525.Az

AQTA "Sağlam məktəbli" layihəsini davam etdirir


 

AGENTLİYİN ƏMƏKDAŞLARI BAKININ NİZAMİ RAYONUNDA YERLƏŞƏN 12 SAYLI MƏKTƏBDƏ OLUBLAR

AQTA "Sağlam məktəbli" layihəsini davam etdirir<b style="color:red"></b>

Dünən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları maarifləndirmə tədbirləri çərçivəsində Bakının Nizami rayonunda yerləşən 12 saylı orta məktəbdə olublar.

AQTA-dan verilən məlumata görə, tədbirdə məktəblilərə agentliyin fəaliyyət istiqamətləri ilə bağlı məlumatlar verilib, "Qida zənciri", "Qida məhsullarında etiket qaydaları" videoçarxları təqdim olunub, bu sahədə vətəndaş məsuliyyətinin və ictimai nəzarətin önəmindən danışılıb.

Daha sonra agentlik əməkdaşları "Qida təhlükəsizliyində insan amili" təqdimatını şagirdlərə nümayiş etdirib. Məktəblilərlə görüş çərçivəsində "Məktəb bufetlərində qida təhlükəsizliyi", "İlkin qida təhlükəsizliyi vərdişləri", "Enerji içkilərinin ziyanları", "Suyun və faydaları və iondan düzgün istifadə qaydaları", "Qida zəhərlənmələri" kimi mövzularda şagirdlərlə fikir mübadiləsi aparılıb.

Sonda agentliyin mütəxəssisləri məktəbliləri maraqlandıran sualları cavablandırıb və şagirdlərə sağlam qidalanma ilə bağlı maarifləndirici materiallar paylayıb.

Qeyd edək ki, layihənin keçirilməsində məqsəd məktəblilər arasında qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır. Layihə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, AQTA-nın Bakı Şəhəri İdarəsi və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşlarının iştirakı ilə həyata keçirilir və cari ilin sonunadək Bakı şəhərində fəaliyyət göstərən 9 ümumtəhsil müəssisəsində həyata keçirilməsi nəzərdə tutulub.

C.ABASOV

 





07.12.2018    çap et  çap et