525.Az

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kollegiya iclası


 

SAHİL BABAYEV: "ƏLİLLİYİN QİYMƏTLƏNDİRİLMƏSİ MEYARLARININ BEYNƏLXALQ STANDARTLARA UYĞUNLAŞDIRILMASI İSTİQAMƏTİNDƏ İŞLƏR APARILIR"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kollegiya iclası <b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının sosial xidmət, tibbi-sosial ekspertiza və reabilitasiya, icra intizamına əməl olunması, sosial obyektlərin tikinti və təmiri sahələrində görülən işlərin müzakirəsinə və bu sahələrdə qarşıda duran vəzifələrin müəyyən edilməsinə həsr olunmuş iclası keçirilib.

Nazirlikdən verilən məlumata görə, iclasda kollegiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin sosial sahənin inkişafı və bu sahədə əhaliyə xidmətlərin keyfiyyətinin yüksəldilməsi ilə bağlı islahatlar proqramına uyğun olaraq nazirlikdə islahatların aparıldığını vurğulayıb. O bildirib ki, görülən işlər, eyni zamanda, sosial xidmət, tibbi-sosial ekspertiza və reabilitasiya sistemlərinin müasir dünya təcrübəsindəki səmərəli iş metodlarının, fərdi reabilitasiya proqramlarının tətbiqi ilə yenidən qurulmasına, bu sahələrdə sosial reabilitasiya istiqamətinin gücləndirilməsinə xidmət edir: "Bu sahədə xidmətlər elə qurulmalıdır ki, xidmət göstərilən kateqoriyaların sosial statusunun daha effektiv yollarla bərpa olunması və cəmiyyətin fəal hissəsinə çevrilməsi ilə nəticələnsin".

S.Babayev qeyd edib ki, ölkədə 15 min insan stasionar və səyyar formada sosial xidmətlərlə təmin olunur: "Hazırda sosial xidmət sisteminin sosial işçi modelinin tətbiqi əsasında təkmilləşdirilməsi üçün müvafiq işlər aparılır. Həmçinin, nazirliyin 14 bərpa mərkəzi var və onlarda fiziki məhdudiyyətli insanlara əsasən tibbi reabilitasiya xidmətləri göstərildiyindən, həmin müəssisələrin fəaliyyətində sosial reabilitasiya tədbirləri genişləndiriləcək. Mərkəzlərdə bir sıra neqativ hallar - qəbul zamanı süründürməçilik, ayrı-seçkilik kimi halların aradan qaldırılması işləri aparılımaqla, əməkdaşların əmək funksiyalarının icrası zamanı qanunvericiliyin tələblərinə əməl edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib".

Nazir diqqətə çatdırıb ki, artıq "Əlilliyi olan şəxslərin bərpa mərkəzlərinin inkişaf Konsepsiyası"nın, eləcə də "Dövlət reabilitasiya müəssisələrinin təşkili və fəaliyyəti qaydası"nın, "Fərdi reabilitasiya və abilitasiya proqramının hazırlanması və həyata keçirilməsi qaydası"nın, "Özəl və bələdiyyə reabilitasiya subyektləri üçün standartlar"ın və s. layihələri işlənib hazırlanıb. Digər tərəfdən, Mərdəkan Müalicə Pansionatında, Naftalan şəhərindəki və Yevlax rayonundakı Əlilliyi olan şəxslərin Bərpa Mərkəzlərində təmir işləri sürətləndirilib.

S.Babayev qeyd edib ki, sosial xidmət və reabilitasiya sahələrində kadr personalının bilik və peşəkarlıq səviyyələrinin artırılması, əlilliyin qiymətləndirilməsi meyarlarının mütərəqqi beynəlxalq standartlara uyğunlaşdırılması kimi vacib istiqamətlərdə də işlər aparılır.

Nazir Tibbi-sosial ekspert komissiyaları tərəfindən fərdi reabilitasiya proqramlarının tərtib edilməsinin, bərpa mərkəzlərində bərpa müalicəsi almış şəxslərin sonrakı sosial statusu və vəziyyəti barədə məlumatların əldə edilməsi üçün mexanizmin qurulmasının, bu məqsədlə mərkəzləşmiş elektron məlumat bazasının yaradılmasının vacibliyini diqqətə çatdırıb.

Nazirliyin sifarişi ilə sosial obyektlərin tikintisi və təmiri sahələrində aparılan işləri qeyd edən S.Babayev bu sahələrdə işlərin sürətlə və keyfiyyətlə aparılmasının əsas vəzifələrdən olduğunu bildirib.

CEYHUN

 





07.12.2018    çap et  çap et