525.Az

Ermənistan beynəlxalq hüququ pozmağa davam edir


 

ELÇİN ƏHMƏDOV: "ATƏT-in REGİONDA SÜLHPƏRVƏR FƏALİYYƏTİNİN UĞURSUZLUĞUNUN BAŞLICA SƏBƏBİ İŞĞAL FAKTININ ETİRAF OLUNMAMASI İLƏ BAĞLIDIR"

Ermənistan beynəlxalq hüququ pozmağa davam edir<b style="color:red"></b>

"ATƏT-in regionda sülhpərvərlik fəaliyyətinin uğursuzluqlarının başlıca səbəbi Azərbaycana qarşı Ermənistanın birbaşa təcavüzü faktının etiraf olunmaması ilə bağlıdır".

Bu sözləri "525"ə açıqlamasında "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, siyasi elmlər doktoru, professor Elçin Əhmədov deyib. O bildirib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin təmsilçisi kimi özünü təqdim edən Bako Saakyanın ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ölkələrə (Fransa, ABŞ, Rusiya)  səfəri qanunsuz rejimin tanıdılması kimi başa düşülür. Eyni zamanda, bu səyahətlər nəticə etibarilə Azərbaycanın həmsədr dövlətlərlə münasibətlərinə xələl gətirir: "Bu, Cənubi Qafqaz regionunda yeni geostrateji vəziyyət üçün ilkin şərtlər yarada bilər".

E.Əhmədov hesab edir ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin bu addımı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə qarşı hörmətsizlik kimi də qiymətləndirilə bilər.

Ermənistan rəhbərliyinin əsas məqsədinin işğal və hərbi təcavüzün məsuliyyətindən qaçmaq üçün Dağlıq Qarabağ ermənilərinin münaqişədə iştirak edən tərəf kimi tanınmasını bütün vasitələrlə Azərbaycana qəbul etdirmək olduğunu deyən professor bildirib ki, Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın BMT Baş Assambleyasının 73-cü sessiyasında,  Paris Sülh Forumunda çıxışı da bu məqsədə xidmət edir: "Halbuki bu, beynəlxalq hüququn norma və prinsipləri ilə tamamilə ziddiyyət təşkil edir".

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri qeyd edib ki, sovet dövründə (1920-1991) Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində yaşayan erməni icması bütün siyasi, iqtisadi, sosial və  mədəni məsələləri əhatə edən muxtariyyətə (DQMV) malik olub: "Ermənilərin Dağlıq Qarabağın sosial-iqtisadi geriliyi barədə iddiaları ilə yanaşı, DQMV əhalisinin guya "azərbaycanlılaşdırılması", erməni əhalisinin isə sayının guya azaldılması, ağır iqtisadi şərait ucbatından ermənilərin vilayətdən çıxıb getmələri və başqa uydurmaları konkret faktlarla təkzib olunur. Sovet dövründə vilayətin əhalisi başdan-başa savadlı olub. Vilayətdə 193 ümumtəhsil məktəbi fəaliyyət göstərirdi. Xankəndi Pedaqoji İnstitutunda dərslər Azərbaycan, rus və erməni dillərində keçirilirdi. Burada kitab fondu 1,5 milyon olan 196 kütləvi kitabxana, 202 klub, mədəniyyət evi, 195 kinoteatr və kinoqurğusu, M.Qorki adına Xankəndi şəhər dram teatrı, mahnı və rəqs ansamblı, 5 rayon qəzeti, o cümlədən,  erməni dilində "Sovetakan Karabax" qəzeti (rus dilində dublyajı nəşr olunan "Sovetskiy Karabax")  var idi".

E.Əhmədovun sözlərinə görə, erməni millətçilərinin düşmənçilik hisslərini qızışdırmaq cəhdlərinə baxmayaraq, Azərbaycan hökuməti Dağlıq Qarabağ bölgəsinin sosial-iqtisadi və mədəni inkişafına daim xüsusi diqqət və qayğı göstərib: "Eyni zamanda, sovet dövründə DQMV özünü idarəetmənin bütün əsas elementlərinə malik olaraq Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində muxtar vilayət statusu 1936 və 1977-ci illər SSRİ Konstitusiyalarında təsbit edilmişdi. SSRİ və Azərbaycan SSR Konstitusiyalarına əsasən, DQMV-nin hüquqi statusu DQMV Xalq Deputatları Soveti tərəfindən Azərbaycan SSR Ali Sovetinə təqdim edilmiş və 1981-ci il iyunun 16-da qəbul edilmiş "Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında" qanunla tənzimlənmişdi".

Siyasi elmlər doktoru qeyd edib ki, sovet dövründə (1920-1991) Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində yaşayan erməni icması bütün siyasi, iqtisadi, sosial və  mədəni məsələləri əhatə edən muxtariyyətə malik olsa da, Ermənistan 1988-ci ildə Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərə Azərbaycandan ayrılmaq ideyasını süni surətdə ortaya atıb: "Təcavüzkar dövlət buna nail olmaq üçün Dağlıq Qarabağdan 60 minə yaxın azərbaycanlını soyqırımı və təcavüzə məruz  qoyub, məcburən köçkün salıb, eləcə də Ermənistandan 200 mindən çox azərbaycanlını tarixən yaşadığı torpaqlardan zorakılıqla deportasiya edib. Məhz Ermənistan beynəlxalq hüququn fundamental prinsiplərini, xüsusilə də güc tətbiq etməmək prinsipini pozaraq Azərbaycan ərazilərini işğal edib, 26 il əvvəl Xocalı soyqırımını törədib".

Professor bildirib ki, Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də Azəbaycanın suverenliyini kobud surətdə pozaraq DQMV-nin Ermənistan SSR-lə birləşdirilməsi haqqında konstitusiyaya zidd qərar qəbul edib: "Lakin bu azmış kimi heç bir beynəlxalq hüquq normalarına əməl etməyən Ermənistan SSR Ali Soveti 1990-cı il yanvarın 9-da özünün növbədənkənar iclasında "DQMV-nin 1990-cı il üçün sosial-iqtisadi inkişaf planının Ermənistan SSR-in 1990-cı il üçün sosial-iqtisadi inkişafı haqqında Dövlət planına daxil edilməsi" barədə Azərbaycana qarşı daha bir qeyri-qanuni qərar qəbul edib. Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR tərkibindən çıxması və Ermənistan SSR tərkibinə daxil edilməsi haqqındakı qərarları beynəlxalq hüquqa zidd və SSRİ konstitusiyası əleyhinə bir qərar idi. Respublikaların sərhədlərinin dəyişdirilməsi cəhdləri konstitusiyaya zidd olduğundan, buna heç cür haqq qazandırıla bilməzdi və bu, Azərbaycan SSR-in dövlət suverenliyinin pozulması demək idi".

E.Əhmədov deyib ki, Ermənistanın Azərbaycana qarşı açıq-aşkar təcavüzü bütün beynəlxalq hüquq norma və prinsiplərinə ziddir: "Ermənistanın bu təcavüzkarlığı BMT Nizamnaməsində nəzərdə tutulan öz müqəddaratını təyin etmək hüququnun həyata keçirilməsi deyil, nizamnamənin 2-ci maddəsinin 4-cü bəndinin kobud şəkildə pozulması - başqa dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı zor işlədilməsidir. Bunu belə bir fakt da təsdiq edir ki, Ermənistan parlamenti, bütün  beynəlxalq hüquq normalarını kobudcasına pozaraq, 1989-cu ildə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsi, yəni qonşu dövlətin ərazisinin bir hissəsinin ilhaq olunması haqqında qeyri-qanuni qərar qəbul edib və bu qərarın indi də qüvvədə qalması Ermənistanın ölkəmizə qarşı dövlət səviyyəsində ərazi iddiasında olmasına sübutdur. Bu da, onu göstərir ki, Ermənistan Respublikası bütün beynəlxalq hüquqi sənədləri, xüsusilə BMT Nizamnaməsinin I və II maddələrində, eləcə də 1975-ci il 1 avqust tarixli ATƏM/ATƏT-in Helsinki Yekun Aktında  ifadə olunmuş beynəlxalq hüququn əsas prinsiplərini kobudcasına pozub. Bununla yanaşı, Ermənistan başqa dövlətlərin ərazisində yaşayan erməni icmalarının hüquqlarını müstəqil xalqların əsas kütləsinin hüquqları ilə qəsdən qarışdırır və müstəqil dövlətlərin ərazi bütövlüyünə münasibətdə erməni etnik qruplarının hüquqlarına əsassız üstünlük verir. Beynəlxalq hüquq normalarının bu cür ermənisayaq təfsiri dövlətlərin ərazi bütövlüyü və sərhədlərin pozulmasının qeyri-mümkünlüyü haqqında 1990-cı il noyabrın 21-də qəbul edilmiş yeni Avropa üçün Paris Xartiyasına da tamamilə ziddir və qəbuledilməzdir".

Siyasi elmlər doktoru vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı təcavüzünü ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir: "BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması qeyd olunsa da, 26 il ərzində Minsk qrupunun göstərdiyi səylər indiyə kimi Ermənistan Respublikasının açıq-aşkar hərbi işğalçılıq mövqeyi tutması ucbatından təsirli nəticələr verməyib".

Ceyhun ABASOV

 





05.12.2018    çap et  çap et