525.Az

Paşinyanın KTMT dərdi: İrəvan və Moskva bir-birini necə təkzib etdi


 

Paşinyanın KTMT dərdi: <b style="color:red">İrəvan və Moskva bir-birini necə təkzib etdi </b>

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) Ermənistanın baş katib postunu itirməsi parlament seçkiləri öncəsi Nikol Paşinyanın nüfuzuna zərbə vurmaqdadır.
 
KTMT baş nazir postunu nəyin bahasına olursa olsun saxlamaq Ermənistan üçün çox vacib idi. Birincisi, ona görə ki, bu platformada Azərbaycan təmsil olunmur və İrəvan bu məqamdan istifadə edərək Azərbaycan əleyhinə hansısa bəyanatlar səsləndirə bilirdi. Baxmayaraq ki, quruma üzvü olan Belarus, Qazaxıstan hər zaman açıq şəkildə bu platformada Azərbaycana dəstək ifadə edib. İkincisi, bu, Ermənistan üçün bir nüfuz məsələsi idi. Amma Paşinyan hakimiyyətə gəldikdən sonra baş katib Yuri Xaçaturova qarşı cinayət işinə başlanıldı və o, KTMT-dən vaxtından əvvəl geri çağırıldı. Xaçaturyan 2008-ci il 1 mart hadisələrinə, ölkənin konstitusiya quruluşunun dəyişdirilməsinə cəhddə ittiham olunur.

Hazırda Paşinyanın ünvanına ən çox tənqidlər də məhz bu məsələ ilə bağlıdır. Bir neçə gün əvvəl Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, Respublika Partiyasının deputatlığa namizədi David Şahnazaryan bəyan etdi ki, KTMT-nin sabiq baş katibi Yuri Xaçaturova qarşı elan edilmiş ittihamlar növbəti bir siyasi addımdır: "Hakimiyyətin bu vəzifənin Ermənistanda qalacağına dair bütün vədləri yalan idi. Çünki bu məsələnin müzakirəsinin təxirə salınmasına dair sonuncu bəyanat onu göstərir ki, Xaçaturovu bu vəzifədə Belarus nümayəndəsinin, yaxud hazırkı fəaliyyətdə olan baş katibi və ya  digər şəxsin əvəz edəcəyinə dair razılaşma yoxdur".

Ermənistanın Respublika Partiyasının təmsilçisi, buraxılmış parlamentin vitse-spikeri  Eduard Şarmazanov isə bildirib ki, Nikol Paşinyan və onun rəhbərlik etdiyi rejim serialın növbəti bölümünü göstərməkdədir: "Nəhayət aydın oldu ki, Paşinyanın yararsız siyasəti nəticəsində Ermənistan bu il faktiki olaraq KTMT baş katibi vəzifəsini itirib. Bu, bizim ölkəmizin təhlükəsizliyinə və nüfuzuna böyük zərbədir".

Şarmazanov deyib ki, bu postun itirilməsi sadəcə utancvericidir: "Bu ayıbın ört-basdır edilməsi üçün Paşinyan və onun rejimi "asfalt yaymaq", "həbslər və təxribatlar" serialının növbəti bölümünü göstərməklə məşğuldurlar".

Burda maraqlı məqam həm də İrəvan və Moskvanın KTMT məsələsində bir-birini rəsmi səviyyədə təkzib etmələridir. Belə ki, bir neçə gün əvvəl Paşinyan jurnalistlərə bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı dekabrın 6-da Sankt-Peterburqda keçiriləcək KTMT sammitini təxirə salmağı təklif edib: "Son telefon danışığı zamanı Rusiya prezidenti belə bir vəziyyət yarandığından dekabrın 6-da KTMT sammitini keçirməməyi təklif etdi. Bildirdi ki,  işçi qaydasında məsələni müzakirə edib, hazır qərarla sammitə gedək. Mən bu bununla razılaşdım, çünki məsələnin işçi prosedurlar əsasında həll edilməsini daha düzgün hesab edirəm. Əgər indi razılıq əldə etməmişiksə, Astananı təkrarlamaq məntiqli deyil və bu, konstruktiv də deyil. Razılaşma belə oldu: biz konsensusa gələnə kimi işçi müzakirələri davam etdirəcəyik".

Ardınca Putinin köməkçisi Yuri Uşakov açıqlama verərək bildirir ki, Sankt-Peterburq sammiti Paşinyanın xahişi ilə təxirə salınıb: "Sankt-Peterburqda KTMT sammiti qarşıdan gələn seçkilər nəzərə alınaraq Ermənistan tərəfinin xahişi ilə ləğv olunub".

Amma bununla da təkziblər silsiləsinə son qoyulmadı.  Əvvəlcə Paşinyanın mətbuat katibi Arman Eqoyan , sonra özü Moskvanı təkzib edən açıqlamalarla çıxış etdilər. 

Arman Eqoyan bildirib ki, Nikol Paşinyan KTMT dövlət başçılarının sammitini təxirə salmağı təklif etməyib: "Hər şey baş nazir vəzifəsini icra edən şəxsin daha əvvəl jurnalistlərə verdiyi açıqlamada olduğu kimidir".

Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan isə deyib ki, KTMT baş katibinin təyin edilməsi məsələsi konsensusla həll olunacaq. Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun Ermənistanda keçiriləcək seçkilərlə bağlı KTMT sammitini təxirə salmağı təklif etməsinə dair bəyanatına münasibət bildirən Paşinyan bildirib: "Ermənistan hər hansı təklif və ya xahişlə heç kimə müraciət etməyib. Biz öz namizədimiz olduğunu söylədik və namizədimiz ətrafında danışıqlar aparmağa davam edirik".

Onun sözlərinə görə,  yeni KTMT baş katibinin təyin edilməsindən təşkilatın səmərəliliyinin artırılması və üzv ölkələrin qarşılıqlı öhdəliklərinin yerinə yetirilməsi kimi daha vacib məsələlər var.

Paşinyan bir qədər də irəli gedərək Sankt-Peterburqda Avrasiya İqtisadi İttifaqı ölkələri liderlərinin görüşündə Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan səfiri ilə görüşdə KTMT-yə dair verdiyi bəyanatlarla bağlı görüşmək niyyətini açıqlayıb.

O, Lukaşenkodan "izahat" tələb edəcəyini də deyib: "Əlbəttə, biz danışmalıyıq, bu məsələni uzada bilmərik".

Xatırladaq ki, daha əvvəl Ermənistan XİN Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycanın səfiri Lətif Qəndilovla görüşündə səsləndirdiyi bəyanatları "qeyri-düzgün" adlandırmışdı.

Lukaşenko Azərbaycan səfiri ilə görüşdə demişdi: "Nikol Paşinyan yalnız hökumətdəki vəziyyətlə məşğul olmalıdır. Ermənistan Aİİ və KTMT-yə rəhbərlik edir, bu, keçid dövründə olan ölkə üçün çox böyük bir yükdür. Ermənistan öhdəsindən gələcəkmi?"

Belarus XİN-in də cavabı da özünü  çox gözlətmədi.  XİN-in rəsmisi  Anatoli Qlazın bununla bağlı açıqlamasında deyilirdi: "Görünür, o (Nikol Paşinyan), özünü cəzalandırmaq və ya əfv etmək səlahiyyəti olan beynəlxalq prokuror kimi təsəvvür edir. Yəqin, cənab Paşinyan hələ "küçə demokratiyası" qaydalarının böyük siyasətdə qəbuledilməz olduğunu başa düşməyib. Təəssüf edirik. Ümid edirik ki, zamanla bu, qaydaya düşəcək".

Ermənistanda növbədənkənar seçkilərə bir neçə gün qalıb, əgər Paşinyan bu seçkiləri qazansa, o zaman may ayından bəri oynadığı oyunları da bitirməli olacaq. Başqa sözlə, "küçə siyasətin"dən kənara çıxıb daha konkret addımlar atmalıdır. Bu, həm ölkə daxili, həm də xarici siyasət məsələlərinə aiddir.

PƏRVANƏ

 





06.12.2018    çap et  çap et