525.Az

Rəqsin fəlsəfəsi


 

VƏ YA SÖZLƏ İFADƏ OLUNMAYAN DUYĞU

Rəqsin fəlsəfəsi<b style="color:red"></b>

Hələ qədim zamanlardan insan-təbiət münasibətləri ariflərin, alimlərin və filosofların diqqət mərkəzində olmuşdur.

Bu münasibətlərə layiqli qiymət vermək, onları bir çərçivəyə salaraq, onlara elmi, dini, fəlsəfi, bəzən isə məişət nöqteyi-nəzərdən tərif vermək adət halı alsa da, təəssüflər olsun ki, həmin münasibətlər nəticəsində ərsəyə gələn "məhsullar" hələ də tam olaraq dərk edilə bilməmişdir. İnsan-təbiət münasibətləri əsnasında meydana gələn və "məhsul" dediyimiz fenomenlərdən biri də rəqsdir.

Rəqs - insanla birgə doğulan, gözəlliyi vəsf edərək müvafiq fikri təcəssüm edən, kainatda ilahi qüvvələrin qarşılıqlı cazibə və məhəbbətindən yaranan hərəkətlərin cəmidir.

Daha dərin təhlillərə keçib, məsələn, xüsusi cihazların köməkliyi ilə qadın bətnində insanın formalaşma prosesini müşahidə etsək, xüsusi enerji nəticəsində meydana gələn hüceyrələrin rəqsvari hərəkətlərini görmüş olarıq. Deməli, rəqs insanın qanında, canında və ruhundadır.

Rəqs həm də qeyri-verbal ünsiyyət vasitəsidir. Onun dili universaldır. Sözlə ifadə olunmayan hissləri rəqs tam dolğunluqla qarşı tərəfə çatdırmaq qüvvəsinə malikdir. Rəqs millətləri birləşdirərək, ölkələr və qitələr arasında qarşılıqlı anlaşma tapmağa da kömək edir. Məhz buna görə də rəqs, eyni zamanda, insanın öz-özü ilə və ətrafdakı insanlarla anlaşmasına, ətraf mühitə uyğunlaşmasına və bədii düşüncənin formalaşmasına yardım edərək, insanların Kainatdakı harmoniyanı hiss etməsi və ona reaksiya, qarşılıq verməsinə imkan verən sosial fenomendir.

Rəqs fenomeni insanın bu harmoniyanı hiss etməsinə kömək etməyincə, rəqs sənətə çevrilir.

Rəqs göründüyü qədər sadə bir həyat, sənət sahəsi deyil. Bununla belə, özündə bir çox təbiət hadisələri və sənət istiqamətlərini birləşdirən, onları sintez edən, incəsənət növləri arasında ən zərif, ən incəsi məhz rəqs, xoreoqrafiya sənətidir. Rəqs edərkən insan bədəninin bütün əzaları, hiss və duyğuları, düşüncələri və daxili dünyası vahid bədii-estetik və mənəvi kompleks bioenerji sistemi kimi çıxış edir.

Qədim zamanlardan etibarən, rəqs ən çox yayılmış ünsiyyət vasitəsi idi. Onun sayəsində insanlar bir-birinə nəcib duyğularını ifadə edib anlaşırdılar. Lakin rəqs ünsiyyət vasitəsi olması ilə yanaşı, təbiətə olan məhəbbət və hörmət, ali qüvvələrə və daha çox Allaha həmrəylik və itaətkarlıq nümayiş etdirən ən səmərəli üsullardan biri olmuşdur.

Rəqs edən insanlar ali qüvvələrlə adi insanlar arasında körpü, xüsusi enerji ötürücüsü rolunu oynayaraq, insan ruhuna xas enerjilər - sevgi və rəğbət, cazibə və ehtiras, şəfqət və mərhəmət hissləri oyatmağa qadirdirlər.

Bütün insanlar istər-istəməz rəqs edir və rəqsin obrazı vəziyyətə, şəraitə, baş verən hadisələrə və inanın ruh halına əsasən formalaşır.

Hər bir rəqs sənət nümunəsi deyil və hər rəqs edən də rəqqas deyildir.

Qədim yunan filosofu Lukianın fikrincə, "rəqs bir çox elm sahələrinin, o cümlədən, musiqi bilikləri, ritorika, fəlsəfə, həndəsə, fizika, hətta etikanın belə vacib tamamlayıcısıdır. Onun məqsədi əxlaq və ehtirasları təsvir etməkdir. Onun rəsm və heykəltəraşlıq ilə sıx qohumluq münasibətləri var. Əsası bir mənbədən gələn, lakin bir çox dəyişikliklərə məruz qalan Qərb və Şərq rəqsləri fərqli istiqamətlər üzrə inkişaf etmişdir. Şərqdə insan təbiətin tacı kimi deyil, təbii hadisələr sırasında dayanır. Buna görə də, rəqsə münasibət də daha dərindir. Şərq rəqsi - düşüncə və meditasiya rəqsidir. Yəqin buna görə qeyd etmək lazımdır ki, Şərq xalqlarının rəqsləri Qərb dünyasının müasir rəqsləri ilə müqayisədə daha harmonik, maraqlı və estetikdir".

Rəqs, sehrli və müqəddəs ritualın ən təsirli formalarından biri olaraq, incə enerjiləri oyatmağa, onları aktivləşdirməyə qadirdir.

Qlobal dəyişikliklərin ən mürəkkəb prosesləri dövründə, ziyalı və mənən zəngin insanlar həm özləri, həm də təbiət və ətraf aləmlə harmonik münasibətlərə nail olmağa çalışırlar. Harmoniya isə qarşılıqlı anlayışa, hər kəsə anlaşılan universal bir ünsiyyət vasitəsinə, verbal və ya qeyri-verbal xüsusiyyətlərə malik dilə əsaslanır. Rəqs də məhz bu dillərdən biridir.

Milli mədəniyyətə, adət və ənənələrə artan maraq onların tərbiyəvi mahiyyətinin öyrənilməsini aktuallaşdırır. Bu gün, çoxmillətli bir dövlət kimi tanınan Azərbaycanda millətlər və dinlərarası sülhün və vəhdətin, anlayışın və etimadın bərqərar olmasına xidmət edən xalqın milli-mənəvi tərbiyəyə və milli mədəniyyətin nailiyyətlərinə müraciəti beynəlxalq ünsiyyət mədəniyyətinin formalaşması və bununla da şəxsiyyətin keyfiyyət göstəricilərinin yüksəldilməsinə yol açaraq, onun multikultural ölkədə müvəffəqiyyətlə yaşayıb fəaliyyət göstərməsinə münbit şərait yaradır.

Azərbaycan tarixən uzun və şərəfli mənəvi inkişaf yolu keçmişdir. Bu, həm maddi mədəniyyət və incəsənət abidələri, həm də özündə ənənələri, folkloru, ədəbiyyatı və rəqsi təcəssüm edən nəsildən-nəslə ötürülmüş qeyri-maddi mədəni irsdir.

Bu gün respublikada fəaliyyət göstərən müxtəlif profilli müəssisə və təşkilatlar vardır ki, maddi və qeyri-maddi mədəni irs nümunələrinin bilavasitə mühafizəsi və yaşadılması ilə məşğuldur. Rəqs sənətinə gəldikdə isə bu işin öhdəsindən Bakı Xoreoqrafiya Akademiyası layiqincə gəlir.

Odur ki, 90 yaşlı Azərbaycan milli xoreoqrafiya sənətinin keşikçisi olan Bakı Xoreoqrafiya Akademiyası ən nəcib sənət növü olan, onun klassik və milli təzahürlərini qoruyub, inkişaf etdirib, təbliğ edərək, sözlə ifadə olunmayan duyğuların ötürücüsü, sevgi və məhəbbəti ifadə edən hərəkətlər fəlsəfənin qayəsi kimi çıxış edən rəqsin tədrisi və təbliği ilə məşğuldur. Göründüyü kimi, bu şərəfli missiya nəinki elm, təhsil və sənət baxımından, eləcə də insan həyatı, onun bir çox sahələri baxımından böyük əhəmiyyət kəsb edir. Rəqs sənətinin qədrin bilək...

Əbülfəz BABAZADƏ
Bakı Xoreoqrafiya Akademiyasının İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, elmi katib

 





07.12.2018    çap et  çap et