525.Az

Xalidə Ədib Adıvarın "Xəndan"ı: qadının özü və sözü


 

Xalidə Ədib Adıvarın "Xəndan"ı: <b style="color:red">qadının özü və sözü</b>

Qadın... Bütün dövrlərin açılmamış sirr küpü, çözülməmiş düyünü... Eşqdir qadın, nifrətdir həm də. Huzurdur, həm də təhlükə... Necə demişdilər, elə sevər ki, qadın, sanarsan heç getməyəcək, elə gedər ki, bircə anın içində, sanarsan, heç sevməmişdi.

Qadınlar da fərqlidir, qadın da.

Gözəl sevər, sahiblənər, ən ilıq, ən məhrəm duyğuları yaşadar. Bədənini də, ruhunu da önünə sərər xalça əvəzi. Amma eyni ehtirasla da nifrət edər qadın. Onun qəzəbi, kini vulkan əvəzi püskürər toxunduğu həyatlarda. Bütün hissləri ən ucda, doya-doya yaşayar qadın. Bir o qədər də gücsüz, itaətkar, qorxaqdır. Bilinməz ki, kimdir, nədir...

***

"Qadınlar sadəcə bal deyil, zəhər təsiri də göstərərlər". Türk ədəbiyyatının görkəmli qadın yazarlarından Xalidə Ədib Adıvar belə demişdi. Özündən sonra iyirmidən artıq roman, hekayə, pyes, xatirə kitabları, tərcümələr, polemik yazılar qoymuş xanım yazıçı özünün əzmkar, cəsarətli qələmi ilə seçilirdi.

Onun imzasıyla ilk tanışlığımız "Atəşdən köynək" əsəri ilə olmuşdu. Hələ onda bir qadın qələmindən görməyə alışmadığımız cəsarətə heyrət olmuşdum. Ondan sonra oxuduğum hekayələr və digər yazılar da Xalidə Ədibin fərqliliyini ortaya qoyurdu. Tərcümeyi-halına nəzər saldıqda isə onun bu cəsarətinin, əzminin, mübariz ruhunun ailəsindən, mükəmməl təhsilindən və yaşadığı, fəaliyyətdə olduğu mühitdən qaynaqlandığını görürük.

Müasir Türk ədəbiyyatının seçilən imzalarından olan Əlif Şəfəq onun haqqında yazır: "Mübariz, intizamlı, məhsuldar və əzmkar idi. Qadınların ənənəvi rollar çərçivəsinə salındığı bir dövrdə patriarxallığı qəddarcasına ittiham eləyən yazılar, ədəbi mühitdə dalbadal böyük səs-küyə səbəb olan romanlar qələmə aldı. Mitinq meydanlarında natiq, universitetdə müəllim, Məclisdə müstəqil millət vəkili kimi oxucularının qarşısına çıxdı. Qanunları kişilərin müəyyənləşdirdiyi bir dünyada ilbəil mövcud olmağı bacardı. Özündən sonra nəhəng bir fikir mirası qoydu".

Xalidə Ədibin romanlarında daha çox toxunduğu məsələlərdən birincisi Şərq-Qərb və köhnəlik-yenilik mövzusudur. Qərbə meyillilik, şübhəsiz, modern Türk romanının təməl mövzularından biridir və Şərq-Qərb arasında qalan cəmiyyətin, fərdlərin vəziyyəti xanım yazarın əsərlərində də çox önəmli bir yer tutur. Xalidə Ədib Adıvarın əsərlərini "Şərq və Qərb məsələsi" etibarıyla təhlil edən İnci Enginün yazır ki, əsərləri xronoloji olaraq bir bütün halında öyrənərkən əvvəllərdəki bəzi istisnalara rəğmən, onun Şərq və Qərb mədəniyyəti sintezini müdafiə etdiyini görürük.

Digər tərəfdən "qadın" Xalidə Ədibin demək olar ki, bütün romanlarındakı təməl mövzularından biridir. O, qadın haqqında düşüncələrini bilavasitə həyatı ilə də əlaqələndirib, əsərlərində yazdıqlarını daha da qüvvətləndirib.

Xalidə Ədib cəmiyyətin təməl olaraq gördüyü qadın məsələsinə ictimai məzmunlu əsərlərində daha çox toxunmaqla qadına yüklədiyi məsuliyyəti artırır. İlk romanlarından fərqli olaraq, fərdiyyəti və ehtiraslı eşqi ilə yer alan qadının daha sonrakı romanlarında cəmiyyətlə münasibətləri təhlil edilir. Xalidə Ədib həm passiv Şərq qadınını, həm də feminist düşüncəli Qərbdən gələn analığını və qadınlığını unutmuş, kişiyana xarakterilə önə çıxan qadını ittiham edir. Beləcə, olmalı olan qadın tipi Şərq qadınının şəfqət və sevgisi ilə qərbli qadının özgüvənini birləşdirən və cəmiyyətdə, ictimai həyatda kimliyini itirmədən öz ayaqları üstündə dura bilən qadındır.

O, demək olar ki, bütün əsərlərində öz həmcinslərini ittiham edir, hətta ətrafındakı uğurlu qadınları belə görməzdən gəlir. Onun qadın başda olmaqla, öz ətrafı və ətrafındakı insanlarla bağlı müşahidələri ilk romanlarından olan "Bənövşəyi sarmaşıqlı ev" adlı romanında əks olunur. Hətta həyatının bir dönəmi ilə bağlı dürüst məlumatları ədəbiyyatçılar məhz bu romanından alıblar.

Həyatında da qadınlardan daha çox kişilərin çevrəsində olan xanım yazar öz həmcinsləri ilə bağlı müşahidələrini əsərlərində ümumiləşdirir. Özü də qadın olduğu üçün bəlkə də bu, onda daha uğurlu alınıb.

Xalidə Ədib Adıvarın ilk dövr romanlarında təməl mövzu kimi seçdiyi "ehtiraslı eşq", niyəsi sorğulanmayan, qarşısı alınmayan, bir qadının xoşbəxt olmağı üçün vacib olan bir duyğu kimi təqdim edilir... Ancaq bu eşqin doğru şəkildə yaşana bilməsi üçün bir evliliyin olmasının vacibliyi də romanlarında vurğulanır. Bunlar eşq və evliliyin birgə qələmə alındığı və hər ikisinin birlikdə ucaldıldığı romanlardır.

***

Xalidə Ədib Adıvarın bütün bu məsələləri ümumiləşdirdiyi romanlarından biri, şübhəsiz ki, "Xəndan"dır. Bu romanla, həmçinin, müəllifin öz həmcinsləri haqqında düşüncələrini daha geniş və dəqiq şəkildə öyrənmək mümkündür.

1912-ci ildə, Xalidə Ədibin 30 yaşında qələmə aldığı və ilk dəfə "Tanin" qəzetində hissə-hissə yayımladığı romanda gənc qadının sevgi, depressiyaya aparan yol, depressiya və sıxıntıları mövzu olaraq seçilib. Müəllif burada romanın adını aldığı obrazı - Xəndanın bir şəxsiyyət kimi özünü tapmağını, onun timsalında XX əsrin əvvəllərindəki gənc qızların həm psixoloji, həm də sosial kimliyini əks etdirir.

Nəsr əsərinin əsas özəlliklərindən başlıcası onun təhkiyəçisidir. Hadisələrin birinci şəxsin dilindən təhkiyəsi oxucu ilə qarşılıqlı əlaqədə daha uğurlu hesab olunur. Bəzi əsərlərdə isə danışan nə müəllifdir, nə də hansısa obraz. Orada hər kəs danışır. Hərə öz hisslərini, düşüncələrini elə öz dili ilə ifadə edir. Bu, oxucunun onları daha yaxından tanımasına, özünü də sanki hadisələrin içində imiş kimi hiss etməsinə yardımçı olur.

Xalidə Ədib bu təhkiyə növünün ən uğurlu variantlarından birini məhz "Xəndan" romanında işləyib. Roman obrazların bir-birinə ünvanladıqları məktublardan ibarətdir.

Əsərdə Rafiq Camaldan Sərvərə 22, Rafiq Camaldan Nərimana 3, Rafiq Camaldan Camal bəyə 3, Nərimandan Rafiq Camala 8, Xəndan Nərimana 3, Xəndandan Hüsnü Paşaya 10, Sərvərdən Rafiq Camala 13, Hünü Paşadan Xəndana 3, Rafiq Camala Həkim Şedən 2, Camal bəydən 1 məktub və 1 teleqram olmaqla ümumilikdə 66 məktub var. Bu məktubların mərkəzində isə Xəndan dayanır. 

Müəllif əsərdə oxucunun qarşısına iki fərqli qadın tipi çıxarır.

Bunlardan biri Nəriman, digəri isə Xəndandır. Bir-birini candan artıq sevən bu qadınlar əslində, bir-birinin tamamilə əksidirlər. Nəriman xoş xasiyyətli, itaətkar, evcil, ailəcanlı, son dərəcə adi bir qadındır. Ancaq onun bu adiliyində də bir ucalıq var. Çünki qəlbində tamaha, nəfsə, paxıllığa, üsyana, hiyləyə, kinə aid heç bir şey yoxdur. Böyük arzulardan, sonsuz istəklərdən tamamilə uzaqdır. Ailəsinə, ərinə, övladına qarşı davranışlarında, sevgisində tipik şərqli qadını xatırladan Nəriman xoşxasiyyəti, səmimi və təmiz insanlığı ilə özüdür.

Gələcək əri Rafiq Camal dostu Sərvərə yazdığı məktubunda nişanlısı Nərimandan bəhs edərkən onu "Həyatı işgəncə, burulğan, od-alov eləyən qadınlardan özünü tamamilə uzaqlaşdıran sadə və səmimi qız" kimi təqdim edir.

Öncə atasının, sonra isə ərinin sadiq köləsi olmağa hazır, öz şəxsiyyətini onların kölgəsində gizləyən, varlığını ərinin vasitəsilə ifadə etməyə alışmış Nərimandan fərqli olaraq, Xəndan öz ayaqları üstündə dayanmağı bacaran, gənc yaşına rəğmən, dünyanı, insanları olduğu kimi analiz etməyə qadir qadındır. Sanki Xəndan Nərimanın çatışmayan bütün xüsusiyyətlərinə güzgü tutur, öz varlığı ilə onun varlığını tamamlayır. Öz inadkarlığı, dik duruşu, sərtliyi ilə dişi canavarı xatırladan Xəndan özünəməxsusdur, orijinaldır. Onu hər kəsdən fərqləndirən isə beyni, ağlıdır. Xarici görkəmcə heç də diqqətçəkici olmayan, hətta ətrafındakı çox insanın çirkin olaraq gördüyü Xəndanı cazibədar edən də məhz bu ağlı, mədəniyyəti, zəngin dünyagörüşüdür. Fəlsəfə, ədəbiyyat, sənət söhbətlərində rahatlıqla kişilərlə müzakirələrə qatıla bilən, öz fikirlərini aydın və səlis şəkildə ifadə etməyi bacaran Xəndan öz dövrünə görə "kişilərin ixtiyarında olan elm anbarını deşməyi bacarmış nadir qadınlardandır".

Ta qədimdən gələn "ideal qadın" və "cariyəlik" fərqi Xalidə Ədibin bir çox romanı kimi burada da ön plana çəkilir. İdeal qadınlar nə qədər ağıllı, əzmkar, təmkinli, vətənpərvər, öz şəxsiyyətlərini təsdiqləmiş qadınlardırsa, cariyəlik ənənələrini davam etdirən qadınlar bütünlüklə kişilərdən asılı, itaətkar, mütidirlər. Bu qadınlar xarakter etirabilə də inkişaf etməmiş, məhduddurlar.

***

Bəs kişilər? Kişilər bu qadınlardan hansına üstünlük verir, həyatlarında istəyirlər? "Xəndan" romanının yazılmağından 116 il keçməsinə baxmayaraq, kişilərin qadınlara olan indiki münasibətini orada da görə bilirik. Romanda Rafiq Camalla təmsil olunan kişilər, bir dilemmayla üzbəüzdürlər: onlar bir tərəfdən Nəriman kimi müti, onlara heyranlıq duyan, saf, passiv, ərinin həyatında "barmaq uclarında yaşayan" qızlarla evlənmək istəyir, digər tərəfdən isə evləndikləri qadınlardan aktivlik, zəngin dünyagörüşü tələb edir, mədəniyyət, ədəbiyyat, siyasət, sosial mövzularda rahat söhbət etmək istəyirlər. Evlənərkən bunları nəzərə almayan kişilər isə bir müddət sonra darıxır, qadınına qarşı hər cür həyəcanını, marağını və ehtirasını itirirlər. Çünki bu cür qadınlar həmişə eynidirlər. Onların bütün hadisələrə qarşı reaksiyaları da eynidir. Bu isə kişiləri bezdirir. Darıxan və dünyasında böyük boşluq yaranmış kişilərin həyatına isə həmin məqamda Xəndan kimi qadınlar daxil olar. Bu qadın Nəriman kimi qadınların ziddi, əksi kimi deyil, onun tamamlayıcısı kimi gələrlər. Hər ikisinin kişinin həyatında öz yeri var. Kişi hər ikisini sevər. Amma bu sevgilər bir-birindən tamamilə fərqlidir. Romandakı Rafiq Camal da onları bir-birindən fərqləndirmir, bir-birinin tamamlayıcısı kimi qəbul edir. Nəriman itaət edir, Xəndan yönləndirir, ağıl verir. Biri arvad, uşağına ana, digəri isə fikirdaş, yoldaş, dost olur. Birinin "bədəninə", digərinin "beyninə" ehtiyac var.

Rafiq Camalla Nəriman sevgisi romantik eşq və sevgi dünyasını ortaya qoyur. Onların münasibəti tamamilə hissə, duyğuya söykənib, ürəkdən qidalanır. İnsan ürəklə etdiyi hər işdə səmimidir.

Rafiq Camalın Xəndana heyranlığı isə öncə beyindən, ağıldan gəlir, sonra isə bütün varlığına hakim kəsilir. Bu sevgi intellektuallıqdan doğur desək, heç də mübaliğə etmiş olmarıq. Amma onun da son dayanacağı ürəkdir.

Qəribədir ki, ən çox acı çəkən, əzablara düçar olan da məhz Xəndan kimi qadınlardır. Çünki onlar çox bilirlər, hadisələrə hər tərəfdən baxmağı bacarırlar, realistdirlər. Nəriman kimi qadınlar isə xəyallarında qurduqları dünyada xoşbəxtdirlər.

Romanın nə qədərinin müəllif təxəyyülü, nə qədərinin həqiqi həyat hekayəsi olduğunu söyləmək çətindir. Ədəbiyyatşünasların böyük əksəriyyəti Xalidə Ədib Adıvarın bütün romanları arasında "Xəndan" romanının daha çox avtobioqrafik cizgilərə malik olduğunu iddia edirlər. Burada yazıçının ilk ailə həyatından izlər də görünür. Yəqin ki, Xalidə Ədib də Xəndan kimi bütün ömrü boyunca "ideal qadın" olmağın əzablarını yaşayıb. Tədqiqatçı Yaqub Qədri Qaraosmanoğlu "Gənclik və ədəbiyyat xatirələri" kitabında həmin romanın avtobioqrafik olduğunu deməklə yanaşı, "Sən demə, Xalidə Ədib Adıvar da Xəndan kimi bədbəxtmiş..."- deyərək söz atır.

 





04.12.2018    çap et  çap et