525.Az

Azərbaycanın terrorla mübarizə sahəsində gördüyü işlər yüksək qiymətləndirilir


 

“ÖLKƏMİZ TERRORÇULUĞA QARŞI MÜBARİZƏDƏ DAİM FƏALLIĞI İLƏ SEÇİLİR”

Azərbaycanın terrorla mübarizə sahəsində gördüyü işlər yüksək qiymətləndirilir<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, Azərbaycanın terrorla mübarizə sahəsində həyata keçirdiyi tədbirlər nüfuzlu beynəlxalq təşkilatlarda yüksək qiymətləndirilib.

İqtisadiyyat və Sülh İnstitutu (The Institute for Economics and Peace) “Qlobal terrorizm indeksi” adlı məruzə hazırlayıb. Azərbaycan yeni reytinq cədvəlində mövqeyini 3 pillə yaxşılaşdıraraq, 95-ci pillədən 98-ci yerə yüksəlib.

Məruzədə ilk yerləri terror təhlükəsi ən yüksək olan, son pillələri isə ən təhlükəsiz ölkələr tutur.

Azərbaycanın 138 ölkə arasında 98-ci pillədə qərarlaşması faktiki olaraq ölkədə terror təhlükəsinin olmadığını təsdiq edir. Bu göstərici ilə Azərbaycan regionda lider mövqeyini qoruyur. Reytinq cədvəlində Rusiya 34-cü, Ermənistan 83-cü, Gürcüstan 89-cu pillədə qərarlaşıb.

Məruzəyə əsasən, terror təhlükəsinin ən yüksək olduğu ölkələr isə ardıcılıq olaraq, İraq, Əfqanıstan və Nigeriyadır.

Siyahıda ABŞ 20-ci, Fransa 30-cu, Almaniya 39-cu sıradadır.

Postsovet ölkələrindən Ukrayna 21-ci, Tacikistan 74-cu, Qazaxıstan 75-ci, Qırğızıstan 80-cı, Moldova 116-cı, Özbəkistan 132-ci, Türkmənistan və Belarus isə ən son pillədə qərarlaşıb.

Avropa Şurasının MONEYVAL Komitəsinin 57-ci plenar iclasında isə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı Azərbaycanın mübarizə sahəsində IV raund qiymətləndirilməsi üzrə növbəti tərəqqi hesabatı dinlənilib.

Azərbaycanın Maliyyə Monitorinqi Xidmətindən verilən məlumata görə, müzakirələrin nəticələrinə uyğun olaraq qəbul olunmuş qərarda IV raund çərçivəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) 40+9 Tövsiyəsinin, o cümlədən, MONEYVAL-ın onlardan irəli gələn tövsiyələrini Azərbaycanın müvəffəqiyyətlə yerinə yetirdiyi qeyd edilib. Həmçinin, ölkədə bu sahədə aparılmış islahatlar yüksək dəyərləndirilib, hüquqi bazanın təkmilləşdirilməsi, institusional potensialın gücləndirilməsi, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi ilə əlaqədar əldə edilmiş nailiyyətlər xüsusi olaraq vurğulanıb. Bununla da, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı Azərbaycanın mübarizə sistemi beynəlxalq səviyyədə mövcud standartlara tam cavab verən sistem kimi qiymətləndirilib.

Mövzu ilə bağlı fikirlərini bildirən “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev qeyd edib ki, Azərbaycan bütün beynəlxalq təşkilatlar qarşısında öhdəliyini yerinə yetirən qabaqcıl ölkələr sırasında yer alır. O, “Trend”ə bildirib ki, ölkəmiz xüsusilə terrorçuluğa qarşı mübarizədə daim öz fəallığı ilə seçilib: “Bu bir faktdır ki, Azərbaycanın özü terrordan əziyyət çəkən ölkədir və beynəlxalq terrorizmə qarşı mübarizədə bütün əməkdaşlıqlarda yer alıb, terrorla mübarizə təşkilatları ilə həmrəylini, əməkdaşlığını artıq uzun illərdir ki, uğurla davam etdirir”.

Baş redaktorun sözlərinə görə, əbəs deyil ki, Avropa Şurasının MONEYVAL Komitəsi Azərbaycanın bu sahədə gördüyü işləri yüksək qiymətləndirib və apardığı mübarizənin müsbət nəticələr əldə etdiyini təsdiqləyib: “Bu faktın özü həm də belə deməyə kifayət qədər zəmin yaradır ki, artıq aparıcı dünya dövlətləri ilə yanaşı, nüfuzlu beynəlxalq təşkilatlar da Azərbaycanın istər terrorçuluqla mübarizədə, istərsə də digər məsələlərdə apardığı işlərə böyük dəyər və önəm verməkdədirlər. Eyni zamanda, daha bir faktı xatırlatmaq istərdim ki, bu günlərdə Dünya İqtisadiyyatı İnstitunun “Qlobal Terrorçuluq İndeksi” hesabatında Azərbaycan reytinq cədvəlində 98-ci yeri tutmaqla, regionda lider ölkə kimi qeydə alınıb. Bu reytinq cədvəlində terror təhlükəsi olan ölkələr ilk sıralarda, terror təhlükəsi olmayan ölkələr isə daha aşağı sıralarda yer alıblar”.

Ceyhun ABASOV

 





08.12.2018    çap et  çap et