525.Az

Ermənistanın siyasəti və diplomatiyasının növbəti məğlubiyyəti


 

Ermənistanın siyasəti və diplomatiyasının növbəti məğlubiyyəti<b style="color:red"></b>

Məlum olduğu kimi, dekabrın 6-da Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü keçirilib.

Prezident İlham Əliyev Rusiya prezidenti Vladimir Putinin dəvəti əsasında MDB dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısında iştirak edib. Bu qəbildən olan zirvə toplantılarında MDB çərçivəsində il ərzində görülən işlər barəsində geniş fikir mübadiləsi aparılır və gələcək fəaliyyət istiqamətləri ətraflı müzakirə olunur. MDB dövlət başçılarının qeyri-rəsmi Sankt-Peterburq görüşü də işgüzar və səmimi şəraitdə keçirilib, dövlət başçıları birlikdə nahar ediblər, daha sonra isə Mariinskiy Teatrda “Şelkunçik” balet tamaşasına baxıblar. Tamaşa zamanı Prezident İlham Əliyev tədbirə ev sahibliyi edən Rusiya prezidenti Vladimir Putinin yanında sağda əyləşib. Bu, dövlətimizin başçısına və onun şəxsiyyətinə xüsusi hörmətin və ehtiramın əlamətidir.

Tədbir çərçivəsində Prezident İlham Əliyevin Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ilə də söhbəti olub. Söhbət əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə fəal danışıqların davam etdirilməsi və atəşkəs rejiminin möhkəmləndirilməsi ətrafında müzakirələr aparılıb. Bu əsla münaqişənin dondurulması və ya qəbuledilməz olan status-kvonun saxlanması anlamına gəlməməlidir. Azərbaycanın qəti mövqeyi ondan ibarətdir ki, işğala əsaslanan status-kvo tezliklə dəyişdirilməlidir.

Eyni zamanda, söhbət çərçivəsində Ermənistan və Azərbaycan arasında saxlanılan şəxslərin qarşılıqlı şəkildə dəyişdirilməsi məsələsi də müzakirə olunub. Prezident İlham Əliyev Azərbaycanın bu məsələdə mövqeyini vurğulayaraq bildirib ki, “hamının hamıya” prinsipi əsasında dəyişdirmə tam olmalı və o cümlədən, Dilqəm Əsgərov və Şahbaz Quliyev onların arasında yer almalıdır. Humanist xarakter daşıyan bu kimi addımlar danışıqlar prosesinə müsbət təsir göstərə bilər. ATƏT-in Minsk Qrupunun həmsədrləri də bu mövqeyi dəstəkləyir və ona görə də Ermənistan tərəfi bunu nəzərə almalıdır.

Dövlətimizin başçısı Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün böyük səylər göstərir və bu məsələni daim diqqətdə saxlayır.

Bugünlərdə Avrasiya İqtisadi Birliyinin Sankt-Peterburqda keçirilmiş iclasında Ermənistan təcrid olun duruma düşüb. Belə ki, dekabrın 6-da Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, növbəti baş katib Belarusdan olacaq: “Prinsipcə baş katib məsələsi ilə bağlı problemi həll etmişik. KTMT baş katibi vəzifəsinə Belarus nümayəndəsi təyin olunacaq. Nursultan Abişeviç də (Qazaxıstan prezidenti Nursultan Nazarbayev) bunu vaxtilə deyirdi. Ancaq biz bu təyinatın necə baş verəcəyi lə bağlı sxem və sistem üzrə razılığa gəldik”.

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın mətbuat katibi Arman Eqoyan prezident Aleksandr Lukaşenkonun KTMT baş katibinin Belarusun nümayəndəsi olacağına dair bəyanatını təkzib etsə də, artıq belə bir qərarın verildiyi məlumdur.

Belə ki, Ermənistanın baş naziri vəzifəsini icra edən Paşinyanın rəyi nəzərə alınmadan üzv dövlətlər tərəfindən bu barədə qərar qəbul olunacaq. Ermənistanın baş katib vəzifəsini özlərində saxlamaqla bağlı bütün səyləri iflasa uğrayıb. Bu, ümumilikdə Ermənistanın siyasəti və diplomatiyasının növbəti məğlubiyyətidir. Heç kimə sirr deyil ki, yeni baş katibin təyinatı məsələsini Prezident İlham Əliyev Ermənistan istisna olmaqla, KTMT-yə üzv olan bütün ölkələrin dövlət başçıları ilə bu və ya digər formada müzakirə edib.

Sözsüz ki, işğalçı dövlət olaraq, Ermənistanın çoxsaylı xarakter daşıyan hər bir siyasi, diplomatik, iqtisadi və digər müstəvilərdə olan məğlubiyyəti Azərbaycanın qələbəsi kimi dəyərləndirilə bilər. Çünki bu məğlubiyyətlərin şərtləndirilməsində Azərbaycanın rolu kifayət qədər böyükdür. Nəticə etibarilə, Ermənistanın tamhüquqlu üzv olduğu KTMT-də növbəti dəfə alçaldıcı məğlubiyyəti bu sıradan olan nümunələrdən biridir. Prezident İlham Əliyev bəziləri kimi deklarativ deyil, dərin strateji düşüncə və praqmatik baxışlar əsasında yüksək məharətlə və müdrikliklə “strateji diplomatiya” adlandırılan siyasət yürütmək iqtidarında olan şəxsiyyətdir. Bu “strateji diplomatiya” Azərbaycanın qələbəsini təmin edir, milli maraqlarımızın qorunmasına, ölkəmizin beynəlxalq münasibətlərdə mövqeyinin və rolunun gücləndirilməsinə xidmət edir”.

Azərbaycan Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də mətbuata açıqlamasında Ermənistanın KTMT baş katibi vəzifəsini itirdiyini deyib: “Kuluarlarda gedən söhbətlər onu deməyə əsas verir ki, MDB ölkələrinin qeyri-rəsmi zirvə görüşündən əvvəl Avrasiya İqtisadi İttifaqının sammitində KTMT baş katibi məsələsi müzakirə olunub. Çox dərinə getmək istəməzdim, amma bəzi mənbələrdən aldığımız məlumata görə, KTMT-nin baş katibi məsələsi ilə bağlı iclasda gərgin vəziyyət yaranıb. Bizdə olan məlumata əsasən, tam əminliklə deyə bilərik ki, Ermənistan KTMT-nin baş katibi vəzifəsini itirib”.

PƏRVANƏ

 





08.12.2018    çap et  çap et