525.Az

İpoteka Fondunun hesabına mənzil alan ailələrin sayı 25 minə çatıb


 

FONDUN VƏSAİTİ İLƏ VERİLƏN İPOTEKA KREDİTLƏRİNİN HƏCMİ 1,2 MİLYARD MANATA YÜKSƏLİB

İpoteka Fondunun hesabına mənzil alan ailələrin sayı 25 minə çatıb<b style="color:red"></b>

Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditlərinin həcmi 1,2 milyard manata, ipoteka krediti hesabına mənzil şəraitini yaxşılaşdıran ailələrin sayı isə 25 minə çatıb.

Fonddan verilən məlumata görə, qurum fəaliyyətə başladığı 2006-cı ildən etibarən əhalinin mənzil təminatı sahəsində dövlətin yürütdüyü sosial siyasətin həyata keçirilməsində iştirak edir.

Ötən dövr ərzində ipoteka kreditləşməsi böyük bir inkişaf yolu keçib, əhalinin ipoteka kreditlərinə çıxış imkanlarının genişləndirilməsi məqsədilə ipoteka kreditlərinin şərtlərinin daim əhalinin ehtiyaclarına uyğun olaraq təkmilləşdirilməsi həyata keçirilib. Xüsusilə son il ərzində ipoteka kreditləri sistemində əsaslı yeniliklər baş verib. Şəxsi yığımları qənaətbəxş səviyyədə olmayan vətəndaşların mənzil təminatının yaxşılaşdırılması məqsədilə ipoteka kreditləri üzrə zəmanət mexanizminin tətbiqinə başlanılıb, güzəştli ipoteka krediti almaq hüququ olan şəxslərin dairəsi genişləndirilib. İpoteka kreditləşməsinin effektivliyinin və əhalinin ipoteka kreditlərinə çıxış imkanlarının genişləndirilməsi məqsədilə ipoteka kreditləri üzrə maksimal məbləğ 150 min manatadək, güzəştli ipoteka kreditləri üzrə maksimal məbləğ isə 100 min manatadək artırılıb.

İpoteka krediti sahəsində borcalanların qiymətləndirilməsi prosesinin sadələşdirilməsi məqsədilə ilkin ödənişin məbləği yaşayış sahəsinin qiymətinin 40 faizindən çox olduğu hallarda ipoteka krediti üzrə aylıq ödəniş məbləğinin aylıq məcmu gəlirə nisbətinə dair tələb aradan qaldırılıb. İqtisadi və hüquqi şəraitin dəyişməsi ilə əlaqədar ödəniş qabiliyyəti pisləşən borcalanların hüquqlarının müdafiəsi üçün ipoteka kreditlərinin restrukturizasiya mexanizmi yaradılıb.

İpoteka kreditlərinin verilməsi prosesləri, o cümlədən, əhalidən kredit üzrə birbaşa elektron müraciətlərin qəbulu, habelə müvəkkil banklar tərəfindən verilmiş ipoteka kreditlərinin rəsmiləşdirilməsi və yenidən maliyyələşdirilməsi prosesləri tam avtomatlaşdırılıb. Elektron sistemlər müvəkkil banklar tərəfindən əhaliyə ipoteka kreditlərinin verilməsi mərhələlərinin izlənməsinə, bütövlükdə ipoteka kreditləşməsi prosesinin şəffaflığının daha da yüksəlməsinə şərait yaradıb. Eyni zamanda, əhalinin ipoteka kreditləri üzrə öz ödənişlərini müxtəlif ödəniş vasitələrindən istifadə etməklə elektron qaydada aparması imkanı yaradılıb.

Görülən tədbirlər nəticəsində cari ildə ipoteka kreditlərinin verilmə prosesi sürətlənib, cari il noyabrın 30-dək müvəkkil banklar tərəfindən 241,7 milyon manat həcmində 3528 (adi kreditlər - 2428 kredit üzrə 172,46 milyon manat, güzəştli kreditlər - 1100 kredit üzrə 69,24 milyon manat) ipoteka krediti verilib. Ötən ilin analoji dövrü ilə müqayisədə verilən kreditlərin həcmi 69 milyon manat və ya 40 faiz artıb. Ötən ilin anoloji dövründə 172,7 milyon manat həcmində 2687 kredit rəsmiləşdirilib.

Cari ildə ipoteka kreditləri vasitəsilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin  (MİDA) sərəncamında olan mənzillərin satışının dəstəklənməsi də həyata keçirilib.

"Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"na müvafiq olaraq cari ilin sentyabrın 10-dan etibarən agentliyin sərəncamında olan mənzillərin güzəştli ipoteka kreditləri vasitəsilə maliyyələşdirilməsinə başlanılıb.

Artıq 217 şəxsə MİDA-nın sərəncamında olan güzəştli mənzillərin alınması üçün 9,6 milyon manat məbləğində güzəştli, 13 şəxsə isə 450 min manat məbləğində isə adi ipoteka kreditləri verilib.

Hazırda fond ipoteka kreditlərindən faydalana biləcək şəxslərin dairəsinin genişləndirilməsi məqsədilə yeni ipoteka məhsullarının tətbiqi sahəsində müvafiq beynəlxalq təcrübənin öyrənilməsi və aidiyyəti tədbirlərin görülməsini davam etdirir.

CEYHUN

 





07.12.2018    çap et  çap et