525.Az

Xalq artisti Baba Mahmudoğlu - təkrarsız ifaçı, fədakar xanəndə


 

Xalq artisti Baba Mahmudoğlu - <b style="color:red">təkrarsız ifaçı, fədakar xanəndə </b>

Şeirə, sənətə, musiqiyə, tarixə, təbiətə, xalqa, millətə, vətənə vurğunluq var. Özü-özlüyündə bu vurğunluq müqəddəsliyə varmaqdır. Fəqət, hər kəs vurğun ola bilirmi? Vurğunlarımız isə çoxdur, biri də öncül sənətkar, sevimli xanəndə, milli opera sənətinin nadir incisi, füsunkar səsilə xalqın sevimlisinə çevrilən Baba Mahmudoğlu idi.

Belə vurğunlar milli mədəniyyət tariximizdə qalır, ürəklərdə bəslənir, səsi daim radiolarda, ekranlarda, qulaqlarımızda, qəlblərdə səslənir, xatırlanır və unudulmur. Nə yaxşı ki, B.Mahmudoğlu da unudulmazlar sırasındadır.   

Azərbaycan musiqi mədəniyyətinin və xanəndəlik sənətinin Baba Mahmudoğlu səhifəsi var. Və düşünürük ki, bu səhifə həmişə vərəqlənəcək,  heç vaxt solmayacaq, silinməyəcək, tanış olmağa, oxunmağa can atılacaq və qürur hissi keçiriləcək. Bu adın sahibi sənətin, səhnənin, milli operamızın, Azərbaycan xalq musiqisinin, aşıq havacatlarının, muğamların, bəstəkar mahnılarının vurğunu idi. Bir müğənni olaraq o, səsini, sənət fəaliyyətini musiqinin əksər janrlarına həsr etmiş və çox böyük nailiyyətlər qazanmışdı. Doğrudan da el nəğmələri, aşıq sənəti nümunələri, bütünlükdə xalq musiqisi ona doğma yurd, ata ocağı, ana dili, böyük vətən və ulu türk dünyası qədər əziz idi. Musiqiyə xalq mahnıları ilə daxil olmuş, bunların vasitəsilə dinləyici sevgisi qazanmış və tanınmışdı. Bu mahnılarla o, sanki öz könül nəğmələrini, duyğularını, hisslərini tamaşaçı və dinləyici qarşısında sərgiləyirdi.

Təbiidir ki, hər kəsin öz taleyi olduğu kimi, hər sənətkarın da öz sənət taleyi var. Bu bir həqiqətdir ki, onun da sənət taleyini, sənət bəxtini qadir Allah özü yazmış, qalan işlər isə onun özünəinamı, çalışqanlığı və digər üstün xüsusiyyətləri ilə başa gəlmişdi. Şərqin böyük ustadı Sədi Şirazi yazır:

Başının hər tükündə
yüz hünər olsa, əgər,
Bəxtin yoxsa bu hünər
bir iş görməz tük qədər.

Baba Mahmudoğlu bəxt anlamına, tale işinə inanan şəxs idi. Şamaxının Çuxuryud kəndində, bağ evində dincələrkən qeydə aldığı "Düşüncələrim" (29.07-27.08.1993) adlı çox dəyərli məqaləsində bu məsələlərə toxunur: "İnsanın taleyi Ulu xilqət tərəfindən hələ ana bətninə düşən andan onun alnında kodlaşan tapşırıqdır ki, onun həyat intervalında onu izləyir. Bəlkə ona görədir ki, ən qədim tibb elminə mənsub tibetlərin təbabətindən bəhs edən "Çu-Şi"də insanın ana bətnində ilk yaranma prosesinin baş hissəsindən başladığı göstərilir. Görünür, mənim taleyimdə də mənə müğənnilik payının verilməsi əvvəlcədən Onun tərəfindən həll edilibmiş. Bəri başdan Sənin yazına şükür deyirəm İlahi.

Xəyalımda həmişə insanlığı bəxt payına görə iki qrupa bölmüşəm. Birinci qrupda bəxt insanlığın belinə ipi bağlayıb, öz ardınca irəli aparırsa, ikincidə insanlıq özü bəxtinin belinə ip sarıyıb, öz arxasınca aparır".

Şair Əliağa Bakir qəzəllərinin birində deyir:

Bəxt yar olsa sənə,
azmayasan yollarını,
Hərdən öz keçmişini
bir salasan yada gərək.

Baba Mahmud oğlu Mirzəyev 1940-cı il noyabrın 7-də qədim Qazax mahalının Muğanlı kəndində (hazırda Ağstafa ərazisi), sadə bir ailədə anadan olmuşdu. Bütün kənd uşaqları kimi məqəddəs Vətən torpağı üzərində qaçıb-yürüyüb, kənddə oynanılan oyunlarda iştirak edib, meşə quşlarının səsini eşidib. O, orta məktəbi əla qiymətlərlə oxuyub. 16 yaşında Bakıya gələrək ali məktəbə daxil olub və tale onu ardınca çəkib apararaq ona xanəndəlik şöhrəti bəxş edib və məşhur opera sənətçisi olub. Və burada çalışaraq fədai kimi ömrünü bu sahəyə bağlayıb.  O, "Əsli və Kərəm"də Kərəm, "Şah İsmayıl"da Şah İsmayıl, "Gəlin qayası"nda Camal, "Xanəndənin taleyi"ndə Mir Seyid obrazlarını məharətlə yaradıb.

Baba Mahmudoğlu taleyinə, bəxtinə, uğurlarına arxayın olub heç vaxt qürrələnmir, özünü yuxarı tutmur, yolunu azmır və öz keçmişini unutmurdu. Müxtəlif mədəniyyət və tədris müəssisələrinə aldığı dəvətlərdə, televiziya, radio verilişlərində, ona həsr olunmuş yaradıcılıq gecəsində öz keçmişini, uşaqlıq dövrünü, kasıb yaşadıqları zamanı xatırlayır, ağır, məşəqqətli 1941-1945-ci illər müharibə illərində, ondan sonrakı çağları xatırlayır, heç bir şəraiti olmayan, qazmada yaşadıqlarını dilə gətirirdi.

1961-ci ildə Sənaye İnstitutunu bitirmiş, mühəndis ixtisasına yiyələnmiş, 1962-ci ildə Şmidt adına Maşınqayırma Zavodunun konstruktor bürosunda çalışmışdı. O, tələbəlik illərində institutun, işə daxil olduğu vaxtdan zavodun Mədəniyyət və Texnika Sarayının mahnı və rəqs ansambllarının solisti kimi sənət addımları atmışdı.

Babanın taleyinə xanəndəlik sənəti yazılmışdı, artıq bu çevrədən çıxa bilməzdi. Odur ki, eşqi, həvəsi də onu bu işə yönəldirdi. O, arzularının qanadlarında pərvazlanaraq sevdiyi peşəyə doğru uçurdu. Sənaye İnstitutunda oxuduğu illərdə tələbə yoldaşlarının tövsiyəsi ilə A.Zeynallı adına Musiqi Texnikumunun səs sinfinə gələrək Seyid Şuşinskinin muğam dərslərində iştirak edir, dinləyərək öyrənirdi. Bu dərslər gənc Babaya çox şey vermiş və o, muğamlarımıza yaxından bələd olmuşdu.

Baba bu sətirlərin müəllifi, özünün yaradıb rəhbərlik etdiyi "Dastan" folklor, "Misri" ansamblının musiqi rəhbəri və aranjimançısı ilə söhbətlərində dəfələrlə demişdi: "Mən mühəndis kimi də öz yerində olanlardan idim. Az-çox iş görüb müəyyən qədər tanına bilər, lakin gec-tez itib-bata bilərdim. Lakin müğənni kimi tale mənə böyük xöşbəxtlik, ad-san, şöhrət, fəxri adlar, tamaşaçı sevgisi, xalqın məhəbbətini bəxş etdi. Səsim opera səhnəsindən, qrammofon vallarından, radio və televiziyalardan gəldi. Dünyanı gəzdim, böyük səhnələrdə çıxış edərək milli musiqimizi təmsil etdim. Bütün bunları mənə Ulu Yaradanın verdiyi tale bəxş elədi".

1969-cu ildə Firudun Səfərov M.Axundov adına Akademik Opera və Balet Teatrına baş rejissor təyin olunur. O, "Leyli və Məcnun" tamaşasını yeni quruluşla hazırlayır. Leyli obrazı üçün gənc Nəzakət Məmmədova ilə məşqlər aparır və Məcnun rolunda da daha bir gənci görmək istəyir. Nəzakət xanım sevincək ona belə bir ifaçının olduğunu bildirir: "Səhnə görkəmi Məcnuna uyğun, səs imkanları çox geniş, sənətə böyük həvəsi olan bir oğlan var, Baba Mirzəyevdir. Çox istedadlıdır. Teatrın rəhbərliyindən inciyib getdi".

Baba həmin vaxtlar Elmi Tədqiqat Təhlükəsizlik Texnikası İnstitutunda işləyirdi. Truppa müdiri, iş yerinə zəng edərək onu teatra dəvət edir. F.Səfərov söhbət aparır və onunla bir ay sınaq müddətində çalışacağını bildirir.

Baba Məcnun obrazının mətnini, Füzuli yaradıcılığını dərindən dərk etsin deyə ədəbiyyatşünas alimlərdən Həmid Araslı və Əli Fəhmi ilə görüşür. Bu böyük alimlər, xeyirxah insanlar bu işdə Babaya kömək edirlər. Gənc xanəndə Opera Teatrının müşyiətçi tarzəni, böyük muğam bilicisi Bəhram Mansurovla məşqlərdə onun çalğısı, tövsiyə və tapşırıqları vasitəsi ilə çox şey əxz edir, səsini muğam parçalarına uyğunlaşdırır, Məcnun roluna aid olan oxuma üslubunu mənimsəyir. F.Səfərov Babanı yoxlamaq üçün bir ay sınaq müddətinə iki həftə də əlavə edir və çox gözəl nəticə alınır. Baba əsl Məcnun kimi səhnəyə çıxarılır. İlk tamaşa uğurlar qazanır və dövrü mətbuatda işıqlandırılır. Məcnun və Leyli rolunun gənc ifaçıları, tamaşanın yeni quruluşu haqqında müsbət fikirlər bildirilir. Təbii ki, teatrşünaslar və tənqidçilərin məqalələrində tamaşa haqqında müxtəlif fikirlərə rast gəlmək mümkün idi.

1908-ci il "Leyli və Məcnun" milli operasının ilk tamaşasından bu günə qədər xeyli sayda Məcnun və Leyli rollarında çıxış edənlərimiz olub. Lakin Məcnun obrazının uğurlu ifaçıları arasında Baba obraza öz yanaşması, doğru münasibəti, əsas xüsusiyyətləri,  mahiyyəti, ideyanı açıb göstərməsi, bir sözlə, öz Məcnununu yaratması ilə seçilib. Həqiqətən bu obrazda o, əsl Məcnun idi, Baba deyildi. Bundan əlavə ümumiyyətlə, B.Mahmudoğlu musiqinin, səhnənin, səhnə sənətinin Məcnunu idi. Əbəs deyil ki, onun həyat və yaradıcılığı haqqında yazdığım kitabı "Səhnəmizin Məcnunu Baba Mahmudoğlu"  adlandırmışam (Bakı, "Araz" 2012). Burada Baba sənətinin əsas xüsusiyyətləri, spesifik cəhətləri açılır, yaradıcılığına ekskurs edilir.

Fransa səfərlərinin birindən qayıdarkən İstanbul hava limannda Bakı reysini gözlərkən şirin söhbət zamanı Babadan eşitdiklərimdən: "Əhsəncan, mən Üzeyir Hacıbəylinin "Koroğlu" operasında Koroğlu rolunda oynamaq arzusunda da olmuşam. Özü-özlüyümdə bu obraz üzərində işləyirdim də. Lakin orada vokal partiyalardakı səs maneraları, vokal materialı ilə çıxış etməklə milli oxuma qaydalarını, "boğazları", "səs qaynatmalarını", "şirin nəfəsləri", "xırdalıqları" itirəcəyimdən qorxdum və bu yoldan çəkildim. Çünki "Koroğlu"da dünyəvi vokal sisteminə əsaslanan oxuma var, "Leyli və Məcnun"da isə başqadır, bu, sırf milli operadır. Əks təqdirdə mən "Koroğlu" ola bilərdim, arzum ürəyimdə qaldı". Bəli, Baba operaya təsadüfən gəlməmişdi. O, özünü əsl opera sənətçisi kimi hazırlamışdı. Opera sənəti haqqında dünya teatrşünaslarının rus dilində çap olunmuş kitablarını, Moskva və Leninqradda (Sankt-Peterburq) nəşr olunan mədəniyyət və incəsənət jurnallarını oxumuşdu. Ümumiyyətlə, o, mütaliəni sevirdi, Şərq və dünya incəsənəti barədə xeyli material ilə tanış olmuşdu. 

(Ardı var)

Əhsən RƏHMANLI
tədqiqatşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru

 





06.12.2018    çap et  çap et