525.Az

"Gedək siz aparan yola..." - Fikrət Qocadan 3 şeir


 

"Gedək siz aparan yola..." - <b style="color:red">Fikrət Qocadan 3 şeir </b>

Tale mənimlə oyun oynayır

Tale mənimlə oyun oynayır
Tale bir zər atdı
Zəri şeş-beşdi...
Vaxt keçdi...
Bir ömür verdi əvvəli sirdi.
Yolu cəbrdi,
Şərti səbirdi.
Dayanacağı qəbirdi,
Sonu yenə əvvəli kimi birdi,
Sirdi, səbirdi...
Mən də zər atdım,
Zərim sə... birdi...
Əşi axırı birdi...

Dolanırıq və yaxud karusel

Otlar torpağı yeyir,
Qoyunlar otları,
Əynimizdə yunla rı...
Biz qoyunları yeyirik,
Bizi torpaq yeyir...
Dolanırıq
Bir-birimizi yeyə-yeyə.
Sevirik ağladan -
- Güldürən oyunları...
Saman kimi axırıq zamanın selində.
Dolanırıq
Taleyin karuselində,
Dolanırıq.
Bir-birimizi yeyə-yeyə
Bu oyunu yaradana
Çox şükür deyə-deyə,
Dolanırıq!

Hər gün, hər gecə

Başımın, ürəyimin, qarnımın
Altında iki əli var, iki ayağı.
Əllərimin, ayaqlarımın üstündə
Üç yağı var.
Hərəsinin öz bayrağı var.
Öz arzusu, öz istəyi, öz yolu var.
Hələ üstəlik
Evin arvadı, qızı, oğlu var.
Onların da ata məhəbbəti ilə
Ağzı bağlı
Mənim kimi bir qulu var.
Neyləyim mənim bir canım var.
Gündüzlər ürəyimin içində gizlənmiş
Balaca bir vicdanım var.
Hər gecə,
Gizlicə,
Qarnımdan,
Uşaqlarımdan, qarımdan,
Lap özümdən,
Gözümdən xəlvət
Canımı ala-ala
Çəkir məni sorğu-suala.
Hər səhər oyanan kimi,
Günəş göydə yanan kimi
Yağır başıma qayğılar,
Çıxır qarşıma qayğılar.
Balalarımın gözündəki işıqlar,
Qarımın verdiyi tapşırıqlar.
Oğlumun çatılmış qaşları...
Bunlar hamısı qayğıdı, istəkdi...
Bu səhər duydum ki, ürəyim
Bu aləmdə təkdi,
Yorğundu, köhnədi...
Ürəyim göynədi...
Ürəyimin içini yandıran
Vicdanımın göz yaşlarıdı...
Bu göz yaşları
Lənət daşlarıdı.
Tövbə, tövbə canım,
Ağrıma ürəyim,
Ağlama vicdanım.
Verək qol-qola
Gedək siz aparan yola...
Sonrası
Nə ola-ola!

03.12.2014

 





05.12.2018    çap et  çap et