525.Az

Qərb bölgəsinin pedaqoji kadrlar ocağı yubileyini qeyd edib


 

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN YARANMASININ 80 İLLİYİ MÜNASİBƏTİLƏ KONFRANS KEÇİRİLİB, BU TƏHSİL MÜƏSSİSƏSİNİN YENİ KORPUSU DA İSTİFADƏYƏ VERİLİB

Qərb bölgəsinin pedaqoji kadrlar ocağı yubileyini qeyd edib<b style="color:red"></b>

Respublikamızın pedaqoji kadrlar hazırlayan ən qocaman ali təhsil müəssisələrndən  olan Gəncə Dövlət Universitetinin fəaliyyətə başlamasından 80 il keçir.
 
Azərbaycan Xalq Komissarları Sovetinin 14 aprel 1938-ci il tarixli qərarı ilə İkiillik Müəllimlər İnstitutu kimi 23 müəllim və 244 tələbə ilə fəaliyyətə başlayan, 1943-cü ildə Həsən bəy Zərdabi adına Kirovabad (1989-cu ilin dekabrınacan Gəncə) Dövlət Pedaqoji İnstitutuna çevrilən və nəhayət, 2000-ci ildə ölkə rəhbərinin fərmanı ilə profili genişləndirilərək Gəncə Dövlət Universiteti statusu alan, zəngin ənənələrə malik bu ali təhsil ocağı ötən səkkiz onillik ərzində səriştəli pedaqoji kadrlar hazırlayıb və xüsusən, bölgələrimizdə maarifçiliyin inkişafına öz töhfəsini verib. Yubiley münasibətlə universitetdə keçirilən təntənəli tədbirdə də elə bu haqda söhbət gedib.

Konfransda təhsil naziri Ceyhun Bayramov, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, respublikamızın və dünyanın bir sıra nüfuzlu universitetlərinin, elm-təhsil mərkəzlərinin nümayəndə heyətləri, görkəmli alimlər, Milli Məclisin deputatları, ictimai xadimlər və universitetin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

GDU-nun rektoru, professor Yusif Yusibov universitet haqqında məlumat verərək bildirib ki, hazırda universitetdə 8 fakültə, 13 şöbə, 8 mərkəz fəaliyyət göstərir, 6 min nəfərdən çox tələbə təhsil alır, onların təlim-tərbiyəsi ilə 550 nəfərə qədər professor-müəllim heyəti məşğul olur; universitet yüksək keyfiyyətli maddi-texniki bazaya malikdir və onun 5 tədris binası, tələbə yataqxanası və 655 min nüsxə fonda malik kitabxanası var. Bütün tədris binaları əsaslı surətdə təmir olunub və auditoriyalarda keyfiyyətli tədris prosesi üçün lazımi şərait yaradılıb, hazırda bakalavriat səviyyəsində 40, magistratura səviyyəsində 63 ixtisas üzrə kadr hazırlığı aparılır.

"Son illər Gəncə Dövlət Universitetinə, onun kollektivinə olan inamın nəticəsi olaraq tələbə qəbulu planının yerinə yetirilməsi 97 faizə qədər yüksəlib və GDU respublika universitetləri içərisində ilk üçlüyə daxil olub. Həmçinin, universiteti seçən yüksəkballı tələbələrin sayında da artım müşahidə olunub. Hal-hazırda 90 nəfərdən çox tələbə "Gələcəyin müəllimi" təqaüdünü alır. Bu, universitet üçün son 10 ilin ən yaxşı göstəricisidir və tədris üçün yaradılan şəraitin və maddi-texniki bazanın yaxşılaşdırılmasının nəticəsidir" - deyə, rektor qeyd edib.

Çıxışlarda o da vurğulanıb ki, ölkə rəhbərinin diqqət və qayğısı nəticəsində ölkəmizdə ali təhsilin keyfiyyəti beynəlxalq tələblər səviyyəsinə çatdırılıb, universitetlərimiz dünyanın nüfuzlu ali təhsil ocaqları ilə sıx əməkdaşlıq əlaqəqələri qurub.

Yubiley günündə qonaqların iştirakı ilə universitetin yeni və ən böyük tədris binası olan 5-ci korpusun əsaslı yenidənqurmadan sonra açılışı olub. Ümumi ərazisi 4,8 hektar olan 4 mərtəbəli tədris binası müasir infrastruktura və zəngin maddi texniki bazaya malikdir. Bu binada   94 auditoriya və  ofis otaqları, idman salonu və iki  iclas zalı var. Həmçinin, yeni tədris binasının nəzdində Heydər Əliyev guşəsi, universitetin tarixini əks etdirən muzey, Türkiyə Respublikasının TİKA (Beynəlxalq əməkdaşlıq və inkişaf üzrə Türkiyə agentliyi) qurumunun dəstəyi ilə yaradılan,  30 min nüsxə kitab fonduna malik olan Nuru Paşa adına kitabxana, Əlil Tələbələr üçün Tədris-texniki Mərkəz, Müasir Təlim Mərkəzi, Dil Resursları Mərkəzi, Elektron tədris  Mərkəzi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Fransanın Azərbaycandakı Səfirliyi razılaşması əsasında bu ölkənin Yuxarı Elzas Universiteti ilə əməkdaşlıq çərçivəsində yaradılan Aleksandr Düma adına Fransa Mədəniyyət Mərkəzi mövcuddur.

Yubiley tədbirlərində Prezident İlham Əliyevin 2018-ci il 31 oktyabr tarixli Sərəncamı ilə təhsilin inkişafındakı xidmətlərinə görə Gəncə Dövlət Universitetinin Fəxri adlar verilən və "Tərəqqi" medalı ilə təltif olunan 23 nəfər əməkdaşına həmin dövləti mükafatlar təqdim edilib.

Zakir Muradov
Gəncə

 





07.12.2018    çap et  çap et