525.Az

Azərbaycan Parlamenti necə yarandı


 

Azərbaycan Parlamenti necə yarandı<b style="color:red"></b>

2018-ci il dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamətdar bir hadisə  -  nümayəndəli ali qanunvericilik orqanının yaradılmasının 100 illiyi qeyd olunur.

Bu gün müasir Azərbaycan Respublikası Parlamentinin - Milli Məclisin varlığını və fəaliyyətini milli dövlətçiliyimizin labüd  bir reallığı  kimi qəbul edən  və bu məntiqində haqlı olan vətəndaşlarımızın böyük əksəriyyəti Milli Məclisin varisi olduğu Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tarixən öz yaranma mərhələlərində nə qədər mürəkkəb və ağır, çətin və keşməkeşli  və eyni zamanda, şərəfli  bir yol keçdiyini bəlkə də bilmir, yaxud bunun fərqinə varmır. Bu keçilən yola bir nəzər salaq.

Rusiya Dövlət Dumasından Ümumrusiya Müəssislər Məclisinə

Azərbaycanlıların təbəələri olduqları Rusiya imperiyasının ali nümayəndəli  qanunvericilik orqanlarında iştirakı 1905-1907-ci illər Rusiya inqilabının təsiri ilə ölkənin siyasi sistemində dəyişikliklər etmək zərurətindən yaranan Dövlət Dumasından başlanır. Çar II Nikolayın 1905-ci il 17 oktyabr  tarixli manifesti əsasında təsis edilən  I Dövlət Duması artıq 1906-cı ilin aprelin 27-də  işə başlasa da, Cənubi Qafqazın müsəlman-azərbaycanlı əhalisi arasında  seçkilər  hələ yalnız mayın 31-də keçirildiyi üçün azərbaycanlı deputatlar onun işinə  sonradan qatılmışlar. İmperiyanın, o cümlədən, Cənubi Qafqazın  müsəlman əhalisi ilk dəfə olaraq seçki prosesinə cəlb edilmiş və Bakı, Gəncə, İrəvan, Tiflis quberniyalarını əhatə edən bu seçkilərdə Dumaya beş azərbaycanlı deputat -  Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmmədtağı Əliyev və Əsədulla bəy Muradxanov -  seçilmişlər.

Rusiya Dövlət Dumasında işə başlayan azərbaycanlı deputatlar ilk gündən böyük fəallıq göstərirlər. Rusiyanın digər müsəlman xalqlarının nümayəndələri ilə əməkdaşlığa başlayır və bunun nəticəsi kimi 36 nəfərdən ibarət olması nəzərdə tutulan müsəlman parlament fraksiyasına daxil olurlar. Diqqətəlayiqdir ki, tatarların üstünlük təşkil etdikləri bu fraksiyaya o dövr artıq peşəkar hüquqşünas və  nüfuzlu ictimai xadim kimi tanınan Ə.b.Topçubaşov rəhbərlik edirdi.

Azərbaycanlı deputatlar I Dumanın işində yaxından  iştirak etmiş və müzakirə olunan məsələlərə öz münasibətlərini bildirərkən təmsil etdikləri xalqın hüquqlarının müdafiəsini əsas tutmuşlar. Belə çıxışlar arasında İsmayıl xan Ziyadxanovun 1905-1906-cı illər Cənubi Qafqazı bürümüş erməni-müsəlman silahlı qarşıdurması zəminində millətlərarası toqquşmalarla əlaqədar verilmiş sorğu ilə bağlı söylədiyi nitq çarizmin Azərbaycandakı müstəmləkəçilik siyasətinin kəskin tənqidi ilə seçilməklə  o zaman üçün son dərəcə böyük cəsarət tələb edən addım sayılırdı:

"Artıq elə bir vaxt gəlib çatmışdır ki, biz də oyanmışıq və bizim susmağa ixtiyarımız yoxdur. Rusiya yüz il bundan əvvəl Cənubi Qafqazı zəbt etmişdir. Yüz il ərzində biz, bir növ, hərbi əsir hesab olunurduq... heç bir hüququmuz yox idi. Milli varlığımıza təcavüz edilmişdir... Dövlət idarələrində türk məmurlarına rast gəlmək mümkün deyil... Torpaq azlığından əziyyət çəkirik, lakin buraya Rusiyadan axın-axın kəndlilər köçürülür... Artıq səbrimiz tükənmişdir... "

Qeyd edilməlidir ki,  1-ci Dövlət Dumasının ömrü çox qısa olmuş, demokratiya qanunlarına alışmamış Çar hakimiyyəti Dumadaxili münasibətlər və ondan kənarda   ziddiyyətlərin kəskinləşməsindən narahat olaraq, 1906-cı il 9 iyul manifesti ilə Dumanın buraxıldığını elan etmişdir. Burada bəzi azərbaycanlı deputatların cəmi bir sessiya fəaliyyət göstərmiş Dövlət Dumasının işində nə qədər cəsarətli və prinsipial mövqe tutduqlarını nümayiş etdirən bir məqama diqqət yetirmək maraqlı olardı. 1-ci Dumanın buraxılması ilə razılaşmayan bir qrup nümayəndələr (kadetlər, trudoviklər və sosial-demokratlar) öz iclaslarını Peterburq yaxınlığında - Vıborqda keçirməyi qərara alır. 9-10 iyul tarixlərində 200 deputatın iştirakı ilə keçirilən bu iclaslarda hökumətə passiv müqaviməti nəzərdə tutan Vıborq Müraciətnaməsi qəbul olunur. Həmin Müraciətnaməni  imzalayanlar arasında Əlimərdan bəy Topçubaşov və İsmayıl xan Ziyadxanov da var idi. Çar hökuməti bu sənədi imzalayanları ən ciddi şəkildə cəzalandırır, onlar, o cümlədən, Ə.b.Topçubaşov və İ.x.Ziyadxanov, üç aylıq həbsə məhkum edilməklə növbəti Dövlət Dumalarına seçkilərdə iştirak etmək hüququndan məhrum edilirlər. Azərbaycanın və Rusiyanın bu  dövlət və ictimai xadimlərinin, xüsusilə artıq o dövr Rusiya müsəlmanlarının ən nüfuzlu lideri sayılan Əli Mərdan bəyin Dumanın sonrakı heyətlərində iştirak etmədiyinin səbəbi bu qadağa ilə bağlıdır.

Bununla belə, 1907-ci il 20 fevral - 2 iyun tarixdə çağırılmış 2-ci Dövlət Dumasında azərbaycanlı deputatların artıq yeni dəstəsi qanunvericilik fəaliyyətinə başlayır. Bu Dumaya seçkilərdə iştirak edənlərin dairəsi seçki qanununa "Senat izahı" adlı sənədlə məhdudlaşdırılsa da, bu dəfə artıq 6 azərbaycanlı  deputat mandatı almağa müvəffəq olur: Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Məhəmməd ağa Şahtaxtlı, Mustafa Mahmudov, Zeynal Zeynalov və İsmayıl Tağıyev. Sonuncu şəxs Dumanın işində iştirak etməsə də, Müsəlman fraksiyasına daxil olan azərbaycanlı deputatlar, xüsusilə  F.x.Xoyski və X.b.Xasməmmədov  dəfələrlə müzakirələrdə yalnız öz adlarından deyil,  fraksiya adından da  çıxışlar edirdilər.  Bu Dumaya seçkilərin nəticələrindən narazı qalan və onun qovulması üçün bəhanə axtaran çar hökuməti cəmi 103 günlük  fəaliyyətdən sonra 2-ci  Dumanın da işinə son qoyur.

1 və 2-ci Dumaların mahiyyət etibarilə hökumətə müxalif mövqedə durması  Çar hökumətini bu qanunvericilik orqanına seçki prosesini daha ciddi tənzimləmək  qənaətinə  gətirir. 3-cü Dövlət Dumasına seçkilər  artıq  1907-ci il 3 iyun tarixdə qəbul edilmiş və vəziyyəti mülkədar və burjua nümayəndələri xeyrinə dəyişmiş yeni seçki qanunu əsasında aparılır. Bunun  nəticəsində  milli ucqarlardan olan nümayəndəliklərə verilən yerlərin sayı  xeyli azaldılır. 1907-ci il noyabrın 1-də çağırılan 3-cü Dumanın cəmi 8 nəfərdən ibarət olan Müsəlman Fraksiyasında Cənubi Qafqazın müsəlman əhalisini yalnız bir deputat, azərbaycanlı Xəlil bəy Xasməmmədov təmsil edirdi. Əvvəlki Dumalardan fərqli olaraq bu Dumaya nəzarəti ələ almış Çar hakimiyyəti onun səlahiyyət müddətinə müdaxilə etməmiş və bu Duma  1912-ci ilə qədər beş çağırış sessiyasını tam işləmişdir. Artıq ikinci dəfə Dumaya deputat seçilən X. b. Xasməmmədov müsəlman fraksiyasının ən fəal üzvü  olmuş, müsəlmanların hüquq və azadlıqları, ana dilində təhsil almaları və digər məsələlərə dair  çıxışlar etmiş, 1905-1907-ci illər Cənubi Qafqazda milli zəmində baş verən münaqişələrin müzakirələri zamanı onların bir səbəbi kimi  çarizmin köçürmə siyasətini xüsusi vurğulamışdır.

1912-ci il 15 noyabr tarixdə fəaliyyətə başlayan 4-cü Dövlət Dumasına seçkilər də milli ucqarlardan nümayəndəliklərinin sayının məhdudlaşdırılması prinsipi üzrə  aparılır və bu səbəbdən Dumanın artıq 7 nəfərdən  ibarət olan müsəlman  fraksiyasında Cənubi Qafqazın müsəlman əhalisini yenə də yalnız bir deputat - bu dəfə Məmməd Yusif Cəfərov təmsil edir. Əvvəlki Dumalarla müqayisədə nüfuzu xeyli aşağı düşmüş bu qanunvericilik orqanının hakimiyyətə münasibətdə  tutduğu bir qədər  gözləmə mövqeyi I dünya müharibəsi başlayandan sonra tədricən əks xarakter alır. İmperator II Nikolaya qarşı müxalifət mərkəzlərindən birinə çevrilən  Dövlət Duması Rusiya imperiyasının əsaslarını dağıdan 1917-ci il fevral inqilabında mühüm rol oynayır və İmperatorun Dumanın fəaliyyətinin aprel ayına qədər dayandırılması haqqında 25 fevral tarixli əmrinə tabe olmur. Artıq inqilabın ilk günü - fevralın 27-də Dövlət Dumasının Müvəqqəti Komitəsi yaradılır və faktiki olaraq ölkədə ali hakimiyyət funksiyasını yerinə yetirən bu orqan  Rusiyanın Müvəqqəti Hökumətini təşkil edir. Monarxiya devrildikdən sonra Duma bir daha tam tərkibdə toplaşa bilməsə də, onun Müvəqqəti Komitəsi müntəzəm olaraq öz iclaslarını keçirir. Müvəqqəti hökumət  "Müəssislər Məclisinə seçkilərin başlanması ilə əlaqədar olaraq   1917-ci il oktyabrın 6-da Dövlət Dumasının buraxılması haqqında qərar qəbul edir. Lakin bu məsələyə son nöqtəni 1917-ci il 25 Oktyabr (yeni təqvimlə 7 noyabr) bolşevik çevrilişi qoyur. RSFSR Xalq Komissarları Sovetinin 1917-ci il 18 (31) dekabr tarixli dekreti ilə Dövlət Duması və Müvəqqəti Komitənin dəftərxanası ləğv olunur.

Cəmi 11 illik tarixi olan Rusiya Dövlət Dumaları Azərbaycanda parlamentarizmin inkişafında əhəmiyyətli rol oynamışdır. İmperiyanın müsəlman əhalisinin  ölkənin bu ali  nümayəndəli hakimiyyət  orqanında az sayda təmsil edildiklərinə  baxmayaraq,  müsəlman, o cümlədən, azərbaycanlı deputatlar üçün bu təmsilçilik yalnız dövlət idarəçiliyi sistemi ilə içəridən tanışlıq,  qanunvericilik prosesində bilavasitə iştirak və Dumanın fəaliyyətini istiqamətləndirən müxtəlif təmayüllü partiya fraksiyaları ilə ünsiyyət nəticəsində sırf siyasi, parlamentçilik  təcrübəsi əldə edilməsi ilə məhdudlaşmır. Etnik, dini və mədəni baxımdan rəngarəng Rusiya imperiyasının özünəməxsus  "xalqlar nümayəndəliyi" funksiyasını yerinə yetirən bu ali hakimiyyət orqanında dini eyniyyətinə görə "müsəlman" adlanan fraksiyada birləşən, Dumanın digər üzvləri tərəfindən isə daha çox "milli qrup" kimi qəbul edilən müsəlman deputatların birgə fəaliyyət təcrübəsi artıq həmin dövrdə Rusiya müsəlmanlarının, (azərbaycanlı deputatların ən fəal iştirakı ilə)  ümummilli siyasi mərkəzlərinin yaradılması cəhdlərinə gətirib çıxarır. 

Azərbaycanlı deputatların Rusiya Dövlət Dumalarındakı fəaliyyəti ayrıca bir mövzudur. Burada isə belə bir məqamı qeyd edək ki,  Dumaların üzvü olmuş 11 azərbaycanlı deputatdan 5 nəfəri - Ə.b.Topçubaşov, F.x.Xoyski, İ.x.Ziyadxanov, X.b.Xasməmmədov və M.Y.Cəfərov professional hüquqşünas idilər və bu sahədə öz vətənlərində  geniş fəaliyyət göstərirdilər. Məhəmməd ağa Şahtaxtlı Sarbonna Universitetinin dinləyicisi olmuş, Leypsiq universitetini bitirmişdi. Digər deputatlar da Rusiyanın və Avropanın  müxtəlif ali məktəblərini bitirmiş və öz xalqlarının ictimai-mədəni həyatında xidmətləri ilə tanınmış ziyalılar idi.

Burada Azərbaycan parlamentinin yaradılmasında və onun fəaliyyətində mühüm rol oynayacaq daha bir siyasi xadimin  - Məhəmməd Əmin Rəsulzadənin öz gələcək həmkarlarından fərqli bir şəraitdə parlamentçilik təcrübəsinə yiyələnməsi tarixinə də qısa nəzər salmaq məqsədəuyğun olardı. 1908-1909-cu illərdə, İranda Məşrutə  (konstitusiya) hərəkatının artıq ilk dövrünün arxada qaldığı, şah hökumətinin yeni yaranmış İran Məclisini topa tutduqdan sonra hərəkatın mərkəzinin Təbrizə keçdiyi bir zamanda   24 yaşlı Rəsulzadə Bakıdakı "Tərəqqi" qəzetinin müxbiri kimi İrana ezam olunur.  Cənubi Azərbaycanın şəhər və kəndlərini addım-addım gəzən, öz doğma xalqının acınacaqlı vəziyyətini yaxından müşahidə edən, Təbriz Əncüməninin (yerli idarə orqanı) üzvləri, ziyalılar və azadlıq mücahidləri ilə görüşən, Səttarxanla müsahibə aparan M.Ə.Rəsulzadə  özünün məşhur "İran məktubları"nı yazır və "Tərəqqi" qəzetində dərc olunan  bu silsilə yazıları ilə Təbriz üsyanının salnaməsini yaradır. Həmin səfəri zamanı Məhəmməd Əmin hələ Bakıdan tanış olduğu Cənubi Azərbaycanın və İranın  tanınmış ictimai-siyasi xadimi, İran məclisində Təbrizdən nümayəndə heyətinin başçısı Seyid Həsən Tağızadə ilə yenidən görüşür.  Geniş bilik dairəsi, müasir siyasi düşüncə tərzi, güclü qələmi və əməli qabiliyyəti ilə S.H.Tağızadənin  diqqətini cəlb edən gənc Rəsulzadə onun əməkdaşlıq təklifini qəbul edir.  1909-cu ildə Tağızadə ilə birlikdə Tehrana gələn Məhəmməd Əmin İran təbəəsi olmadığı halda Tağızadənin  yaratdığı və bu ölkədə partiya sisteminin əsasını qoyan İran Demokrat Partiyasının təşkilatçılarından biri kimi onun Mərkəzi Komitəsi heyətinə daxil olur və partiyanın mərkəzi mətbuat orqanı,  fars dilində buraxılan  "İran-e nou" (Yeni İran)  qəzetinin ideya rəhbəri və  baş redaktoru təyin edilir. "İrane-nou" qəzeti İDP və İran Məclisində Tağızadənin rəhbərlik etdiyi Demokrat fraksiyasının ölkənin siyasi sisteminin modernləşməsi istiqamətində fəaliyyətini işıqlandırmaqla yanaşı, İranın ictimai, siyasi, mədəni həyatına, cəmiyyətdə mövcud olan  ictimai münasibətlərə, parlament, mətbuat, siyasi təşkilat, dil və s. kimi  anlayışlara dair ən geniş səpgili yazılar dərc edirdi və bu yazıların müəllifi M.Ə.Rəsulzadə özü idi.

Şərqin despotik Şah hakimiyyəti dövründə fəaliyyət göstərən İran məclisinin  üzvü olmasa da, bu qanunverici orqanın fəaliyyətini, xüsusilə Tağızadənin başçılıq etdiyi inqilabçı, dünyəvi,  radikal Demokrat fraksiyası ilə Məclisdə əksəriyyət təşkil edən Etedaliyyun (mühafizəkar) fraksiyası arasında  ictimai, iqtisadi, siyasi, mədəni  islahatlar və onların  aparılması üsulları məsələlərində  ciddi   ixtilafları yaxından izləyən və redaktoru olduğu qəzetdə  geniş işıqlandıran M.Ə.Rəsulzadə eyni zamanda, burada parlamentarizm təcrübəsinə yiyələnir,  bəzi  hallarda  hətta Məclis  vəkillərinin işinə bu və ya digər dərəcədə təsir göstərirdi. İran mətbuatı tarixinə həsr edilmiş ədəbiyyatda "Bakılı Məhəmməd Əmin Rəsulzadənin" sər-dəbiri (baş redaktoru) olduğu" "İrane-nou" qəzeti  öz dövründə  İranın ən nüfuzlu  mətbuat orqanı kimi qiymətləndirilir,  İran Məclisi nümayəndələrinin öz nitqlərində  bu qəzetin yazılarından tez-tez istifadə etdikləri göstərilir. İranın ali siyasi dairələrində artıq ciddi və yetkin bir siyasətçi kimi qəbul olunan M.Ə.Rəsulzadənin bu ölkədəki siyasi fəaliyyəti "İrane-nou" qəzetinin antirus istiqamətindən narazı olan Rusiyanın İrandakı səfirliyinin bu nüfuzlu qəzetin bağlanması, Rusiya təbəəsi  Rəsulzadənin isə İrandan xaric edilməsi tələbinin yerinə yetirilməsi ilə başa çatır. Az sonra S.H.Tağızadə də ölkəni tərk etməli olur.

Beləliklə, 1906-1916-cı illər ərzində Azərbaycanın bir sıra ictimai xadimləri ilk dəfə Rusiyanın Dövlət  Duması və İranın Milli Məclisində parlamentarizmin  əsasları ilə yaxından tanış olurlar. Bu tanışlıq çar Rusiyası və şahlıq İranında,  diktatura və irtica mühitində yaranan və işləməli olan qanunvericilik orqanlarının nümunəsində baş versə də, azərbaycanlı xadimlər qazandıqları bu acı təcrübədən çox mühüm dərslər alırlar. Ali nümayəndəlik və qanunvericilik orqanı sayılan Parlamentin daha sərbəst və ədalətli fəaliyyət göstərməsi üçün ölkədə əsl  hakimiyyət bölgüsünün olması, bunun üçün isə demokratiyanın zəruriliyi Azərbaycan xadimlərinin  bu 10 illik parlamentçilik təcrübəsindən çıxarılan  ən başlıca nəticə olur. 

Az sonra onların əksəriyyəti Azərbaycanda öz xalqlarının taleyüklü məsələlərinin həlli məsuliyyətini öz üzərinə götürəcək və son nəticədə öz vətənlərində  ilk demokratik  parlamentin əsasını qoyacaqlar.

Lakin 1917-ci ilin fevralında onlar bu məqsədə aparan yolun  hələ başlanğıcında idilər.    

Ümumrusiya Müəssislər Məclisindən Zaqafqaziya Seyminə 

Fevral inqilabının ilk günlərində Müvəqqəti hökumət  yerlərdə hakimiyyət məsələsini həll etmək zərurəti ilə üzləşir və artıq  martın 9-da (22-də) Tiflisdə 4-cü Dövlət Dumasından olan deputatlardan ibarət Xüsusi Zaqafqaziya Komitəsi  (XZK) adlanan milli zəmində hakimiyyət orqanı yaradılır.  Qarşısına "Zaqafqaziya diyarında möhkəm qayda yaratmaq və hakimiyyət orqanını təşkil etmək" vəzifəsi qoyulmuş və cəmi 5 nəfərdən ibarət olan  bu Komitəyə sədrlik etmək bütün Rusiya Dumaların üzvü olmuş  Don kazak birləşmələrinin nümayəndəsi Vasiliy Xarlamova  həvalə olunur. Qalan 4 komitə üzvü   -   azərbaycanlı Məmməd Yusif Cəfərov (kadet, sonra müsavatçı), gürcü A.Çxenkeli (menşevik), gürcü K.Abaşidze (sosial-federalist) və  erməni M.Papacanov (daşnak) arasında isə vəzifə bölgüsü aparılır. M.Y.Cəfərova  yeni yaradılan  XZK-də sənaye və ticarət işlərinə nəzarət tapşırılır. Lakin vaxtilə "mərkəzləşdirilmiş bürokratik mexanizmin Rusiyanın özgə xalqlarının milli hissələrini" təhqir etməsinə  kəskin etirazını bildirən  sonuncu, 4-cü Dumanın yeganə azərbaycanlı deputatının fəaliyyəti ona tapşırılan sahələrə nəzarətlə bitmir. M.Y.Cəfərov Rusiya Dumalarının  "Müsəlman" fraksiyalarına daxil olan  deputat həmkarları ilə birlikdə həmin  "özgə" xalqlar"ın (inorodsı)   milli maraqlarının təmin edilməsi sahəsində  geniş fəaliyyətə başlayır.   

Hər günü qarşıya yeni, taleyüklü tələblər qoyan bu dövrdə, yəni Fevral inqilabının ilk aylarında Azərbaycan siyasi qüvvələrinin gördüyü işlər sırasında iki mühüm tədbir - 1917-ci ilin aprel  və  may aylarında keçirilən Qafqaz müsəlmanlarının Bakı və Rusiya müsəlmanlarının Moskva qurultayları -  xüsusi qeyd olunmalıdır. Belə ki, Azərbaycan milli qüvvələri  Rusiyanın bütün müsəlman xalqları ilə birlikdə Azərbaycan xalqının da qarşıdakı müqəddəratının təyin edilməsi yollarını məhz bu qurultaylarda formalaşdırmağa başlayırlar.   

Burada bir haşiyə çıxaq ki, Rusiya imperiyasında yaşayan müsəlman xalqlarının sosial-iqtisadi və mədəni tərəqqisi problemlərinin birlikdə həll edilməsi və bu məqsədlə onların siyasi cəhətdən təşkilatlanması ideyası hələ 1905-ci ilin əvvəllərində Azərbaycanda meydana gəlmiş, həmin ilin aprel ayında Peterburqda Rəşid Əfəndi İbrahimovun evində toplanan Azərbaycan və tatar  ziyalılarından  Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Alim əfəndi Maksud, Binyəmin Əfəndi Ədhəm, İsmayıl bəy Qaspralı "İttifaqi-müslimin" (Ümumrusiya müsəlmanlar ittifaqı) adlı bir təşkilatın yaradılmasına qərar vermişlər. Cəmi 4 aydan sonra, avqustun 15-də Rusiyanın Nijni-Novqorod şəhərində yarmarka vaxtı,  hökumətin rəsmi  razılıq vermədiyinə baxmayaraq, 150 nəfər nümayəndənin iştirakı ilə Rusiya müsəlmanlarının  Volqa çayı boyu üzən gəmidə yarıgizli  I qurultayı keçirilmiş və  bu təşkilatın əsası qoyulmuşdur. 1906 (2 dəfə), 1914 və 1916-cı illərdə bəzən gizli, bəzən icazəli keçirilən və  Rusiya müsəlmanlarının problemləri  geniş mənada müzakirə olunan sonrakı qurultaylarda  Azərbaycan nümayəndə heyəti ən fəal surətdə iştirak etmiş, Əli Mərdan bəy isə əvəzsiz olaraq onların sədri, yaxud sədrlərindən biri seçilmişdir.

1917-ci il 15-20 aprel tarixlərində Bakıda keçirilən Qafqaz müsəlmanlarının qurultayına da sədrliyi  Ə.b.Topçubaşov edir və Rusiya və Azərbaycan müsəlman xalqlarının ağsaqqalı sayılan bu böyük nüfuz sahibi  Qafqazın bütün xalqlarını ümumi vətənin rifahı naminə həmrəyliyə çağırır. Qafqaz müsəlmanlarının siyasi və milli-mədəni amallarını açıq ifadə etmək məqsədilə çağırılan bu ali məclisdə müzakirə edilən və geniş fikir ayrılığı  doğuran əsas məsələlərdən biri Rusiyanın gələcək quruluşu və əsarətdə olan xalqların hüquqları olur. Bu məsələ üzrə məruzəni Məmməd Əmin Rəsulzadə edir.  Rusiya kimi geniş ərazilərə malik, çoxmillətli dövlətdə hakimiyyətin mərkəzləşdirilməsi prinsipinin xalqların azad birgə yaşayışı baxımından məqbul olmadığını bildirən məruzəçi milli müqəddəratın azad surətdə təyin olunması hüququnu əsas götürərək ərazi muxtariyyəti ideyasını  irəli sürür. Qurultayda islamçı və sosialist yönümlü qüvvələrin nümayəndələri bu ideyaya qarşı çıxırlar. İslamçılar ərazi muxtariyyəti tərəfdarlarını Rusiyanın müsəlman xalqlarının birliyini pozmaqda, sosialistlər, o cümlədən, bolşeviklər  isə  inqilabi hərəkatı parçalamaqda günahlandırırlar. Uzun və qızğın müzakirələrdən sonra qurultay səsvermə yolu ilə M.Ə.Rəsulzadənin məruzəsi üzrə, aşağıdakı fikir səslənən bir Qətnamə qəbul edir: "Federativ əsaslarla demokratik respublika qurulması Rusiya dövlət quruluşunun müsəlman xalqlarının mənafeyini təmin edən ən yaxşı forma kimi tanınsın".

Bakı qurultayından  cəmi 10 gün sonra, 1917-ci il mayın 1-də  Moskvada artıq Ümumrusiya müsəlmanlarının qurultayı öz işinə başlayır. Bakı milyonçusu Şəmsi Əsədullayevin Moskva müsəlmanlarına bağışladığı binada keçirilən, 11 gün davam edən və 600-ə qədər nümayəndənin, o cümlədən, 100 qadının iştirak etdiyi  Moskva qurultayının gündəliyinə 13 məsələ daxil edilsə də, qurultayın mərkəzi məsələsi Bakı qurultayında olduğu kimi, yenə də Rusiyanın siyasi-dövlət quruluşu olur.  Qurultayın bu iclasına sədrlik edən M.Ə.Rəsulzadə və  osetin Əhməd Salikov həmin məsələyə dair müzakirəyə  iki qətnamə layihəsi  çıxarırlar. M.Ə.Rəsulzadənin "milli-ərazi federasiya prinsipləri əsasında demokratik respublika yaradılması"  ideyası qarşısında Ə.Salikov "Rusiya xalqlarına milli-mədəni muxtariyyət verilməklə unitar dövlətin saxlanılması" təklifini irəli sürür. Hər iki layihə səsə qoyulur və böyük səs çoxluğu ilə  (446-271) M.Ə.Rəsulzadənin təklif etdiyi qətnamə qəbul olunur. Beləliklə, Rusiya müsəlmanlarının qabaqcıl nümayəndələri Rusiyanın milli-federativ respublikaya çevrilməsi və müsəlman əhalisi yaşayan vilayətlərə muxtariyyət verilməsi ideyasını günün tələbi kimi irəli sürürlər.

Burada nəzərə alınmalıdır ki, bu tələb 1917-ci ilin mayında - monarxiya rejimi  devrilmiş Rusiyada demokratik prinsiplərə əsaslanan yeni dövlət quruluşu məsələnin hələ son dərəcə aktual olduğu və ən müxtəlif siyasi partiyalar və cərəyanlar tərəfindən qızğın şəkildə müzakirə edildiyi zaman səslənirdi və Rusiyanın müsəlman xalqları, o cümlədən, azərbaycanlılar üçün o dövr federativ respublika tərkibində ərazi muxtariyyətinə nail olmaq çox mühüm nəticə sayılardı.

Düz bir ildən sonra, 1918-ci il may ayının sonlarında Azərbaycan milli siyasi qüvvələri artıq başqa bir seçim qarşısında duracaqlar və birmənalı şəkildə öz xalqlarının müqəddəratını tamamilə başqa bir ideya - müstəqillik - əsasında həll edəcəklər.

Lakin 1917-ci ilin yazında, azərbaycanlılar  öz gələcəyini Rusiyanın digər xalqları ilə birlikdə görür və  ən ciddi surətdə  Ümumrusiya Müəssislər Məclisinə seçkilərə hazırlaşırdılar. 

Ümumrusiya Müəssislər Məclisinin - dövlətin idarə formasını müəyyən etmək və ən mühüm siyasi,  iqtisadi və milli problemlərin qanunvericilik əsasında həllini tapacaq konstitusiya hazırlamaq üçün ümumi seçki hüququ əsasında yaradılacaq ali nümayəndəli orqanın çağırılmasını Rusiya Müvəqqəti hökuməti özünün başlıca vəzifəsi hesab edirdi. Seçkilər haqqında Əsasnamə ümumi seçki hüququ əsasında proporsional seçki sisteminin nəzərdə tutulması, qadınların, hərbi qulluqçuların səsverməyə buraxılması və s. baxımdan demokratik sənəd idi.  Müvəqqəti hökumət seçkilərin keçirilməsi vaxtını  1917-ci il 12 (25) noyabra, Müəssislər məclisinin çağırılmasını isə 28 noyabra (11 dekabr) elan etmişdi. Bu müddət ərzində Rusiyada Oktyabr çevrilişi baş versə də, hakimiyyətə gəlmiş bolşeviklər Müəssislər Məclisi fikrinin geniş xalq kütlələri və siyasi dairələr arasında son dərəcə dəstəkləndiyini nəzərə alaraq seçkilərin keçirilməsi vaxtını dəyişmədən saxlayırlar. Bolşeviklər Sovet hakimiyyətinin ilk dekretlərinin, ən əvvəl sülh və torpaq haqda dekretlərin seçicilərin səslərini onların  xeyrinə toplayacağına və bununla da Rusiya Sosial-Demokrat Fəhlə (bolşeviklər) partiyasının Müəssislər məclisinə seçkilərdə uğur qazanacağına ümid edirdilər. 

Rusiyada bolşevik hakimiyyətinin qurulması Cənubi Qafqazda rəğbətlə qarşılanmır. Bu zaman bütün ölkədə olduğu kimi, Cənubi Qafqazda da müxtəlif siyasi cərəyanların, partiyaların və sosial təbəqələrinin fəallığının artdığı,  münasibətlərin isə gərginləşdiyi  bir şəraitdə  yerli hakimiyyət orqanı olan Xüsusi Zaqafqaziya Komitəsinin  sabitliyi təmin etməyə qadir olmadığı aydınlaşır. Regionu anarxiya və xaosdan qorumağa çalışan və Sovet Rusiyasına tabe olmaq istəməyən gürcü menşevikləri, azərbaycanlı müsavatçılar, erməni daşnaklar və sağ eserlər 1917-ci il noyabrın 15-də Tiflisdə Zaqafqaziya Komissarlığı  adlanan koalision hökumət yaradırlar. Yeni hakimiyyət  Cənubi Qafqazdan Ümumrusiya Müəssislər Məclisinə seçkilərin keçirilməsi prosesini sürətləndirir.        

Müəssislər Məclisinə seçkilər Cənubi Qafqazın, o cümlədən, Azərbaycanın da siyasi həyatında mühüm rol oynamalı idi. Belə ki, ilk dəfə idi ki, azərbaycanlılar Ümumrusiya nümayəndəli qanunverici məclisinə seçkilərdə müstəqil milli siyasi təşkilatlar qismində iştirak edirdilər.  Hələ XZK nəzdində seçkilər üzrə Mərkəzi Zaqafqaziya Komissiyası təşkil edilmişdi.  Azərbaycanda yaradılmış müvafiq komissiyaya Fətəli xan Xoyski rəhbərlik edirdi. Həmin dövr Azərbaycanın siyasi həyatında aparıcı mövqe tutan "Müsavat" partiyası Azərbaycanın bütün siyasi partiya və təşkilatlarını seçkilərdə vahid siyahı ilə çıxış etməyə çağırsa da, prinsipial məsələlərdə fikir ayrılığı  milli qüvvələrin vahid seçkiqabağı blokunu yaratmağa imkan vermir. Müəssislər Məclisinə seçkilərdə iştirak edən 4 əsas Azərbaycan partiyaları - "Müsavat", "Müsəlman sosialist bloku", Müsəlman sosial-demokrat menşevik "Hümmət" və Rusiyada müsəlmançılıq "İttihad" - müstəmləkə keçmişinin, milli zülmün və hüquq bərabərsizliyinin tənqidində eyni mövqedə dursalar da, milli hərəkatın gələcək inkişafı və perspektivləri məsələsində onların yolları ayrılırdı. "Müsavat" qəti şəkildə federativ Rusiya tərkibində milli-ərazi muxtariyyəti formasında Azərbaycan dövlətçiliyinin yaradılması tərəfdarı idi, qalan üç partiya isə yalnız milli-mədəni muxtariyyətlə kifayətlənməyə üstünlük verirdi. Bu səbəbdən "Müsavat" partiyası hər iki tərəfdən - sosialistlər və islamçıların kəskin tənqidinə məruz qalırdı. Azərbaycan sosialistləri Azərbaycan xalqının öz milli arzularına yalnız "yeni" Rusiya ilə ittifaqda çatacağını bildirərək  müsavatçıları xalq kütlələrinin deyil, "vahid ümumrusiya inqilabi hərəkatını" parçalamağa can atan burjua və xan-bəy dairələrinin mənafeyini dəstəkləməkdə ittiham edirdi. İslamçılar əksinə, "Müsavat"ı həddən artıq sosialist yönlü olmaqda günahlandırır, xüsusilə qadın məsələsində onun mövqeyini qəbuledilməz hesab edirdi. "Müsavat"ın qadınlara kişilərlə bərabər hüquq verilməsi tələbini islamçılar "dinsizlik və əxlaqsızlıq" kimi qiymətləndirirdilər. Lakin Müəssislər Məclisinə seçkilərin gedişi artıq çoxdan öz həllini gözləyən qadın məsələsinin "Müsavat" tərəfindən irəli sürülməsinin özünü nə qədər doğrultduğunu göstərdi. İslamçıların güclü əks-təbliğatına baxmayaraq,  Azərbaycan qadınlarının bu seçkilərdə iştirakı "Müsavat" partiyasının qələbəsinin həlledici amillərindən biri oldu.

Seçkiqabağı kampaniyada "Müsavat" partiyasına qarşı daha güclü barışmaz mövqeni rus partiyaları nümayiş etdirirdi. Bolşeviklər, menşeviklər, eserlər və kadetlər Azərbaycan milli qüvvələrinin güclənməsi təhlükəsi qarşısında bütün partiyadaxili münaqişələrini kənara qoyaraq milli qüvvələrin əsas sütunu hesab edilən "Müsavat"a qarşı vahid cəbhədə birləşdilər. Beləliklə, Müəssislər Məclisinə seçkilər eyni zamanda, Cənubi Qafqazın siyasi partiyalarının cəmiyyətdə  nüfuzunun göstəricisi olmalı idi.                

Nəhayət, 1917-ci il 26-28 noyabr tarixlərdə Cənubi Qafqazdan Ümumrusiya Müəssislər Məclisinə seçkilər keçirildi. 2 455 274 seçicinin iştirak etdiyi bu seçkilərin yekununa görə gürcü menşevikləri 661.934 səs (seçicilərin ümumi sayının 26,9 %), müsavatçılar - 615.816 (25,1 %),  daşnaklar - 558.400 (22,7 %), "Müsəlman Sosialist bloku" - 159.770 (6,5 %), eserlər - 117.522 (4,8 %), bolşeviklər 95.581 (3,9 %), menşevik "Hümmət" - 84.748 (3,5 %) və "İttihad" - 66.504 (2,7 %) səs aldılar.

Seçkilərin nəticələri istər Cənubi Qafqazda, istərsə də Azərbaycanda siyasi qüvvələrin real nisbətini göstərdi. Yığdığı səslərin sayına görə Cənubi Qafqaz üzrə ikinci yerə çıxan müsavatçıların öz əsas rəqibləri - bolşevikləri 6,5 dəfə üstələməsi "Müsavat"ın şəksiz qələbəsi idi.

Seçkilər həmçinin, Cənubi Qafqaz əhalisi arasında Azərbaycan partiyalarının təsir və nüfuz dərəcəsini müəyyən etdi. Bu partiyaların  birlikdə aldığı 926.838 səs     Ümumrusiya Müəssislər Məclisinə seçkilərdə Cənubi Qafqazdan  verilən ümumi səsin 37,7 %-ini təşkil edirdi ki, bunun da 66,5 % -  "Müsavat", 17,2 % -  "Müsəlman sosialist bloku", 9,1 % - "Hümmət",  7,2 %, - "İttihad" partiyasına düşürdü. Seçkilərin nəticəsinə görə, öz xalqları arasında birmənalı şəkildə  üstünlüyə nail olmuş  gürcü menşeviklərindən və daşnaklardan fərqli olaraq  "Müsavat" partiyası  azərbaycanlılar arasında tam üstünlük qazana bilməsə də,   Azərbaycan partiyalarına verilən səslər arasında alınan 66,5 % "Müsavat" partiyasının lider mövqeyinin təsdiqi ilə yanaşı, Azərbaycan cəmiyyətinin böyük əksəriyyətinin Azərbaycana milli-ərazi muxtariyyəti verilməsinin tərəfdarı olduğunu göstərdi.    

Seçkilərin yekun  nəticəsinə görə Cənubi Qafqazdan Ümumrusiya Müəssislər Məclisinə 34 deputat seçildi ki, onlardan da 12 nəfəri azərbaycanlı idi. Məclisə "Müsavat" dan Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev,  Məmməd Yusif Cəfərov, Xosrov Paşa bəy Sultanov, Qazi Əhməd Məmmədbəyov; "Müsəlman sosialist bloku"ndan İbrahim Heydərov, Əlixan Qantəmir, Aslan bəy Səfikürdski; "Hümmət"dən Cəfər Axundov, "İttihad"dan Sultanməcid Qənizadə mandat almışdılar.

Ümumrusiya Müəssislər Məclisində üstünlüyü 62 % -dən çox səs toplamış eser və menşeviklər əldə etmişdilər, bolşeviklər isə cəmi 23,9 % səs yığmışdı. Məhz  bu amil bu Məclisin taleyində həlledici rol oynadı.

1918-ci il 5 (18) yanvar tarixində Petroqradda açılan Müəssislər Məclisi Sovet hökumətinin dekretlərini tanımadığını bildirdi və bolşeviklərin təklif etdiyi "Zəhmətkeş və istismar olunan xalqların hüquq bəyannaməsi"nin müzakirəsini rədd etdi. Beləliklə, Müəssislər Məclisinin bolşevik platformasında durmadığı dərhal aydın oldu və 13 saat davam edən elə birinci iclasdan sonra, səhər saat 5-də  Məclisin keçirildiyi Tavriya sarayın mühafizə rəisinin tələbi ilə onun işinə xitam verildi. Bir gündən sonra isə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi Leninin məruzəsi əsasında Müəssislər Məclisinin buraxılması haqqında dekret  qəbul etdi.

Hadisələrin belə istiqamət alması yollar bağlı olduğu üçün Müəssislər Məclisinə gedib çıxa bilməmiş Cənubi Qafqazdan olan nümayəndələri region xalqlarının taleyini həll etmək vəzifəsini öz öhdələrinə götürmək zərurəti ilə üzləşdirdi. Bu zərurət yalnız Müəssislər Məclisinin qovulması ilə deyil, eyni zamanda, 1918-ci ilin əvvəllərində  Cənubi Qafqazda yaranmış son dərəcə mürəkkəb vəziyyətlə bağlı idi. Rusiyanın Almaniya ilə Brest-Litovsk sülh danışıqları boşa çıxdıqdan sonra alman-türk qoşunları hücuma keçmişdilər. Türk qoşunlarının irəlilədiyini görən Zaqafqaziya Komissarlığı 1918-ci il fevralın 6-da Qafqaz cəbhəsinin komandanı Vehib paşaya teleqram göndərərək Türkiyə ilə sülh danışıqları aparmaq təklifi etmişdi. Lakin regionda güclü hakimiyyətə və nüfuza malik olmayan bu hökumətin yaranmış  ağır vəziyyətdən çıxa biləcəyi böyük sual doğururdu. Odur ki,   Cənubi Qafqazdan Ümumrusiya Müəssislər Məclisinə seçilmiş deputatlar əhalinin  səlahiyyətli nümayəndələri kimi yaranmış şəraiti real qiymətləndirərək 1918-ci il fevralın 22-də keçirilən yığıncaqda  Zaqafqaziya Komissarlığının buraxılması, yeni qanunvericilik orqanı kimi Zaqafqaziya Seyminin yaradılması  və yerli hakimiyyətin bu orqana verilməsi haqda qərar qəbul etdilər.

Zaqafqaziya Seymindən Milli Şuraya

Baş tutmayan Müəssislər Məclisinin cəmi 36 nəfərdən ibarət olan artıq keçmiş deputatları  yeni yaradılan ali hakimiyyət orqanına daxil olmaqla yanaşı, onun tərkibinin genişləndirilməsi məsələsini də müzakirə edirlər. Yenidən seçkilər keçirilməsinin imkansız olduğu bir şəraitdə təcrübəli siyasətçilər bu məsələnin həllini Müəssislər Məclisinə seçkilər zamanı hər partiyanın aldığı səsin sayına müvafiq olaraq kooptasiya üsulu ilə nümayəndələrin sayının artırılmasında görürlər.   Nəticədə,  azərbaycanlı deputatların  sayı "Müsavat" və demokratik bitərəflər qrupundan 30 nəfər, müsəlman sosialist blokundan 7 nəfər, "Rusiyada müsəlmançılıq - İttihad" partiyasından 3 nəfər, müsəlman sosial-demokrat menşevik "Hümmət" partiyasından isə 4 nəfər təşkil edir.  Beləliklə,  Zaqafqaziya Seymində azərbaycanlı nümayəndələrin sayı 44 nəfərə çatdırılır.  Bu 44 nəfər arasında artıq Müəssislər Məclisinin yuxarıda adı çəkilən nümayəndələrindən əlavə, Fətəli xan Xoyski, Məmməd Həsən Hacınski, Xəlil bəy Xasməmmədov, Şəfi bəy Rüstəmbəyov, Mustafa Mahmudov, Firudin bəy Köçərli, Cavad Məlik-Aslanov, Aslan bəy Qardaşov, İbrahim ağa Vəkilov, İbrahim bəy Heydərov, Əhməd Cövdət Pepinov,  Camo  Hacınski, İbrahim Əbilov, Əkbər ağa Şeyxülislamov, Səməd ağa Ağamalov və digər tanınmış ictimai xadimlər və müxtəlif partiya təmsilçiləri var idi.

Təbii ki, gürcü və erməni partiyalarından da həmin prinsip üzrə Seymin tərkibinə yeni nümayəndələr daxil edilir. Seymin özəyini 3 əsas  partiya fraksiyaları - Gürcüstan sosial-demokratları (menşeviklər) - 32 nəfər,  azərbaycanlı müsavatçılar və onlara qoşulmuş bitərəf demokratlar - 30 nəfər, erməni "Daşnaksütun" partiyası - 27 nəfər  təşkil edir. Onlarla yanaşı, Seymdə  digər partiyaların nümayəndələri -  eserlər (sosialist-inqilabçılar) - 5, kadetlər (konstitusiyalı-demokratlar) - 1, gürcü federalistləri -1, gürcü  milli demokratlar -1, bolşeviklər - 4 yer alırlar. Seymə dəvət edilən partiyalar arasında yalnız bolşeviklər onun işində iştirak etməkdən imtina edir və dərhal Seymin çağırılmasına qarşı güclü təbliğat kampaniyası açırlar. Bununla belə,  kifayət qədər  geniş təmsilçiliyə malik Zaqafqaziya Seymi 1918-ci il fevralın 10 (23) - da Tiflisdə öz işinə başlayır.  Doğrudur,  dəmir yolunun bağlı olması səbəbindən azərbaycanlı nümayəndələr (X.b.Sultanovdan başqa) Tiflisə vaxtında gəlib çata bilmədiyi üçün iclas dərhal təxirə salınır və yalnız  26 fevralda  özünün  2-ci məclisinə yığılır.  Bu yığıncaqda  gürcü menşeviklərinin liderlərindən biri - N.Çxeidze demək olar ki,  yekdilliklə  Zaqafqaziya Seyminin sədri seçilir.

Hadisələrin sonrakı inkişafı  göstərəcək ki,  Seymin cəmi 3 aylıq qısa tarixində  bu hadisə Seym fraksiyalarının  həmrəylik  nümayişinin nadir  məqamlarından biri sayıla bilər.  Belə ki,  Seymin üç əsas - gürcü, azərbaycanlı və erməni bölmələrini təşkil edən nümayəndələrinin bu xalqların münasibətlərindəki mövcud ziddiyyətləri tənzimləmək və  region üçün  mühüm olan problemlərin həllində (milli və aqrar məsələ, Türkiyə ilə sülh sazişinin bağlanması və s.)  vahid mövqedən çıxış etmək cəhdlərinə baxmayaraq, nəticə etibarilə bu məqsədə nail olunmur. Seymdəki kəskin fikir ayrılıqlarının səbəbini, şübhəsiz ki, yalnız  bu üç Cənubi Qafqaz xalqlarının milli maraqlarının üst-üstə düşmədiyi ilə izah etmək doğru olmazdı. Belə ki, bir çox daxili məsələlərin həllində Seym nümayəndələrinin müxtəlif siyasi təmayülləri təmsil etməsi amili də az rol oynamırdı. Bu baxımdan, gürcü və ermənilərə nisbətdə, siyasi tərkibinə görə daha geniş spektrə malik olan  Azərbaycan fraksiyaları  xüsusilə seçilirdi. Məsələn, Seymin elə ilk iclaslarında Cənubi Qafqazda milli məsələnin həllinə dair müzakirələrdə Azərbaycan partiyaları müxtəlif mövqelər nümayiş etdirən Bəyannamələr irəli sürürlər.   

"Müsavat" partiyası  Seym qarşısında milli azlıqların hüquqları təmin olunmaqla ayrı-ayrı xalqlara milli-ərazi muxtariyyətini  təmin edən Konstitusiyanın işlənib hazırlanması vəzifəsi qoyurdu və bundan çıxış edərək  mərkəzləşdirmə prinsipindən imtina edərək,  dövlət həyatının ayrı-ayrı sahələrinin  milliləşdirilməsi zərurətini vurğulayırdı. "Müsəlman sosialist bloku" və "İttihad"   milli məsələdə milli-mədəni muxtariyyət prinsipinə üstünlük verirdi. Gürcü  menşeviklərinin fraksiyasına daxil olan menşevik "Hümmət" partiyası isə bu məsələdə ümumiyyətlə gürcülərlə bir platformadan çıxış edirdi. Gürcülər Cənubi Qafqazda "mürəkkəb və dolaşıq" milli məsələnin həlli yolunu  "tam daxili özünü idarə və milli azlıqların hüquqlarının təmin edilməsi şərti ilə milli-ərazi kantonlarının yaradılması"  və beləliklə,ı  "millətlərin ərazi hüdudlarının müəyyənləşdirilməsi"ndə  görürdülər. İlk baxışda müsavatçılarla  oxşar mövqe təsiri bağışlayan bu təklif özlüyündə azərbaycanlılar üçün böyük təhlükə daşıyırdı. 

Belə ki, "Cənubi Qafqazda heç bir millətin tam şəkildə, yəni başqa millətlərin çoxsaylı nümayəndələrinin yaşamadığı vahid ərazidə məskunlaşmadığını" dəlil kimi gətirilərək Cənubi Qafqaz ərazisinin kiçik ölçülü milli-ərazi vahidlərinə ayırması, yəni gürcü, erməni və azərbaycanlı əhalinin  bir neçə tam özünüidarə vahidlərinə bölünməsi və hər millətin  bir neçə  kantonda  yaşaması təklifi  gürcü menşevikləri  tərəfindən ilk növbədə Cənubi-Şərqi Qafqaza, yəni Azərbaycan ərazilərinə şamil edilirdi.  Belə çıxırdı ki,  məhz bu ərazilərdə çoxsaylı başqa millətlərin yaşamadığı  və yalnız azərbaycanlıların məskunlaşdığı bütöv milli-ərazi vahidi yaratmaq mümkün deyildir.

Təbii ki, bu təklifin arxasında  gürcü-erməni dairələrinin milli azlıqların hüquqlarının müdafiəsi şüarı altında Azərbaycan torpaqlarını parçalamaq, ayrı-ayrı Azərbaycan vilayətlərini öz tabeliklərinə keçirmək kimi artıq çoxdan düşünülmüş planlar dururdu. Bu məsələdə gürcüləri dəstəkləyən hümmətçilər həmin təklifin reallaşacağı təqdirdə, azərbaycanlıların etnik ərazilərinin bütövlüyünün və vahidliyinin itirilməsi ilə nəticələnəcəyinin fərqinə varmırdılar. Halbuki etnik ərazi bütövlüyü nəinki milli-ərazi muxtariyyətinin yaradılmasının əsas şərti idi, Azərbaycan torpaqlarında yaşamağa qadir hər hansı bir dövlət qurumunun formalaşdırılması da bilavasitə bu prinsiplə bağlı idi. 

Seymin Azərbaycan partiyaları arasında milli  məsələ kimi strateji xarakterli bir  problemin həllində  üzə çıxan bu fikir ayrılığı özünü digər məsələlərin müzakirələrində də, o cümlədən, Zaqafqaziya Seyminin səlahiyyətlərinin, məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi və s. büruzə verirdi. Lakin çox tezliklə, Seymin üç əsas milli bölmələri arasında ziddiyyətlər kəskinləşdikcə, Azərbaycan partiyaları arasında fikir ayrılıqları da arxa plana keçməyə başlayır. Bu məqam özünü ilk dəfə 1918-ci il fevral ayında İrəvan şəhəri də daxil olmaqla İrəvan quberniyasında baş verən erməni-azərbaycanlı toqquşmaları və faktiki olaraq dinc azərbaycanlı əhalinin qırılması, kəndlərinin və əmlaklarının isə məhv edilməsi məsələsinin müzakirələri vaxtı göstərir.  Hələ 1906-cı ildə bu bölgədə azərbaycanlı və erməni əhalisinin qeyri-mütəşəkkil dəstələri arasında  silahlı toqquşmalar baş vermişdi. Lakin  1906-cı il hadisələrindən fərqli olaraq bu dəfə qeyri-mütəşəkkil azərbaycanlı əhaliyə qarşı artıq polkovnik Pirumovun və komissar Dronun rəhbərliyi altında  erməni nizami hərbi dəstələri vuruşurdu. Silahlı hücumlara  məhz  İrəvan qəzasının kəndlərinin məruz qalması da bu qəzanın İrəvan quberniyasının azərbaycanlı və erməni rayonları arasında yerləşməsi və bu ərazilərin ilk növbədə müsəlman əhalidən boşaldılaraq ermənilərlə məskunlaşdırılması planları ilə bağlı idi. Təsadüfi deyil ki, silahlı hücumlara son qoyulduqdan sonda da Dro azərbaycanlıların öz doğma ocaqlarına qayıtmaq xahişini qətiyyətlə rədd etmişdi. İrəvan quberniyasında hakimiyyətin tam şəkildə ermənilərin əlində cəmlənməsi, əhalinin əsas hissəsini təşkil edən azərbaycanlıların isə tamamilə quberniyanın idarəçiliyindən uzaqlaşdırılması vəziyyəti daha da çıxılmaz hala salırdı. Böyük çətinliklə həmin məsələni Seymin gündəliyinə çıxaran Azərbaycan nümayəndələri üçün  bu müzakirələr  erməni və gürcü fraksiyalarının nəinki həmin hadisələrə qiymətdə tamamilə əks mövqedə durduğunu, eyni zamanda, azərbaycanlı deputatlara qarşı  etimadsızlığını və şübhəli münasibətlərini tam dərinliyi ilə nümayiş etdirdi. Azərbaycanlıların guya dəmir yollarına hücum etdiyini əsas gətirərək, erməni tərəfinə bəraət qazandıran gürcü deputatlar azərbaycanlı həmkarlarının irəli sürdükləri inkaredilməz dəlillər qarşısında mövqelərini qismən dəyişsələr də,  müsavatçı deputatların  Dronun və Pirumovun öz vəzifələrindən uzaqlaşdırılması tələbi  gürcü və erməni deputatların səs çoxluğu ilə qəbul edilmədi. Seymin İrəvan quberniyasında hadisələrə dair qəbul etdiyi yarımçıq  Qətnamədəki qərarlar isə  elə kağız üzərində qaldı.

Bu müzakirələrin yeganə müsbət yekunu menşevik "Hümmət" istisna olmaqla Seymin bütün Azərbaycan  partiyalarının  azərbaycanlıların milli maraqlarını müdafiə etməklə ilk dəfə vahid cəbhədən çıxış etməsi oldu. Seymin işində getdikcə dərinləşən millətlərarası gərginlik azərbaycanlı siyasətçilər arasında  ən barışmaz rəqibləri  belə güzəştə getmək və öz mövqelərində təmas nöqtəsi axtarmaq zərurəti qarşısında qoydu. Bu axtarışların nəticəsi kimi Azərbaycan fraksiyaların koordinasiya mərkəzi funksiyasını icra edən və "Seymin Azərbaycan fraksiyalarının birləşdirilmiş iclasları", yaxud "Zaqafqaziya Seyminin Müsəlman Fraksiyası" adlanan bir qurum yarandı. Maraqlıdır ki, Müsəlman fraksiyasının da Rəyasət Heyəti vəzifəsini icra etmək ümumi razılıq əsasında "Müsavat" və demokratik bitərəflər qrupu fraksiyasının rəyasət heyətinə  (M.Ə.Rəsulzadə - sədr, M.Y.Cəfərov və N.b.Yusifbəyov - müavinlər, M.Mahmudov və R.Vəkilov - katiblər)  həvalə edildi ki, bu da "Müsavat"ın  danılmaz nüfuzunun daha bir göstəricisi idi.

Zaqafqaziya Seyminin müzakirə etdiyi proqram xarakterli məsələlər arasında aqrar islahatlara dair qanunun qəbulu ən mühüm sənədlərdən biri sayıla bilər. Torpağın əvəzsiz olaraq kəndlilərə verilməsini nəzərdə tutan, onun şərtləri, eləcə də həyata keçirilməsi yolları açıqlanan bu qanunun işlənməsində və qəbulunda  Azərbaycan fraksiyaları da fəal iştirak edirlər.  

Qanunvericilik fəaliyyəti ilə yanaşı, Seym nümayəndələri icraedici orqanın funksiyalarını da həyata keçirirdilər. Seymin işə başlaması ilə Zaqafqaziya Komissarlığının buraxıldığı nəzərə alınaraq 1918-ci il 26 mart tarixdə E.Gegeçkorinin sədrliyi ilə  yeni hökumət kabinəsi təşkil olundu.  Bu kabinədə azərbaycanlılar 5 nazir postu (ədliyyə, yollar, maarif, ticarət və sənaye, dövlət nəzarəti) alsalar da, əsas postları gürcü menşevikləri və qismən də ermənilər tuturlar. Seymdə yeni hökumət proqramı ilə çıxış edən E.Gegeçkori qarşıda duran vəzifələri sadalayarkən, onların arasında birinci dərəcəli vəzifə kimi "Türkiyə ilə möhkəm sülhün bağlanması və mehriban qonşuluq əlaqələrinin bərpa edilməsini" vurğulayır.

Hadisələrin sonrakı gedişi Baş nazirin səhv etmədiyini və Osmanlı dövləti ilə sülhün bağlanması məsələsinin istər Seymin, istərsə də ümumiyyətlə, Cənubi Qafqaz xalqlarının taleyində  həlledici rol oynadığını göstərdi. Belə ki, Osmanlı dövləti ilə sülh danışıqları Cənubi Qafqaz xalqlarının dövlətçilik ittifaqının yaradılması yolunda mühüm maneə olmaqla, eyni zamanda, bu xalqlar və onların milli maraqları  arasında ziddiyyətlərin nə qədər dərin kökləri olduğunu açıqladı və son nəticədə Seymin buraxılmasına gətirib çıxardı.

Osmanlı tərəfinin sülh danışıqları aparmaq üçün hüquqi şəxs kimi tanınmaqdan ötrü Zaqafqaziyanın müstəqilliyinin elan edilməsini əsas şərt kimi irəli sürməsi, türklərin Brest sülhünün qərarlarına əsasən, Osmanlı dövlətinə verilmiş Qars, Batum və Ərdəhanın boşaldılmasını tələb etməsi Rusiya ilə əlaqələrini hələ də kəsmək istəməyən   Seymin gürcü və erməni liderləri tərəfindən qəbul edilmirdi. Seymdə yalnız "Müsavat" fraksiyası və bir nəfər deputatla təmsil olunan gürcü milli-demokratları  saqafqaziyanı "Lenin Rusiyasından" ayrılaraq  öz müstəqilliyini elan etməyə çağırır, Osmanlı ilə sülhün regionun təhlükəsizliyi üçün əhəmiyyətini sübut etməyə çalışırdılar. Əsasən gürcülərdən ibarət olan  Seym rəhbərliyi son ana qədər bu çağırışlara məhəl qoymurdu və yalnız Qafqaz cəbhəsində vəziyyətin türklərin xeyrinə dəyişdiyi, rus ordusunun isə dağıldığı bir şəraitdə  sülh bağlamağın labüdlüyü anlayaraq 1918-ci il 18 mart tarixdə Trabzonda Osmanlı dövləti ilə danışıqlara başladı.  Seymin 11 nəfərdən ibarət olan nümayəndə heyətinin 5 üzvü azərbaycanlı nümayəndələr idi. Trabzon sülh danışıqları nəinki Seymin milli fraksiyaları, hətta nümayəndə heyəti daxilində də yekdilliyin olmadığını bir daha üzə çıxardı. Zaqafqaziya Seymi I dünya müharibəsindən qabaqkı Osmanlı-Rusiya sərhədlərinin bərpa edilməsində israr edir, gürcü nümayəndələr Ərdəhanın və Batumun türklərə verilməsinə  qəti  etiraz bildirir, ermənilər isə nəinki Qars vilayətinin böyük bir hissəsinin Türklərə keçməsi ilə razılaşmır, bu ölkədən Cənubi Qafqaza qaçmış erməni əhalisinin geri qaytarılması və  ermənilərə muxtariyyət verilməsini şərtini irəli sürürlər. Bu sonuncu şərti Osmanlı dövlətinin daxili işlərinə qarışmaq kimi qiymətləndirən türklər hələ danışıqların gedişində Qars və Ərdəhan istiqamətlərində yürüşlərini sürətləndirirlər. Yaranmış vəziyyəti daha real qiymətləndirən Xəlil bəy Xasməmmədov Bakı neft kəmərinin son məntəqəsi olan Batumun Azərbaycanın neft sənayesinin mənafeyi baxımdan əhəmiyyətini nəzərə alaraq onun Cənubi Qafqazın tərkibində saxlanılması  və türklərin tələb etdiyi siyahıdan çıxarılması üçün cəhdlər etsə də, buna nail ola bilmir. Türk nümayəndə heyətinin 48 saat ərzində Zaqafqaziya Seyminin öz dövlət quruluşu haqqında bəyannamə verməsi,  Brest-Litovsk sülhünün Seym tərəfindən tanınması haqda ultimatumu və tələb etdiyi əraziləri demək olar ki, tutması Seymi ya bu şərtləri qəbul etmək, ya da danışıqları dayandırmaq seçimi qarşısında qoyur. Seymin gürcü və xüsusilə erməni fraksiyaları arasında hökm sürən kəskin  antitürk isteriyası şəraitində  Ultimatumun şərtləri "Cənubi Qafqaz xalqlarının mənafeyinə xəyanət" kimi qiymətləndirilir və Osmanlı dövlətinə  müharibə elan etməyə qərar verilir. Çətin vəziyyətdə  qalan Azərbaycan fraksiyaları ("Hümmət"dən başqa) birgə qətnamə qəbul edərək Osmanlı ilə müharibənin "Zaqafqaziya demokratiyası və onun daxili həyatı üçün ağır nəticələr verəcəyini" əsas tutaraq onun məsuliyyətini öz üzərilərinə götürmədiklərini bəyan edirlər. Seymin təcili olaraq çağırılmış iclasında çıxış edən erməni və gürcü deputatları şiə azərbaycanlıların uzun bir tarixi dövrdə sünni türklərə qarşı döyüşdüyünü xatırlatsalar da, bu təxribat öz nəticəsini vermir. "Müsavat"ın təmsilçisi Şəfi bəy Rüstəmbəyli bildirir ki,  azərbaycanlıların "hələ də hərbi mükəlləfiyyət daşımadığı və  Türkiyə ilə dini bağlılığı"  Osmanlı dövləti əleyhinə hərbi əməliyyatlarda  onların fəal iştirakını qeyri-mümkün edir.                 

Qeyd edilməlidir ki, bütün bu hadisələrin davam etdiyi 1918-ci il aprel ayının əvvəllərində  Azərbaycan fraksiyalarını ən ciddi surətdə tədbirlər görməyə  vadar edən başqa hadisələr baş verirdi. Mart ayının sonlarında bolşeviklərlə daşnakların  hakimiyyəti ələ keçirmək məqsədilə Bakıda və Şamaxıda törətdikləri kütləvi qırğınlar və bu qırğınların Azərbaycanın digər ərazilərini də əhatə etməsi Seym daxili münasibətləri daha da gərginləşdirdi. Gürcü və erməni fraksiyalarının Bakı hadisələrinə əsasən laqeyd münasibəti, onun nəticələrini aradan qaldırmaq üçün hər hansı  əməli addımların atılmadığı,  Müsəlman Fraksiyasının səyləri nəticəsinə polkovnik Maqalovun başçılığı ilə azərbaycanlı əhalinin müdafiəsinə göndərilmiş müsəlman korpusunun hərbi sursatla təmin edilmədiyi, əksinə, Seym rəhbərlərinin S.Şaumyanla əlaqə saxlayaraq, Bakı hadisələrinə qarışmayacaqları kimi verdiyi  vədlər azərbaycanlı nümayəndələrin kəskin etirazına səbəb oldu. "Bakı məsələsinin" Seymin gücü ilə həll etmək cəhdlərinin əbəs olduğunu yəqin edən Müsəlman fraksiyası yeganə çıxış yolunu türk qoşunlarının çağırılmasında görərək bu sahədə əməli addımlar atmağa başladı.

Qeyd edilməlidir ki, Azərbaycan xalqının milli varlığının təhlükə altında olduğunu əyani nümayiş etdirən 1918-ci il Mart hadisələri Azərbaycanın siyasi  qüvvələrinin birləşməsinə güclü təkan verdi və "Müsavat" partiyası başda olmaqla onların fəaliyyətini artıq  dövlət  müstəqilliyi istiqamətinə yönəltdi.

Hadisələrin sonrakı inkişafı - Osmanlı dövləti ilə müharibədə  Zaqafqaziya Seyminin məğlubiyyətə uğrayaraq yenidən sülh danışıqlarına başlaması, Zaqafqaziyanın nəhayət ki,  "müstəqil demokratik federativ respublika" elan edilməsi, yeni hökumət kabinəsinin  formalaşdırılması və s. - istər regionda, istərsə də Seymin daxilində yaranan son dərəcə gərgin,  mürəkkəb  və ziddiyyətli vəziyyəti nəinki nizamlamadı, əksinə, daha da dərinləşdirdi.

1918-ci il mayın 11-də Batumda Osmanlı dövləti ilə Zaqafqaziya Seymi arasında danışıqlar başlandı. Batum konfransı adlanan bu danışıqlarda Seym nümayəndəliyinin   həlledici səsə malik olan 6 üzvü arasında Müsəlman fraksiyasının üzvləri M.Ə.Rəsulzadə və M.H.Hacınski də var idi. Osmanlı tərəfinin təqdim etdiyi və  bir sıra yeni tələblər əks etdirən sülh müqaviləsinin layihəsi  Zaqafqaziya nümayəndələri arasında ciddi  fikir ayrılığı yaratdı və nəticədə mövqelərin qütbləşməsi, ayrı-ayrı xarici güclərə meyllənmənin qüvvətlənməsinə gətirib çıxardı.

Bütün bu məqamlar Cənubi Qafqazın ictimai-siyasi həyatında keyfiyyətcə yeni mərhələnin başlandığından xəbər verirdi. Seymin yaranmış vəziyyətdən çıxış yolu axtaran milli fraksiyaları vahid dövlət şəklində birləşmək imkanlarının tükəndiyini artıq özləri də etiraf edirdilər. Bütün bu məsələlər öz həllini 1918-ci il may ayının sonlarında tapdı. Batum konfransında Almaniya nümayəndələri ilə separat danışıqlar aparan Seymin gürcü fraksiyası Gürcüstanın Federativ Zaqafqaziya Respublikasının tərkibindən çıxaraq öz müstəqilliyini elan etmək barədə qərarı nə qədər gözlənilən olsa da,  Seymin faktiki olaraq dağılması faktı  digər fraksiyaları da  təcili addımlar atmaq zərurəti ilə üzləşdirdi.

Yaranmış siyasi böhran  Müsəlman fraksiyanın 25 may tarixli iclasında geniş müzakirə olundu və bu şəraitdə Azərbaycanın da müstəqilliyinin elan edilməsi məqsədəuyğun sayıldı. Mayın 26-da Zaqafqaziya Seyminin son iclası keçirildi və  onun buraxıldığı elan edildi.  Mayın 27-də  artıq keçmiş Seymin Müsəlman fraksiyasının üzvləri mövcud siyasi vəziyyəti müzakirə etmək və müvafiq qərar çıxarmaq üçün fövqəladə iclasa yığıldılar. Məmməd Yusif Cəfərovun sədrlik etdiyi bu iclasda  əvvəlcə Batumdan qayıtmış Nəsib bəy Yusifbəylinin məruzəsini dinlənildi. Daha sonra Seymin özünü buraxması məsələsi geniş müzakirə edildi, ölkədə anarxiyanın hökm sürdüyü, qarşıda mürəkkəb millətlərarası məsələnin dayandığı bir vaxtda vəziyyətin ciddiliyini nəzərə alaraq Osmanlı dövləti ilə başlamış danışıqları başa çatdırmaq, dağılmış Zaqafqaziya hökumətinin əmlakının bölüşdürülməsində müsəlmanlar adından iştirak etmək məqsədilə xüsusi bir orqanın yaradılmasına ehtiyac olduğu vurğulandı. Müzakirələrin nəticəsi olaraq, keçmiş Zaqafqaziya Seyminin bütün müsəlman fraksiyalarının üzvləri Şərqi Zaqafqaziyanın idarəsini  öz üzərilərinə götürmək məqsədilə özlərini Zaqafqaziya müsəlmanlarının Müvəqqəti Milli Şurası elan etmək barədə yekdil səslə qərar qəbul etdilər. Fövqəladə iclas  Müvəqqəti Milli Şuranın Rəyasət heyətini seçdi.  Məhəmməd Əmin Rəsulzadə, Məmməd Həsən Hacınski, Nəsib bəy Yusifbəyov, Xəlil bəy Xasməmmədov, Məmməd Yusif Cəfərov ("Müsavat, partiyası və bitərəflərin demokratik qrupu), Xudadat bəy Məlik-Aslanov,  Camo bəy Hacınski, Əkbər ağa Şeyxülislamov (Müsəlman sosialistləri bloku), Xosrov Paşa bəy Sultanov ("İttihad" partiyası) Rəyasət Heyətinə seçildilər. Həmin vaxt Batumda Osmanlı nümayəndə heyəti ilə danışıqlar aparan və bu iclasda iştirak etməyən Məhəmməd Əmin Rəsulzadə  gizli səs vermə yolu ilə Milli Şuranın sədri, Həsən bəy Ağayev və Mir Hidayət Seyidov sədrin müavinləri, Mustafa Mahmudov və Rəhim bəy Vəkilov isə katib seçildilər. Fətəli Xan Xoyski isə yekdilliklə icraedici orqanın - Azərbaycan hökumətin başçısı seçildi.

Zaqafqaziya Seyminin süqutu və Milli Şuranın seçilməsi ilə Azərbaycanın parlamentarizm tarixində qısa, lakin son dərəcə mühüm bir mərhələ  başa çatır. Bu mərhələnin ən böyük əhəmiyyəti Seymin azərbaycanlı nümayəndələrinin olduqca mürəkkəb daxili və beynəlxalq  şəraitdə, çoxmillətli və federativ xarakterli qanunvericilik orqanında təmsil etdikləri xalqın və ölkənin  milli maraqlarını layiqincə müdafiə etməyə qadir olan professional siyasətçilər kimi özlərini təsdiq etməsi ilə səciyyələnir. Eyni zamanda, Zaqafqaziya Seymi və Zaqafqaziya hökumətində ən müxtəlif vəzifələr tutmaqla azərbaycanlı deputatlar az sonra yaradacaqları öz müstəqil dövlətlərinin - Azərbaycan Xalq Cümhuriyyətinin idarə olunması üçün mühüm təcrübə məktəbi keçdilər.

Milli Şuradan Azərbaycan Parlamentinə.

1. Tiflis dövrü 

1918-ci il mayın 28-də Tiflisdə, keçmiş Qafqaz Canişininin sarayında Azərbaycan  Milli Şuranın ilk iclası keçirilir.  Həsən bəy Ağayevin sədr, Mahmud Mahmudovun katib olduğu bu tarixi iclasda Milli Şuranın 26 üzvü iştirak edirdi. İclas son hadisələrlə əlaqədar Yelizavetpolda (Gəncədə) vəziyyət barədə Həsən bəy Ağayevin məlumatını dinlədikdən və M.Ə.Rəsulzadənin Batumdan N.b.Yusifbəyli ilə göndərdiyi məktub və teleqramlarla tanış olduqdan sonra gündəliyin əsas məsələsinin müzakirəsinə başlayır. Xəlil bəy Xasməmmədov Seymin buraxılması və Gürcüstanın öz müstəqilliyini elan etməsi ilə əlaqədar Azərbaycanda yaranmış vəziyyət haqqında məruzə edərək Azərbaycanın Müstəqil Cümhuriyyət elan edilməsinin vacibliyini və təxirəsalınmazlığını əsaslandırır. Məsələnin işgüzar və ətraflı müzakirəsindən sonra Şuranın 24 üzvü - H.b.Ağayev, F.x.Xoyski, N.b.Yusifbəyli, X.b.Xasməmmədov, M.Y.Cəfərov, M.Mahmudov, Ş.b.Rüstəmbəyov, X.P.b. Sultanov, F.b.Köçərli, M.h.Seyidov, N.b.Nərimanbəyov, H.b.Məmmədbəyov, R.b.Vəkilov, Ə.b.Mahmudbəyov, M.b.Hacınski, C.b.Hacınski, A.b.Qardaşov, Ə.a.Şeyxülislamov, M.b.Hacıbababəyov, X.b.Məlik Aslanov, H.b.Şahtaxtinski, M.Məhərrəmov, H.S.Axundzadə, C.b.Məlik Yeqanov - təxirə salınmadan  Azərbaycanın Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən ərazi hüdudlarında  müstəqil  Xalq Cümhuriyyəti elan edilməsinə səs verirlər. İki nəfər - S.M.Qənizadə və C.b.Axundov səsvermədə bitərəf qalırlar. Bundan sonra Milli Şura üzvləri qalxaraq İstiqlal Bəyannaməsini  ayaq üstə dinləyirlər. 6 bənddən ibarət olan bu müstəqillik aktı  bütün türk-müsəlman dünyasında ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun - parlamentli respublikanın yaradıldığından xəbər verirdi. Həmin dövr Əqdnamə və ya Misaqi-Milli adlanan bu sənədi Milli Şura üzvlərindən Həsən bəy Ağayev, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyli, Nəriman bəy Nərimanbəyov, Cavad Məlik-Yeqanov və Mustafa Mahmudov imzalayırlar.

Azərbaycan Milli Şurasının 28 mayda keçirilmiş bu tarixi iclasında eyni zamanda, Fətəli xan Xoyskinin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk Müvəqqəti hökumətinin də tərkibi təsdiq edilir.

İstiqlal Bəyannaməsinin qəbulu Azərbaycan milli dövlətçiliyin əsasını qoymaqla   Azərbaycan xalqının taleyində misilsiz tarixi hadisə idi. Azərbaycan xalqının öz müqəddəratını təyin etmək, millətindən, dinindən, sinfindən və cinsindən asılı olmayaraq insanların, o cümlədən, Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq bərabərliyinə hörmət, bütün xarici dövlətlərlə, eləcə də qonşu xalqlarla dinclik və əmin-amanlıq şəraitində yaşamaq, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmaq prinsiplərini özündə ehtiva etməklə İstiqlal Bəyannaməsi Azərbaycanın istiqlal mübarizəsi tarixində ən dəyərli və parlaq sənəd sayıla bilər.

Lakin İstiqlal Bəyannaməsinin əhəmiyyəti yalnız yuxarıdakılarla məhdudlaşmırdı. Yeni yaradılan  dövlətə "Azərbaycan" adının verilməsi özlüyündə böyük bir tarixi hadisə idi. 

"Azərbaycan" kəlməsinin XIX əsrin sonları - XX əsrin əvvəllərindən milli ruhlu Azərbaycan ziyalıları tərəfindən türk dilli mətbuatda və ədəbiyyatda dövriyyəyə gətirilməsi ilə başlanan bu proses,  coğrafi mənada - Cənub-Şərqi Zaqafqaziya, ərazi-inzibati vahidləri kimi Bakı, Yelizavetpol (Gəncə), İrəvan quberniyaları adlanan ərazilərə,  müsəlman, tatar, Qafqaz türkü adlanan xalqa və  türk adlanan dilə "Azərbaycan" adının şamil edilməsi ilə ildən-ilə və gündən günə geniş vüsət almaqla,  nəhayət ki, İstiqlal Bəyannaməsində öz qanunauyğun həllini tapdı.  Təsadüfi deyil ki,  "Azərbaycan" adının onun aid olduğu xalqın şüuruna və ictimai-siyasi baxışlarına hakim olmasında müstəsna xidmətləri olmuş  Məhəmməd Əmin Rəsulzadə İstiqlal Bəyannaməsinə qiymət verərkən bu məqamı da xüsusi vurğulayır: "28 mayıs 1918-ci il Bəyannaməsini nəşr etməklə, Azərbaycan Şurayi-milliyəsi, sözün siyasi mənası ilə, bir Azərbaycan millətinin varlığını təsbit etmişdir. Beylə ki, Azərbaycan kəlməsi sadə coğrafi, etnoqrafi və linqvistik bir kəlmə olmaqdan çıxaraq, siyasi bir aləm olmuşdur".

Burada M.Ə.Rəsulzadənin şəxsiyyətini səciyyələndirən bir cəhətə diqqət yetirilməlidir. Rəsulzadənin 1915-1918-ci illərdə  Bakıda təsis və nəşr etdiyi "Açıq söz" qəzeti azərbaycançılıq  ideyasının  təşəkkülündə böyük rol oynamış, Məhəmməd Əmin bəy özü isə hələ o vaxtlar, istər həmməsləkləri, istər S.Şaumyan da daxil olmaqla siyasi rəqibləri tərəfindən birmənalı olaraq Azərbaycan milli istiqlal hərəkatının ideoloqu kimi qəbul edilmişdir. Bununla belə, M.Ə.Rəsulzadə "Azərbaycan" ideyasına siyasi məna verilməsi təşəbbüsünün onun özünə deyil, Nəsib bəy Yusifbəyliyə aid olduğunu daima etiraf etmişdir: "Azərbaycan ideyasını siyasi bir tələb maddəsi şəklində formulə etmək şərəfi mərhum Nəsib bəyindir".               

Burada daha bir haşiyə çıxaq ki,  "Azərbaycan" adının tarixən ilk dəfə siyasi məfhuma çevrilməsi hələ öz zamanında heç də birmənalı qarşılanmamış və böyük siyasi, elmi-tarixi mübahisələr doğurmuşdur. Bu günə qədər gəlib çıxan həmin mübahisələrin üzərində ətraflı dayanmadan qeyd olunmalıdır ki, Cənubi Qafqazda müstəqil Azərbaycan Cümhuriyyəti elan edilməsi ümumiyyətlə, qonşu dövlətləri, ilk növbədə Sovet Rusiyası və İranı narahat etmiş, yeni yaradılan dövlətin adına "Azərbaycan" toponiminin verilməsi  isə İranda xüsusilə kəskin etiraz və təşviş doğurmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin, guya türklərin təhriki  ilə  Təbriz daxil olmaqla Cənubi Azərbaycana da  iddia etdiyi və hətta bu əraziləri Osmanlı-türk qoşunlarının dəstəyi ilə işğal etmək qəsdində olduğu kimi əsassız ehtimalları və şübhələrini ən geniş şəkildə müzakirələrə və ittihamlara çevirən İran tərəfi İran mətbuatında və siyasi dairələrində AXC əleyhinə böyük  kampaniya açmış,  bu  məsələni Paris Sülh konfransında qaldıraraq Azərbaycanın İrana qaytarılması kimi ərazi tələbləri irəli sürmüş,  müxtəlif xarici yazışmalarda isə Azərbaycan Xalq Cümhuriyyətini Qafqaz Azərbaycanı adlandırmışdır. Hətta  Azərbaycan siyasi xadimləri ilə sıx əməkdaşlıq edən İran Demokrat Firqəsinin  Bakı təşkilatı da bu kampaniyaya qoşulmuş, Bakıda "Azərbaycan cozv-e  layinfək İran" (Azərbaycan İranın ayrılmaz hissədir) adlı bir qəzet nəşr edərək (1918-ci il, yanvar-mart, 13 say çıxmışdır),  Azərbaycan adının məhz İran Azərbaycanına aid olduğu kimi fikirləri təbliğ etmişdir. Bununla belə, Azərbaycan tərəfi, başda Məhəmməd Əmin Rəsulzadə olmaqla,  bütün bu ittihamların əsassızlığını sübut etməklə İranla qonşuluq əlaqələrini tənzimləməyə müvəffəq olmuşdur.

Azərbaycan Milli Şurasının Tiflisdə  cəmi 6 iclası keçirilmişdir. Bu iclasların əksəriyyətində müzakirələr əsasən İrəvan quberniyası, qəzası və şəhəri ətrafında aparılmış, Milli Şuranın qəbul etdiyi ən ağır qərar isə İrəvanın Ermənistana güzəştə getməsi ilə bağlı olmuşdur. Milli Şuranın 29 may tarixli iclasında  "İrəvanın Ermənistana güzəştə getməsinin qaçılmaz olduğunu" bildirən, bunu "tarixi zərurət, bizim üçün isə qaçılmaz acı bir həqiqət" kimi qiymətləndirən və bu qərara səs verən 16 nəfər  Şura üzvlərinin işlətdiyi "qaçılmaz"  sözünün arxasında həmin qərarın qəbul edildiyi dövr regionda yaranmış son dərəcə mürəkkəb vəziyyət dururdu. Azərbaycanlılarla eyni gündə müstəqil Ararat (Ermənistan) Respublikasının yaradıldığını elan etmiş erməni milli qüvvələrinin regionda həm də real siyasi və hərbi qüvvə, bu dövlətin yaradılmasının isə böyük dövlətlər tərəfindən artıq həll edilmiş məsələ olduğu ilə hesablaşmamaq mümkün deyildi. Digər tərəfdən, həmin dövr yeni yaradılan respublikaların taleyinin müəyyən edilməsində Osmanlı dövlətinin həlledici rol oynadığı, Ermənistan Respublikasının hansı ərazilərdə yaradılması məsələsini həmin dövr məhz bu dövlətin həll etdiyi də  qaçılmaz həqiqət idi. Öz ərazilərində hər hansı formada erməni dövlətçiliyi yaratmaq ideyasını qətiyyətlə mümkün saymayan Osmanlı siyasi dairələrinin onun Cənubi Qafqazda yaradılması məsələsində də mövqeyinin birmənalı olmaması onsuz da mürəkkəb olan  vəziyyəti daha da dərinləşdirirdi. Birinci dünya müharibəsinin son aylarında Osmanlı ordusunun Qafqaz cəbhəsində uğurları qarşısında Tələt paşa və Ənvər paşa (baş nazir və hərbi nazir) Cənubi Qafqazda erməni dövlətinin yaradılmasını ümumiyyətlə, məqsədəuyğun bilmir, yaxud çox zəif, yaşamaq qabiliyyəti olmayan bir Ermənistan yaradılmasını mümkün hesab edirdilər. Batum danışıqlarında türkləri təmsil edən nümayəndə heyəti isə tarixən Azərbaycana məxsus bir sıra ərazilərin ermənilərə verilməsini vacib sayır və Azərbaycan nümayəndələrinə beynəlxalq aləm qarşısında ermənilərin mövcudluğunu tanımağı və onlara müəyyən ərazi güzəştləri etməyi tövsiyə  edirdilər. Mayın 27-də hələ Milli Şuranın yaradılması haqda  tarixi qərarın verilməsindən əvvəl, fövqəladə iclasa yığılan Seymin keçmiş azərbaycanlı deputatları qarşısında Batumdan yenicə qayıtmış Nəsib bəy Yusifbəylinin etdiyi məruzə bu məsələdə son qərarın kim tərəfindən verildiyini göstərdi: "Türkiyə nümayəndə heyətinin qənaətinə görə, Zaqafqaziyanın çiçəklənməsinin başlıca rəhni Zaqafqaziya xalqlarının birliyi və həmrəyliyidir. Bu məqsədə çatmaq üçün bizim tərəfimizdən ermənilərə bir qədər torpaq güzəşt olunmalıdır".

Həmin iclasda yaradılan  Milli Şuranın mayın 28-də keçirdiyi ilk tarixi iclasda M.Ə.Rəsulzadənin Batumdan göndərdiyi məktublar və teleqramlar oxunur. Həmin günün ən mühüm məsələsi İstiqlal Bəyannaməsinin qəbulu olduğundanmı, ya hansı səbəbdənsə,  iclasın protokolunda bu məktub və teleqramların məzmunu açıqlanmır. Lakin Milli Şuranın ertəsi gün, mayın 29-da keçirdiyi iclas artıq bütünlüklə Ermənistana ərazi verilməsi məsələsinə həsr olunur və burada nə üçün məhz  İrəvanın siyasi mərkəz kimi ermənilərə güzəştə gedilməsinin səbəbi də aydınlaşır. Həmin dövr İrəvan quberniyasına daxil olan 7 qəzadan artıq 5-i, o cümlədən, quberniyanın ikinci böyük şəhəri -  Aleksandropol (Gümrü) artıq türk qoşunları tərəfindən tutulmuşdu. Fətəli Xan Xoyski məhz bu faktı vurğulamaqla,  "ermənilərə veriləcək  siyasi mərkəzin" artıq   ancaq  İrəvan şəhəri ola biləcəyini və bu şəhərin ermənilərə güzəştə gedilməsinin qaçılmaz  olduğunu qeyd edir.

Azərbaycan Milli Şurasının bu "qaçılmaz" reallıqla, xüsusilə Osmanlı  nümayəndələrinin "tövsiyələri" ilə  hesablaşmamaq imkanı var idimi?  Bütün bu məsələlərin Batumda və Tiflisdə həll edildiyi, Azərbaycan Xalq Cümhuriyyətinin hələ özünün siyasi mərkəzinin - neft  Bakısının  düşmən əlində - bolşevik-daşnak Bakı Soveti hökumətinin ixtiyarında olduğu, bu siyasi mərkəzi azad edə bilən Azərbaycan qoşununun hələ də yaradılmadığı, 14 minlik nizami Qızıl Ordunun Azərbaycan milli qüvvələrinin mərkəzi Gəncəyə yürüşə hazırlaşdığı,  Azərbaycanın işğal edilmiş torpaqlarını azad edəcək və Azərbaycan xalqını kütləvi qırğından qurtaracaq yeganə qüvvə kimi Osmanlı ordusuna ümid edildiyi nəzərə alınarsa, bu sualın cavabı özlüyündə aydınlaşar.

Həmin dövr Azərbaycan Xalq Cümhuriyyətinin müvəqqəti paytaxtı sayılan Gəncədə  hələ onları nə gözlədiyindən xəbərsiz olan Milli Şura üzvləri itirilmiş torpaqların acısını azaltmaq üçün elə həmin iclasda ermənilərlə konfederasiya yaratmaq məsələsini müzakirə edir və yekdil səslə qəbul edirlər. Eyni zamanda, Ermənistan qarşısında onlara edilən güzəştlər müqabilində həmin dövr Zəngəzur və Qarabağda erməni generalı Andranikin silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı aparılan hərbi əməliyyatların dayandırılması, ermənilərin Qarabağa olan iddialarından imtina edilməsi kimi şərtlər qoyulur. Azərbaycan hökumətinin başçısı Fətəli Xan Xoyskinin mayın 29-da xarici işlər naziri Məmməd Həsən Hacınskiyə yazdığı məktubdakı sətirlər - "Biz ermənilərlə bütün mübahisələrə son qoyduq, onlar ultimatumu qəbul edəcək və müharibəni qurtaracaqlar. Biz İrəvanı onlara güzəştə getdik"  - Azərbaycan dövlət xadimlərinin bu labüd itkidən mümkün qədər siyasi fayda götürmək cəhdlərindən xəbər verirdi.

Azərbaycan Milli Şurasının qərarı ilə  dövlət yaratmaq üçün ermənilərə cəmi  9 min km2  - İrəvan şəhəri və onun ətrafındakı ərazini əhatə edən torpaqlar verilmişdir.   Bu ərazilərdə yaşayan əhalinin ümumi sayı 321.000 nəfər idi ki, onun da 230 mini erməni, 80 mini türk-müsəlman, 11 mini isə digər  xalqların  nümayəndələri idi.

Burada xüsusi vurğulanmalıdır ki, AXC dövründə Ermənistan dövləti elə bu hüdudlarda qalmışdır. 

Milli Şuradan Azərbaycan Parlamentinə.

2. Gəncə dövrü   

1918-ci il iyunun 16-da öz fəaliyyətini Tiflisdən Gəncəyə köçürən Azərbaycan Milli Şurası və Hökuməti burada son dərəcə gözlənilməz və xoşagəlməz bir münasibətlə qarşılaşır.

Azərbaycan cəmiyyətinin ictimai-siyasi baxımdan fəal hissəsi arasında hələ 1918-ci il martın əvvəllərindən güc toplamağa başlayan və sonradan "ilhaqçılıq" (ilhaq-birləşmək)  adlanacaq prosesin öz inkişafında son həddinə çatdığı aydınlaşır.  Azərbaycanlıların əsasən qeyri-dost millətlər əhatəsində yaşadığı, Azərbaycan torpaqlarına qonşuları tərəfindən iddialar edildiyi və xalqa qarşı artıq silahlı hücumlar və qırğınlar aparıldığı bir şəraitdə Azərbaycan milli qüvvələrini təmsil edən bir qrup tanınmış şəxslər, xüsusilə Gəncə bölgəsinin nümayəndələri bu vəziyyətdən çıxış yolunu Osmanlı dövlətinə birləşməkdə görürdü. Bu məqsədlə əhali arasında imzalar toplanır, Zaqafqaziya Seyminin hələ Trabzonda və Batumda danışıqlar apardıqları zaman Gəncədən bu şəhərlərə, eləcə də İstanbula nümayəndə heyətləri göndərilir, ayrı-ayrı  türk xadimləri ilə, o cümlədən, yüksək rütbəli hərbçilərlə danışıqlar aparılırdı. Osmanlı dövləti ilə rəsmi danışıqlarda  iştirak edən Zaqafqaziya Seyminin azərbaycanlı nümayəndələrin Gəncəyə, öz həmkarlarına göndərdikləri məktub və teleqramlarda bu növ təşəbbüslərin qarşısını almaq tələbləri nəticəsiz qalırdı. Lakin  ilhaqçıların bu mövqeyi yalnız mövcud siyasi durumdan və  xalqın maraqlarından irəli gəlmirdi.  Əsasən  dini-klerikal və mülkədar-burjua zümrələrin nümayəndələrindən ibarət olmaqla, onların böyük əksəriyyəti  Azərbaycan Milli Şurası və  hökumətinin  "həddən artıq demokratik"  islahatlar keçirəcəyindən də ehtiyat edirdilər.

Digər tərəfdən, I dünya müharibəsinin öz sonluğuna çatdığı, Osmanlı imperiyasının geniş ərazilərinin - Balkanlar, Ərəbistan -  əldən getdiyi artıq aydın olduğu  bir zamanda bu dövlətin, başda Ənvər paşa olmaqla  romantik  ruhlu rəhbərliyi reallıqdan xeyli uzaq  yeni planlar qurur,  dağılmış Rusiyanın müsəlman-türk  xalqlarının yaşadıqları ərazilər də  daxil olmaqla bu dəfə yeni - Turan imperatorluğu yaratmaq niyyətlərini heç də gizlətmir və  1918-ci ilin əvvəllərindən başlayaraq bu sahədə hərbi əməliyyatlara hazırlaşırdılar. Təbii ki, bu dövr azərbaycanlıların üzləşdiyi son dərəcə ağır vəziyyət,  torpaqların işğalı, əhalinin milli qırğına məruz qalması qardaş xalqa kömək məqsədi ilə yanaşı, daha geniş mənada Turan imperatorluğu yolunda Qafqaz İslam Ordusunun yaradılmasını və dərhal regiona göndərilməsini sürətləndirən amillərdən idi.  

Ehtiyac yarandığı halda Azərbaycana hərbi yardım edilməsinə dair xüsusi maddənin olduğu AXC və  Osmanlı dövləti arasında müqavilə  hələ  1918-ci il iyunun 4-də imzalanacağı halda Nuru paşanın Qafqaz İslam ordusunun Baş komandanı  kimi 300 nəfərlik türk zabitləri - hərbi təlimatçılar dəstəsi ilə  artıq may ayının sonlarında Gəncəyə gəlməsi bütün bu proseslərin nəticəsi idi.  Təsadüfi deyil ki, Nuru paşanı böyük təntənə ilə  qarşılamış, şərəfinə qurbanlar kəsmiş, ziyafətlər vermiş ilhaqçılar, artıq bütün dünyaya Müstəqil Azərbaycan dövlətinin yarandığını bəyan edərək 1918-ci il iyunun 16-da Tiflisdən Gəncəyə gəlmiş və rəsmən qarşılanmamış Milli Şura və hökumət üzvlərinə açıq  etimadsızlıq göstərirlər.

Beləliklə, Azərbaycan milli-siyasi qüvvələrinin və daha geniş mənada Azərbaycan cəmiyyətinin iki - istiqlalçılar və ilhaqçılar adlanan hissəyə parçalandığı məlum olur. Eləcə də ilhaqçıların Nuru paşa və Azərbaycanda türkçülük hərəkatının ideoloqlarından biri,  görkəmli ictimai-siyasi  xadim, 1909-cu ildə Türkiyəyə mühacirət etmiş və Nuru paşanın siyasi müşaviri kimi onunla birgə Gəncəyə gəlmiş Əhməd bəy Ağaoğlu (Ağayev) tərəfindən dəstəkləndiyi aydınlaşır. İlhaqçılar və onları dəstəkləyən qüvvələr tərəfindən  Cümhuriyyət rəhbərlərinə ünvanlanan bəyanatlar -  onlara  xalq adından müstəqil dövlət yaratmaq səlahiyyəti verilmədiyi, azərbaycanlıların müstəqil yaşamaq qüdrətinə malik  olmadığı və  bu səbəbdən Osmanlı dövlətinə birləşməyin daha məqsədəuyğun olduğunu - əslində, Azərbaycanın dövlətçiliyini  tanımaqdan imtina demək idi.

Cəmi bir neçə aydan sonra Osmanlı imperiyasının  I Dünya müharibəsində  məğlubiyyətə uğrayıb qalib dövlətlər tərəfindən tutduğu bütün ərazilərdən çıxmağa məcbur ediləcəyi (Mudros sazişi)  və Türkiyənin özünün bir müstəqil dövlət olaraq qalması uğrunda ölüm-dirim savaşına qalxacağı  nəzərə alınarsa, Milli Şura və Hökumət üzvlərinin ilhaqçıların  tələbləri qarşısında geri çəkiləcəyi  təqdirdə  azərbaycanlıların və onların ərazilərinin  taleyinin hansı ölkələr tərəfindən və necə  həll ediləcəyi o qədər də sual doğurmur. Hər halda Milli Şuranın üzvləri yaranmış vəziyyətin ağırlığını və nə kimi təhlükəli nəticələrə  gətirib çıxaracağını aydın təsəvvür edirlər, lakin eyni zamanda, şəhərdə real hakimiyyətin Nuru paşanın və ilhaqçıların əlində olduğu, digər tərəfdən Bakı şəhəri başda olmaqla işğal altındakı torpaqların azad edilməsi üçün Osmanlı ordusuna olan ehtiyacı nəzərə alırlar. 

İyunun 17-də M.Ə.Rəsulzadənin başçılığı ilə Milli Şura Gəncədə fasilələrlə gündüz saat 12-də başlanan və gecə saat 2-də tamamlanan 3 qapalı iclas keçirir. Fətəli Xan Xoyski 26 nəfər Milli Şura üzvünə  M.Ə.Rəsulzadə və M.H.Hacınskinin Nuru Paşa ilə ilkin görüşü və apardığı danışıqlar barədə məlumat verir. Nuru paşanın özünü  əsgər adlandıraraq daxili işlərə qarışmadığını bildirdiyi, siyasi məsələlərin müzakirəsini  özünün mülki işlər üzrə müavini Əhməd bəy Ağaoğluna həvalə etdiyi, daha sonra göstərilən şəxslərin Ə.Ağaoğlu ilə son dərəcə ağır keçən danışıqlarının nəticəsi kimi Milli Şuranın buraxılması, ölkədə hökm sürən anarxiyanı, habelə daxili və xarici maneələri nəzərə alaraq daha geniş səlahiyyətlər verilmiş yeni hökumətin təşkil edilməsi kimi razılıq əldə edildiyi iclas iştirakçılarının nəzərinə çatdırılır.

Burada qeyd edilməlidir ki, Ə.Ağaoğlu və ilhaqçılarla bu "razılıq" özü  heç də asan başa gəlməmiş, irəli sürülən tələblərin -  Milli Şuranın və hökumətin buraxılması - beynəlxalq aləmdə  Azərbaycan Cümhuriyyətinin Osmanlı ordusu tərəfindən işğalı kimi qiymətləndiriləcəyi kimi istiqlalçıların qətiyyətli  xəbərdarlığı qarşısında  əldə edilmişdi.

Milli Şuranın  son dərəcə gərgin və əsəbi şəraitdə keçən ikinci  iclasında Milli Şura üzvlərinin bir hissəsi onun buraxılmasına qəti etiraz edir, bu tələbi Nuru paşanın və Osmanlı hökumətinin Azərbaycanın daxili işlərinə qarışmaq kimi qiymətləndirir. M.Y.Cəfərovun titrək səslə: "Bizim azadlığımızı əlimizdən alırlar. Biz də asanlıqla əldə etdiyimiz azadlığımızı asanlıqla əldən veririk. Əfsuslar olsun ki, bizim kömək gözlədiyimiz türk qardaşlarımız bizim ürəyimizi parçalayır, bizim hisslərimizi zəhərləyirlər"- sözlərindən sonra ağlayaraq oturması bu  müzakirələrin nə qədər yüksək emosional səviyyəyə çatdığını göstərir. Lakin M.Ə.Rəsulzadə öz həmkarlarını "belə bir fövqəladə ağır vəziyyət olduğu bir zamanda bu məsələni olduqca soyuqqanlılıqla müzakirə etməyə" çağırır. Nəticədə Milli Şura üzvləri sözün əsl mənasında siyasi müdriklik və iradə nümayiş etdirir,  yaranmış real vəziyyəti və konkret tarixi şəraiti nəzərə alaraq mümkün olan həddə qədər güzəştlərə  getmək, lakin istiqlalı saxlamaq məqsədilə iki mühüm qərar qəbul edirlər: Milli Şura öz fəaliyyətini müvəqqəti dayandırsın, birinci Hökumət buraxılsın,  bütün hakimiyyət (qanunvericilik və icra) Müəssislər Məclisi çağırılanadək F.X.Xoyskinin sədrliyi  ilə yaradılmış yeni - ikinci Müvəqqəti hökumətə həvalə edilsin. 

Bu məsələni  Əhməd Ağaoğlu və onun  vasitəsilə Nuru Paşa ilə razılaşdırdıqdan sonra tərkibinə eyni sayda (6 nəfər) ilhaqçılar da daxil edilmiş  yeni hökumətin səlahiyyətləri müəyyənləşdirilir. Bu səlahiyyətlər xeyli genişləndirilsə də, hökumətə  Azərbaycanın dövlət müstəqilliyini və mövcud siyasi azadlıqları ləğv etmək hüququ verilmir.  

Gəncə dövrü, cəmi bir neçə ayı əhatə etməsinə baxmayaraq, Azərbaycan parlamentarizminin yaranma tarixində ən dramatik və eyni zamanda,  təhlükəli bir mərhələ hesab edilə bilər. Bu təhlükənin içəridən - azərbaycanlı və qismən də dost türk nümayəndələrindən gəlməsi bütöv bir millətin taleyinin nə dərəcədə  fərdi yanaşmalar və ziddiyyətli münasibətlərdən asılı olduğunu göstərirdi. Milli Şuranın - "xalqın təmsilçisi olan bir təsisatın Azərbaycanın müvəqqəti paytaxtı Gəncə şəhərində səhnədən çəkilməsi"ni onun sədri M.Ə.Rəsulzadə "demokratiyanın geri çəkilməsi və mürtəce qüvvələrin uğuru" kimi qiymətləndirir.  Öz vəzifəsindən əl çəkmiş Məhəmməd Əmin bəy Milli Şuranın sədri kimi bu iclasdakı son nitqində  yaranmış şəraitdə "tarixi məsuliyyətin bütün çəkilməz ağırlığını" boynuna götürmüş Fətəli xan Xoyskinin və  onun "Azərbaycanın taleyini əllərinə almış" hökumət üzvlərinin "qismətinə ən çətin, lakin həm də ən mühüm borc - yeni doğulmuş Azərbaycanı məhv olmağa qoymamaq borcu"  düşdüyünü vurğulayır. Bununla belə, Milli Şura üzvlərinin son dərəcə pərt və məyus əhval-ruhiyyəsi qarşısında M.Ə.Rəsulzadə öz həmkarlarını gələcəyə nikbin baxmağa çağırır: "İndi gəlin, bu ağır günlərdə üzərinə ağır vəzifə yüklədiyimiz bu hökumətlə vidalaşaq və ayrılaq.  Gəlin, qardaş kimi ayrılaq. Əfəndilər, ayrılarkən ümid edək ki, Allahın köməyi ilə tezliklə Azərbaycanın paytaxtı Bakıda, Təsis yığıncağında görüşəcəyik. Yaşasın Azərbaycan! Yaşasın Türk xalqı!"

Beləliklə, olduqca mürəkkəb beynəlxalq və daxili şəraitdə Azərbaycanın siyasi xadimləri həmin dövr faktiki olaraq soyqırımına məruz qalan Azərbaycan xalqının varlığını və dövlətçiliyini qorumaq məsuliyyətini bir daha öz üzərilərinə götürürlər, Azərbaycan istiqlalını  bütün digər məsələlərdən, o cümlədən, Milli Şuranın sədri M.Ə.Rəsulzadənin tələb etdiyi kimi,  vəzifə, partiya və şəxsi maraqlarından üstün tutaraq siyasi böhrandan çıxmağa müvəffəq olurlar. 

Milli Şuradan Azərbaycan Parlamentinə.

3. Bakı dövrü 

Gəncə böhranından keçən  sonrakı aylar ölkənin siyasi, ictimai, iqtisadi və mədəni həyatında son dərəcə mühüm  hadisələrlə əlamətdar olur ki, onların arasında ən əhəmiyyətlisi sentyabrın 15-də Bakının Qafqaz İslam ordusu tərəfindən azad edilməsi, bütün bu müddət ərzində geniş  fəaliyyət göstərmiş Azərbaycan hökumətinin öz siyasi mərkəzinə - paytaxt Bakıya köçməsi hesab edilə bilər.

Lakin cəmi iki aydan sonra, 1918-ci ilin noyabr ayında, Türkiyə Mudros barışığına əsasən məğlub tərəf kimi öz hərbi qüvvələrini Cənubi Qafqazdan çıxarmalı olur və bununla da Azərbaycan hökuməti üçün yaranmış nisbi əlverişli daxili şəraitə son qoyulur.

Cənubi Qafqazın taleyini həll edən Müttəfiq dövlətlərin razılığına əsasən bu region İngiltərənin təsir dairəsinə verilmişdi. Böyük Britaniya qoşunlarının komandanı general Tomson 1918-ci il noyabrın 17-də Fransız və Amerika hərbi missiyalarının, həmçinin, rus qoşun hissəsinin komandanı N.Baratov və  L.Biçeraxovun kazak dəstələrinin müşayiəti  ilə  2 minlik qoşunla Bakıya daxil oldu. Bu hadisəni böyük sevinclə qarşılayan  Bakıdakı rus və erməni milli qüvvələri İngilis komandanlığını Azərbaycan hökumətinin Osmanlı dövləti tərəfindən yaradılmış oyuncaq hakimiyyət olduğuna inandırmaq üçün  fəaliyyətlərini daha da genişləndirdilər. Belə ki, bu sahədə kampaniya  hələ Tomsonun İranda olduğu zaman Ənzəliyə  ezam edilən rus və erməni nümayəndə heyətləri tərəfindən başlamışdı. Azərbaycan  nümayəndələri Əhməd bəy Ağayev, Nəsib bəy Yusifbəyli, Musa bəy Rəfiyevdən  ibarət heyət də  Ənzəliyə gedərək general  Tomsonla görüşmüş, onu Azərbaycanın müstəqilliyini tanımağa çağırmış, lakin bu məqsədə nail ola bilməyərək, bir sıra tələblərlə yanaşı, ən yaxşı halda generalın vəziyyəti yerində araşdıracağı vədini eşitmişdilər. Generalın Bakıya ayaq basarkən verdiyi ilk əmrlərdən birinin Azərbaycanın üç rəngli bayrağının endirilməsi olduğu nəzərə alınarsa, Cümhuriyyət başçılarını qarşıda nə kimi çətinliklər gözlədiyini təsəvvür etmək olar.

Yeni sarsıntılardan xəbər verən  həmin  günlərdə - 1918-ci il noyabrın 16-da Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə Gəncə böhranı zamanı müvəqqəti olaraq buraxılmış  Azərbaycan Milli Şurası Bakıda öz fəaliyyətini bərpa edir və  ölkənin müqəddəratını  yenidən öz əlinə aldığını bildirir.  

Milli Şuranın 20 noyabrda keçirilən növbəti iclasında artıq "Müvəqqəti Azərbaycan Parlamanı" (Məclisi Məbusan)  təsis edilməsi  haqqında Qanun layihəsi geniş müzakirə olunaraq  qəbul edilir. Qanunda göstərilirdi ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Azərbaycan Milli Şurası milli bir idarə formasından dövlət idarə forması almışdır. Lakin  Azərbaycan əhalisi yalnız türklərdən ibarət olmadığı üçün bu ərazidə yaşayan  bütün xalqlar Parlamentdə təmsil olunmalıdırlar. Azərbaycan Parlamenti   Qafqaz məlumat-təqviminə görə 2 milyon 750   nəfər təşkil edən ölkə əhalisinin hər 24 min nəfərinə 1 nümayəndə hesabı ilə 120 deputatdan ibarət olmalı, bu deputatlardan  80 nəfər türk-müsəlman, 21 nəfər erməni, 10 nəfər rus, 1 nəfər alman və 1 nəfər yəhudi əhalisini təmsil etməli idi. Hətta, sayları çox az olduğu üçün Parlament seçkilərində iştirak edə bilməyən gürcü və polyaklara da  Parlamentə  hərəsi 1 deputatla təmsil olunmaq hüququ verilirdi.

Qanunda qeyd edilirdi ki, Milli Şuranın 44 üzvü ümumi səsvermə yolu ilə seçildikləri üçün mexaniki olaraq parlamentə keçirlər. Lakin bu 44 nəfər müxtəlif siyasi partiyaların nümayəndələri olduğundan Azərbaycan xalqının ayrı-ayrı təbəqələrinin nümayəndələrinin də Parlamanda təmsil olunmalarına ehtiyac vardır, odur ki,  qalan 36 yer ölkənin  müxtəlif şəhər və qəzalarının  türk-müsəlman əhalisi  arasında bölünür. Qanuna görə,  erməni əhalisinin 21 nəfər nümayəndəsindən 8-i Gəncə, 8-i Şuşa, 5-i Bakı erməni Milli Şuralarından, rus əhalisinin 10 nəfər nümayəndəsi isə Rus Milli Şurası tərəfindən təklif edilməli idi. 

Azərbaycan Parlamentinin çağırılması ilə əlaqədar Azərbaycan Milli Şurası 1918-ci il noyabrın 29-da "Bütün Azərbaycan əhalisinə" müraciət edir. Bu sənəddə dekabrın 3-də 120 üzvdən ibarət  Parlament toplanacağı, həmin məclisə azlıqda qalan millətlərin nümayəndələri, eləcə də ölkənin vilayətlərindən olan vəkillər gələcəyi bildirilirdi. Müraciətnamədə deyilirdi ki,  bu üsulla yığılacaq Parlament qarşıda ümumi seçki üsulu ilə Azərbaycan Müəssislər Məclisi toplanana qədər "yurdumuzun sahibi olacaq, onun müqəddəratını həll, hökumətini təşkil və mənafeyini müdafiə edəcək". Parlamentin dekabrın 3-də açılacağı nəzərdə tutulurdu.

Lakin bu böyük hadisəyə hazırlıq işləri ölkənin hər gün dəyişən siyasi həyatında  çox  mühüm və azərbaycanlılar üçün arzuedilməz  hadisələrlə müşayiət olunurdu.            

1918-ci il noyabrın 17-də Bakıya daxil olan ingilis hərbi qüvvələrinin komandanı general Tomsonun əmri ilə yalnız Osmanlı deyil, Azərbaycan hərbi qüvvələri də Bakını tərk etməli oldular. Şəhərdə ingilis general-qubernatorluğu yarandı və bütün idarəçilik onun nəzarəti altına keçdi. Azərbaycan hökuməti və xalqı üçün yenidən ağır günlər başlandı.  Bakı azad edilərkən şəhəri tərk etmiş bütün erməni-daşnak və rus qüvvələri təntənəli  əhval-ruhiyyə ilə Bakıya qayıtdılar. Mart hadisələri zamanı  əli azərbaycanlıların qanına bulaşmış ermənilər, rus generalı Bıçeraxovun əsgər və zabitləri ilə birgə Bakının küçələrində  azad və asudə gəzərək Azərbaycan dövlətçiliyinin atributlarını təhqir edir, Azərbaycanca yazılmış lövhələri sındırır, azərbaycanlılara məxsus dükan və idarələri dağıdır,  müsəlman kişilərin papaqlarını başlarından vurub yerə atırdılar.

Azərbaycanın müstəqilliyinin tanınmasına mənfi münasibət bəsləyən Tomson Rusiya dövlətinin əvvəlki hüdudlarda bərpasını müttəfiq dövlətlərin başlıca vəzifəsi olduğunu bəyan edərək ilk vaxtlar Azərbaycan hökumətinə etimadsızlıq nümayiş etdirir. Azərbaycan hökumətini  İngilis komandanlığı qarşısında nüfuzdan salmağa və ümumən siyasi səhnədən silməyə çalışan rus və erməni-daşnak təşkilatları ilk vaxtlar buna həqiqətən nail olurlar. 

Azərbaycan Xalq Cümhuriyyətinin müqəddəratı  üçün yaranmış belə bir ağır şəraitdə Fətəli xan Xoyski hökuməti nəinki mövcud vəziyyət qarşısında geri çəkilmir, əksinə, müvazinətini saxlayaraq öz fəaliyyətini davam etdirir.  Böyük təlatüm keçirən azərbaycanlı cəmiyyətinə və ümumən Bakı əhalisinə müraciətində ingilis qoşunlarının işğalçı ordu olmadığı, Azərbaycan hökumətinin işlədiyini və vəziyyətə nəzarət etdiyini bildirərək onu sakitləşdirən Fətəli xan Xoyski, eyni zamanda, general Tomsonla intensiv danışıqlar aparır. Tomson Azərbaycan hökumətindən Bakıdakı Rus Milli Şurası ilə əməkdaşlıq etməyi tələb edir. Danışıqlar zamanı  Rus Milli Şurası Azərbaycan siyasi qüvvələri qarşısında Rusiyanın birliyi və bütövlüyünü, Rusiya Məclisi-Müəssisanı və Ufadakı Kolçak hökumətini qəbul etmək  kimi  şərtlər irəli sürür. Azərbaycan Milli Şurasının 24 noyabr tarixli qapalı iclasında bu şərtlər  müzakirə olunur və həmin şərait daxilində Azərbaycan maraqlarını ifadə edən bir qərar qəbul edilir: "Milli Şura Rusiya ərazisinin bölünməzliyi prinsipini tanıyaraq, üzvlərinin və ictimai xadimlərin yığıncaqlarının təkliflərini nəzərə alaraq belə hesab edir ki: 1) Azərbaycanın siyasi vəziyyəti və dövlət quruluşu məsələsi qəti olaraq Ümumi Sülh Konfransında həll olunmalıdır; 2) O vaxta qədər Azərbaycanda mövcud olan faktiki idarə sistemi öz qüvvəsində qalır; 3) Əgər Rusiyada öz müqəddəratını təyin etmiş bütün millətlərin nümayəndələrinin iştirakı ilə Ümumrusiya Müəssislər Məclisi Ümumi Sülh Konfransından əvvəl çağırılarsa, onda Azərbaycan  orada iştirak edəcək və orada öz müqəddəratının təyini məsələsində öz prinsipləri üzərində təkid edəcəkdir". 

Milli Şuranın noyabrın 26-da M.Ə.Rəsulzadənin sədrliyi ilə keçirilən növbəti qapalı iclasında M.H.Hacınski Xəzər-Qafqaz hökuməti təşkil etmək istəyən sol eserlərlə  aparılan danışıqlar, F.x.Xoyski isə Rus və Erməni milli Şuraları ilə  Azərbaycan Parlamentinə daxil olmaq ətrafında aparılan danışıqlar barədə məlumat verirlər. Aydın olur ki,  sol eserlər tərəfindən qoyulan şərtlər  Milli Şuranın 24 noyabr tarixli qərarına zidd olduğu  üçün ümumi dil tapmaq mümkün olmayıb. Rus Milli Şurası ilə danışıqlar da, demək olar ki, eyni səbəblərdən uğursuzluqla başa çatıb. Erməni Milli Şurasının bəzi nümayəndələri  isə  Rus Milli Şurasının bu işə münasibətindən asılı olmayaraq, yeni yaradılacaq Parlament və Hökumətə   daxil olmağa hazır olduqlarını bildiriblər. Rus Milli Şurasının  kəskin barışmaz mövqeyi qarşısında Milli Şura üzvləri həmin iclasda Azərbaycanda yaşayan rus əhalisini daha dolğun təmsil edən digər təşkilata - Slavyan-Rus Cəmiyyətinə müraciət edilməsi barədə qərar qəbul edirlər.

Bütün bu iclaslar Parlamentin milli baxımdan geniş nümayəndəli olmasında istər Milli Şuranın özünün maraqlarını, istərsə onun çağırılması üçün İngilis Komandanlığının mövqeyini nəzərə alan Şura sədrinin və üzvlərinin, eləcə də Hökumət başçısının nə qədər səy göstərdiklərini nümayiş etdirirdi. Bu məqam Milli Şuranın dekabrın 1-də keçirilən  növbəti iclasında xüsusilə aydın nəzərə çarpır. Həmin iclasda Parlamentə seçkilərin gedişi barədə məlumat verən F.x.Xoyski bildirir ki, artıq əyalətlərlə seçkilər başa çatmışdır və nümayəndələr dekabrın 3-nə təyin olunmuş Parlamentin açılışına gəlib çata bilərlər. Lakin həmin gün peygəmbər Məhəmməd Əleyhissəlamın hüzr gününə düşdüyü üçün Parlamentin açılışını dekabrın 7-nə keçirmək qərara alınır.

İclasda həmçinin, Slavyan-Rus Cəmiyyətindən Parlamentdə rus əhalisini təmsil etmək barədə daxil olan  müraciət müzakirə edilərək səs çoxluğu ilə qəbul olunur.    

Daha sonra, Fətəli xan general Tomsonla olan görüşünün nəticələri haqqında məlumat verərək bildirir ki, Tomson Mili Şuranın 24 noyabr tarixli qətnaməsindən  çox razı qalmış, həmin qətnamədən sonra Rus Milli Şurasının öz tələblərində həddini keçdiyini,  böyük səhv buraxdığını və tezliklə peşman olacağını qeyd etmişdir. Görüş zamanı Tomson həmçinin, Azərbaycan hökumətinə xeyirxah münasibətini bildirmiş, onun təşəbbüslərini bəyənərək daxili işlərinə qarışmayacağını vəd etmişdir.

Beləliklə, sanki Azərbaycan Parlamentinin təyin olunduğu gün açılmasına mane olacaq  həll edilməmiş bir məsələ  qalmır. Lakin 2 gündən sonra vəziyyət birdən-birə dəyişir. Dekabrın 3-də axşam saat 8-də Şura üzvləri, həmçinin, yaradılacaq Parlamentin yeni seçilmiş üzvləri və hökumət nümayəndələrinin iştirakı, M.Ə.Rəsulzadənin sədrliyi və H.b.Ağayevin katibliyi ilə Milli Şuranın geniş iclası çağırılır. Hökumət başçısı F.x.Xoyski həmin gün günorta saat 2-də Tomsondan aldığı məktubun məzmununu açıqlayır. Məlum olur ki, Bakıdakı İngilis Komandanlığı koalisiyalı  hökumət elan edilməyənə qədər Bakıda Parlamentin açılmasına icazə verməyəcək. Məktuba münasibət bildirən Fətəli Xan qeyd edir ki, general Tomsona yalnız  Azərbaycan Parlamentinə təbii olaraq qərəzkarlıqla yanaşan ruslar və ermənilər deyil,  bəzi müsəlman şəxslər tərəfindən də  güclü təsir göstərilir, bütün vasitələrdən və böhtanlardan istifadə edilərək Azərbaycan  Milli Şurasını Tomsonun gözündə nüfuzdan salmaq, onun əhəmiyyətini azaltmaq və heçə endirmək üçün cəhdlər edilir.  

Daha sonra, Fətəli xanın bu məktubla bağlı  özünün atdığı  addımlar barədə məlumat verir. Aydın olur ki,  hökumət başçısı ən qəti şəkildə hökumətin təşkilinin yalnız parlament yolu ilə formalaşması prinsipi üzərində israr etməklə,   general Tomsonu Milli Şura haqqında bəzi şəxslər və dəstələr tərəfindən  müəyyən məqsədlərə deyilən böhtan və  iftiraların əsassız olduğuna inandırmağa müvəffəq olmuşdur: "Yalnız və yalnız Milli Şura, seçilmiş üzvlərdən ibarət olmaqla, Parlament çağırılana qədər səlahiyyətli orqan sayıla bilər. Milli Şura xalqın böyük əksəriyyətinin etimadını qazanmışdır, Hökumət ona arxalanır və onun qarşısında məsuliyyət daşıyır". Son nəticədə Tomson  Fətəli xan Xoyskinin bu arqumenti ilə razılaşmışdır. 

Generalın  Parlamentdən əvvəl koalisiyalı Hökumət yaratmaq təklifini də Fətəli xan inandırıcı məntiqlə təkzib etmiş, Azərbaycan müsəlmanlarının ümidlərinin hazırda Parlamentə çevriləcək məhz Milli Şurada ifadə olunduğunu qeyd edərək  Tomsonun diqqətini bu amillə hesablaşmağın zəruriliyinə cəlb etmişdir. "Yeni və koalisiyalı Hökumət yalnız Parlament tərəfindən yaradıla bilər, bunu Avropa ölkələrinin ənənələri, adi məntiq və məqsədəuyğunluq tələb edir. Ayrı üsulla yaradılmış koalisiyalı hökumət fəlakətli səhvə gətirib çıxarar, ölkədə qayda və asayişin yaradılmasına və ingilislərin nüfuzuna xidmət etməz, xalqın hüquqlarını pozar".

Fətəli xan Tomsonun koalisiyalı hökumətdə 5 nəfər azərbaycanlı, 5 nəfər isə azlıqda qalan qeyri millətlərin (3 rus, 2 erməni) nümayəndələri olması kimi təklifi ilə də razılaşmamış, bu nisbəti ölkə əhalisinin əksəriyyətini təşkil edən müsəlmanlara qarşı yanlış və ədalətsiz hesab etmişdir. Hökumət başçısı ingilis generalına  7 azərbaycanlı,  3 erməni və 2 rus, yaxud 8 azərbaycanlı, 3 erməni və 3 rusdan ibarət hökumət təşkil etməyi məsləhət görmüşdür. Tomson bu təkliflərinin hər hansı birinin mütləq olması şərti ilə razılaşmış və beləliklə, bu məsələdə də razılıq əldə edilmişdir.

Bu danışıqlar zamanı Fətəli xanın söhbətarası verdiyi "Parlament xaricində yeni hakimiyyət yaratmaq olarmı? - sualına Tomsonun verdiyi cavabdan məlum olmuşdur ki, ingilis generalına yeni hökumət təşkil edə biləcək iki nəfərin - Mirzə Əsədullayev və Məmməd Həsən Hacınskinin adını çəkiblər. Tomson M.Əsədullayevi dəvət edərək onunla 2 saat söhbət edib və onun yeni hökumət təşkil etmək təklifinə cavab olaraq M.Əsədullayev 2 gün vaxt istəyib. Bu şəxslər haqqında təklifi ermənilər də ediblər.  Bu məlumatın müqabilində, Fətəli xanın  "Əlbəttə, hökumət  təyin də oluna bilər, lakin təyin olunmuş hökumətə   xalqın münasibətinin necə olacağı barədə gərək generalın özü də düşünsün" - deyə etirazı ilə razılaşan Tomson bu fikrindən imtina etmişdir. Sonda,  ingilis generalı Azərbaycan xadimlərinin köməyi ilə razılaşdırılmış nisbətdə koalisiyalı hökumət təşkil etməyi,  özünün rusları və erməniləri Parlamentdə iştirak etməyə məcbur edəcəyini, həmçinin,  Parlamentin işini tamamilə müdafiə edəcəyini və onun açılacağı gün baş verə biləcək hər hansı bir xoşagəlməz halların qarşısını alacağını vəd etmişdir.

Beləliklə, Azərbaycan Parlamentinin öz işinə başlaması yolunda kifayət qədər ciddi olan bu maneə Azərbaycan hökumətinin başçısı Fətəli xan Xoyskinin qəti və prinsipial mövqeyi, yüksək professionallığı və diplomatik məharəti nəticəsində aradan götürülür. Parlamentin açılışı ərəfəsində  Azərbaycanda qəsdən hökumət böhranı törədilməsi cəhdinin  qarşısının alınmasında da Fətəli xanın müstəsna xidməti Milli Şura üzvləri tərəfindən yüksək qiymətləndirilir. Əhməd bəy Pepinov "Nə ingilislərin gücü, nə də öz şəxsi maraqları ilə hesablaşmayan" hökumət başçısının  bu ağır şəraitdə öz  mövqeyini müdafiə etdiyinə görə Fətəli xana  minnətdarlığını bildirir.

Lakin Fətəli xanın məlumatında səsləndirilən bir sıra məsələlər - İngilis komandanlığının  Milli Şuradan və ümumiyyətlə, Azərbaycan hökumətindən xəbərsiz yeni hökumət yaratmaq təşəbbüsü, baş nazir postuna mümkün namizədlər kimi M.Əsədullayev və M.H.Hacınskinin adlarının çəkilməsi, xüsusilə bu  namizədlərin ermənilər tərəfindən təklif edilməsi -  iclas iştirakçıları arasında geniş müzakirələrə səbəb olur və az qala hökumət daxili böhran yaradır.

Daxili İşlər naziri Behbud bəy Cavanşir bu məsələyə aydınlıq gətirir, Mirzə Əsədullayevin Tomsonla söhbətində Milli Şura haqqında mənfi fikir söyləmədiyi, Tomsonun baş nazir postuna  ümumiyyətlə, qeyri-müsəlman bir şəxs nəzərdə tutduğu, sonra bu post M.Əsədullayevə təklif edilərkən onun həmin vəzifədə yalnız Fətəli xanı gördüyünü bildirdiyi və  digər bu kimi məqamlar açıqlanır.

Xarici işlər naziri Məmməd Həsən Hacınski də özünün bütün bu məsələyə aidiyyəti olmadığını, onun adının ermənilər tərəfindən deyil, bəlkə də M.Əsədullayevin özü tərəfindən çəkildiyini bildirməklə  hökumətdə hər hansı vəzifə tutmaqdan imtina edir. Fətəli xan özü də bütün bu söhbətlərdən sonra hökumətdə qalmayacağını bəyan edir.

Parlamentin açılmasına 3 gün qalmış Milli Şuranın iclasında yaranmış bu gərginlik Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə tərəfindən aradan qaldırılsa da, Azərbaycan istiqlalının düşmənlərinin, bu halda erməni və rus milli şuralarının Parlamentin açılışına hər vasitə ilə mane olmaq cəhdləri göz qabağında idi.

Bu məqsədlə müttəfiq qoşunların baş komandanından istifadə etməkdən belə çəkinməyən erməni-rus qüvvələrinin yalnız Azərbaycan hökumətinin  deyil, ümumilikdə azərbaycanlı əhalinin hüquqlarının danılmasında irəli sürdükləri tələblər öz hədsiz nifrəti və həyasızlığı ilə hətta general Tomsonu da heyrətə salmış və tədricən onun Azərbaycan hökumətinə və siyasi xadimlərinə münasibətinin dəyişməsinə səbəb olmuşdur. Hələ Bakıya gəlmək ərəfəsində, Ənzəlidə onunla görüşə gəlmiş Azərbaycan nümayəndə heyətini (Ə.b.Ağayev, N.b.Yusifbəyli M.b.Rəfiyev) əvvəlcə qəbul belə etmək istəməyən və Azərbaycan hökumətini tanımaqdan imtina edən general Tomsonun tez bir zaman ərzində öz fikrini dəyişməsində şübhəsiz ki, yalnız  onun erməni-rus millətçilərinin xislətini anlaması deyil, Azərbaycan liderlərinin siyasi məharəti və eyni zamanda, şəxsi keyfiyyətləri də müstəsna rol oynamışdır.  Təsadüfi deyil ki, "vəhşi, barbar, qaragüruhçu müsəlmanlar" əvəzinə Avropa düşüncəli, bir neçə xarici dillərdə danışan, sivil, mədəni dövlət xadimləri ilə üzləşən və yerli şəraitlə tanış olan  general Tomson artıq bir aydan sonra Azərbaycan hökumətini yeganə qanuni hakimiyyət orqanı kimi tanıyır.        

1918-ci il 3 dekabr tarixli protokol  Milli Şuranın fəaliyyətini əks etdirən iclas protokollarının sonuncusudur. Həmin sənəddən Milli Şuranın növbəti iclasının dekabrın 4-ə, axşam saat 7-yə təyin olunduğu aydın olsa da, təəssüf ki, Parlamentin açılışına qədər keçirilən sonuncu iclasların protokolları qalmamışdır. Lakin 1918-ci il dekabr ayının 7-də, yəni Milli Şura tərəfindən təyin edilən gün Azərbaycan Parlamentinin öz işinə başlaması Milli Şuranın bu məqsəd yolunda boynuna düşən vəzifələri ləyaqətlə sona çatdırdığını göstərir.

Azərbaycanın müstəqillik, istiqlal, dövlətçilik və parlamentarizm tarixində Milli Şuranın misilsiz xidməti olmuşdur. Azərbaycanın "İstiqlal bəyannaməsinin" qəbulundan başlayan bu yolda Milli Şuranın üzvləri  "Gəncə böhranı"nından keçmiş, Azərbaycan torpaqlarının və paytaxt  Bakının yad, işğalçı qüvvələrdən xilasını təmin etmiş, İngilis Komandanlığı ilə iş birliyi yaratmağa müvəffəq olmaqla, öz hakimiyyət strukturlarını saxlaya bilmişlər. Azərbaycan Parlamentinin yaranması ilə Milli Şuranın tarixi funksiyası başa çatmış və onun fəaliyyətinə xitam verilmişdir.  

Azərbaycan Parlamentinin açılışı

1918-ci il dekabrın 7-də, saat 13-də H.Z.Tağıyevin Bakının Nikolayevski (İstiqlal) küçəsində yerləşən qız məktəbinin  (indiki Əlyazmalar İnstitutu) binasında  təntənəli bir şəraitində Azərbaycan Parlamenti açıldı.

Həmin gün güclü xəzri küləyinin əsməsinə baxmayaraq, bu münasibətlə bəzədilmiş  şəhərdə bayram əhval-ruhiyyəsi hökm sürürdü, mağazalar, dövlət idarələri və təhsil müəssisələri bağlanmış, şəhər əhalisi gəzintiyə çıxmışdı. General Tomson Azərbaycan hökumətinin başçısı Fətəli xan Xoyskiyə söz verdiyi kimi, İngilis komandanlığı tərəfindən şəhərdə nümunəvi qayda-qanun yaradılmış,  Parlamentin işinə hər hansı əngəllər törədilməsinin qarşısını almaq üçün lazımi təhlükəsizlik  tədbirləri görülmüşdü. Parlamentin keçirildiyi binanın qarşısında iki zirehli avtomobil qoyulmuş, binaya gələn bütün yollar kənar adamlar üçün bağlanmışdı. İngilis  və Azərbaycan polisi, eləcə də hərbçilər  bir neçə yerdə patrul xidmətində duraraq  yalnız  Parlament üzvləri və xüsusi vəsiqəsi olan şəxslərə Parlaman binasına girməyə icazə verirdilər. 

Binanın içi, bütün keçidlər və  məclisin keçirildiyi zal xalçalarla döşənmiş və üçrəngli milli bayraqlarla bəzədilmişdi. Parlamentin açılış mərasimində deputatlardan başqa hökumət üzvləri və hörmətli qonaqlar - görkəmli ziyalılar, iş adamları, mətbuat nümayəndələri və başqaları. iştirak edirdi. Qonaqların arasında xeyli sayda müsəlman qadınları da var idi. Diplomatik lojalarda xarici qonaqlar - general Tomsonun nümayəndəsi polkovnik Kokkerell, İranın Bakıdakı baş konsulu M.Saidol-Vezare, Gürcüstan Respublikasının nümayəndəsi Korçevadze, Şimali Qafqaz dağlıları hökumətinin sədri T.Çermoyev və başqaları əyləşmişdilər.

Rus və erməni milli şuralarının nümayəndələri Azərbaycan Parlamentini "boykot" etmək qərarı vermiş, lakin Slavyan-rus cəmiyyətinin 5 üzvü Parlamentin işinə qatılmışdı. (Rus və erməni milli şuralarının nümayəndələri yalnız iki aydan sonra Parlamentin işində iştirak etməyə başlamışlar).

Nəhayət, düz saat 1-də  Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə zala girərək rəyasət heyətinə keçir. Azərbaycan Parlamentinin açılış mərasimini redaktoru olduğu "Azərbaycan" qəzetində işıqlandıran Üzeyir bəy Hacıbəyov "Padşahlı məmləkətlərdə məclisi-məbusanı padşah açar, amma Azərbaycan Cümhuriyyətinin Məclisi-Məbusanını bir nəfər vətən oğlu açdı" -  deyərək,  "qəlbən nikbin" Məhəmməd Əminin "açıq və gülər bir üz və yerə baxmaq adəti olmayan bir göz ilə" məclis üzvlərinə xitabən nitq etməyə başladığını yazır.  

M.Ə.Rəsulzadənin Azərbaycan Parlamentinin açılışında söylədiyi nitq dəfələrlə  alqışlarla müşayiət  olunmaqla,  istər məzmununa, istərsə də  məclis iştirakçılarında  oyatdığı təsir gücünə görə  ən parlaq natiqlik nümunəsi hesab edilə bilər. Onun "... müstəqil Azərbaycanı təmsil edən o üç boyalı bayrağı Şurayi-Milli qaldırmış, türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidari-əhrarinəsini təmsil edən bu üç boyalı bayraq daima başlarımızın üstündə ehtizaz edəcəkdir. Bir dəfə qaldırılmış bayraq bir daha enməyəcəkdir" sözlərindən sonra bütün zal ayağa qalxmış, gur  və  sürəkli alqışlar uzun müddət davam etmişdir.

Bu məşhur nitqində yaşanan anları yüksək qiymətləndirən  M.Ə.Rəsulzadə daha sonra "Müsavat" partiyası adından gənc Cümhuriyyətin dövlət quruluşu, daxili və xarici siyasətinin əsas prinsipləri barədə bəyannamə ilə çıxış edir.  Nitqinin sonunda M.Ə.Rəsulzadə Parlamentin sədrinin seçilməsini təklif edir və ciddi müzakirələrdən sonra "Müsavat" fraksiyasının təklifi ilə heç bir siyasi partiyanın üzvü olmayan, görkəmli siyasi xadim, Azərbaycan parlamentarizminin əsaslarını qoyan ən təcrübəli diplomat və böyük ziyalı Əlimərdan bəy Topçubaşov Azərbaycan Parlamentinin sədri seçilir. Ə.b.Topçubaşov özü bu vaxt İstanbulda olduğundan sədrin birinci müavini seçilən Həsən bəy Ağayev parlamentin işinə sədrlik edir.  Mehdi bəy Hacınski katib olmaqla Parlamentin üç nəfərdən ibarət katibliyi seçilir.

Azərbaycan Xalq Cümhuriyyəti Müvəqqəti Hökumətinin başçısı Fətəli xan Xoyski Parlamentdə hökumətin daxili və xarici siyasəti barəsində hesabat xarakterli məruzə ilə çıxış edir. Bu məruzədən sonra Parlament köhnə hökumətin istefasını qəbul edərək yeni hökumətin təşkil edilməsini yenidən Fətəli xan Xoyskiyə tapşırır.  Daha sonra mandat, reqlament və təsərrüfat komissiyalarına seçkilər keçirilir.

Azərbaycan parlamentinin açılması münasibəti ilə siyasi məhbuslara amnistiya verilməsi haqda "İttihad" partiyasının təklifi  Parlamentin bütün fraksiyaları tərəfindən dəstəklənir və  müvafiq aktı hazırlayacaq  komissiyanın yaradılması  haqda qərar qəbul etməklə Azərbaycan Parlamenti özünün birinci  iclasını bağlı elan edir.

Azərbaycan Parlamentinin açılışı Azərbaycan cəmiyyətində böyük əks- səda doğurmuş, bu münasibətlə Parlamentin və hökumətin ünvanına gələn təbrik teleqramları, açılış mərasiminə həsr edilən yazılar, bu hadisəyə verilən qiymətlər  dövrü mətbuatda geniş yer almışdır.  Parlamentli respublika üsuli-idarəsinin yaradılması ilə  Azərbaycanın  siyasi cəhətdən qabaqcıl ölkələr səviyyəsinə qalxması və bu hadisənin onun bütün sonrakı taleyində  son dərəcə  mühüm rol oynaması təkzib edilməyəcək bir fakt  olmuşdur .

Azərbaycan Parlamentinin açılışı günü onun yaradıcılarından birinin, Fətəli xan Xoyskinin dediyi "yatsa idik də yuxumuza girməzdi..." sözlərinin fərqinə varılarsa, çox kiçik bir zaman  kəsiyində - azərbaycanlıların  Rusiya Dumasında ilk təmsilçiliyindən başlayaraq Azərbaycan Parlamentinin yaradılmasına gətirən böyük və çətin yolun  Üzeyir bəyin "vətən oğlu" adlandırdığı insanların  idealları, əzmi və əməlləri ilə salındığını görərik.

Azərbaycan Xalq Cümhuriyyəti Məclisi Məbusanının  1918-ci il dekabrın 7-də  qaldırdığı "üç boyalı bayrağın" bu gün müstəqilliyini bərpa etmiş Azərbaycan  Respublikası Milli Məclisinin binası üzərində dalğalanması  keçilmiş bu yola verilən ən yüksək qiymət, bu bayrağı qaldırmış Vətən oğullarının xatirəsinə isə ən gözəl abidədir. 

 





06.12.2018    çap et  çap et