525.Az

BANM tələbələri innovasiya müsabiqəsinin qalibi oldular


 

BANM tələbələri innovasiya müsabiqəsinin qalibi oldular<b style="color:red"></b>

“Cleantech” (təmiz texnologiya) startap akselerasiya proqramı olan “ClimateLaunchpad” biznes yarışmasında Bakı Ali Neft Məktəbinin (BANM) Azərbaycan üzrə qalibi seçilən və ölkəmizi Edinburqdakı final yarışmasında təmsil edən tələbələri layihələri ilə yenidən uğur qazanıblar.

İqtisadiyyat Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası və BMT-nin ölkəmizdəki nümayəndəliyi ilə birgə təşkil edilən ikinci respublika innovasiya müsabiqəsində tələbələr “ThermoNorth” startap layihəsi ilə birinci yerə layiq görülüblər.

İlkin mərhələdə müsabiqədə ölkə üzrə gənc tədqiqatçıların 220 qabaqcıl ideyası – layihəsi təqdim olunub. Onlar arasından final mərhələsinə 17 layihə seçilib.

BANM-in tələbələri Elmar Əsgərzadə, Hüseyn Əliyev, Yadigar Nəzərov, Murad Rəhimov, Aleksandr Oborovskiy və onların elmi rəhbəri, dosent Əmir Rza Vəxşuri müsabiqənin finalında “ThermoNorth” layihəsi ilə qalib gəliblər. Qaliblərə 5 min manat məbləğində pul mükafatı təqdim olunub.

Qalib komanda, həmçinin UNDP (United Nations Development Program) tərəfindən keçirilən “İstanbul İnnovation Days-2018”də Azərbaycanı, eləcə də BANM-i təmsil ediblər.

Tələbələr dekabrda Tokioda keçiriləcək konfransda həmin layihəni təqdim edəcəklər.

 





06.12.2018    çap et  çap et