525.Az

Kremlin regional müstəvidə atdığı son addımlar nəyə hesablanıb?


 

"RUSİYA PAŞİNYANA PARLAMENT SEÇKİSİNİ RAHAT KEÇİRMƏYƏ ŞƏRAİT YARADIB"

Kremlin regional müstəvidə atdığı son addımlar nəyə hesablanıb?<b style="color:red"></b>

"Rusiya Azərbaycanın hərbi dəniz qüvvələri üçün nəzərdə tutulan "Bal-E" raket kompleksini satmaqdan imtina edib. Bu raket kompleksi müasirdir, 2008-ci ildə yaradılıb, 2014-cü ildə modifikasiya olunub və xarici ölkələrə satış üçün beynəlxalq hərbi sərgilərə çıxarılıb. Görünür, elə həmin sərgilərin birində Azərbaycan Müdafiə Nazirliyinin diqqətini cəlb edib".

Bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Rusiya mənbələrinin iddiasına görə tərəflər arasında danışıqlar başlayıb və müqavilə imzalanmağa yaxın olub: "Ancaq son anda Rusiya Müdafiə Nazirliyinin təlimatı əsasında satışdan imtina edilib. Səbəb də bu göstərilib ki, "Bal-E" raket kompleksi Rusiyanın Xəzərdəki hərbi donanmasına təhlükə yarada bilər. Yəni demək istəyiblər ki, öz əlimizdə qonşumuza silah verib niyə özümüzə təhlükə yaradaq ki? Halbuki raketi satmaq istədiyi qonşusuyla münasibətləri yaxşıdır, münasibətlərdə heç bir problem yoxdur. Bu səbəb gözə kül üfürmək üçündür. Çünki əgər raket kompleksini başqalarına satmaq fikrin yoxdursa, onu niyə sərgiyə çıxarırsan? Sərgi elə malını satmaq üçün nəzərdə tutulmuş məkandır. Demək, səbəb başqadır".

E.Şahinoğlu qeyd edib ki, Azərbaycana adıçəkilən raket kompleksinin satılmamasının əsl səbəbini Rusiyanın "Kommersant" qəzetinə Rusiya Müdafiə Nazirliyinin anonim mənbə çatdırıb: "Həmin raketlərdən yalnız hərbi donanmalarda deyil, quru qoşun hissələrində də istifadə etmək mümkündür. Biz isə istəmirik ki, Azərbaycan bizim müasir raketlərimizdən Dağlıq Qarabağda Ermənistanın qüvvələrinə qarşı istifadə etsin". Bax əsl səbəb elə budur".

Ermənistanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) digər üzvləri arasındakı ziddiyyətlərə toxunan politoloq xatırladıb ki, Astanadakı son zirvə toplantısında Qazaxıstan prezidenti Nursultan Nazarbayev qalan 1 ildə baş katibin Ermənistandan olmasına etiraz etmişdi: "Nazarbayevin bu etirazını Belarus prezidenti Aleksandr Lukaşenko dəstəkləmişdi. Ermənistanın baş naziri Nikol Paşinyan Astanadakı toplantıdan İrəvana başıaşağı qayıtmışdı. Çünki KTMT-nin Sankt-Peterburqda dekabrın 6-da keçirilməsi planlaşdırılan növbəti toplantısında baş katibliyin Belarusa keçəcəyi faktiki razılaşdırılmışdı. Bircə Rusiya prezidenti Vladimir Putin Qazaxıstanla Belarusun Ermənistanla qovğasına qarışmır, "müdrikcəsinə" susurdu".

Rusiya prezidenti V.Putinin bu məsələdə Paşinyanı rahatlaşdırdığını deyən mərkəz sədri bildirib ki, Paşinyan Putinlə telefonla danışıb və xahiş edib ki, baş katibin məsələsi təxirə salınsın: "Bu, Paşinyana ona görə lazımdır ki, rahat parlament seçkisini keçirsin. Çünki baş katib məsələsi Ermənistanda parlament seçkilərinə qədər həll olunsa, Paşinyanın mövqelərinə zərbə olacaq və müxalifət baş katibin dəyişməsini Paşiyanın əleyhinə istifadə edəcəkdi. Putin Paşinyanla razılaşıb və baş katib məsələsi təxirə salınıb. Başqa sözlə, Putin Paşinyana parlament seçkisini rahat keçirməyə şərait yaradıb".

E.Şahinoğlu qeyd edib ki, nəticədə KTMT-də baş katib məsələsi 2019-cu ilə qalıb.

Rusiya prezidentinin türkiyəli dostu və həmkarı Rəcəb Təyyub Ərdoğanı isə tələsdirdiyini deyən politoloq bildirib ki, Putin Suriya prezidenti Bəşər Əsədlə birgə sentyabr ayında İdlibə hücum hazırlayırdı: "Məntiqləri belə idi ki, İdlib terrorçuların son qalasıdır, oranı azad etmək lazımdır. Ancaq bu hücum Türkiyənin maraqlarına cavab vermirdi. Çünki hücum nəticəsində Türkiyə həm yeni qaçqın axını ilə üzləşəcək, həm də dəstək verdiyi Suriya silahlı müxalifətinin neytrallaşdırılmasının şahidi olacaqdı. Ona görə Ərdoğan Putindən oktyabrın 15-ə qədər zaman istədi. Ərdoğan həmin tarixə qədər İdlibdəki terrorçuları şəhəri tərk edəcəyinə inandıracağını vəd edirdi. Bu vədin üstündən ay yarım keçib. Terrorçular hələ ki, İdlibi tərk etməyiblər. Terrorçular ona görə şəhəri tərk etmirlər ki, artıq gedəsi yerləri yoxdur, hara getsələr, məhv ediləcəklər. Ona görə də elə İdlibdə qalıb döyüşməyə üstünlük verirlər. Həmin terrorçular Türkiyəni də eşitmirlər. Ərdoğan öz komandası ilə əlindən gələni edir, ancaq vaxt da gedir və artıq Putinin səbri tükənməyə başlayır. Doğrudur, Putin Türkiyə ilə yenidən münasibətləri gərginləşdirmək istəmir, ortada böyük layihələr var. Ancaq terrorçular İdlibdə qaldıqca və Ərdoğan vədini yerinə yetirməkdə çətinlik çəkdikcə, bu, Putinin də nüfuzuna, xarizmasına mənfi təsir edəcək. Çünki belə çıxır ki, Putin Ərdoğana güzəştə gedir, ancaq ortada İdliblə bağlı nəticə yoxdur. Təsadüfi deyil ki, G-20-lərin Argentinada toplantısı çərçivəsində Ərdoğanla görüşən Putinin əsas mövzusu İdlib idi".

E.Şahinoğlu hesab edir ki, Türkiyə prezidenti R.T.Ərdoğanın hələ bir az zamanı var: "Ancaq Türkiyənin İdlib məsələsini necə həll edəcəyi aydın deyil. Minlərlə terrorçunu inandırmaq asan deyil".

Ceyhun ABASOV

 





06.12.2018    çap et  çap et