525.Az

"Səmavi" duyğuların pərvazında... - Fotolar


 

"Səmavi" duyğuların pərvazında... - <b style="color:red">Fotolar</b>

Doğma Azərbaycanımızın hər qarışında sözə dəyər var. Sözün hikmət çalarında yaşam var, savaş, mübarizə əzmi, qurtuluş, ecazkar qüvvə ilə insanı özünə çəkən sehr var...

Sözə xidmət edən imzalar sırasında, hələ kitabı çap edilməsə də, bir ad dolaşırdı yaddaşlarda, vətənpərvərlik  ruhu aşılayan mahnılarında: Gülqədəm  Mirzəzadə...

Kədərli könlümə tumar çəkənim,
Uğurlu yolumçun sular səpənim,
Anam, ülviyyətim, canım, nəfəsim,
Bircə an ömrümə qayıdaydın kaş...

İqtisadçı olmasına baxmayaraq, sözə olan vurğunluğundan uzaqlaşa bilməyən və nəhayət, ilk kitabını təqdim edən Gülqədəm Mirzəzadənin yaradıcılığının ilk "qaranquş sədası"ndan - "Səmavi..." adlı kitabından söz açacağıq.

Kitabın redaktoru və ön sözün müəllifi şair-publisist, "Yeni dünya" mükafatı laureatı Zabil Pərviz, rəssamı Azərbaycan Rəssamlar İttifaqının üzvü Rəhim Ağaliyevdir.

"Səmavi..."nin müəllifi, Neftçala rayonunda öz ictimai fəallığı ilə seçilən Gülqədəm xanım, ictimai fəaliyyəti ilə yanaşı, ədəbi yaradıcılıqla da məşğul olaraq, yaradıcılığının ilk nümunəsini işıq üzünə çıxarıb, məzmunlu, əhatəli ədəbi nümunə təqdim edib.

Noyabrın 30-da Neftçala rayon Mərkəzi kitabxanasında toplaşanlar ASKEF-in Neftçala rayon təmsilçiliyinin hazırladığı tədbiri - "Səmavi..."dən gələn yeni çeşməni izləyiblər. İştirakçılar sırasında məktəblilər, rayon ziyalıları, müəllimlər, poeziya həvəskarları, həmçinin, paytaxtdan gələn yazarlar da var idi.

İlk  sözü söyləyən ASKEF-in Neftçala rayon təmsilçisi Ələkbər Zahidov qonaqları təqdim etdikdən sonra tədbirin idarəçiliyini Jalə Sərdarzadəyə verib. Təqdimat müəllifin yaradıcılığı və ictimai fəaliyyəti haqqında  video-çarxla başlayıb.

Azərbaycan Yazıçılar Birliyinin Cənub şöbəsinin, Avrasiya Sənət, Kültür, Ədəbiyyat və Elm Federasiyasının Azərbaycan üzrə rəhbəri Sayman Aruz son dövrlər Neftçala rayonunun ədəbi mühitində baş verən yüksəlişdən söz açıb. Sözün gücündən zamanla bəhrələnməyin vacibliyini vurğulayan S. Aruz G.Mirzəzadəyə yaradıcılıq uğurları arzulayıb.

Ağsaqqal şair Oqtay Rza Gülqədəm xanıma ən xoş arzularını bildirərək, onun yaradıcılığını:

"İlhamı Kür, eşqi Xəzər Gülqədəm,
Həm qələmi, həm sözü zər Gülqədəm... -

misraları ilə dəyərləndirib.

Daha sonra çıxış edən şair Adilə Nəzər müəllifi təbrik edib, Vətən ruhlu şeirlərindən, fəaliyyətindən duyğulanaraq yazdığı "Mən Qarabağam" şeirini oxuyub:

... Mən Qarabağam,
minlərlə Şəhid oğulların anası,
Vətənimin çiliklənən aynası...

Tədbirdə Milli Qəhrəman Samid İmanovun atası Gülağa İmanov da iştirak edirdi. Gülqədəm Mirzəzadə "Səmavi..." adlı kitabında xalqımızın mərd övladını "Od ürəkli qəhrəman" şeirilə yad edib.

Əbədiyyət zirvəsində tac olan,
Ana yurda şöhrət olan Şəhidim!
Qələbədən, qələbəyə ruhlanan,
Oddan keçən, od ürəkli Samidim!

AYB-nin Muğan bölməsinin rəhbəri Nəbi İbrahimli, müəllifin qələm dostlarından Aləm Kəngərli, Fərqanə Mehdiyeva, Sona İsmayılova, İmamverdi Zeynalov, İbrahim Nurlu, Zərxanım Ülvi, Ənvər Qənbəroğlu, bədii qiraətçilərdən Fərman Hüseynov, Rahman Rahmanov, Neftçala şəhər Muğan Liseyinin 6-cı sinif şagirdi Şahnaz Əskərzadə, Mərkəzi kitabxananın əməkdaşlarından Bədirə Niftaliyeva, Gülxanım Abdulhüseynova çıxış edərək Gülqədəm Mirzəzadəyə nailiyyətlər arzulayıblar.

Bədirə Niftaliyeva Gülqədəm xanımın "Günahsızlar" elegiyası əsasında çəkilmiş filmin Neftçala şəhər Muğan liseyindəki təqdimatından danışıb.

"Səmavi..."nin  lirik  sətirləri  müğənni Sahil Abdullayevin  ifasında könülləri  fəth edib:

Bir qara buludun ağ yağışına,
Payız günəşinin son işığına,
Sənli günlərimin yaraşığına,
Qarışar ömrümün xatirələri...

Sonra müəllifin "Günahsızlar" elegiyası əsasında çəkilmiş film tədbir iştiraçılarına təqdim edilib.

Tədbirin sonunda Gülqədəm Mirzəzadə "Səmavi..."dən bir neçə şeirini oxuyub və tədbir iştirakçılarına təşəkkürünü  bildirib.

Bədirə HƏSƏNQIZI
Neftçala rayon Mərkəzi kitabxanasının şöbə müdiri

 





05.12.2018    çap et  çap et