525.Az

Milli uşaq ədəbiyyatında öz üslubu ilə seçilən sənətkar


 

Milli uşaq ədəbiyyatında öz üslubu ilə seçilən sənətkar<b style="color:red"></b>

Beynəlxalq Uşaq və Gənclər Kitabı Şurasının "Şərəf siyahısı"nda, Fəxri Andersen Siyahısında layiqli yer tutan, milli uşaq ədəbiyyatına yeni üslub gətirən, yetmiş yaşı haqlasa da, zahirən cavan görünən Qəşəm İsabəyli bu gün də gənclik coşqusu ilə yazıb-yaradır, yeni motivli əsərləri ilə bu sahənin zənginləşməsi üçün özünə xas olan ilahi vergili istedadından məharətlə istifadə edir.
 
Son illər qələmə aldığı uşaq şeirləri, hekayə və nağılları, "İiiaaa", "Cin" və digər əsərləri uşaq ədəbiyyatına yeni bədii üslubun gəlişindən xəbər verir. O, uşaq dünyasına dərindən bələd olan, bədii forma və məzmun axtarışları və orijinal bədii üslubu ilə seçilən, Azərbaycan uşaq ədəbiyyatına yeni nəfəs gətirən, rəngarəng yaradıcılığa malik olan şairdir. XX əsrin altmışıncı illərinin sonlarından şeir yazmağa başlayan şairin "Balaca-bapbalaca" adlı ilk kitabı 1982-ci ildə işıq üzü görüb. Onun "Nənəm təkdi", "Əkil-Bəkil", "Ay külək, nə əsirsən", "Leyləyin intiqamı" və digər adlı şeir kitabları dəyərli nəşrlər kimi diqqət çəkib.

Qəşəm İsabəylinin uşaqlar üçün yazdığı şeirlərin axıcı ahəngi, körpə ruhuna uyğun sadəliyi və təbiiliyi, şeirlərin sadə deyim tərzi onun üstün cəhətlərindəndir. "Külək" şeirində bu xüsusiyyətləri görmək mümkündür:

- Ay külək, nə əsirsən?                
- Əsməsəm, olmaram mən!                  
- Olmağının xeyri var?              
- Xeyri var ki, varam mən.                      
- Qışda nə xeyrin var, hə?
- Qışda yağış, qaram mən
- Yazda bə?..
- Ağacları           
Oyadan nübaram mən...

Şifahi xalq ədəbiyyatı çeşməsindən qida alan bu şeir uşaqların yaddaşına əbədi həkk olunur. Bulaq suyu kimi şəffaf, ləzzətlə içilən bu səpgili şeirlər şairin poetik yaradıcılığının bəzəyinə çevrilir. Tanınmış şair Məmməd İsmayıl Qəşəm İsabəylinin yaradıcılığı haqda yazır: "Elə ilk poetik tanışlıqdan yadımda qalan və sonralar unutmaq istəsəm də, unuda bilmədiyim "göydə quşdu, yerdə daşdı torağaylar" misraları da Qəşəmin obrazlı düşüncə tərzinə malik olduğundan xəbər verirdi. Həm də bu obrazlı düşüncə tərzinin poetik məziyyətləri ilk baxışdaca diqqəti çəkirdi: fikrin uyarlı, yerində işlədilən sözlərlə əmin-arxayın deyimi. Sözü, necə deyərlər, əyib bükmək, istədiyin axara salmaq bacarığı... Əslində, sənətkarlıq sirri deyilən bir şey varsa, o elə budur".

Qəşəm İsabəylinin şeirlərində müxtəlif yaş mərhələsini keçirən, fərqli xarakterə və psixologiyaya malik uşaq obrazlarına rast gəlirik. "Konsert", "Atlı Vüqar", "Samur at minir", "Tərləmə, ha", "Qur...qur...qur", "Nərmin", "Ərköyün" və sair oynaq ritmə malik olan şeirlərdə uşaqların sirli aləmi ilə tanış oluruq, onların hər bir hərəkətini, dünyaya dikilən aydın baxışlarını izləyirik.

"Konsert" şeirində ağlağan bir körpənin əməlləri yumorla təqdim olunur. Gecənin bir aləmində öz ağlamağı ilə ailəyə "konsert" verən bu uşağın hər bir hərəkətini məzəli misralarla təsvir edən şair oxucuların çöhrəsində təbəssüm yaradır.

Şair müxtəlif xarakterə malik uşaqların özlərinə xas olan hərəkətini təsvir etmək üçün olduqca oynaq misralarına yumşaq yumor qatır, nəticədə bu yığcam şeirlərdə balaca oxucular sanki özlərini dupduru aynada görürlər. "Anam çörək yapanda", "Şəhərli oğlan", "Nənəmgilə gəlmişəm", "Ay nənəli", "Qonaq" və digər şeirlərdə kövrək uşaq xarakter və psixologiyasını görmək mümkündür.

"Anam çörək yapanda" şeirində uşağın özünəxas müşahidələri qələmə alınır. Ana çörək yapanda it, pişik, hətta sərçələr də təndirin başına toplaşırlar, bu nemətdən azacıq dadmaq üçün bir anlıq məqam gözləyirlər. Öz balasını sevdiyi kimi bu canlılara da biganə olmayan ana onları da yedizdirir, çörəyi əvvəlcə özü yediyi üçün oğlunu danlayır:

Anam acıqla üzümə baxdı:
- Oğlum, bu səndə nə qanacaqdı?!
Bəs it, bəs pişik, yazıqdı sərçə?!
De, acmı qalsın sübh səhərəcən?! 

Şair bu misralarla uşaqlara təbiətdə mövcud olan digər canlılara sevgi hissləri aşılayır, ömrün mənasını onlara başa salır.

Qəşəm İsabəylinin iki hissədən ibarət olan "Əkil-Bəkil" poeması sənətkarlıq xüsusiyyətlərinə görə "Ən yaxşı uşaq kitabı" adlanan Respublika müsabiqəsində ikinci mükafata layiq görülmüşdür. Bu əsərdə vətən məhfumu olduqca qabarıq təsvir olunur. Şair əsərini oxucuya bu cür təqdim edir:

Yazdım "Əkil-Bəkil"i,
Çap etdim, oxuyasan.
Bir az da sözlərimin
Qoxusunu duyasan. 

Şair bu misraları qələmə almaqla əsərin bədii dəyərini, təsir qüvvəsini, düşündürücü motivlərini önə çəkmək istəyir. Folklor motivlərindən məharətlə istifadə edən şair bitkin bir əsər yaradır, poetik duyğularla müasir oxucunu öz arxasınca aparır, onu düşündürür, vətən sevgisinə səsləyir.

"Adım Əkil-Bəkildir" adlı birinci hissədə şair Əkil adlı şagird obrazını yaradır. Altıncı sinifdə oxuyan Əkil öz fərdi keyfiyyətləri və yaşına xas olmayan igidliyi ilə seçilir. Casusluq niyyəti ilə sərhədi keçərək, özünü şikəst adam kimi qələmə verən kişi özünün şübhəli hərəkətləri ilə balaca qəhrəman Əkilin sərrast gözündən yayınmır və o, kişini aldadaraq sərhəd zastavasına gətirir. Yoxlama zamanı məlum olur ki, özünü əlil kimi göstərən bu kişi peşəkar casus imiş. Əkilin igidliyi bütün kənddə və məktəbdə geniş yayılır və o, sərhəd qoşunları komandanlığı tərəfindən "Sərhəd əlaçısı" döş nişanı ilə təltif olunur.

"Keşikdə" adlanan ikinci hissədə artıq Bəkil ordu sıralarına çağırılır. Məktəbdə oxu-duğu illərdə göstərdiyi igidliyə rəğmən, onu sərhəddə qulluq etməsinə razılıq verilir. Bəkil burada da igidlik göstərir, ən təhlükəli casusu yaxalayaraq zastavaya gətirir. Müəllif Bəkilin dili ilə iki yerə parçalanmış Azərbaycanın dərdini xatırlayır, iki qütbə bölünmüş bu xalqın nə vaxt birləşəcəyi haqqında düşüncələrini poetik misralarla verməyə çalışır.                                                                                                                                                                                                                                                      

Qəşəm İsabəyli bu əsəri ilə dövrün Azərbaycana rast gətirdiyi mənfur düşmən obrazının mənəvi simasını açır, erməni qəsbkarlarının törətdiyi cinayətləri mühakimə edir. Ana torpağın bölünməz olduğunu dönə-dönə qeyd edir. M.İsmayıl "Əkil-Bəkil" poemasının ön sözündə yazır: "Poema yazmaq, özü də bitkin, kamil bir poema yazmaq indi həqiqətən də çətin bir işdir. Yazı ilk sətirlərindəcə oxucunu ələ alır, onu Əkil-Bəkilin ömür yollarında düşdüyü müxtəlif macəralardan keçirir. Seçilən şaqraq təhkiyə-ifadə üsulu birinci misradan sonuncu misraya qədər davam edir. Elə birnəfəsə yazılış ovqatı poemanın birnəfəsə oxunmasına imkan yaradır. Hər misra fikirlə hissin bəhrəsidir".

Şair "Nənəm təkdi" poemasını orijinal üslubda qələmə almışdır. Balaca oxuculara "Salam" verən şair uşaqların onun kitabını oxumağına sevinir, onlardan ötrü darıxdığını dilə gətirir: 

Xoş gördük, ay Məhsəti,
Ay Anar, ay Yasəmən!
Balam, sizdən ötəri
Yaman darıxmışam mən. 

Poema kənddə tənha yaşayan nənənin həyatına həsr olunub. Nənə tək yaşasa da, fikri-zikri doğma uşaqlarının yanındadır.

Poema bir neçə bölmədən ibarətdir: "Nənəm deyir...", "Nənəm çörək göndərib", "Nə nəm atıb evini", "Nənəm obaşdan durub", "Nənəm yır-yığış etdi", "Nənəmgilə gəlmişəm", "Nənəm mət hazırlayıb", "Nənəm məktub yollayıb", "Nənəm satıb evini". Hər bir bölmədə nənənin keçirdiyi iztirabları, hiss və duyğuları, zəmanəyə, dünyaya baxışı və bunların yeni nəslin tərbiyəsində, bir şəxsiyyət kimi formalaşmasında rolunu görməmək mümkün deyil.

Şairin bir sıra şeirlərində onun yeni üslubunun yaranmasında başlıca rol oynayan qulaq qafiyələri diqqəti cəlb edir. Bu özü də kiçik yaşlı oxucuların maraq dairəsindən kənarda qalmır: 

İki sözlə bir lövhə çək -
Bənövşədə beşdi ləçək...

Və ya:

Yarı bələkdə -
Bir güldü ləkdə... 

Qəşəm İsabəyli özünü uşaq şairi kimi tanıtsa da, öz hekayələri ilə də uşaq və gəncləri sevindirib. "Samur at minir", "Bir qarıyla bir qoca, Dingilim-fış oynar gecə", "Bir qəl bin məhəbbət etirafları" kitablarına onun düşündürücü, tərbiyəvi əhəmiyyətli hekayələri daxil edilib.

"Samur at minir" kitabına daxil edilən "Duqqu, Cuqqu, Qızıl və başqaları", "Abdul əmi", "Ye...iç...hür", "Əriştə", "Bir fincan "kompot", "Talvarda bir gecə" və sair hekayələr öz məzmunu və dərin mənası ilə seçilir, şeir yaradıcılığında olduğu kimi, nəsr əsərlərində də yeni üslubi keyfiyyətləri görə bilirik. Uşaqların keçirdiyi gerçək həyati hissləri, kövrək düşüncələrini təbii boyalarla və şirin üslubla qələmə alan Q.İsabəyli özünü bir uşaq nasiri kimi də təsdiqləyib. Onun "Üüü", "Elnur, Əkil və onun başına gələnlər" adlı nağıl-povesti öz bədii dəyəri ilə diqqəti cəlb edir. "Gəldim Xəlsə kəndinə" povesti də bu baxımdan uşaqların marağına səbəb olur.

Q.İsabəylinin əsərlərinin Azərbaycan sərhədlərini aşaraq dünya xalqlarının uşaqlarına da təqdim olunması ən uğurlu nəticələrdən sayıla bilər. Dünya Uşaq və Gənclər Ədəbiyyatı Şurasının Londinda çap olunan nüfuzlu "Bookbird" jurnalında "Baba, sabahın xeyir!" hekayəsi ingilis dilində çap edilib, tələbkar oxucuların marağına səbəb olub. Yaxud, Türkiyədə "Günel" jurnalı onun bir hekayəsini çap edib. Şairin uşaq şeirləri öz məzmun yükünə görə ədəbi ictimaiyyətin diqqətini çəkib, nəticədə müəllif "Qızıl kəlmə" (2015) müsabiqəsində mükafat qazanıb. "Keçinin azadlıq nağılı" hekayəsi ilə A.Lindqren adına müsabiqədə nominant olub.

Yaradıcılıq yollarında heç vaxt arxayınlaşmayan, öz şirin üslubu, rəvan dili ilə uşaqların mənəvi dünyasını fəth edən Qəşəm İsabəyli yeni nəslin tərbiyəsində, mənən formalaşmasında əvəzsiz rol oynayır. Bu yolda ona yeni uğurlar arzulayıram.

Füzuli ƏSGƏRLİ
Filologiya üzrə fəlsəfə doktoru, dosent 

 





06.12.2018    çap et  çap et