525.Az

“Zatulinkimilər maddi maraq naminə istənilən yola əl atar”


 

“LAZEREV KLUBU”NDA YER ALANLAR ERMƏNİPƏRƏST SİYASİ DAİRƏLƏRİN TƏMSİLÇİLƏRİDİR”

“Zatulinkimilər maddi maraq naminə istənilən yola əl atar”<b style="color:red"></b>

Bu yaxınlarda İrəvanda keçirilən Rusiya-Ermənistan “Lazarev klubu”nun iclası Azərbaycana qarşı səslənən qərəzli fikirlərlə yadda qalıb.

Özünü ictimai diplomatiyanın yeni formatı qismində təqdim edən bu klubun əsas təşəbbüskarlarından və təşkilatçılarından biri, hazırda Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitə sədrinin birinci müavini vəzifəsini tutan Konstantin Zatulindir. Təşkilatçılar tərəfindən Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində yaradılmış qanunsuz rejimin nümayəndələrinin iclasa dəvət olunması, həmçinin, iclas zamanı K.Zatulinin özü, eləcə də Rusiya Xarici İşlər Nazirliyinin Veteranlar Şurasının keçmiş sədri, fövqəladə və səlahiyyətli səfir ranqı olan Vladimir Kazimirov, MDB ölkələrinin institutunun direktor müavini Vladimir Yevseyev və digər şəxslər tərəfindən səsləndirilən və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı açıq hücum xarakteri daşıyan fikirlər Bakı və Moskva arasında mövcud olan yüksək səviyyəli münasibətlərə xələl gətirmək məqsədi güdür.

Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı bəyanat yayıb, rəsmi Moskvaya müvafiq qaydada narazılığını bildirib.

Qeyd olunub ki, ermənipərəst K.Zatulinin səsləndirdikləri MDB çərçivəsində əməkdaşlığın inkişafı maraqlarına qarşı gələrək, onun Dövlət Dumasının müvafiq komitə rəhbərinin birinci müavini statusuna uyğun gəlmir. V.Yevseyevin açıqlaması isə tamamilə cəfəngiyyatdır və MDB çərçivəsində əməkdaşlıq ruhuna zərbədir.

Hesab olunur ki, “Lazerev klubu”nun ümumi tonu Rusiya Federasiyası da daxil olmaqla, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinin irəli aparılması səyləri ilə ziddiyyət təşkil edir.

Məsələ ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Aydın Mirzəzadə qeyd edib ki, əslində, “Lazerev klubu” Ermənistanın keçmiş rəhbərləri Koçaryan və Sarkisyan tərəfindən yaradılıb. O, SİA-ya bildirib ki, məqsəd Rusiyanı Dağlıq Qarabağ münaqişəsinə cəlb etmək və onun məsuliyyətini Rusiya ilə bölüşməkdir: “Düzdür, rəsmi Moskva bunu özünə yaxın qoymasa da, onların cəmiyyətində erməni puluna aldanan və erməni maraqlarını onlardan daha çox əzmkarlıqla müdafiə etməyə çalışan şəxslər tapılıb”.

Klubun iclası zamanı Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının yeddinci çağırışında MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitə sədrinin birinci müavini vəzifəsini tutan Konstantin Zatulinin Azərbaycanla bağlı fikirlərinə gəlincə, deputat söyləyib ki, Zatulin və onun kimiləri heç bir əqidəsi olmayan, maddi maraq naminə istənilən yola getməyə hazır olanlardır: “Lazerev klubu”nun bundan əvvəlki iclası Ermənistanın keçmiş prezidenti Robert Koçaryan tərəfindən təşkil edilmişdi və onun özü də şəxsən iştirak edirdi. Məqsəd Rusiya və Ermənistan cəmiyyətinə hələ də onun güc sahibi və proseslərə təsir etmək imkanına malik olduğunu göstərməkdən ibarət idi. Amma əslində, bir qrup insanın toplaşdığı həmin tədbir sadəcə olaraq qaragüruhçuların qurultayından başqa bir şeyə çevrilmədi”.

A.Mirzəzadə qeyd edib ki Azərbaycan cəmiyyətində onlara kəskin reaksiya verilib: “Azərbaycan özünü bu gün müdafiə etmək əzmindədir və qaragüruhçuların heç bir çağırışı nəticə verməyəcək. Azərbaycan apardığı müstəqil daxili və xarici siyasət nəticəsində özünə güclü dövlət qurub, güclü iqtisadiyyatı var, dünyanın 50 ən güclü silahlı qüvvələri sırasına daxildir və torpaqlarını işğaldan azad edilməsi üçün daim qətiyyətlə mübarizə aparacaq. Koçrayan və Sarkisyan Ermənistanın dünənidir. Düzdür, Ermənistanın yeni hakimiyyəti hələ formalaşmayıb. Ancaq o siyasətlə Ermənistanın heç bir zaman inkişafı ola bilməzdi. Erməni puluna susayan İrəvana yığılan bir qrup Rusiya nümayəndəsinin tədbiri Koçaryanı və onun ətrafındakılarının özünü sakitləşdirməsindən başqa bir şey deyil”.

Deputat Elman Nəsirov isə bildirib ki, “Lazerev klubu”nda yer alanlar ilk növbədə ermənipərəst siyasi dairələrin təmsilçiləridir: “Bura həm Rusiyada erməni maraqlarına xidmət edən və Rusiyanın erməni lobbisi, diasporunun əlində alət olan “siyasətçilər”, eyni zamanda, Ermənistanda şovinist mövqedən çıxış edən və öz fəaliyyətlərində terrorçuluğu əsas vasitə kimi seçən qüvvələr cəmləşib”.

Deputatın sözlərinə görə, həmin qüvvələr ilk növbədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi nəticəsində ifrat radikal mövqeləri ilə seçilirlər: “Heç bir halda münaqişənin sülh yolu ilə beynəlxalq hüquq çərçivəsində həlli ideyasını deyil, onlar daha çox qeyri-konstruktiv mövqeləri ilə gündəmə gəliblər. Hesab edirəm ki, burada Rusiya Dövlət Dumasının Komitə sədrinin müavini Konstantin Zatulin kimi hər zaman ermənipərəst qüvvələrin əlində alətə çevrilən bir şəxsin də yer alması təsadüfi deyildir. Bu o Zatulindir ki, hakimiyyətdən devrilmiş Serj Sarkisyanı özünün ən yaxın dostu hesab edirdi və fəxrlə də deyirdi ki, ondan qızıl hədiyyələr alıb. Hətta Zatulin Serj Sarkisyanı dünya siyasətində çox güclü beynəlxalq siyasi qrossmeyster hesab edirdi. İndi isə onun beynəlxalq səviyyəli qrossmeyster hesab etdiyi Sarkisyan devrilib. Zatulin indi yeni sahiblər, yiyələr axtarışındadır. Yəqin ki, az keçməz “Lazerev klubu”nda çıxışları ilə o, Paşinyanın da diqqətinin cəlb olunmasına çalışacaq. Bununla da o, yenə də özünün ənənəvi ianələr, rüşvət və korrupsiyaları hesabına yaşam tərzini davam etdirməyə çalışacaq. Bu, hər kəsə bəlli faktlardır. Ümumiyyətlə, onun deputat seçilməsində erməni lobbisi və diasporasının Soçidə nə qədər əzmkarlıq göstərdiyi məlumdur. Ona görə də belə bir klubun toplantısının keçirilməsi ilk növbədə münaqişənin həlli imkanlarını buxovlayan, çətinləşdirən və məhdudlaşdıran addımdır”.

Ceyhun ABASOV

 





08.12.2018    çap et  çap et