525.Az

Aqrar Universitetdə Cəlal Əliyevin yubileyi ilə bağlı silsilə tədbirlər davam edir


 

"AKADEMİK CƏLAL ƏLİYEV VƏ BİOLOJİ MÜXTƏLİFLİYİN GENETİK EHTİYATLARI" MÖVZUSUNDA RESPUBLİKA ELMİ-PRAKTİK KONFRANSI KEÇİRİLİB

Aqrar Universitetdə Cəlal Əliyevin yubileyi ilə bağlı silsilə tədbirlər davam edir<b style="color:red"></b>

Gəncə Dövlət Aqrar Universitetində akademik Cəlal Əliyevin 90 illik yubileyi münasibəti ilə konfrans keçirilib.

Azərbaycan Respublikası Prezidentinin 22 may 2018-ci il tarixli  "Akademik Cəlal Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında" sərəncamının icrası ilə  əlaqədar təsdiq olunan tədbirlər planına əsasən təşkil olunan konfransı giriş sözü ilə açarkən, universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov akademik Cəlal Əliyevin 90 illik yubileyi ilə əlaqədar 2018-ci il ərzində bu aqrar ali təhsil ocağında keçirilən "Cəlal Əliyev Azərbaycan biologiya elminin ən görkəmli şəxsiyyətlərindən biridir" mövzusunda elmi-nəzəri konfrans, "Akademik Cəlal Əliyevin elmi irsini öyrənirik" mövzusunda gənc tədqiqatçıların elmi-praktik konfransı, tələbələr arasında "Akademik Cəlal Əliyev görkəmli bioloq və ictimai-siyasi xadimdir" mövzusunda inşa yazı müsabiqəsi, Aqronomluq fakültəsinin Taxıl və paxlalı bitkilər sahəvi laboratoriyasında professor-müəllim heyəti, tələbələr və bölgənin bir sıra fermerləri ilə auditoriyada və taxıllar üzrə nümayiş sahəsində tarla günləri, akademik Cəlal Əliyev adına bitki fiziologiyası laboratoriyasının açılışı və digər tədbirlər barədə danışıb.
 
Bugünkü "Akademik Cəlal Əliyev və bioloji müxtəlifliyin genetik ehtiyatları" mövzusunda keçirilən respublika elmi-praktiki konfransının əhəmiyyətini vurğulayan  rektor eyni zamanda, respublikanın müvafiq ali təhsil və elmi-tədqiqat müəssisələrindən, o cümlədən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Dövlət Aqrar Universiteti,  AMEA-nın Genetik Ehtiyatlar İnstitutu, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Botanika İnstitutu, Dendrologiya İnstitutu,  Mərkəzi Nəbatat Bağı, Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Gəncə bölməsi, Təhsil Nazirliyinin Gəncə Dövlət Universiteti, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qida Təhlükəsizliyi İnstitutu kimi təsisatlardan  100-dən çox məqalənin konfransa  məruzə üçün təqdim edildiyini bildirib. Məqalələr akademik Cəlal Əliyevin apardığı fundamental araşdırmaların və elmi nailiyyətlərin müxtəlif aspektlərinə həsr olunmaqla məcmu halında nəşr edilib.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimovun təbrikini konfrans iştirakçılarına çatdıran nazir müavini Seyfəddin Talıbov  Azərbaycanın görkəmli alimi, tanınmış ictimai xadim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor  Cəlal Əliiyevin Azərbaycanda biologiya elminin bir sıra yeni istiqamətlərinin müəyyənləşdirilməsində və onun aktual problemlərinin həllində, bütövlükdə aqrar elmin inkişafında, həmçinin, buğda bitkisinin məhsuldarlığının əsası kimi fotosintez prosesinin kompleks tədqiqində rolundan danışıb.

Konfransın plenar iclasında AMEA-nın Gəncə Bölməsinin sədri,  akademik Fuad Əliyev, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktor müavinləri Natiq Allahverdiyev və Ələmdar Məmmədov, laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü İbrahim Əzizov, aparıcı elmi işçisi Şahniyar Bayramov, AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun genetik bankının müdiri Sevinc Məmmədova, Botanika İnstitutunun təhsil şöbəsinin müdiri Rəşad Səlimov və laboratoriya müdiri Pərvanə Qaraxani,  Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Əkinçilik İnstitutunun direktoru Cavanşir Təlai, direktor müavini Şikar Əhmədov, Azərbaycan Dövlət Aqrar Universitetinin biologiya kafedrasının müdiri, professor Zaur Hümbətov və başqaları maraqlı məruzələrlə çıxış ediblər.

Konfrans öz işini bölmələrdə davam etdirib. Konfransın yekununda aqronomluq fakültəsində akademik Cəlal Əliyev adına Bitki fiziologiyası laboratoriyasına baxış keçirilib.

Zakir Muradov
Gəncə

 





07.12.2018    çap et  çap et