525.Az

90 yaşlı Gənc Tamaşaçılar Teatrı - Fotolar - Video


 

90 yaşlı Gənc Tamaşaçılar Teatrı - <b style="color:red">Fotolar - Video </b>

Bütün böyük işlər kiçik, sadə arzulardan başlanır... Arzu təməldir. Dünya başlanğıcını düşüncədən götürür.

Deməli, 1873-cü ildə Bakı realnı məktəbin şagirdi Nəcəf bəy teatr tamaşasına baxır. Və ana dilində tamaşa hazırlamaq arzusu baş qaldırır. Elə həmin bu arzudan danışırdım... Gələcəkdə dramaturq olacaq Nəcəf bəy Vəzirovdan söhbət gedir. Nəcəf bəy arzusunu Həsən bəy Zərdabiyə bildirir. Zərdabi Mirzə Fətəli Axundzadənin “Təmsilat”ını oxumaq və əsər seçmək üçün ona verir. Nəcəf bəy Vəzirov “Lənkəran xanının vəziri” komediyasını seçir. Tezliklə məhz onun rəhbərliyi və təşkilatçılığı, çağdaş dillə desək, rejissorluğu ilə şagirdlərlə birgə əsərə quruluş verilir.  Həsən bəy Zərdabi məşqlərdə pedaqoq kimi, nəzarətçi simasında iştirak edir və hazırlıq prosesinə məsuliyyəti də öz üzərinə götürür. İlk tamaşa mart ayının 10-da “Nəciblər klubu” binasında (o zaman “Sobraniye” adlanırmış həmin bina) göstərilir. Afişdə isə  əsərin adı “Sərgüzəşti-vəziri-xani Sərab” yazılır. Əsas rolları məktəbin şagirdləri Əlyar (Lənkəran xanının vəziri), Səməd (vəzir Mirzə Həbib), Nəcəf (Ziba xanım), Əsgər (Nisə xanım) oynayırlar. Afişdə adları yazılan “Nəcəf” - Nəcəf bəy Vəzirov, “Adıgözəl” isə gələcəyin ictimai xadimi Əsgər ağa Haqverdi oğlu Adıgözəlov Gorani idi.

Həmin tamaşanın göstərildiyi gün, 10 mart 1873-cü il teatrımızın yaranma tarixi hesab olunur... O zaman Nəcəf bəyin heç 20 yaşı tamam olmamışdı. Bu hadisəni ən bəsit dildə yozsaq, 20 yaşlı gənc başqa dildə tamaşa görüb həvəslənib və öz ətrafı, dostları ilə yenilik etmək istəyib. Amma belədə də sual çıxır ortaya, bəs Mirzə Fətəli öz dilimizdə, millətimizi, onun problemlərini əks etdirən pyes yazmasaydı, onda necə?! Elə Həsən bəy Zərdabi də bəzi çağdaş “ziyalıların” təbiri ilə “işin-gücün yoxdu?” sualını versəydi, köməyini əsirgəsəydi, gənc oğlanlar qadın rolu oynamağa razılaşmasaydılar?! Azərbaycanda teatr olmayacaqdı, hə?! Ya da çox gec olacaqdı... Bunu bir an belə təsəvvür edəndə adamın qolları yanına düşür.

Sənətin heç nəyə təsir etməməsi, heç nəyi dəyişməməsi düşüncəsi ilə qəti razı deyiləm. Zövqünə inandığım adamın primitiv bir adam görən kimi “get bir-iki kitab oxu” - deməsini eşidəndə təəccüblənirdim həmişə, axı 1-2 kitab adama nə edəsidir ki... Auditoriyaya girəndən, universitetdə dərs deyəndən sonra bunun effektini anladım. Doğrudan da kitab oxuyan adamın necə dəyişildiyini, üzünün-gözünün ifadəsinin dərinləşdiyini gördüm. Səhnə isə daha geniş kütlələrə müraciət üçündür. Həm də elə təməlindən teatr zövq vermək üçün yaradılıb. Özü də kimə? Allaha! Hə, qədim yunanlar teatrı Dionisi “əyləndirmək” məqsədiylə yaratmışdılar. Allahın kefini açırdılar ki, məhsulları bol olsun, şərabları çox olsun və yaşamaq daha rahat olsun. Məncə, bu qədər əsrlərdən sonra yenə heç nə dəyişilməyib. Elə Tiflisdə çıxan “Kavkaz” qəzeti də 25 mart 1873-cü il sayında ilk milli teatr tamaşası barədə məlumatda bu məqamı vurğulamışdı. Qəzetdə yazılırdı ki, tamaşa hazırlamaqda məqsəd müsəlman əhlinə zövq vermək olub. Bəli, müsəlman əhli, indiki halda xalq, lap elə kütlə nə qədər böyük zövq alsa, mənən nə qədər rahat olsa, yaşamaq o qədər sadələşər, daha doğrusu, böyük problemlər gözə görünməz. Yəqin elə bunu bildiyi üçün o hadisədən sonra Mirzə Fətəli Axundzadə Həsən bəy Zərdabiyə “ömrümü on il uzatdınız” yazıb təşəkkür edirdi.

Amma bu, başlanğıc idi... Sənətin qarşısında daha böyük işlər, balacadan böyüyə bütün xalqın mənəvi-estetik tərbiyəsi üçün daha böyük çabalar vardı... 

90 İL GERİYƏ... 

Elə Gənc Tamaşaçılar Teatrı da kiçik arzudan yarandı. 16 yaşlı Ağadadaş Qurbanov və onun dostlarının arzusu, təşəbbüsü ilə qurulan tamaşanın premyerası 1927-ci il mart ayının 15-də oldu. Afişada yazılırdı: “Bu gün Pioner dəstə rəhbəri Lətif Kərimlinin quruluşunda “Fırtına” tamaşası göstəriləcəkdir”. Həmin tamaşa ilə Azərbaycanda  uşaq teatrının təməli qoyuldu. 1928-ci ildə Azərbaycan Xalq Maarif Komissarlığının qərarı ilə Bakı Uşaq teatrı rəsmi olaraq fəaliyyətə başladı. Teatrın ilk aktyorları və rejissorları Ağadadaş Qurbanov, Məmmədağa Dadaşov, Yusif Əminli, Minə Abdullayeva, Yusif Dadaşov, Susanna Məcidova, Cavahir İskəndərova, Süleyman Ələsgərov, Hüseynağa Sadıxov, Kərim Həsənov, Zəfər Nemətov, Məhərrəm Haşımov, Əliməmməd Atayev oldular.

1936-cı il iyul ayının 18-dən etibarən Bakı Uşaq teatrı Azərbaycan Xalq Maarif Komissarlığının əmrinə əsasən “Azərbaycan Dovlət Gənc Tamaşaçılar Teatrı” adlandırıldı. 1936-cı ildə Moskvada rejissorluq fakültəsini bitirən Məhərrəm Haşımov teatrın baş rejissoru təyin olundu. O, teatrın həm rus, həm də Azərbaycan bölməsində V.Lyubimovanın “Seryoja Streltsov” əsərinə quruluş verdi.

1937-ci ildə isə görkəmli uşaq yazıçısı Abdulla Şaiq teatrın ədəbi hissə müdiri təyin olundu. Onun “Xasay”, “Eloğlu”, “Fitnə”, Mirmehdi Seyidzadənin “Qızılquş”, “Nərgiz”, Əyyub Abbasovun “Azad”, “Məlikməmməd” əsərləri ilə teatrda ilk milli uşaq tamaşalarının əsası qoyuldu.

Bu rəqəmləri və o illərdə görülən işləri düşünəndə heyrətlənir insan. Çağdaş zamanda sosial şəbəkədə kifayət qədər “like” olunmamış adam dəftər-darağını götürüb getmək istəyir, “mənə yetərincə dəyər verilmədi” - deyir. Amma o zamanlar 37 kimi, 41-45 kimi rəqəmlərin xofu altında uşaqlar üçün əsər yazır, tamaşa hazırlayırmışlar. Əslində, mahiyyətə varanda səhnə, teatr xilasdı, sehrli aurası, mühiti ilə yaradıcı adam üçün bunkerdir. Amma bununla belə, sənət həyatdan, tarixdən, siyasətdən ayrı ola bilməz. Dörd dövrəndə sözün həqiqi, ya məcazi mənasında müharibə gedir, qan tökülürsə, qapını kip bağlayıb, yaxud səhnədə “qapanıb” atılıb-düşə bilməzsən... Bütün ağrılar içindən keçib sənətinə ötürülür!

7 dekabrda Gənc Tamaşaçılar Teatrının yubileyində də Mədəniyyət naziri Əbülfəs Qarayev çıxışında məhz bu məqamları vurğuladı. Ölkənin, millətin tarixi ilə yanaşı gedən, yaxud onu əks etdirən sənətdən, teatrdan danışdı. Axı təkcə Sovetlərin tərkibində olanda yox, elə müstəqilliyin gəlişi ilə də müxtəlif ağrılar, bəlalar, itkilər kəsdirdi millətin başının üstünü və bu gün teatrın yubiley təntənəsində sadəcə deyib-gülə bilməməyimiz, həm də ağrılı, ürək dağlayan əsərləri, tamaşaları yada salmağımız, ayrıca bir müharibə bölümünə müraciətimiz elə-belə deyil. Söylədiyim kimi, teatrın tarixi, keçdiyi yol, elə bütöv millətin ömür yolunun güzgüdəki əksidir. İstər mənəvi, istər elə fiziki mənada ölkədə baş verən hadisələr sənətə birbaşa təsir edir. İndi teatrın aktyorları o çətin illəri yada salanda elə faktlar deyirlər ki, bu adamların gücünə, səbrinə, fədakarlığına heyrətlənməyə bilmirsən.

Qarabağ müharibəsi zamanı, ondan sonra da hər şeyə marağın, sənətin gücünə inamın tükəndiyi bir vaxtda bumbuz zalda tamaşa göstərirlərmiş. Teatrın aktyorları cəmisi bir neçə tamaşaçı üçün oynamalarını danışanda, həm də bunun gülməli tərəflərini şərh eləyəndə bilmirsən güləsən, ya ağlayasan... Görünür, bütün zamanlar və dövrlərdə sənət fədakarlıq tələb edir. Və bunun nəticəsi gec-tez mütləq olur.

Bəlkə elə bu adamların fədakarlığına görə, hələ üstəgəl, ölkə miqyasında qayğının nəticəsi olaraq Gənc Tamaşaçılar Teatrının qazandığı uğurları sadaladıqca sadalamaq olar... Əlbəttə, hamısını yada salmaq mümkün deyil, amma bir neçə festival adı çəkməyi özümə borc bilirəm. Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilən Türkdilli ölkələrin ənənəvi 9-cu Beynəlxalq Teatr festivalı, Krım Muxtar Respublikasının paytaxtı Simferopol şəhərində keçirilən XII Beynəlxaq Antik İncəsənət Festivalı, İran İslam Respublikasının Qurqan şəhərində keçirilmiş 32-ci  Beynəlxalq “Fəcr” teatr festivalı, Sankt-Peterburqda keçirilən II Beynəlxalq “ArtOkraina” mono və kiçik həcmli tamaşalar festivalı, Əl-Füceyra Əmirliyində (BƏƏ) keçirilən V Monodram Beynəlxalq Teatr Festivalı, Təbriz şəhərində keçirilən “Əlif” Beynəlxalq festivalı və s. Bütün bu festivallardan böyük uğurlar, birinciliklərlə qayıdıblar sənətkarlarımız. Və elə bu faktın özü, Azərbaycan teatrının ölkədən kənarda tanınması, qəbul olunması, sevilməsi düşüncəsi bütün ağrı-acıları unutdurur.  

BALACADAN BÖYÜYƏ...  

Teatrşünas Aydın Talıbzadə Gənc Tamaşaçılar Teatrının yubileyinə yazdığı “Qulliver teatrı” məqaləsində bir məqamı xüsusi vurğulayır: “Gənc Tamaşaçılar Teatrının aktyorlarının ifa manerası üçün səciyyəvi xüsusiyyətlərdən biri universallıqdır. Onlar həm azyaşlı uşaqlar, həm məktəblilər, həm də yeniyetmə və gənclər üçün səhnədə maraqlı olmaq qabiliyyətinə malikdirlər və bu aktyorlar ruhən heç vaxt qocalmırlar, sanki özlərini həmişə balaca cocuqlarla birgə hiss eləyirlər, digər teatrlarda çalışan həmkarlarından fərqli daha sadə, daha səmimi, daha ünsiyyətcil olurlar. Bu, onların uşaq dünyasına yaxınlığından irəli gəlir”. Bu dəqiq şərhi ən müxtəlif tamaşaların timsalında davam etdirərək demək olar ki, məhz bu cəhət teatrın repertuarının zənginliyinə gətirib çıxarıb. Dünya və Azərbaycan klassiklərinə müraciət, həm müasir cizgi filmlərinin, həm də xalq nağıllarımızın səhnədən təqdimatı, eyni zamanda, çağdaş dramaturqların əsərlərinə yer verilməsi son dərəcə mühümdür. Bu mənada aktyorların hər mövzuda əsərdə, müxtəlif xarakterləri yarada bilmələri xüsusi vurğulanmalıdır. Həm yaşlı, həm də gənc nəsil sənətkarlar bu işin çətinliyinin,  üzərlərinə düşən missiyanın fərqindədirlər. Baş rejissor Bəhram Osmanov da bu günlərdə verdiyi müsahibədə teatrın missiyasını bir neçə kəlmə ilə şərh etmişdi: “7 yaşdan 77 yaşa kimi tamaşaçının maraq dairəsini duymaq və ona uyğun repertuar qurmaq lazımdır. Bu gün biz deyirik ki, uşaqlar kompüter oyunlarına, internet resurslarına meyllənirlər. Lakin görəndə ki, həmin uşaqlar tamaşada sadə bir keçinin ağlamasından təsirlənirlər, buna yalnız sevinmək olar. Əsas məqsəd mərhəmət hissini aşılamaqdır. Məncə, dünyanın buna ehtiyacı var!”

Teatrın repertuarındakı tamaşaları, aktyorların yaratdıqları xarakterləri göz önündən keçirəndə sanki bir missiya bölgüsü hiss olunur. Xalq artisti Cənnət Səlimova Şekspiri, Mirzə Fətəli Axundzadəni, Üzeyir Hacıbəylini təzə çağın dilində, müasir tamaşaçının qəbul edəcəyi formada, yeni şəkildə göstərir. Xalq artisti Vaqif Əsədov əsl nağıl estetikasını qoruyub saxlamaqla, uşaq tamaşalarında yüngül, rahat ovqat, böyüklər üçün əsərlərdə vəziyyətin dramatizmini qabardaraq düşündürməyə çalışır tamaşaçısını. Əməkdar incəsənət xadimi Bəhram Osmanov həm müasir, həm də klassik əsərlərin vasitəsiylə insanı, onun hisslərini, içindəki təbəddülatları, problemləri göstərir, xoş duyğuları tərənnüm edir... Əməkdar artist Nicat Kazımov uşaq tamaşalarında əsl bayram ovqatı, şən əhval-ruhiyyə yaradır, uşağı uşaq olduğuna sevindirir, amma eyni zamanda, böyüklər üçün hazırladığı tamaşalarda həyatın qəddar tərəfini, çətinliklərini də göstərməkdən çəkinmir.

Əslində, bu, bəlkə də zövq məsələsidir. Hər bir sənətkar həyatı, insanı öz gördüyü tərəfdən, öz üsulları ilə göstərməyə, anlatmağa çalışır. Şübhəsiz ki, alınan təhsilin, sənətkarın yetişdiyi mühitin əhəmiyyəti böyükdür. Amma bununla belə, hansısa ilahi bir sehr var ki, hər bir sənətkarın yaradıcılığında bir cür görünür, bir cür üzə çıxır. Bu mənada Gənc Tamaşaçılar Teatrının aktyorlarının da arasında belə bölgünü, o ilahi sehrin fərqli ifadəsini görə, duya bilərik. Estafeti böyüklərdən, klassik sənətkarlardan almış bugünkü yaşlı nəsil sadəcə bir məktəbdir. Ən gözəl uşaqlıq xatirələrimizin siması olan bu adamlar - Tariyel Qasımov, Ağaxan Salmanlı, Yasin Qarayev, Rahib Əliyev, Atabala Səfərov, Lətifə Əliyeva, Nübar Novruzova, Vahid Əliyev, Sona Babayeva, Məsumə Babayeva, Almaz Mustafayeva, Şəfəq Əliyeva, Naibə Allahverdiyeva, Qurban İsmayılov Azərbaycan teatr tarixində özünəməxsus yer tutmuş sənətkarlardırlar. Mən bu sənətkarların fəxri adlarını, mükafatlarını sadalamıram, ona görə ki, məncə, zamanla bu insanların adları vizit kartına çevrilib. Elə daha sonrakı nəsil haqqında da bunu demək olar. Şövqi Hüseynovun Şeyx Sənanını, Sançosunu, Nofəl Vəliyevin Aydınını, Mehriban Abdullayevanın Ledi Kapulletisini, Təhminə Məmmədovanın Budurunu, Sevinc Mehrəliyevanın Qaraca qızını, Güşvər Şərifovanın Xatirəsini, Elnur Hüseynovun Karraskosunu, Mehriban Hüseynovanın Dülsineyasını, İradə Rəşidovanın Annasını, Zülfiyə Alhüseynovanın Nigarını, Müşfiq Əliyevin Qulliverini, Genasını, Elşən Şıxəliyevin Canavarını, Elgün Yəhyanın Bərbərini, Anar Seyfullayevin Qoğalını, Səbinə Məmmədovanın Gövhərtacını, Tahir İsmayılovun Ayısını, Araz Pirimovun Aleksini, Ramil Məmmədovun Andresini, Elşən Hacıbabayevin Küçə musiqiçisinin hələ çox-çox illər xatırlayacaq tamaşaçı. Amma məsələ ayrı-ayrı obrazların necə yaradılmasında deyil, əsas şərt komanda olmaq məharətidir. Kollektivin üzvü kimi son zamanlarda müşahidə etdiyim sevindirici məqam odur ki, komanda ola bilir bu teatrın aktyorları. Görünür, elə bunun özü də 90 ildə nəsildən-nəsilə ötürülən dəyərdir.     

YENƏ VƏ HƏMİŞƏ SEVGİ  

Bəzən gənclər “nə qədər sevgidən yazmaq olar” deyəndə təəccüblənirəm.  Dahi mütəfəkkirlərdən sevgidən yazmaq haqqında soruşanda qısaca cavab veribmişlər: “Məgər ayrı nəyinsə mənası var ki?” Teatrın yubiley tamaşasına baxdıqca düşünürəm bütün digər mövzuları, problemləri “deyən”, “danışan” səhnə sevgidən danışanda ayrı cür görünür, başqa rəng, ovqat alır. İstedadlı aktyorlarımız - əməkdar artist Elnur Kərimovla Günel Məmmədova “Sarıköynəklə Valehin nağılını” danışırlar, Asya Atakişiyeva ilə Mirzağa Mirzəyev “Romeo və Culyetta”nın sevgisindən bəhs edirlər, Elnur Hüseynovla Aygün Fətullayeva Cəlal və Humayın ümidsiz məhəbbətini göstərirlər. Və birdən Leyli ilə Məcnun gəlir - Səbinə Məmmədova və Bəhram Həsənovun simasında. Nimdaş, üzülmüş geyimdə, qolu-qanadı qırılmış Məcnun-Bəhram “Leyli” - deyib zarıyır... Səbinə Leylinin ağrısını o qədər içdən çatdırır ki, sadəcə söz tapmırsan və bəlkə ilk dəfə Azərbaycan səhnəsində Leyli ilə Məcnun bu cür sarılırlar bir-birinə... Məcnunun dilindən verilən sözləri birgə səsləndirirlər:

Cövrü çox eyləmə kim,
olmaya nagəh tükənə,
Az edib cövrü cəfalar
qılıban canimizə.
Əskik olmaz ğəmimiz bunca ki,
bizdən ğəm alıb,
Hər gələn ğəmli gedər,
şad gəlib yanimizə.

Füzulinin XVI, İlyas Əfəndiyevin, Səməd Vurğunun XX əsrdə yazdığı sevgi XXI əsrdə də təsirləndirirsə, bu istedadlı aktyorların ifasında insanın yatmış duyğularını oyadırsa, ayrı şərhə ehtiyac da yoxdur deməli... Sevgi və həmişə sevgi.

Elə bunu yaza-yaza düşünürəm, axı sevginin müxtəlif formaları var. Elə bu yaradıcı kollektivin də duyğusunun adı sevgi deyilmi? Bəli, bu tədbirin yüksək səviyyədə baş tutmasından ötrü əlindən gələni edən hər kəsin, teatrın direktoru Naidə xanım İsmayılzadə başda olmaqla ən sadə bir əməkdaşa qədər hamının içində sevgi var, bu teatra, bu səhnəyə sevgi...  



P.S. DON KİXOT...

Teatrın yubiley tədbiri sona yaxınlaşır. Əvvəldən Rasim Cəfərovun göydən, qanadlı bir ilham mənbəyi kimi gəlişi ilə başlanan tədbir “Bremen musiqiçiləri” tamaşasından şən bir parça ilə sona çatır. 90 ili bir saatda “danışmaq”, bütöv tarixi bir neçə tamaşadan hissələrlə çatdırmaq, göstərmək mümkün də deyil. Tədbirin quruluşçu rejissoru Vaqif Əsədov müxtəlif estetikaları sintez etməklə, fərqli səhnə əsərlərindən parçaları ardıcıl göstərməklə ümumi bir təsəvvür yaratmağa müvəffəq oldu. Amma bir yandan da Azərbaycana aid olan, sənəti az-çox duyan hər kəsin bu teatr, bu mühit, bu dünyadan xəbəri var.

... Musiqi kəsilir və bugünlərdə “Don Kixot”u Azərbaycanca danışdıran, səhnədə canlandıran Xalq artisti Qurban İsmayılov, daha doğrusu, elə Don Kixotun özü səhnəyə çıxır. Axı doğrudan da hər şeyin bir sonu var və insanı, yaradıcı adamı bu SON qədər heç nə təsirləndirə, kədərləndirə bilməz... Elə ona görə də, Don Kixot deyir ki: “Bitdi? Yəni doğrudan bitdi? Bir azdan pərdə bağlanacaq və hamı çıxıb gedəcək evinə, bu bina da tək qalacaq, işıqlar da sönəcək, hə?! Eybi yox, hər şeyin bir sonu olmalıdı axı... Gün bitməlidi, gecə düşməlidi ki, sabah yenidən səhər açılsın. Bunu cəngavər romanlarında oxumuşam. Cəngavərlər özlərini heç vaxt məğlub hesab etməzlər. Bu bayram bitdisə, qoy bitsin... Sabah yeni bir mübarizə, növbəti qələbə gözləyir bizi. Axı səhnə elə həmişə bayramdır. Sabah yenə, yenidən başlanacaq hər şey. İşıqlar da yanacaq, musiqi də səslənəcək, yüz-yüz illərdi bitib tükənməyən teatr adlı möcüzə davam edəcək. Mən əminəm ki, hələ min-min illər bu sənət yaşayacaq! Elə biz də çalışdıq, rahatlığımızı bu səhnədə tapdıq... Təslim olmaq qadağandır! Yorulmadan, döyüşərək, vuruşaraq istəyimizə nail olacağıq. Həmrəylik, bərabərlik, dostluq əvvəl-axır yer üzündə bərqərar olacaq”.

Qurban müəllimin bu sözləri sənətin bütün dünyaya meydan oxuması kimi səslənir. Bəli, yaşayacaq bu sənət. Ən azı ona görə ki, bu qədər adamı eyni vaxtda bir yerə toplayıb onlara “Səhnəni heç nə əvəz etməz” dedirdən ruh var, sevgi var...

90 yaşın mübarək, əziz teatr!

 





08.12.2018    çap et  çap et