525.Az

Əyyub Quliyev beynəlxalq müsabiqənin açılış konsertində dirijorluq etdi


 

Əyyub Quliyev beynəlxalq müsabiqənin açılış konsertində dirijorluq etdi<b style="color:red"></b>

Rusiyanın möhtəşəm konsert salonlarından biri olan Moskva Akademik Dövlət Filarmoniyasının Çaykovski zalında gənc ifaçıların XIX "Şelkunçik 2018" Beynəlxalq Müsabiqəsinin təntənəli açılış mərasimi keçirilib.

Müsabiqənin açılış mərasimini Rusiyanın "Mədəniyyət" kanalı canlı yayımlayıb.

Tədbirdə görkəmli musiqiçi Yuri Simonovun bədii rəhbər və baş dirijoru olduğu Moskva Akademik Filarmoniyasının simfonik orkestrinin ifasında dünya klassik və müasir musiqisinin ən parlaq nümunələri səsləndirilib. Orkestri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Əməkdar artist Əyyub Quliyev idarə edib.

Konsert proqramında A.Vivaldi, P.Çaykovski, Y.Brams, E.Elqar, N.Paqanini, A.Kenfild, M.Ravel, A. Diniku, A.Piatsola, A.Tsafsman kimi bəstəkarların əsərləri ifa olunub.

Builki müsabiqədə münsiflərin, həmçinin, əvvəlki illərdə müsabiqə qalibi seçilən sənətçilərin də ifaları dinlənilib və alqışlarla qarşılanıb. Açılış mərasimi üçün məşhur italyan bəstəkarı Marko Martsinin məxsusi yazdığı "Neapolun əks-sədası" əsərinin dünya premyerası çinli skripkaçı Paloma So və dirijor Əyyub Quliyevin təqdimatında gerçəkləşib.

Gecədə Rusiyanın tanınmış ictimai və mədəniyyət xadimləri -Moskva Filarmoniyasının direktoru Aleksey Şalaşov, "Mədəniyyət" kanalının rəhbəri Sergey Şumakov, "Musiqi Olimpi" Fondunun prezidenti İrina Nikitina, görkəmli pianoçu və professor Dmitriy Başkirov, dirijor Mixail Xoxlov, Montre Festivalının bədii rəhbəri Mişa Damev və Heydər Əliyev Fondunun Moskvada nümayəndəsi Tamilla Əhmədova da iştirak ediblər.

Şahanə MÜŞFİQ

 





07.12.2018    çap et  çap et