525.Az

Yeni münaqişə: Kerç boğazı "alov alır"


 

Yeni münaqişə: <b style="color:red">Kerç boğazı "alov alır"</b>

Ukrayna ilə Rusiya arasında kifayət qədər problemlər mövcuddur. Onları beynəlxalq hüquq normaları çərçivəsində həll etmək mümkün olmur. Əksinə, tərəflər bir-birinə zərbələr endirməkdə davam edirlər.
 
Artıq ekspertlər slavyan birliyindən danışmağın imkansız olduğu qənaətindədirlər. Bütün bunlara iki ölkə arasında yeni bir ixtilaf da əlavə olundu. Rusiya Ukraynaya məxsus üç hərbi gəmini saxlayıb. Gəmilərin ekipaj üzvləri də həbs olunublar. Üç ukraynalı dənizçi yaralanıb. Onlar etiraf ediblər ki, Rusiya sərhədini bilərəkdən pozublar. Bu hadisəyə dünyanın böyük dövlətləri reaksiya veriblər. ABŞ, Avropa İttifaqı, Türkiyə və başqaları münaqişənin həll edilməsi zərurətini vurğulayıb, Amerika və Avropa hətta Rusiyanı ittiham ediblər. Bununla da beynəlxalq miqyasda problemlərin yaranmasına təkan verilmiş olur. Bütün bunlar hansı geosiyasi proseslərə təkan verə bilər? Cənubi Qafqaza onun təsirləri mümkündürmü? Bu kimi suallara cavab üzərində geniş dayanmaq istərdik. 

Qarşılıqlı ittihamlar: Kiyevlə Moskvanın Azovda toqquşması 

Krım, Donbas, Kerç ... Rusiya-Ukrayna münasibətlərindəki problemlərdən danışarkən ekspertlər ilk növbədə bu adları sadalayırlar. Kerç məsələsi cəmi bir neçə gün öncə meydana gəldi. Rusiya sərhədçiləri Azov dənizində, Kerç boğazında Ukraynanın Hərbi Dəniz Qüvvələrinə məxsus üç gəmini saxladı. Ukrayna gəmilərinə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) silahlı bölməsi hücum edərək atəş açıb və üç nəfəri yaralayıb. Gəmlərin ekipaj üzvləri məhkəmə qarşısına çıxarılıb və təhqiqat başa çatanadək həbsə alınıblar.

Kiyevin buna reaksiyası sərt olub. Prezident P.Poroşenko bir neçə vilayətdə hərbi vəziyyət elan edib. Eyni zamanda, Ukrayna Prezidenti Aİ üzvlərinə, ABŞ-a və NATO-ya müraciət ünvanlayıb. Vaşinqton və Brüssel Rusiyaya qarşı ittihamedici bəyanat veriblər. Onlar Ukrayna gəmilərinin dərhal azad edilməsini və Azov dənizinə gəmilərin sərbəst daxil olmasını təmin etməyi tələb ediblər. Moskvanın beynəlxalq hüquq normalarını pozduğu bildirilir.

Kreml bütün bunlara hələlik təmkinli reaksiya verir. Moskva Ukrayna gəmilərini qaytarmayıb, üstəlik, ekipaj üzvlərinə qarşı cinayət işi də qaldırıb. Bunların fonunda V.Putin Ukrayna rəhbərliyini təxribatda günahlandırıb. Rusiya Prezidentinin sözlərinə görə, prosesin gedişi göstərir ki, Ukrayna tərəfi əvvəlcədən Rusiyanın su sərhədini pozmağı nəzərdə tutan plan üzrə hərəkət edib. Yəni gəmilər səhvən deyil, bilərəkdən sərhədi pozublar. Bu səbəbdən Rusiya məsələyə bütün ciddiliyi ilə yanaşır. Ekspertlər hesab edirlər ki, vəziyyət Şərqi Avropada yeni bir münaqişə ocağının yaranmasına aparıb çıxara bilər.

Doğrudan da, baş verənlərdə müəmmalı məqamlar kifayət qədərdir. Belə bir mənzərə yaranır ki, hər iki tərəf bir-birinə qarşı son dərəcə sərt davranırlar. Onların heç biri güzəşt barədə düşünmür. Ukrayna özünün Mariupol limanına giriş üçün kimsədən icazə almaq fikrində olmadığını bəyan edir. Rusiya isə Azov dənizində gəmilərin hərəkəti üçün ümumi qaydanın müəyyən olunduğunu və ona əməl edən hərbi gəminin maneəsiz Kerç boğazından keçdiyini iddia edir.

Rusiya tərəfinin təqdimatından belə görünür ki, Moskva Kerçi öz ərazisi hesab edir və sularda hərəkət edən hər bir obyekti nəzarətə götürür. Çünki Moskva izahında göstərir ki, sentyabr ayında Ukrayna gəmiləri Rusiya nümayəndəsinin müşayiəti ilə Mariupol limanına daxil olub. Bu zaman Ukrayna tərəfi Rusiyaya lazımi informasiyaları verib. İndi isə Ukrayna tərəfi başqa cür davranır.

Təbii ki, Kiyev bu ittihamları rədd edib iddia edir ki, Ukrayna tərəfi beynəlxalq hüquq normaları çərçivəsində hərəkət edib. Lakin artıq məsələ beynəlxalq aləmdə müəyyən reaksiyalara səbəb olub. D.Tramp Buenos-Ayresdə "Böyük iyirmilik" ("G20") ölkələri liderlərinin sammitində V.Putinlə görüşməkdən imtina edib. P.Poroşenko Türkiyə Prezidentinə müraciət edərək Bosfor boğazını bağlamağa çağırıb. Bununla o, Moskvanı cəzalandıra biləcəklərini ifadə edib. R.T.Ərdoğan isə məsələyə təmkinli yanaşır və tərəfləri dialoqa çağırır.

Ukrayna ilə Rusiya arasında Kerç boğazı ilə bağlı baş verən hadisələrə geniş aspektdə baxanda reallıqda bir qədər fərqli vəziyyətin yarandığı qənaəti alınır. Konkret desək, bu məsələ son dərəcə təhlükəli bir gedişatdan xəbər verir. Özü də proses qlobal miqyasda özünü göstərə bilər. Ukrayna ilə Rusiya arasındakı ixtilafa bir neçə böyük dövlət qarışa bilər. Bu bağlılıqda Türkiyə məsələsinin həssaslığını vurğulamaq gərəkdir. Məsələ ondan ibarətdir ki, Türkiyə Rusiya ilə yaxın münasibətlərdədir. İndi Türkiyəyə Rusiyaya qarşı açıq şəkildə addım atmağı təklif etmək geosiyasi kontekstdə riskli addımdır. Xüsusilə Ukraynanın müraciəti ilə Türkiyə Bosfordan Rusiya gəmilərinin keçidini qadağan etsə, bu, iki ölkə arasında ciddi böhrana səbəb olar. Unutmaq olmaz ki, Rusiya bu cür vəziyyətlərdə sərt və ciddi addım atmağa hazır olan güclü dövlətdir. Bu səbəbdən çətin ki, Ankara dost Ukraynanın bu çağırışına əməl etsin. Digər tərəfdən, Türkiyə ilə Rusiya arasında gərginliyin yaranması ABŞ-a sərf edir. Sual yaranır: Ukraynanın bu addımlarının arxasında kimlər dayanır? Hansı dairələr meydandadır? 

Geosiyasi kontekst: üç istiqamətdən Rusiyaya təzyiq 

Yaranmış vəziyyətə ABŞ-Rusiya və Aİ-Rusiya münasibətləri kontekstində yanaşdıqda da çoxlu riskli məqamları görmək mümkündür. Hiss olunur ki, Vaşinqton tədricən Moskva üçün yeni problemlər və risk zonaları yaradır. Qara dənizdən sonra Azov dənizində də Rusiya münaqişə sahəsinə düşmüş olur. Artıq Ukrayna cəbhəsində Krım və Donbasla yanaşı, Kerç münaqişəsindən də bəhs etmək olar. Bunun fonunda Ukrayna bir-birinin ardınca Rusiya ilə imzaladığı sazişləri ləğv edir. Bu, nəyi göstərir? Onu göstərir ki, Ukrayna hüquqi və qanuni olaraq Rusiyadan təcrid edilir. Kiyevi Moskva ilə tarixdən başqa bir şey bağlamır.

Bu proses geosiyasi olaraq son dərəcə təhlükəli dinamika formalaşdıra bilər. Belə ki, Rusiya küncə sıxışdırıldıqca, daha sərt tədbirlərə əl atmağa məcbur olar. Bu da Amerikaya avtomatik olaraq regionda daha çox hərbi texnika və silah-sursat yerləşdirmək şansı verir. Bununla həm Avropanın ABŞ-a ehtiyacı artmış olur, həm də yeni silahlanma yarışının məkanı genişlənir. Yaxın gələcək üçün silahlı ixtilaflar üçün meydanın genişləndirildiyi təəssüratı yaranır. Təbii ki, bu proqnoz özünü doğrultsa, bütövlükdə postsovet məkanında geosiyasi vəziyyət mürəkkəbləşə bilər.

"Stratfor"un 2019-cu il üçün hazırladığı proqnostik məruzənin işığında Kerç məsələsi daha geniş miqyasda riski özündə daşıyır. Çünki həmin proqnozlardan belə qənaət yaranır ki, Amerika müxtəlif istiqamətlərdən Rusiyaya təzyiqləri artırmağı planlayır. Buraya Şərqi Avropadakı keçmiş sovet respublikaları (Ukrayna, Moldova və Belarus), Cənubi Qafqaz ölkələri (Azərbaycan, Gürcüstan və Ermənistan) və Mərkəzi Asiya dövlətləri daxildir. Bu kontekstdə Kerç hadisələri uzun müddətə nəzərdə tutulmuş və Rusiyaya qarşı təzyiq mexanizmlərindən biri rolunu oynaya biləcək faktor kimi qiymətləndirilə bilər.

Bu halda sinxron olaraq "Kerçdən sonra hansı ölkədə hansı problemə təkan veriləcək?" sualı meydana çıxır. O cümlədən, Cənubi Qafqazda mümkün təxribatlar üzərində düşünmək lazım gəlir. Burada ABŞ üçün daha çox Ermənistan uyğundur. Bu ölkənin özü də Cənubi Qafqazda geosiyasi vəziyyətin sabitlikdən çıxmasında maraqlıdır. Çünki yalnız qeyri-müəyyən və risklərlə dolu bir vəziyyətdə İrəvan işğal altındakı torpaqları əlində saxlaya bilər.

Təxmin etmək olar ki, növbəti oyun məkanı Ermənistan olacaq. Burada növbədənkənar seçkidə N.Paşinyanın qələbəsi təmin edildikdən sonra nələrin baş verəcəyi maraqlıdır. Ermənilər Azərbaycan və Gürcüstan istiqamətlərində təxribatçı addım ata bilərlər. Rusiya təbii ki, bu hadisələrə laqeyd qalmayacaq və biz yeni bir gərginlik ocağının yaranmasının şahidi ola bilərik.

Cənubi Qafqazla paralel olaraq və ya ondan bir qədər sonra Mərkəzi Asiyada gözlənilməz riskli hadisələr başlaya bilər. Bununla da Şərqi Avropa-Cənubi Qafqaz-Mərkəzi Asiya zolağında ABŞ-Rusiya qarşıdurması yeni gərginlik səviyyəsinə yüksələ bilər.

Bu proqnozlar işığında Ukrayna-Rusiya qarşıdurmasının daha da şiddətlənməsinin yalnız Ukraynada keçiriləcək prezident seçkisi ilə şərtlənmədiyi nəticəsini çıxara bilərik. Doğrudur, P.Poroşenko bu gedişlə müəyyən xal qazana bilər. Əhali Qərbin onu dəstəklədiyinin şahidi olur. Ukraynanın ciddi təhlükə qarşısında olduğu bir zamanda prezidenti dəyişmək ağıllı seçim olmazdı. Lakin real vəziyyətin məhz belə olub-olmadığı da seçiciyə tam aydın deyil.

Burada yuxarıda vurğulanan qlobal geosiyasi konteksti də nəzərə almaq gərəkdir. Yəni pərdə arxasında ABŞ-ın geosiyasi maraqları varsa, kim haqlıdır: Poroşenko, yoxsa Putin? Və bundan kimlər qazanacaq: Ukrayna xalqı, yoxsa Rusiya xalqı? Bütün bunlar qeyri-müəyyən mənzərə yaradır. Belə qənaət əldə edilir ki, Kerç hadisəsi geosiyasi vəziyyəti daha da mürəkkəbləşdirir və bundan sonra kimin necə davranacağı bəlli deyil. O cümlədən, P.Poroşenkonun dediyi kimi, Rusiya yerüstü əməliyyatla Ukraynanın bir neçə rayonunu da işğal edə bilər.

Beləliklə, Rusiya ilə Ukrayna arasında yaranan yeni münaqişə qlobal geosiyasi vəziyyətə neqativ təsir göstərə, bununla da keçmiş postsovet məkanında yeni ixtilafların başlanğıcı ola bilər. Bu alovdan kimin salamat çıxacağını isə demək çox çətindir.

Newtimes.az

 





06.12.2018    çap et  çap et