525.Az

Zəfərlər qazandıran yenilməz hərbi vətənpərvərlik ruhumuz


 

Zəfərlər qazandıran yenilməz hərbi vətənpərvərlik ruhumuz<b style="color:red"></b>

Hərbi vətənpərvərlik ruhu, hərbi vətənpərvərlik tərbiyəsi... Tez-tez işlətdiyimiz bu ifadələrdə “hərbi” sözüylə “vətənpərvərlik” kəlməsinin daima qoşa işlənməsi, yanaşı yer alması heç də təsadüfi deyil. Çünki vətənpərvərlik özünün gerçək həyatda, əməldə təzahürünü tapması üçün məhz hərbi şücaətə, hərbi qüdrətə möhtacdır. Bunsuz vətənpərvərlik, Vətənə olan sevgi, Vətəni qorumaq istəyi sadəcə bir hiss, bir düşüncə olaraq qala bilər. Amma onun hərbi rəşadətlə, hərbi fəaliyyətlə birləşib qovuşması vətənpərvərlik anlayışını gerçək həyatda əməli addım kimi təzahür etdirir.

Hələ ulu Dədə Qorqudun dövründə insanları yurdun müdafiəsinə, xalqın imdadına səsləmək, soydaşları ədalətli savaşa çağırmaq üçün tonqallar qalanırdı. Bu tonqalları görənlər dərhal səfərbər olaraq doğma torpaqların, el-obanın yardımına tələsirdilər. Günümüzdə hərbi çağırış, səfərbərlik işi, sözsüz ki, daha müasir texnoloji üsullarla, ən modern vasitələrlə həyata keçirilir. Üsullar, vasitələr, metodlar dəyişilsə də, dəyişməyən bir mühüm cəhət var: Azərbaycan xalqının, millətimizin mübariz oğul və qızlarının yenilməz hərbi vətənpərvərlik ruhu!

1993-cü ilin 2 noyabrında torpaqlarımızın bir qisminin artıq işğal edildiyi, amansız düşmənin yeni bölgələrimizi ələ keçirmək istəyilə irəliləməyə cəhd göstərdiyi bir vaxtda xalqın israrlı çağırışı ilə yenicə hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin millətimizi, bütün vətəndaşları Vətən uğrunda mübarizəyə səslədi. Ulu Öndərin bu tarixi çağırışı xalqımızı, hər bir Azərbaycan vətəndaşını Vətənin müdafiəsinə, düşmənə qarşı taleyüklü müqavimətə səfərbər etdi. O günlərdə xalqın hərbi güclə birləşən həmin yenilməz hərbi vətənpərvərlik ruhu qısa müddətdə düşmənin hücumunun qarşısının birdəfəlik alınması ilə yanaşı, torpaqlarımızın bir hissəsinin də azad edilməsilə nəticələndi. Təbii ki, aradan keçən bu illər ərzində istər Ümummilli Liderin hakimiyyəti dövründə, istərsə də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında cəmiyyətimizdə hərbi vətənpərvərlik şüuru daha da güclənib möhkəmləndi. Ölkəmizdə səfərbərliyin, hərbi çağırışın həyata keçirilməsi istiqamətində köklü  islahatlar aparıldı, əsaslı yeniliklər, mütərəqqi işlər həyata keçirildi. Bütün bunların ən uğurlu nəticələrindən biri isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması oldu. Bu sahədə görülən təxirəsalınmaz işlər, tərəqqiyə aparan addımlar əvvəlcə 2014-cü ilin yayında, daha sonra isə 2016-cı ilin Aprel döyüşlərində özünü layiqincə göstərdi.

Azərbaycan cəmiyyətində hərbi vətənpərvərlik ruhunun daha da yüksəldilməsi, bu yöndə tərbiyə işinin durmadan gücləndirilməsi üçün bu gün də məqsədyönlü addımlar atılır, səmərəli tədbirlər həyata keçirilir.  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeyri-hökümət təşkilatları ilə əməkdaşlıq şəraitində müntəzəm keçirdiyi “Vətənin müdafiəsinə hazıram!” devizli silsilə tədbirlər, müxtəlif yaradıcılıq müsabiqələri və sərgilər buna bariz nümunədir. Bununla bərabər, gənc nəsillə, çağırışçılarla, həmçinin, hərbi xidmətini başa vurub qayıtmış vətəndaşlarla aparılan məqsədyönlü iş də Azərbaycan cəmiyyətində hərbi vətənpərvərlik ruhunun güclənməsinə ciddi töhfələr verir.

Cavid QƏDİR
Yazı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin keçirdiyi hərbi vətənpəvərliklə bağlı müsabiqəyə təqdim edilir

 





10.12.2018    çap et  çap et