525.Az

Mir Mehdi Seyidzadə haqqında kitab və elektron bazanın təqdimatı keçirildi


 

Mir Mehdi Seyidzadə haqqında kitab və elektron bazanın təqdimatı keçirildi<b style="color:red"></b>

Dekabrın 4-də Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyinin dəstəyi və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə görkəmli şair və dramaturq, Əməkdar incəsənət xadimi Mir Mehdi Həsən oğlu Seyidzadə haqqında "Uşaq ədəbiyyatı xəzinəsindən" seriyasından nəşr olunmuş "Mir Mehdi Seyidzadə: biblioqrafiya" kitabının və "Mir Mehdi Seyidzadə - 110" adlı elektron məlumat bazasının təqdimatı olub.

Tədbiri Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov açaraq qonaqları salamlayıb, Mir Mehdi Seyidzadənin uşaq ədəbiyyatımızın inkişafında böyük rol oynadığını, sevilən lirik şair olduğunu, rəngarəng mövzularda poetik əsərlər yazdığını bildirib.

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova nəşrin özəlliyindən danışaraq, biblioqrafiyada şairin 1925-2017-ci illərdə dərc edilmiş əsərləri və onun haqqında yazılan materialların əks olunduğunu, göstəricinin ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulduğunu vurğulayıb.

Mədəniyyət Nazirliyinin şöbə müdiri Aslan Cəfərov Mir Mehdi Seyidzadənin həyat və fəaliyyətindən söz açıb, vəsaitin ədibin irsinin tədqiqi baxımından əhəmiyyətli mənbə olacağını söyləyib.

Kitabın rəyçisi - fəlsəfə doktoru Qafar Əsgərzadə, tanınmış alimlər Vaqif Yusifli, Zahid Xəlil, "Azərbaycan uşaq ədəbiyyatı antologiyası"nın tərtibçisi və redaktoru Qəşəm İsabəyli, Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Könül Nəsibova və digər çıxışçılar şairin uşaq psixologiyasını yaxşı bildiyini, onların zövqünü oxşayan, uşaqların tərbiyələnməsində mühüm rol oynayan şeirlərin müəllifi olduğunu diqqətə çatdırıb, qəzəllərindəki sadəlik və xəlqilikdən, şeirlərinə bəstələnmiş mahnıların xalq tərəfindən sevilməsindən, tərcüməçilik fəaliyyətindən söz açıblar. Əməkdar artist Firuz Səxavət şairin qəzəllərini ifa edib.

Daha sonra 14 bölmədən ibarət elektron məlumat bazası təqdim olunub.

Kitabın tərtibçilərindən olan kitabxananın şöbə müdiri Nazilə Tahirova Mir Mehdi Seyidzadənin 110 illiyi münasibətilə yazıçının yaradıcılığını tam halda işıqlandırmaq məqsədilə fundamental biblioqrafik vəsaitin tərtib edildiyini, biblioqrafik göstəricinin 4 hissədən ibarət olduğunu, burada həmçinin, şəxsi arxiv materiallarının da yer aldığını, materialların bölmələr üzrə xronoloji ardıcıllıqla, daxildə isə əlifba sırasına uyğun şəkildə qruplaşdırıldığını bildirib.

ŞAHANƏ

 





05.12.2018    çap et  çap et