525.Az

Bələdiyyələrin məktəb təşkil etmək gücü varmı?


 

TAHİR RZAYEV: "ÜMUMİ TƏHSİL HAQQINDA" YENİ QANUN LAYİHƏSİNDƏ BƏLƏDİYYƏLƏRİN ÜMUMTƏHSİL MÜƏSSİSƏLƏRİ TƏŞKİL ETMƏK HÜQUQUNUN ƏKSİNİ TAPMASI ƏLAMƏTDAR HADİSƏDİR"

Bələdiyyələrin məktəb təşkil etmək gücü varmı?<b style="color:red"></b>

"Ümumi təhsil haqqında" yeni qanun layihəsində bələdiyyələrə də artıq orta ümumtəhsil məktəbləri yaratmaq və təşkil etmək səlahiyyətləri verilir.

Adıçəkilən qanun layihəsi parlamentin plenar iclaslarının 3 oxunuşunun müzakirələrindən keçəndən və ölkə prezidenti tərəfindən imzalanandan sonra bu məsələnin reallığa çevrilməsi mümkün olacaq.

Xatırladaq ki, artıq qanun layihəsi geniş etirazlar doğurmadan parlamentin plenar iclasına  tövsiyə olunub və onun ən azı payız (qış) sessiyasının sonuna kimi  və 2019-cu il yaz sessiyasının ilk iclaslarında qəbulu gözlənilir. Onu da qeyd edək ki, indiyə kimi konkret olaraq, Azərbaycan bələdiyyələrinə belə bir hüquq - ümumi təhsil müəssisələri yaratmaq hüququ verilməmişdi və  ancaq adıçəkilən qanun qəbul olunub, imzalanacağı təqdirdə, bələdiyyələr ölkəmizdə ilk dəfə belə bir hüquqdan  yararlanmaq imkanına malik olacaqlar.

Bəs görəsən, Azərbaycan bələdiyyələri həmin hüquqdan irəli gələn məsələləri həll edə, bələdiyyə məktəblərini gerçəkləşdirə biləcəklərmi?

Əvvəllər bir müddət yerli özünüidarəetmə orqanında fəaliyyət göstərmiş parlamentin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev "525"ə açıqlamasında, öncə adıçəkilən qanun layihəsinin hazırlanmasını və müzakirələrə çıxarılmasını çox təqdirəlayiq  bir məsələ hesab etdiyini bildirib.

Qeyd edib ki, belə bir qanuna ehtiyac var və o, Azərbaycan təhsilində olan problemlərin həllində öz müsbət rolunu oynaya bilər.

Millət vəkili həmçinin deyib ki, sözügedən qanun layihəsində dövlət və özəl ümumi təhsil müəssisələri ilə yanaşı, bələdiyyə ümumu təhsil müəssisələrinin təşkili hüququnun da  əksini tapması ikiqat əlamətdar və sevindirici bir məsələdir: "Bu, çoxdan gözlənilən bir məsələ idi və son illər yavaş  da olsa, inkişaf yolu ilə addımlayan Azərbaycan bələdiyyələrinə növbəti etimadın əyani göstəricisidir".

Deputatın sözlərinə görə, bu məsələ reallaşacağı, yəni məlum qanun layihəsi qəbul edilərək, icraya yönəldiləcəyi təqdirdə, bələdiyyələrin həyatında yeni mərhələ təşkil edəcək.

Dünyanın yerli özünüidarəetmə sisteminə, bələdiyyə təsisatına malik olan əksər ölkələrində, o cümlədən, qardaş və dost Türkiyədə  uzun illərdir bu təcrübənin olduğunu, orada bələdiyyələrə məktəblər təşkil etmək hüququnun verildiyini xatırladan millət vəkili qeyd edib ki, artıq Azərbaycanda da bu məsələnin reallaşdırımlası yönündə addımların atılmasına start verilməsi çox mühüm hadisədir:

"Mən uzun illərdir ki, bu sahə ilə yaxından tanışam və  həm də 18 illik deputatlıq fəaliyyətim dövründə Regional məsələlər komitəsinin üzvü kimi hər zaman çıxışlarımda, mətbuata açıqlamalarımda  bələdiyyələrlə, onların inkişafı və problemləri ilə bağlı məsələləri önə çəkməyə çalışmışam. Yəqin ki, şahidsiniz, hər zaman da şəxsən  arzum və istəyim bu olub ki, ölkədə bələdiyyələrin fəaliyyəti genişlənsin, güclənsin, onların səlahiyyətləri artırılsın, onlara cəmiyyətdə böyük inam, etimad olsun. Bəzi məqamlara  baxmayaraq, bələdiyyələrin səlahiyyətləri də daim mərhələ-mərhələ genişləndirilir və bu proses günümüzdə də davam etdirilir. Həmçinin,  bələdiyyələrin səlahiyyətlərinin artırılması istiqamətində zaman-zaman addımlar atılır. Çünki onların səlahiyyətləri olmalıdır ki, özlərini təsdiqləyə, ayaqüstə dura bilsinlər. Biz bəzən bələdiyyələri həddindən artıq tənqid, ittiham edirik, haqsız da deyilik, çünki hələ də öz işini günün, dövrün tələblərinə uyğun qurmayan bələdiyyələrimiz var.

Eyni zamanda, beyinlərdən hələ də uzun illər mövcud olan "bələdiyyələr ancaq torpaq satmaq üçündür..." kimi düşüncələr silinməyib. Amma bununla belə, bələdiyyələrin üzərinə tam yüklənmək, onların hamısını eyni gözdə görmək də ədalətli olmaz. Öz işini düzgün quran, əhali arasında hörmət qazanan bələdiyyələrimiz də az deyil və onların da fəaliyyəti təqdir edilməli, deyilməlidir. Amma bizdə bələdiyyə təsisatı, sistemi hələ ki, inkişaf mərhələsindədir, onun maliyyə təminatı bizim arzu etdiyimiz səviyyədə deyil.

Bu baxımdan, bu gün bələdiyyələrin özlərinin güclü maliyyə təminatı olmalıdır. Çünki bu təminat olmadan, bələdiyyələrin tam inkişafından, oturuşmasından, onların qarşılarına qoyulan tələblərin həyata keçirilməsindən danışmaq olmaz. Bələdiyyələrin güclü maliyyə təminatı olmalıdır ki, onların özlərinin məktəbləri, uşaq bağçaları, idman məktəbləri, idman klubları, idman meydançaları da olsun. Bələdiyyələr özləri həmçinin, idmançılar yetişdirməlidir. Yəni bələdiyyə məktəblərinin təşkili, yaradılması da göründüyü kimi, asan məsələ deyil. Bunun üçün dediyim kimi, güclü maliyyə təminatı olmalıdır. Ancaq hesab edirəm və inanıram ki, belə bir təminat mütləq olacaq, Azərbaycan bələdiyyələri dünyanın qabaqcıl ölkələrinin bələdiyyələri ilə rəqabətə davam gətirə biləcək bələdiyyələr olacaq. O cümlədən, yaxın illərdə bələdiyyələrimiz ümumtəhsil məktəblərini də təşkil edərək, daha bir uğura imza atacaqlar. Bütün hallarda Azərbaycan dövlət, özəl ümumtəhsil müəssisələri ilə yanaşı, bələdiyyə məktəbləri də olmalıdır, buna ehtiyac var və bu baxımdan, artıq bu məsələnin təhsil qanunvericiliyində əksini tapması hər kəs tərəfindən alqışlanmalıdır".

Kamil HƏMZƏOĞLU

 





06.12.2018    çap et  çap et