bilməyəcəkləri deməkdir.

Filmdə adət-ənənələrə uduzan, öz gələcəyini valideynlərinin istəklərinə qurban verən, özündən yaşca çox böyük kişiylə evlənən, ancaq bu evlilikdən razı olmayan Xədicə obrazı da var. Sinanın kəndə gələndən sonra təsadüfən Xədicəylə görüşmə səhnəsi filmin ən baxımlı nöqtələrindən biridir. Mənzərə çox üzücüdü. Toy günü Xədicənin keçmiş sevgilisi ilə Sinanın davası, Xədicənin siqaret yandırması və digər kiçik səhnələr də kinoya ayrıca rəng qatır.

Sinan və kəndin iki axundu arasında keçən dialoqda Anadolu düşüncəsində dinin reallıqlarını görürük. İki ayrı axund əslində iki fərqli dini baxışı göstərir. Axundlardan biri mütləq inanclıdır. Onun üçün bütün sualların cavabı itaət etmək və inanmaqdır. Digəri isə dinin fərqli yönlərini, coğrafiyaya, düşüncəyə, zamana görə dəyişdiyini, bəzi həqiqətlərin inkar olunmadan fərqli şəkil almasını öz dostuna demək istəyir. Sinan isə inanc mövzusunda tərəfsizdi. Bu, onu maraqlandırmır.

Filmdə səslənən “Anadolu insanının əhlət ağacı” (el məsəli) Nuri Bilgə Ceylanın öz filmlərinə tərəf yandırdığı işıqdı. Yuxarıda qeyd etdiyim göndərmələrlə (Pamuka, Tarkovskiyə, Markesə) bərabər bu cür postmodern gediş filmi çoxqatlı edir. “Əhlət ağacı” haqqında istənilən yöndə danışmaq olar. Rejissorun ustalığı ondadır ki, üç saatlıq ekran işində onlarla detal tapıb yoza bilirsən. Film bəşəridi. Digər kinolarında olduğu ki Anadolu, onun adamları və mənzərəsi kameraların obyektivindədir. Filmin digər Nuri Bilgə Ceylan işləri kimi uğurlu olacağına şübhə qalmır.

 





03.12.2018    çap et  çap et