525.Az

Təhsil Nazirliyi ilə "Clarivate Analytics" arasında əməkdaşlığın yeni mərhələsi


 

Təhsil Nazirliyi ilə "Clarivate Analytics" arasında əməkdaşlığın yeni mərhələsi<b style="color:red"></b>

Təhsil Nazirliyi ilə "Clarivate Analytics" arasında əməkdaşlığın yeni mərhələsinə həsr olunan mərasim keçirilib.
 
Mərasimdə təhsil naziri Ceyhun Bayramov, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, "Clarivate Analytics" şirkətinin Konsorsium inkişafı üzrə qlobal direktoru İzabel Reiss, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Dilqəm Tağıyev, ali məktəblərin rektorları iştirak ediblər.

Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və "Clarivate Analytics" şirkətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən təhsil naziri Ceyhun Bayramov bildirib ki, son illər ali təhsilin davamlı inkişafına nail olunması, universitetlərin beynəlxalq elmi bazalara çıxışının asanlaşdırılması və alimlərin elmi məqalələrinin nüfuzlu beynəlxalq nəşrlərdə dərc olunmasına dəstək göstərilməsi istiqamətində mühüm addımlar atılır.

Nazir Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın elmin inkişafına daha da təkan verəcəyini, ali təhsilin digər komponentləri ilə yanaşı, universitetlərin elmi fəaliyyətinin modernləşdirilməsi baxımından müstəsna rol oynayacağını vurğulayıb.

2015-ci ildə Təhsil Nazirliyi ilə dünyanın ən böyük elektron elmi-analitik informasiya bazası olan "Clarivate Analytics" (əvvəlki adı "Thomson Reuters") şirkəti arasında əməkdaşlıq sazişi imzalandığını xatırladan təhsil naziri qeyd edib ki, nəticədə Azərbaycanın 40 ali təhsil müəssisəsi "Web of Science®" elmi platformasına çıxış əldə edib. "Clarivate Analytics" ilə əməkdaşlığın artıq müsbət nəticələr verdiyini deyən Ceyhun Bayramov diqqətə çatdırıb ki, son 5 ildə Azərbaycan alimlərinin impakt faktorlu jurnallarda çap olunmuş məqalələrinin ölkə üzrə ümumi sayı 74 faiz artıb, ali təhsil müəssisələri üzrə müvafiq göstərici 88 faiz təşkil edib. "Web of Science®" elmi bazasında 2017-ci ildə 1160 elmi tədqiqat işi qeydə alınıb ki, bu da son 25 ildə Azərbaycan üzrə publikasiya sayında rekord göstəricidir. Həmin məqalələrin təxminən 43 faizi ali təhsil müəssisələrinin payına düşüb. "Web of Science®" bazasına daxil olan məqalələrin artım dinamikasına görə Azərbaycan son 3 ildə Cənubi Qafqaz ölkələri arasında davamlı olaraq 1-ci yerdə qərarlaşıb. 2015-ci ildə Azərbaycandan cəmi 2 jurnal "Web of Science®" bazasında indeksləşdirmişdisə, 2017-ci ildə bu göstərici 7-yə çatıb.

Nazir "Clarivate Analytics" şirkəti ilə əməkdaşlığın növbəti 3 il ərzində davam etdirilməsinə dair qərar qəbul edildiyini bildirib. Həmçinin, Təhsil Nazirliyi ilə "Clarivate Analytics" şirkəti arasında 2018-2021-ci illəri əhatə edən əməkdaşlıq üzrə Fəaliyyət Planının, ölkəmizin "Web of Science®" bazasında cari durumuna dair şirkət tərəfindən ildə iki dəfə əhatəli hesabatın hazırlanmasını təklif edib.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, "Clarivate Analytics" şirkətinin Konsorsium inkişafı üzrə qlobal direktoru Izabel Reiss, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Dilqəm Tağıyev ölkədə elmin inkişafı istiqamətində atılan addımlardan, Azərbaycanda əldə olunan elmi nəticələrin dünyada tanıdılmasının vacibliyindən danışıblar.

Tədbir "Clarivate Analytics" tərəfindən "2015-2018-ci illərdə "Web of Science" elmi bazasında Azərbaycan ali təhsil müəssisələri: nəticə və perspektivlər" adlı təqdimatla davam edib.

Mərasimdə Təhsil Nazirliyi ilə "Clarivate Analytics" şirkəti arasında 2019-2021-ci illəri əhatə edən əməkdaşlığa dair müqavilə imzalanıb. Bu müqavilə mövcud əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsini, "Web of Science®" platformasının rusdilli elmi nəşrlər bazasına və ölkə üzrə elmi fəaliyyətin əhatəli təhlilinə imkan verən InCites platformasına çıxışın təmin olunmasını nəzərdə tutur.

Daha sonra "Web of Science Azerbaijan - 2018" mükafatlarının təqdimetmə mərasimi keçirilib.

S.QARAYEVA

 





06.12.2018    çap et  çap et