525.Az

Estebanın dirisi və ölüsü - Nicat Həşimzadənin yazısı


 

Estebanın dirisi və ölüsü - <b style="color:red">Nicat Həşimzadənin yazısı </b>

“Bu cür adamın adı, şübhəsiz ki, Esteban olmalı idi. Bu, həqiqət idi. Onun adının Esteban olduğunu bilmək üçün ölüyə ötəri bir nəzər salmaq kifayət idi...”

Fədakar tərcüməçimiz, unudulmaz ədəbiyyat adamı Natiq Səfərovun tərcüməsində oxuduğum bu hekayədə Estebanın cəsədini balaca kəndə gətirib çıxaran səbəb Markesin mistik təfəkkürü, onun ədəbi yaradıcılığının əsasını təşkil edən magik realizmdir.

Markes bizi öz yaşadıqlarımıza təkrarən qayıtmağa, keçmişimizi bir daha təhlil etməyə çağırır. Yazıçı deyirdi ki, özümdən heç nə uydurmuram, Latın Amerikasında gördüyüm hadisələri və həyat tərzini yazıram. Tənqidçilərsə bu sözlərə inanmırdılar və Markesin bu fikrini təkzib edirdilər. Onun yaradıcılığında xalq dilinin nağılvari üslubu, magik realizmə xas ədəbi fəndlər geniş əks olunub.

Markes yaradıcılığının ən qeyri-adi cəhətlərindən biri də budur ki, onun əsərləri haqqında nəsə yazmaq, nəsə danışmaq çox çətin, az qala mümkünsüzdür. Bu əsərlərdən hər kəs tamam fərqli nəticələr çıxara bilər. “Dünyanın ən gözəl ölüsü” hekayəsi də bu baxımdan istisna deyil. 5 il əvvəl bu hekayəni oxuyan zaman gəldiyim nəticə indikindən çox fərqli idi. Bu günlərdə həmin hekayəni bir də oxudum və büsbütün fərqli qənaətə gəldim. Yəqin ki, mütaliənin möcüzəvi, sirli tərəflərindən biri də budur. Görünür, müəllif bir mətni hansı ovqatda yazıbsa, oxucu da gərək onu həmin ovqatda oxusun. Ədəbi tənqidçilər Markesi hoqqabazlıqda günahlandırıblar. Nobel mükafatçısı isə deyirdi ki, yazıçı olduğum üçün Balıqlar bürcü altında doğulmağıma və arvadım Mersedesə borcluyam.

Markesə görə, eşq həm gündəlik, həm də daimi həqiqətdir, insan eşqsiz qalanda qocalır. Ahıl çağında da yazıçı dünyanı, insanları sevirdi. “Ölüm qocalıqla deyil, unudulmaqla gəlir” - deyən yazıçını ömrünün sonlarına yaxın, görəsən, kimlər hansı səbəbdən  unutmuşdular? Onun əsərlərində pessimist fikirlər çox olsa da, bizi həyata bağlayacaq düşüncələr də var. Maraqlıdır ki, Markesin nikbin fikirləri aforizmlər kimi çoxlarının yaddaşında qaldı: “Bütün dünya üçün adi bir adam ola bilərsən, ancaq bir insan üçün bütün dünya ola bilərsən”... “Hər zaman gülümsə, unutma, kimsə təbəssümünə aşiq ola bilər”... “Dərdlərini zəkaya çevir”...

“Dünyanın ən gözəl ölüsü” hekayəsini oxuyan adam istər-istəməz özünə sual verir: “Esteban kimi ölü olmaq yaxşıdır, yoxsa sıradan bir adam kimi diri olmaq”. Qadınlar bir cəsədə aşiq olurlar. Markes cəsədi elə möhtəşəm təsvir edib ki, insan heyran qalır. Cəsədin kiçik bir kəndə gəlib çıxması qadınlar üçün bayram olur, hətta qonşu kəndlərdən Estebanı görməyə gəlirlər. Onu təntənə ilə dəfn edirlər. Hekayəni oxuyarkən insan düşünür: Estebana sağlığında belə diqqətli yanaşıblarmı, ona qayğı göstərənlər olubmu? Onu bu balaca kəndin qadınları kimi sevən vardımı? Özümdən asılı olmadan bu hekayəni oxuyarkən Conatan Sviftin “Qulliverin səyahəti” əsərini xatırladım. Balacalar dünyasında xoşbəxt olan Qulliver böyüklər diyarında bədbəxt idi. Bu əsəri uşaq ədəbiyyatına aid etmək nə dərəcədə doğrudur? Görəsən, Esteban da Qulliver kimi sadəcə balacalar diyarında böyük sayılırdı?

“... Baxın, baxın, yaxşı baxın, orda külək elə mülayimdir ki, gecə-gündüz çarpayının altında dincələr, günəş elə işıqlıdır ki, günəbaxanlar hansı səmtə boylanacağını bilməzlər; orda, bəli, orda Estebanın kəndi yerləşir”.

Esteban ölmüşdümü?

 





08.12.2018    çap et  çap et