525.Az

Ali təhsil müəssisələrinin rəqabətliliyinin qaldırılmasına xidmət edən dövlət proqramı


 

TƏHSİL NAZİRİ CEYHUN BAYRAMOV BUNU ÖLKƏDƏ İNSAN KAPİTALININ İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİNİN TƏZAHÜRÜ HESAB EDİR

Ali təhsil müəssisələrinin rəqabətliliyinin qaldırılmasına xidmət edən dövlət proqramı<b style="color:red"></b>

Bugünlərdə Prezident İlham Əliyevin sərəncamı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” qəbul edilib.

Proqrama uyğun olaraq müxtəlif qurumların üzərinə ayrı-ayrı vəzifələr qoyulub. Həmin vəzifələrin yerinə yetirilməsində koordinasiya Təhsil Nazirliyinə həvalə edilib. Dövlət Proqramının icrası ilə əlaqədar olaraq, xüsusi idarəetmə qrupunun formalaşdırılması nəzərdə tutulub. Həmin qrup sənədin əhatə etdiyi illər ərzində tədbirlər planının yerinə yetirilməsinə, ümumiyyətlə, proqramın idarə edilməsinə nəzarət edəcək. Növbəti aylar ərzində idarəetmə qrupunun fəaliyyəti ilə bağlı təkliflər hazırlanıb təsdiq üçün təqdim olunacaq.

Təhsil naziri Ceyhun Bayramovun sözlərinə görə, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı Təhsil Nazirliyinin üzərinə böyük vəzifələr qoyulub və bu məsuliyyətin öhdəsindən layiqincə gələ bilmək üçün qurum bütün səylərini birləşdirəcək.

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nı Azərbaycanda ali təhsil müəssisələrinin rəqabətliliyinin qaldırılmasına xidmət edəcək sənəd olaraq yüksək qiymətləndirən təhsil naziri bunu ölkədə insan kapitalının inkişafına dövlət dəstəyinin təzahürü hesab edir. Nazirin fikrincə, Dövlət Proqramı ölkəmizdə indiyədək həyata keçirilən dövlət siyasətinin məntiqi davamıdır. Bu vaxta qədər həyata keçirilən siyasətin əsasında isə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və bu sənəd əsasında həyata keçirilən tədbirlər durur.

Rəqəmlərə əsaslansaq, 3558 Azərbaycan gənci dünyanın müxtəlif ölkələrinin qabaqcıl ali təhsil müəssisələrində ölkə üçün prioritet istiqamətlər üzrə təhsil almaq imkanı əldə edib. Onların böyük əksəriyyəti təhsilini başa çatdıraraq ölkəyə qayıdıb və hazırda müxtəlif sahələrdə fəaliyyətini davam etdirir. Proqram üzrə xaricdə təhsil alanların hər biri ilə bağlı Təhsil Nazirliyində məlumat bazası mövcuddur və həmin bazadan istər gənclərin təhsilinin tanınmasında, nostrifikasiya prosesinin daha qısa müddətdə tamamlanmasında, istərsə də işə qəbulu üçün istifadə olunur. Belə ki, baza həmin gənclərin xaricdə təhsil almış məzunları işə götürmək istəyən müəssisə və təşkilatlara yönləndirilməsində müstəsna rol oynayır. Eyni zamanda, maraqlı qurumlarla, işəgötürənlərlə bölüşülür.

İndiyədək işə götürülmüş məzunlar barədə məlumatların toplandığı bazanın təhlili göstərir ki, onların 60 faizi özəl, 40 faizi isə dövlət sektorunda fəaliyyətini davam etdirir. Təhsil naziri xüsusi qeyd edir ki, xaricdə təhsil proqramlarının məzunları dövlət qulluğuna qəbul üzrə müsabiqələrin test mərhələsindən azad olunub və onlar hər hansı vakansiya üzrə sadəcə müsahibə mərhələsinə qatılırlar. Bu da belə məzunlara işə qəbul zamanı verilən üstünlüklərdən biridir.

C.Bayramov deyir ki, dünyanın ayrı-ayrı universitetlərində təhsilini başa vuraraq Azərbaycana qayıdan məzunlar əmək fəaliyyətini davam etdirməklə yanaşı, həm də akademik fəaliyyətlə məşğul olurlar.

20-dən artıq gəncin isə Təhsil Nazirliyində işlə təmin olunduğunu deyən təhsil naziri hesab edir ki, rəhbərlik etdiyi qurum xaricdə təhsil üzrə proqramın nəticələrindən indiyədək səmərəli şəkildə faydalanıb.

Birinci Dövlət Proqramının icrası müddətində Azərbaycanda dünyanın inkişaf etmiş təhsil sistemləri siyahısında olan qabaqcıl ali təhsil müəssisələrinin - Moskva Dövlət Universitetinin, Seçenov adına Birinci Moskva Tibb Universitetinin filialları fəaliyyətə başlayıb. Azərbaycan ali təhsil sistemində artıq özünəməxsus yer tutan yeni nəsil ali təhsil müəssisələrinin - ADA, Bakı Ali Neft Məktəbi, Azərbaycan Turizm və Menecment Universitetinin yaradılması da bu dövrün əsas hadisələrindəndir.

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın qürurverici daha bir nəticəsi - SABAH əhatəlilik baxımından yeni innovativ layihələr siyahısında öndə gəlir. Bu layihə üzrə 12 ali təhsil müəssisəsində müxtəlif istiqamətlər üzrə kadr hazırlığı həyata keçirilir. Bir sıra innovativ yanaşmaları özündə ehtiva edən SABAH layihəsində dünyanın qabaqcıl universitetlərində istifadə olunan yanaşmalar tətbiq edilir.

Əvvəlki Proqramın nəticəsi olaraq, Azərbaycanın bir sıra ali təhsil müəssisələrinin aparıcı beynəlxalq universitetlərlə ikili diplom proqramlarının sayı son illərdə artıb.

Təhsil naziri Ceyhun Bayramov deyir ki, bu sahədə nəticələrdən qarşı tərəf də razıdır və bunu böyük  məmnunluqla qeyd edirlər.

Elə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın da əsas hədəfi elm sahəsindəki qabaqcıl nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir. Əvvəlki proqram əsasında həyata keçirilən tədbirlərin yeni proqram üçün zəmin yaratdığını deyən təhsil naziri hesab edir ki, yenicə təsdiq edilən sənəd ali təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, insan kapitalının inkişaf etdirilməsi, strateji əhəmiyyət kəsb edən sahələr üzrə milli kadrların yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Dövlət Proqramında nəzərdə tutulan hədəflərə iki istiqamət üzrə hərəkət planı müəyyən edilib. Sənədin birinci komponentində ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları, xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirilməsi, yeni akademik mühitin yaradılması nəzərdə tutulub. Təhsil naziri  Dövlət Proqramı çərçivəsində ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi üçün ilkin mərhələdə 5 beynəlxalq ikili diplom proqramının təsis olunacağını deyir.

Bu məqsədlə nüfuzlu xarici tərəfdaş ali təhsil müəssisələri seçiləcək, xarici mütəxəssislərin cəlb olunması yolu ilə yerli ali təhsil müəssisələrində inzibati-akademik heyətə təlim keçiriləcək və tədris proqramları yenilənəcək.

Təhsil nazirinin dediyinə görə, ikili diplom proqramlarının tətbiqi ilə belə modulların sayı genişləndiriləcək. Hazırda beynəlxalq səviyyədə qəbul edilmiş sertifikat proqramları bəzi Azərbaycan universitetlərində nəzərə alınır. Həmin proqramları uğurla başa çatdırıb sertifikat alan tələbələrin standarta uyğun olmayan məzmunu keçməsinə ehtiyac qalmır: “Artıq bir sıra ali təhsil müəssisələrimiz bu yanaşmanı tətbiq edir. Məsələn, İT sahəsində, o cümlədən, xarici dil üzrə qabaqcıl beynəlxalq şirkətlərin yaratdıqları məzmun və proqramlar var. Xarici dilin tədrisi ilə bağlı beynəlxalq səviyyədə qəbul edilən beynəlxalq qiymətləndirmə  proqramlarını keçib sertifikat əldə edənlər əvvəlcədən müəyyən olunmuş fənləri mənimsəmiş hesab edilir və bunun əsasında da onların kreditləri hesablanır”.

Nazir belə hesab edir ki, bu, tədrisin keyfiyyətinə müsbət təsir göstərəcək. Odur ki, Təhsil Nazirliyi ali təhsil müəssisələrinin rəhbərlərinə ikili diplom proqramlarında tədris olunan modulların həmin ali məktəbdə bu proqramların tərkib hissəsi olmayan ixtisaslarda da tətbiqini tövsiyə edəcək.

İkinci komponenti isə ölkəmizin ali təhsil müəssisələrinin akademik potensialının gücləndirilməsi məqsədi ilə milli kadrların hazırlanması üçün xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsini əhatə edir. Bu məqsədlə doktorantura səviyyəsi üzrə seçimin təkmilləşdirilməsi, təhsil nailiyyətlərinin monitorinqi sisteminin yaradılması, müxtəlif sahələr üzrə yerli ali təhsil və elm müəssisələri üçün peşəkar mütəxəssislərin yetişdirilməsi həyata keçiriləcək.

Dövlət Proqramı Dövlət Neft Fondunun vəsaiti və alternativ mənbələrin (dövlət büdcəsindən ayırmalar, beynəlxalq təşkilatların (fondların) texniki-maliyyə yardımları, kreditlər və qrantlar, mülkiyyət formasından asılı olmayaraq xarici və yerli hüquqi və fiziki şəxslərin ianələri) hesabına maliyyələşdiriləcək.

Hansı təşəbbüslərin maliyyələşdirlməsi də məlumdur. Belə görünür ki, doktorantlar qarşısında növbəti 5 il üçün geniş imkanlar açılır. Məsələn, Azərbaycan gəncləri süni intellekt istiqaməti üzrə təhsil almaq istəsə, Təhsil Nazirliyi bunu müsbət qarşılayacaq: “Bu, hazırda bütün dünyada çox aktual mövzudur. Gənclərimiz həmin sahə üzrə doktorantura səviyyəsində təhsil almaq üçün müraciət edərsə, çox şad olarıq. Təhsil Nazirliyi belə müraciətlərə müsbət yanaşacaq”.

Bu mərhələyə qədər isə gənc doktorantların üzərinə xeyli iş düşür. Onlar araşdırma aparmalı, maraqlandıqları istiqamət üzrə təhsil proqramı haqqında məlumat toplamalıdırlar. Təhsil almaq istədikləri ali təhsil müəssisəsinin qəbul meyarlarına cavab verməli və həmin təhsil pilləsinə qəbul olunduqdan sonra dövlət proqramı vasitəsi ilə maliyyələşdirilmək üçün müraciət etməlidirlər. Yalnız bundan sonra dövlət onların təhsilinin maliyyələşməsinə baxa və yardım edə bilər.

Dövlət Proqramında Azərbaycan alimlərinin ayrı-ayrı ölkələrdən olan alimlərlə birgə tədqiqatlar aparması da əksini tapıb. Nazirin fikrincə, xarici professor-müəllim heyəti ilə birgə tədqiqatların həyata keçirilməsi, beynəlxalq səviyyədə əlaqələrin genişləndirilməsi elmdə müsbət nəticələrə gətirib çıxaracaq. Xarici proqramlar üzrə cəlb edilmiş alimlər Azərbaycanda işini başa çatdırıb öz ölkələrinə qayıtdıqdan sonra belə, yaradılan bu əlaqələrin faydasını görmək mümkün olacaq.

Dövlət Proqramının verdiyi imkanlardan neçə nəfər doktorantın yararlana biləcəyi, yaxud ikili diplom proqramlarının hansı universitetlərdə tətbiq ediləcəyi də maraqlıdır.

C.Bayramov qeyd edib ki, doktorantların sayı ilə bağlı hər hansı məhdudiyyət yoxdur. İkili diplom proqramlarının tətbiq ediləcəyi universitetlər isə hələlik müəyyənləşdirilməyib.

Nazir Dövlət Proqramının bir tərəfdən ali təhsil müəssisələri üçün geniş imkanlar açdığını, digər tərəfdən proqrama qoşulan təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət qoyduğunu da vurğulayıb. Belə ki, Proqrama qoşulmaq üçün təhsil müəssisələri xeyli iş görməlidirlər. Proqramların uyğunlaşdırılması, şəraitin təşkili və başqa məsələlər həll edilməli, bir sözlə, Proqramı qəbul edən müəssisənin bəlli potensialı olmalıdır.

Növbəti illərdə məhz bu Dövlət Proqramının uğurla icrası nəticəsində ilk ikili diplom proqramlarının təsis edilməsinin, Azərbaycan tələbələrinin dünyanın aparıcı universitetlərinin doktoranturasına qəbul olunmasının şahidi olacağıq. Dövlət Proqramına uyğun olaraq hər iki istiqamət üzrə müvafiq əlavə sənədlərin qəbul edilməsi, ikili diplom proqramı ilə bağlı seçim meyarlarına dair xüsusi qaydaların hazırlanması, eyni zamanda, doktorantura təhsili üzrə də seçim meyarları üzərində iş gedir. Qısa müddət ərzində həmin sənəd layihələri Nazirlər Kabinetinə təqdim ediləcək.

S.QARAYEVA

 





09.12.2018    çap et  çap et