525.Az

“Tolerant mühiti ilə seçilən Oğuz rayonu dini və milli dözümlülükdə nümunəvi bölgədir”


 

“Tolerant mühiti ilə seçilən Oğuz rayonu dini və milli dözümlülükdə nümunəvi bölgədir”<b style="color:red"></b>

Müsahibimiz Oğuz rayon təhsil şöbəsinin aparıcı məsləhətçisi, əməkdar müəllim, tanınmış tarixçi-tədqiqatçı Rəşid Nurməmmədov bölgənin dini və milli fərqliliklərlə seçilən mühitinə, onun tarixinə dərindən bələd olan bir ziyalıdır. Onunla söhbətimiz tolerantlıq anlayışının mahiyyətinə ümumi baxış, dözümlülüyün Azərbaycan xalqının həyat tərzinə çevrilməsində mühüm rol oynayan amillər, fərqli dinlərin nümayəndələrinin yaşadığı çoxmillətli Oğuz rayonunun Azərbaycanın tolerantlıq simvollarından biri olması, Qarabağ münaqişəsinin həllindən sonra millətlərarası münasibətlərin tənzimlənməsi istiqamətində görülən işlər, milli vəhdətin qorunmasında dövlət və xalq səviyyəsində həyata keçirilən tədbirlər haqqında fikirlər üzərində qurulub.

(Əvvəli ötən sayımızda)

Təkcə yaşadığı bölgənin deyil, bütövlükdə ölkəmizin və dünyanın tolerantlıq təcrübəsinə müəyyən qədər bələd olduğunu deyən tədqiqatçı Rəşid Nurməmmədovun fikrincə, hazırda Azərbaycanda, sözün əsl mənasında, multikulturalizmin təntənəsi, dini və milli dözümlülüyün aşkar təzahürü müşahidə edilməkdədir. Onun sözlərinə görə, Azərbaycan dövlət-din münasibətlərinin tənzimlənməsinə və mövcud vəziyyətinə görə dünyada nümunəvi ölkələrdən hesab edilir. Həmsöhbətimiz deyir ki, bu, təkcə azərbaycanlıların qürurla bəyan etdikləri fakt deyil, həm də beynəlxalq təşkilatların nümayəndələrinin, nüfuzlu din xadimlərinin və diplomatların dilə gətirdikləri həqiqətdir: “Hətta fəxrlə deyə bilərik ki, Azərbaycanın dövlət-din münasibətləri bu gün nümunəvi model kimi qəbul olunur və öyrənilir. Bu sahədə çalışan beynəlxalq ekspertlər etiraf edirlər ki, ölkəmizdə dövlətlə dini qurumlar arasındakı qarşılıqlı etimad mühiti, eləcə də dini konfessiyalar arasındakı əməkdaşlığın səviyyəsi ən demokratik cəmiyyətlərlə müqayisə oluna bilər. Eləcə də qanunvericiliyin möhkəmləndirilməsi Azərbaycanın modern dünyada tolerantlıq nümunəsinə çevrilməsinə səbəb olub”.

R.Nurməmmədov bildirir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra müxtəlif konfessiyalara mənsub ibadət evlərinin tikintisi və bərpasına lazımi şərait yaradılması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib: “Hər kəsə məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ümummilli liderimiz Heydər Əliyevin bu sahədə əsasını qoyduğu mütərəqqi ənənələri uğurla davam etdirməsi nəticəsində Bibiheybət, Təzəpir, İçərişəhər Cümə, digər məscid və ziyarətgahlar əsaslı bərpa və yenidənqurma işləri aparıldıqdan sonra dindarların istifadəsinə verilib. Təzəpir məscid kompleksindəki dəyişikliklər, yüksək səviyyəli təmir-bərpa işləri sayəsində bu abidə özünün həcm-məkan memarlıq həllinə görə tək Bakının şəhərsalma strukturunda deyil, həm də Abşeronun dini tikililəri arasında xüsusi yerlərdən birini tutur. Bakıda Əjdərbəy, Həzrət Məhəmməd, Şamaxıda Cümə məscidlərində və Gəncədə İmamzadə ziyarətgah kompleksində bərpa və yenidənqurma işləri aparılıb. Bundan başqa, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü və qayğısı ilə təmir edilən Bakı şəhərinin kənd və qəsəbələrindəki dini ocaqlar – Buzovnada Cümə məscidi, Mərdəkanda Pir Həsən ziyarətgahı, Binə qəsəbəsində İmam Rza və Möhsün Səlim məscidləri, eləcə də Daşkəsən şəhərində Cümə, Gəncə şəhərində Şah Abbas və Həzrət Zeynəb məscidləri dindarların istifadəsinə verilib. Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra təkcə məscid və ziyarətgahlar deyil, kilsə və sinaqoqlar, eləcə də digər ibadət evləri bərpa edilib, hətta Bakının mərkəzində Roma-katolik kilsəsi inşa olunub. Prezident İlham Əliyevin təşəbbüsü və qayğısı ilə dağ yəhudiləri üçün Bakı şəhərinin mərkəzində tikilmiş yeni sinaqoq da dindarların istifadəsinə verilib. Memarlıq xüsusiyyətlərinə və ölçülərinə görə təkcə Azərbaycanda deyil, regionda digər yəhudi məbədlərindən fərqlənən bu sinaqoqun açılış mərasimində rəsmi şəxslər, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, yəhudi icmasının üzvləri, eləcə də İsrail, Rusiya və digər ölkələrdən qonaqlar iştirak ediblər”.

R.Nurməmmədova görə, Azərbaycan, eyni zamanda, sivilizasiyalararası dialoqun inkişafına və bu istiqamətdə beynəlxalq inteqrasiya prosesinin sürətlənməsinə fundamental töhfələr bəxş edir: “Azərbaycan tarix boyu digər dinlərin və millətlərin nümayəndələrinə qarşı tutduğu mövqeyə görə tam mənada tolerantlıq nümunəsi kimi çıxış edib. Bu varislik əlaqələrinin əsasında hazırda da ölkəmiz dünyada ən tolerant məkanlardan birini təşkil etməkdədir. Çoxmillətli xalqın birliyinin aydın təzahürünü özündə əks etdirən xalqımız digər xalqlarla birlikdə özündə yüksək mədəniyyət nümunələrini təcəssüm etdirməkdədir. Təbii ki, bütün bunların stimulverici amili və tənzimetmə mexanizmi kimi, ilk növbədə, Azərbaycan dövlətinin qayğısı və dəstəyi mühüm əhəəmiyyət kəsb edir. Qanunvericiliklə hər bir millətin, dinin nümayəndəsinə öz millətinə bərabər hüquq və azadlıqlar verən, irqi ayrı-seçkiliyin heç bir şəkildə təzahürlərinə rast gəlinməyən, millətlərin yanaşı yaşadığı, möhkəm əlaqələrə malik olduğu və bir-birinə mühüm dəyərlər aşıladığı Azərbaycan mədəni nümunələrin, dəyərlərin əlaqələndiricisi – körpüsüdür. Elə buna görə də, ölkəmizin adı yüksək tolerantlıq sərgiləyən dövlətlərin siyahısında ən yüksək yerlərdən birini tutmaqdadır”.

Tədqiqatçının bildirdiyinə görə, müasir dövrdə multikulturalizmin əksinə olaraq özünütəcrid mövqeyi seçən xalqlar və dövlətlər nəinki inteqrasiya prosesindən kənarda qalırlar, eyni zamanda, bəşəri dəyər və normalardan təcrid olunurlar: “XX əsrin sonlarında monoetnik dövlət yaradan Ermənistanın iqtisadiyyatının bugünkü böhranlı vəziyyəti tarixi reallıqdır”.

R.Nurməmmədov vurğulayır ki, çox təəssüf, Azərbaycanda tolerantlığı, multikulturalizmi yalnış istiqamətə yönləndirməyə və ölkəmizdə dini-etnik sabitliyi pozmağa cəhdlər göstərilir: “Amma Azərbaycan müstəqil dövlətdir və heç bir dövlətin, xarici siyasi və dini dairələrin ölkəmizin daxili işlərinə, din siyasətinə müdaxilə etməyə nə hüquqi, nə də mənəvi haqqı yoxdur. Əslində, bu istiqamətdə edilən cəhdlər din təəssübkeşliyindən yox, məkrli, riyakar planları həyata keçirmək istəyindən irəli gəlir. Əgər hansısa dövlət və ya onun təsir dairəsindəki qüvvələr ölkəmizdə din pərdəsi altında məqsədinə nail olacağını düşünürsə, yanılır. Çünki buna Azərbaycan dövləti və cəmiyyəti imkan verməyəcək. İnsanlarımız, o cümlədən, dindarlar həqiqəti bilirlər və yalançı din təəssübkeşlərinin, islam adından danışan siyasətbaz “din xadimləri”nin onları aldatması mümkün olmayacaq. Hesab edirəm ki, İslam dini pərdəsi altında çıxış edən yalançı din təəssübkeşləri ilə özünü demokratiyanın beşiyi hesab edən, lakin eyni zamanda türk və islam dünyasına düşmən mövqe tutan Qərbin üzdəniraq siyasətçiləri eyni dəyirmana su tökürlər. Bu gün Azərbaycan müxtəlif xalqların nümayəndələri ilə yanaşı, sülh və təhlükəsizlik şəraitində yaşadığı ideal və arzuolunan məmləkət kimi dəyərləndirilməkdədir. Azərbaycan təcrübəsi onu deməyə əsas verir ki, multikulturalizmin alternativi yoxdur və bu, mədəniyyətlər, sivilizasiyalar arasında dialoqun inkişafına özünəməxsus töhfələr bəxş edir”.

Sevinc MÜRVƏTQIZI

 





28.08.2013    çap et  çap et