525.Az

AMEA-da Tahir Salahovun 90 illik yubileyi qeyd olundu


 

AMEA-da Tahir Salahovun 90 illik yubileyi qeyd olundu <b style="color:red"></b>

Dekabrın 6-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Dövlət mükafatı laureatı, 1-ci dərəcəli “Əmək” ordenli Tahir Salahovun anadan olmasının 90 illiyinə həsr edilən elmi sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli rəssamın yaradıcılığını yüksək qiymətləndirib, xüsusilə müstəqillik dövründə dekorativ sənətin inkişafında əldə etdiyi nailiyyətləri diqqətə çatdırıb.

Tahir Salahovun yaratdığı dəyərli sənət nümunələrindən, yaradıcılıq üslubundan söz açan akademik qeyd edib ki, görkəmli rəssamın əsərləri mövzu və janr zənginliyi, bədii forma əlvanlığı ilə seçilir. Böyük sənətkarın yaradıcılığı dünya mədəni irsində də öz layiqli yerini tutub. Özünəməxsus yaradıcılıq üslubu olan Tahir Salahovun əsərləri dünyanın bir çox muzey və qalereyalarının salonlarını bəzəyir.

Sonra Xalq rəssamı Ağəli İbrahimov dünya şöhrətli fırça ustasının Azərbaycan incəsənətinə verdiyi töhfələrdən danışıb, yubilyara yaradıcılıq fəaliyyətində uğurlar arzulayıb. Tədbirdə Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Ertegin Salamzadə “Sənətçinin əsərlərində Roman mədəniyyətinin təzahürü” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə qeyd olunub ki, Tahir Salahovun yaradıcılığında İtaliya, Fransa, İspaniya, Meksika və digər Roman ölkələrinin mədəniyyəti xüsusi yer tutur.

Sonra institutun əməkdaşları dosent Xəzər Zeynalov və sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülrəna Mirzə rəssamın yaradıcılığının xarakterik xüsusiyyətlərindən və onun qiymətli, qlobal əhəmiyyətli bədii irsindən bəhs ediblər. Sonda Tahir Salahov tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Qeyd edək ki, tədbir AMEA-nın Humanitar Elmlər Bölməsinin və Memarlıq və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib.

 





09.12.2018    çap et  çap et