525.Az

Heydər Əliyev: Təkrarolunmaz lider, dünya şöhrətli siyasi xadim


 

Heydər Əliyev:<b style="color:red"> Təkrarolunmaz lider, dünya şöhrətli siyasi xadim </b>

12 dekabr tarixi müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, Ümummilli lider Heydər Əliyevin anım günüdür.
 
Ulu öndər Heydər Əliyev 2003-cü il 12 dekabr tarixində vəfat edib. Onun fiziki yoxluğundan 15 il ötsə də, özünün misilsiz xidmətləri, dövlətimiz, xalqımız üçün etdikləri ilə hər zaman qəlblərdə yaşayır. Heydər Əliyev bütün dünyada böyük hörmət göstərilən, həm sovet dövrünün, həm də ondan sonrakı Azərbaycanın müstəqillik dövrünün dahi siyasətçisi, böyük dövlət xadimidir. Sağlığında tarixin yaddaşında əbədiləşmiş ulu öndər gördüyü ölçüyəgəlməz işləri, çətin anlarda qəbul etdiyi müdrik, düzgün qərarları ilə öz dahiliyini dəfələrlə sübut etmişdir.

Heydər Əliyevin ömür yolu Azərbaycanın tarixidir. Çünki onun ömrü məhz Azərbaycanın inkişafı, xalqımızın daha yaxşı yaşamasına həsr olunub. Ulu öndərin hakimiyyətdə olduğu 35 ilə yaxın müddət ərzində Azərbaycana bəxş etdikləri saymaqla bitmir. Əfsanəvi şəxsiyyət, böyük rəhbər, ümummilli lider, müasir müstəqil Azərbaycanın qurucusu, xalqın sevimli, unudulmaz övladıdır. O, Azərbaycan salnaməsində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan kimi qalıb.

Sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi illərdə respublikamızı inkişafına görə ittifaqın ön sıralarına çıxaran Heydər Əliyev, müstəqillik illərində də Azərbaycanı bir dövlət kimi məhv olmaqdan, parçalanmaqdan xilas etdi. O, həmişə olduğu kimi, xalqın çətin günündə xilaskarlıq missiyası ilə gəldi, Azərbaycanı qorumaq üçün yaşadı, Azərbaycanı yaşatmaq üçün qurub yaratdı.

“Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına xidmət olmuşdur”. Bu sözləri deyən ulu öndər Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqillik illərində qüdrəti və zəkası, böyük müdriklik və uzaqgörənliyi ilə Azərbaycanı dünya dövlətləri sırasında layiqli yerə çıxardı. O, keçmiş SSRİ-nin ən nüfuzlu siyasi xadimlərindən biri idi. Buna görə də “Azərbaycan sənin üçün kiçikdir, sən İttifaqa lazımsan”, - deyə onu Moskvaya dəvət etdilər. Amma burada o, həm də onu gözü götürməyən məkrli qorbaçovların xəyanətinə tuş gəldi.

Heydər Əliyev siyasi hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra hadisələr sürətlə cərəyan etməyə başladı. Minlərlə azərbaycanlı əzəli torpaqlarından, yurd-yuvalarından qovuldu.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet qoşunları Bakını işğal edib yüzlərlə insanı gülləbaran etdi. Bu ağır faciənin acısına dözməyən Heydər Əliyev heç bir təzyiq, təqib və təhdidə məhəl qoymadan, Moskvanın mərkəzində hiddət və qəzəbini bütün dünyaya bəyan etdi.

Vətəninə dönən Heydər Əliyevin qayıdışı isə daha möhtəşəm oldu. Ümidlə, inamla yolunu gözləyən xalqının arzusunu, istəyini gerçəkləşdirdi. Düzgün, müdrik siyasəti ilə Azərbaycanı fəlakətlərdən xilas etdi, sözün həqiqi mənasında xalqının xilaskarına çevrildi.

Xalqın istəyi, çağırışı ilə hakimiyyətə qayıdan ulu öndər qısa müddət ərzində bütün gücü ilə çalışaraq yenicə müstəqillik əldə etmiş, amma bu müstəqilliyi itirmək, parçalanmaq təhlükəsi ilə üz-üzə olan Azərbaycanı xilas etdi.

O zaman Ermənistan silahlı birləşmələri Azərbaycan ərazilərinin böyük bir hissəsini işğal etmiş, iqtisadiyyat iflasa uğramış, silahlı qruplaşmalar arasındakı çəkişmələr vətəndaş müharibəsi həddinə çatmışdı. Təcrübəli dövlət xadiminin böyük səyləri nəticəsində ölkədə qısa müddət ərzində ictimai-siyasi sabitlik bərpa olundu, bədnam qonşularımız tərəfindən torpaqların işğalının qarşısı alındı, Azərbaycanın yaxın gələcəkdə dünya siyasətində geosiyasi mövqeyini müəyyən edəcək siyasi-iqtisadi konsepsiya işlənib hazırlandı. Heydər Əliyev müstəqil Azərbaycanı siyasi fırtınaların cəngindən alıb, onun strateji mövqelərini bərpa etdi. Ona sabit ölkə imici qazandırdı.

Heydər Əliyev Ordu yaratdı, cəbhədə atəşkəsə nail oldu, iqtisadiyyatı dirçəltdi. Azərbaycanın müasir tarixində misilsiz işlərə imza atdı. Heydər Əliyev dövrü Azərbaycan tarixinin, mədəniyyətinin, elminin, təhsilinin qızıl dövrünə çevrildi.

Bütün bunlarla yanaşı, Heydər Əliyev çox böyük məharətlə özünün neft strategiyasını işləyib hazırladı. Ümummilli lider böyük uzaqgörənliklə dünyanın enerji tələbatının günbəgün artdığını görür, neft diplomatiyası dövrünün başlandığını və bu diplomatiyada ölkəsinin qazanacağı iqtisadi və siyasi dividendi yaxşı duyurdu. Dünyanın söz sahibi olan ölkələrinin nəhəng neft şirkətləri ilə intensiv danışıqlar başlandı.

1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Bunun çox böyük iqtisadi dəyəri ilə yanaşı, siyasi əhəmiyyəti ondan ibarət idi ki, Azərbaycan dünya iqtisadi siyasətinin maraq mərkəzinə çevrildi.

Ulu öndərin neft strategiyasının yeni bir mərhələsi Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri layihəsi oldu. Bəzi dövlətlərin qısqanclıqla yanaşdıqları və hətta reallaşacağına şübhə etdikləri BTC 2006-cı ildə işə salınanda BP şirkətinin prezidenti Con Braun onun əhəmiyyətindən danışaraq deyirdi: “BTC-nin fəaliyyətə başlaması dünyanın enerji xəritəsini dəyişdi”.

Amma dünyanın enerji xəritəsini dəyişən BTC yox, onun yaradıcısı, Azərbaycanın böyük oğlu Heydər Əliyev oldu.

Ümummilli lider müstəqil Azərbaycanın iqtisadiyyatının təkcə neft sənayesi üzərində qurulmasının da gələcəkdə arzuolunan nəticələr verməyəcəyini bilirdi. Məhz ona görə də neft gəlirləri hesabına iqtisadiyyatın digər sahələrini inkişaf etdirməyin, infrastruktur layihələrinin reallaşdırılmasına çalışmağın vacib olduğunu qeyd edir və buna səy göstərirdi.

Ulu öndərin təşəbbüskarlığı, qətiyyətli və prinsipial qərarları Azərbaycan iqtisadiyyatını tədricən dirçəltdi, ona yeni nəfəs verdi. Qısa müddətdə bazar iqtisadiyyatına keçidin qanunvericilik bazası formalaşmağa, iqtisadi həyatımızda sahibkarlıq fəaliyyəti yaranmağa başladı.

Səhhətində yaranmış problemlər səbəbindən Heydər Əliyev başlatdığı bir sıra böyük işləri başa çatdıra bilmədi və belə bir vaxtda həmişə inandığı və etibar etdiyi xalqına müraciət ünvanladı: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Tarix dahi şəxsiyyətin uzaqgörənliyini yenə təsdiqlədi. Bunun üçün elə də böyük vaxt lazım olmadı. Azəraycan xalqı İlham Əliyevə səsverməklə bir tərəfdən Heydər Əliyev siyasətinin davam etməsinə, ikinci tərəfdən isə ulu öndərin müraciətinə əməl etdi.

Bu gün Azərbaycan Prezident İlahm Əliyevin rəhbərliyi ilə hərtərəfli böyük inkişaf mərhələsindədir. Son 15 ildə çox böyük uğurlara imza atılıb. Azərbaycan dünyanın sayılıb-seçilən, söz sahibi olan dövlətlərindən birinə çevrilib. Bakı ilə hesablaşırlar, mühüm beynəlxalq məsələlərdə ölkəmizin mövqeyi nəzərə alınır. Vaxtilə Heydər Əliyevin başlatdığı ölkəmizə qarşı informasiya blokadasının yarılması siyasəti bu gün artıq bizim xeyrimizə dəyişib. Dünya birliyi heç bir tərəddüd etmədən Azərbaycanın ərazi bütövlüyü dəstəkləyir, Dağlıq Qarabağı ölkəmizin ərazisi kimi tanıyır. Mühüm beynəlxalq sənədlərdə bu mövqe təsbit olunub. Azərbaycanla Avropa İttifaqı arasında starteji tərəfdaşlıq qurulub, ölkəmiz NATO-nun çox mühüm müttəfiqlərindən biridir. Müstəqillik illərinin çətin sınaqlarından keçən bugünkü Azərbaycanın mənzərəsi belədir. Bu uğurların əsasını qoymuş ulu öndər Heydər Əliyevin adı isə Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.

PƏRVANƏ

 





08.12.2018    çap et  çap et