525.Az

ƏSA Teatrı "Göy quş" tamaşasının premyerasını keçirdi


 

ƏSA Teatrı "Göy quş" tamaşasının premyerasını keçirdi <b style="color:red"></b>

Fiziki məhdudiyyətli şəxslərin X Ümumrespublika Yaradıcılıq Sərgi-Yarmarkası çərçivəsində, ƏSA teatrının əlilliyi olan aktyorlarının ifasında Moris Metterlinkin "Göy quş" tamaşasının premyerası olub.

Tədbirdə baş nazirin müavini Əli Əhmədov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Azərbaycanın insan hüquqları üzər müvəkkili Elmira Süleymanova, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai və digərləri iştirak edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, 2016-cı ildə aktyor-rejissor Nihad Qulamzadə tərəfindən yaradılan, yeganə inklüziv teatr olan və dünyada inklüziv incəsənət sahəsində bir ilkə imza atan ƏSA teatrı əsasən əliliyi olan şəxslərdən ibarət aktyor heyətinə malikdir. ƏSA teatrı yarandığı gündən dünya və Azərbaycan ədəbiyyatının şedevr əsərlərini, o cümlədən, Uilyam Şeksprin, Con Steynbekin, Mirzə Fəfətli Axundzadənin əsərlərini uğurla səhnələşdirib.

Teatrın təqdim etdiyi mistik-dram janrında olan və 18 aktyorun rol aldığı, 1 saat 15 dəqiqə davam edən "Göy quş" tamaşasında 20-ci əsrin əvvəllərində Belçikada kasıb bir ailənin iki uşağının xoşbəxtlik rəmzi olan Göy quşun axtarışına çıxması əhvalatından bəhs olunur. Sonda uşaqlar, onların valideynləri əsl xoşbəxtliyi kənarda deyil, öz evində, öz yurdunda axtarmağın lazım olduğunu dərk edirlər. Ümumilikdə tamaşa nikbinliyi, özünəinam hissini təşviq edir.

Tədbir iştirakçıları tamaşadan sonra səhnə arxasında əlilliyi olan aktyorlarla görüşüblər.

C.ABASOV

 





05.12.2018    çap et  çap et