525.Az

İlk milli seminariya: Qazax Müəllimlər Seminariyası


 

İlk milli seminariya: <b style="color:red">Qazax Müəllimlər Seminariyası</b>

Yaxşı xatırlayıram, 1999-cu ilin oktyabrında Qazax rayon icra hakimiyyəti başçısının imzası ilə Qazax Müəllimlər Seminariyasının 80 illik yubileyinin keçiriləcəyi və həmin tədbirdə Təhsil Nazirliyinin nümayəndələrinin də iştirakı ilə bağlı məktub almışdım.

Tədbirdə iştirak etmək üçün nazirliyin iki nəfər məsul əməkdaşını Qazaxa ezam etdik.  Tədbirlə bağlı Azərbaycan Dövlət Televiziyasının “Xəbərlər” proqramında süjetə baxan Ümummilli Lider Heydər Əliyev həmin günün səhəri mənə zəng edərək “yəqin siz Qazax Seminariyasının Azərbaycan xalqının həyatında rolunu yaxşı dərk etmirsiniz” - dedi. Və sonra əlavə etdi,  Seminariyanın 80 illiyini ölkəmizin ən gözəl salonlarından birində, geniş ictimaiyyətin iştirakı ilə keçirmək lazımdır. Az sonra Prezident Heydər Əliyev Qazax Seminariyasının 80 illiyi ilə bağlı sərəncam imzaladı. Biz isə Təhsil Nazirliyində bu işə  ciddi hazırlaşmağa başladıq. Həmin günlər Qazax Müəllimlər Seminariyasının tədqiqatçısı, professor Fikrət Seyidovla bir neçə dəfə görüşüb  seminariyanın tarixi ilə bağlı müfəssəl məlumat aldım. 1999-cu ilin dekabr ayının 27-də Üzeyir Hacıbəyli adına Musiqi Akademiyasında Azərbaycan ziyalılarının iştirakı ilə təntənəli tədbir keçirdik. Tədbirə Qazaxdan da çoxsaylı qonaqlar gəlmişdi. Prezident Heydər Əliyevin tədbir iştirakçılarına təbrik məktubu oxundu. Təxminən 20 ildən sonra isə, 2018-ci ilin 4 noyabrında Prezident İlham Əliyev Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd olunması haqqında sərəncam imzaladı.

Məlumdur ki, 1876-cı ildə Qori şəhərində cənubi Qafqazda müəllim hazırlayan ilk seminariya - Zaqafqaziya Müəllimlər Seminariyası fəaliyyətə başladı. Əvvəlcə seminariyanın üç şöbəsi - rus, gürcü və erməni şöbəsi var idi. Seminariyada dərslər rus dilində aparılırdı. Həmin dövrdə Azərbaycan ərazisində də bir neçə dövlət məktəbləri (qəza məktəbləri, kənd ibtidai məktəblər və s.)  yaradılmışdı. Lakin orada dərs deyə biləcək müəllimlər az idi. Milli ziyalılar Azərbaycanda da  dövlət məktəblərinin müəllim kadrlarına olan ehtiyacını ödəmək məqsədilə ayrıca bir seminariyanın açılmasını zəruri hesab edirdilər. Edilən müraciətlər, yazılan məktublar cavabsız qalırdı. Çar höküməti seminariyanı azərbaycanlıların yaşadığı şəhərdə açmağa cürət etmirdi. Çar məmurları bunu guya seminariyanı və seminaristlərin təlimini müsəlman dindarlarından qorumaq niyyəti ilə izah edirdilər. Onlar iddia edirdilər ki, guya Ufa və Krımdakı müsəlman məktəblərinin təcrübəsi də bunu sübut edir. Buna görə də yeni tipli məktəbləri müsəlmanlardan uzaq bir yerdə açmaq daha yaxşı olar. Qeyd olunan səbəblərdən 1879-cu ildə Qori Müəllimlər Seminariyasının nəzdində Azərbaycan şöbəsi və onun yanında ibtidai məktəb fəaliyyətə başladı. Bu şöbənin yaradılmasında həmin dövrdə Azərbaycan ziyalıları arasında böyük nüfuz sahibi olan, çar Rusiyasının Tiflisdəki Canişininin dəftərxanasında tərcüməçi işləyən Mirzə Fətəli Axundovun, 1881-ci ildən ömrünün sonunadək Zaqafqaziya müftisi olmuş Mirzə Hüseyn Əfəndi Qayıbzadənin və onun yaxın dostu, məsləkdaşı Şeyxülislam Əbdüssəlam Axundzadənin böyük rolu olmuşdur. Azərbaycanlı gənclər ibtidai məktəbdə ilkin təhsilini aldıqdan sonra seminariyada təhsillərini davam etdirə bilərdilər. Seminariyada təhsil alan gənclər pedaqoji təcrübəni həmin məktəbdə almalı idilər. Nə qədər qəribə olsa da, Seminariyanın əsasnaməsində göstərilirdi ki, Azərbaycan şöbəsini idarə edən şəxs-inspektor mütləq xristian olmalıdır. Elə bu səbəbdən şöbənin ilk inspektoru Aleksey Osipoviç Çernyayevski oldu. Şamaxıda anadan olan, Azərbaycan dilini mükəmməl bilən, müsəlmanların həyat tərzi, adət və ənənələrinə, dini görüş və ayinlərinə yaxından bələd olan, ilk təhsilini Şamaxı qəza məktəbində alan, 1866-cı ildə Mərəzə kəndində ilk xalq məktəbi təşkil edən A.O.Çernyayevski Azərbaycan xalqına, onun böyüyən nəslinin təlim-tərbiyəsinə, müəllim kadrları hazırlığına sözün həqiqi mənasında fədakarlıqla xidmət etmişdi. O, 14 ildən artıq Qori Seminariyasının Azərbaycan şöbəsinin inspektoru vəzifəsində səmərəli elmi-metodik fəaliyyət göstərmiş, təlim-tərbiyənin bu və ya digər problemləri ilə bağlı məqalələr yazmış, Azərbaycan balaları üçün “Vətən dili”, “Rus dili” adlı dərsliklər hazırlamışdır. Qədirbilən xalqımız həmişə Çernyayevskinin xatirəsini əziz tutmuş və bu gün də tutur, hazırda Qobustan rayonunun Mərəzə qəsəbəsindəki tam orta məktəb onun adını daşıyır.

1905-ci ildə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinə 1887-ci ildə Tiflisdəki Aleksandrovski Müəllimlər İnstitutunun məzunu olan Sultan Məcid Qənizadə rəhbərlik etmişdir. O, bu vəzifədə cəmi üç il - 1908-ci ilə qədər işləmiş, həmin ildən daha böyük vəzifəyə - Bakı quberniyası Dağıstan vilayəti xalq məktəbləri idarəsinə inspektor vəzifəsinə təyin olunmuşdur. S.M.Qənizadə bu məsul vəzifədə 1917-ci ilə qədər şərəflə çalışmışdır.

1910-cu ildən 1918-ci ilə qədər Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinə Azərbaycan ədəbiyyatı tarixinin ilk sistemli tədqiqatçısı, həmin seminariyanın 1885-ci il məzunu, 10 il İrəvan gimnaziyasında müəllimlik etmiş Firidun bəy Köçərli rəhbərlik etmişdir.

Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinə ilk dəfə 32 nəfər qəbul edilmişdi. Bunlardan 24 nəfəri A.O.Çernyayevski tərəfindən yerlərdən seçilərək seminariyaya dəvət olunmuşdu, qalanları isə öz arzuları ilə gəlmişdi. 32 nəfərdən 19-u şöbənin əsas sinfinə, 13 nəfəri isə hazırlıq sinfinə qəbul olundu. İlk qəbul olunanlardan 3 nəfəri rus dilini yaxşı bildiklərinə görə birbaşa ikinci sinfə qəbul edildi. Onlar (Səfərəli Vəlibəyov, Teymur Bayraməlibəyov, Mirzə Xəlilov) 1881-ci ildə seminariyanı bitirərək onun ilk məzunları oldular.

Fəaliyyət göstərdiyi 40 il ərzində 300-ə yaxın xalq müəllimi - elm, maarif, mədəniyyət və incəsənət carçıları hazırlayan bu tədris ocağı şərəfli bir inkişaf yolu keçdi. Azərbaycan xalq pedaqoqikasının qiymətli incilərindən qidalanan, mütərəqqi rus və dünya pedaqoji fikir klassiklərinin  pedaqoji ideyalarından, qabaqcıl məktəb təcrübəsindən faydalanan ilk xalq müəllimləri, elm və maarif məşəlini Cənubi Qafqazın uzaq-uzaq kəndlərinə aparmış, dünyəvi təhsildən kənarda qalmış gənclərin gözünü təhsil nuru ilə işıqlandırmışdır. Tarixə xalq müəlliminin nümunəsi kimi daxil olan, müəllimlik sənətinin, öz peşəsinin vurğunu olan, xalqının balalarına elm, təhsil  verməyi qarşısına məqsəd qoyan, ömürlərini millət yolunda, böyüyən nəslin təhsil-tərbiyəsi yolunda  şam kimi əridən - Firidun bəy Köçərli, Rəşid bəy Əfəndiyev, Səfərəli Vəlibəyov, Əliş bəy Tahirov, Mahmud bəy Mahmudbəyov, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Pənah Qasımov, Hənəfi Terequlov, Əli Hüseynov, Fərhad Ağazadə, Səməd bəy Acalov, Teymur bəy Bayraməlibəyov, Süleyman Sani Axundov, Bədəl bəy Bədəlbəyov, Azad Əmirov, Əhmədağa Mustafayev, Yusif Qasımov, Əli Qəmərli, Müseyib İlyasov, Əhməd Seyidov, Teymur Quliyev, Süleyman Qayıbov, Hacı Kərim Sanılı, Əsgər Eyvazov, Məmmədhəsən Əfəndiyev, Hüseynağa Minəsazov, Yusif Əfəndiyev, Rəhim Qulubəyov, Musa Quliyev, Əli Mustafayev, Cavad Cuvarlinski, Zəkəriyyə Vəkilov, Ağaəli Qasımov, Rəcəb Əfəndiyev, Teymur Hüseynov, Əli Səbri, İsmayıl Qayıbov, Məmməd Qocayev, Məmmədkərim Mustafayev, Hüseyn Xəlilov, Əhməd Gülməmmədov, Şəhriyar bəy Qiyasbəyli, Nəsib bəy Qiyasbəyli, Məmməd Qarayev, Səlim Əfəndiyev, Həmzət Əfəndiyev, İsfəndiyar Əfəndiyev və onlarca başqaları bu təhsil ocağından pərvazlanmışlar. Məlumdur ki, seminariya kənd ibtidai məktəbləri üçün müəllim hazırlayırdı. Məzunların demək olar ki, hamısı fəaliyyətə müəllim kimi başlayırdılar. Lakin sonralar məzunların bir çoxu nəzəriyyəçi pedaqoq, ali məktəb müəllimi, yazıçı, alim, peşəkar inqilabçı, dövlət xadimi, musiqişünas oldular.

1918-ci il mayın 26-da Tiflisdə Zaqafqaziya seymi buraxıldıqdan sonra, seymin müsəlman fraksiyası özünü Azərbaycan Milli Şurası elan etdi. Milli Şura Qafqaz canişininin Tiflisdəki sarayında Azərbaycanın dövlət müstəqilliyi haqqında bəyannamə elan etdi. Zaman-zaman azadlığı və istiqlaliyyəti uğrunda şəhidlər vermiş Azərbaycan xalqı 1918-ci ilın 28 mayında öz arzusuna qovuşdu. Azərbaycanın milli dövlətçilik tarixinə öz möhürünü vurmuş Azərbaycan Xalq Cümhuriyyəti yarandı. 

Azərbaycan Xalq Cümhuriyyəti hökümətinin maarif, təhsil sahəsində ilk tədbirlərindən biri, heç şübhəsiz, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının müsəlman şöbəsinin Azərbaycana köçürülməsi haqqında 22 iyun 1918-ci il tarixli qərarı oldu. 1918-si il iyunun 16-da Tiflisdən Gəncəyə köçən Milli hökümət bu məqsədlə Gəncə xəzinədarlığına maliyyə vəsaiti ayırdı və Gürcüstan höküməti ilə əvvəlcədən razılığa gəldi. Əslində, hələ XIX əsrin sonlarında milli maarifçilərimiz bu seminariyanın Azərbaycana köçürülməsi ideyasını irəli sürmüşdülər. Seminariyanın məzunu və müəllimi Səfərəli bəy Vəlibəyov 1884-cü il aprelin 24-də Qori Müəllim Seminariyasının pedaqoji şurasında Azərbaycan şöbəsinin vəziyyəti haqqında fikrini yazılı surətdə bildirmişdi. O tələb edirdi ki, Azərbaycan şöbəsi müstəqil olsun və Azərbaycanın hər hansı bir rayonuna köçürülsün. Səfərəli bəy çox doğru olaraq əsaslandırırdı ki, məsafənin uzaqlığı, Qoridə azərbaycanlıların yaşamaması, müəllim kadrlarının istənilən səviyyədə və sayda hazırlanmasına mane olur. Lakin həmin dövrdə pedaqoji şurada bu təklifin tərəfdarlarının sayı çox az olduğundan Səfərəli bəyin təklifi keçmədi. 1906-cı ildə Nəriman Nərimanov “Həyat” qəzetində “Qori Seminariyası harada olmalıdır” adlı məqalə ilə çıxış etdi. O yazırdı ki, seminariya Bakıda və ya Gəncədə olsa, orada oxuyan azərbaycanlıların sayı iki qat artar, çəkilən xərc isə xeyli azalar. Həmin ilin avqust ayının 19-da Bakıda “Nəşri - maarif” cəmiyyətinin iclasında Firidun bəy Köçərli böyük bir nitqlə çıxış edərək, seminariyanın Azərbaycan şəhərlərindən birinə köçürülməsi məsələsini qaldırmışdı. Üzeyir bəy Hacıbəyli 1909-cu ildə “Tərəqqi” qəzetinin 187-ci nömrəsində çap olunmuş məqaləsində seminariyanın müsəlman mərkəzində olmamasından ciddi narahatlığını bildirirdi. Bütün bunlara baxmayaraq, nə rus çarı, nə də gürcü knyazları seminariyanın Azərbaycana köçməsinə razılıq verirdilər.

Qori Seminariyasının Azərbaycan şöbəsinin niyə məhz Qazaxa köçürülməsi ilə bağlı müxtəlif versiyalar olsa da, düşünürəm ki, bunun əsas səbəbi  aşağıdakılarla bağlıdır. Əvvəla həmin dövrdə Cümhuriyyət hökuməti Gəncədə fəaliyyət göstərirdi, Bakıda, Gəncədə və Qarabağda erməni daşnaklarla qanlı müharibə davam edirdi, o zaman Qazaxda Qori Seminariyasının ən nüfuzlu məzunları Əhmədağa Mustafayev, Haley bəy Şıxlınski, Süleyman Qayıbov, Yusif Əfəndiyev, Əhməd ağa Gülməmmədov, Əli Mustafayev, Əhməd Seyidov, Osman Şıxlınski, Səlim Əfəndiyev, Yusif Qasımov, Əli Hüseynov, İbrahim Qayıbov və bir çox başqaları işləyirdi. Bu müəllimləri seminariyada müxtəlif fənlərin tədrisinə cəlb etmək olardı. Qazaxın tanınmış xeyriyyəçisi Məşədi İbrahim ağa Kosalı özünün mülkünü tədris binası kimi seminariyaya hədiyyə etməyə söz vermişdi. Bu səbəbləri və seminariyanın bəzi xərclərini öz öhdəsinə götürmüş qazaxlıların xahişini nəzərə alaraq Milli hökümət 10 iyul 1918-ci il tarixli iclasında məsələni onların xeyrinə həll etdi.

Nəhayət, Qazax Seminariyası 1918-ci il noyabrın 10-da təntənəli şəkildə açıldı. Mərasimdə o zaman Qazaxda yerləşən türk ordusunun komendantı Səbri bəy, türk qarnizon rəisi Camal bəy, Haley bəy Şıxlınski, xalq məktəbləri inspektoru Nəsib bəy Qiyasbəyli, ali ibtidai məktəblər inspektoru Əhməd ağa Mustafayev, İbrahim Əfəndi Qayıbzadə, seminariyanın direktoru Firidun bəy Köçərli çıxış edərək qazaxlıları təbrik etdilər və əmin olduqlarını bildirdilər ki, Qori Seminariyasının ənənələrini davam etdirərək xalqımızı mənəvi gerilikdən azad etmək istiqamətində öz tarixi missiyalarını şərəflə yerinə yetirəcəklər. Beləliklə, Qazax Müəllimlər Seminariyası fəaliyyətə başladı.

Hələ fəaliyyətinin ilk günlərində müəllim hazırlığına xüsusi diqqət yetirən Firidun bəy Köçərli seminariyanın işini doğru qurmaq məqsədilə Qoridən İbrahim Qayıbov, Mirzə Vəliyev və Mustafa Məmmədov kimi yüksəkixtisaslı, savadlı, təşəbbüskar və xalqın balaları üçün ürəyi yanan insanları seminariyaya müəllim dəvət etdi. Bundan əlavə o, həmin dövrdə Qazaxda fəaliyyət göstərən Qori Müəllimlər Seminariyasının məzunları Əli Hüseynovu, Əhməd ağa Mustafayevi, Yusif Qasımovu, İsfəndiyar Vəkilovu və Məiş Hüseynovu müəllim təyin etdi. O, bu adamların səyi və yaxından köməyi ilə seminariyada tədris işlərinin təşkilinə başladı. O zaman seminariyaya şagird toplamaq mürəkkəb və çətin məsələlərdən biri idi. Əhalinin 90 faizinin savadsız olması, kəndlərdə uşaq əməyindən geniş istifadə olunması, təhsilin əhəmiyyətinin kəndlilər tərəfindən başa düşülməməsi uşaqların təhsilə cəlb edilmələrinə  mane olan əsas səbəblərdən idi. Firidun bəy Köçərli belə bir ağır şəraitdə vaxtilə oxuduğu Qori Müəllimlər Seminariyasında A.O.Çernyayevskinin tələbə toplamaq təcrübəsindən istifadə etdi. İbrahim Qayıbovu, Mustafa Məmmədovu, Əhməd ağa Mustafayevi, Mirzə Vəliyevi, Yusif Qasımovu, Əli Hüseynovu və Məiş Hüseynovu tələbə toplamaq məqsədilə Qazax və Azərbaycanın digər rayon və kəndlərinə ezam etdi. Bununla yanaşı, həmin dövrdə Qazaxda müxtəlif kənd məktəblərində müəllim işləyən Qori Müəllimlər Seminariyasının məzunları Əhməd Seyidov, Osman Əfəndiyev, Səlim Əfəndiyev, Osman Şıxlınski, İsa Abakarov və digərlərinin köməyindən istifadə etdi. Həmin müəllimlər Firidun bəyin çağırışına cavab olaraq məktəblərindəki uşaqların ən layiqlilərini seçib seminariyaya göndərdilər. Firidun bəyin bu təbliğatı tezliklə öz müsbət nəticəsini verdi. Seminariyaya toplaşanların sayı nəzərdə tutulandan da çox oldu. Bundan sonra seminariyanın işini daha səmərəli təşkil etmək məqsədilə pedaqoji şura yaradıldı. Şuranın üzvlərinin əksəriyyəti Firidun bəyin Qori Müəllimlər Seminariyasındakı tələbələri idi.  Pedaqoji şuranın birinci iclasında o, Qori Müəllimlər Seminariyasının nizamnaməsini əsas götürərək şagird və müəllimlər üçün təlimat hazırladı. Firidun bəy Qazax Müəllimlər Seminariyasında elə mükəmməl pedaqoji mühit yaratmışdı ki, orada aparılan işlərin növlərinə, həcminə, rəngarəngliyinə və məzmununa indinin özündə də təəccüb etməmək olmur. Firidun bəy Köçərli Qazaxda “Azərbaycan ədəbiyyatı tarixi” kitabını yazmaqla seminariyanın məzunlarına Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən Məhəmməd Füzuli, Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Qasım bəy Zakir  və bir çox başqalarının əsərlərini tələbələrinə sevdirə bildi. Nəticədə bu məktəbdə Səməd Vurğun, Osman Sarıvəlli, Mehdi Hüseyn, İsmayıl Şıxlı kimi görkəmli şəxsiyyətlər yetişdi.

Firidun bəy Köçərli qısa müddət ərzində seminariyanı elə şöhrətləndirdi ki, onun sədası respublikanın hər yerindən gəldi, seminariya elmi-pedaqoji və metodik mərkəzə çevrildi. O, seminariyanın işini təşkil etməklə yanaşı,  müəllimlərin köməyi ilə yaşlılar üçün savad kursları açdı, yetimlər evi təsis etdi, qaçqınlara yardım fonduna yaxından kömək etdi. Firidun bəy Köçərlinin 35 illik pedaqoji fəaliyyətinin Qazax Müəllimlər Seminariyasındakı dövrü bu böyük pedaqoqun, ədəbiyyatşünas alimin, vətənpərvər insanın həyatının ən fərəhli illərini təşkil edir. Lakin təəssüf ki, bu sevinc, fərəh uzun sürmədi. Sovet Rusiyasının hərbi müdaxiləsi ilə həyata keçirilən 27 aprel 1920-ci il dövlət çevrilişi Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə nəticələndi. Azərbaycan təhsil tarixinə öz əbədi imzasını həkk etmiş Qazax Müəllimlər Seminariyasının əsasını qoyan, Azərbaycanın istiqlal mücahidi, maarif və elm fədaisi Firidun bəy Köçərli 1920-ci il mayın 26-dan 30-dək davam edən Gəncə üsyanı zamanı mənfur daşnaklar tərəfindən öldürülür.     

Firidun bəy Köçərlinin ölümündən sonra Əhməd ağa Mustafayev Qazax seminariyasının müdiri vəzifəsinə təyin olunur. O, 1864-cü ildə Qazax qəzasının Salahlı kəndində anadan olmuş, 1880-ci ildə Qori Müəllimlər Seminariyasına daxil olmuş, 1885-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdi. Əhməd ağa təkcə Salahlı kəndindən Qori Müəllimlər Seminariyasında oxumaq üçün 30-dan artıq məzun hazırlamış, 50 ildən artıq xalq məktəblərində müəllimlik etmişdi. O, 1923-cü ilə qədər seminariyaya rəhbərlik etmiş, Firidun bəy ənənələrinə sadiq qalaraq onu bir az da irəli aparmışdır.

1920-ci ildə Qazax seminariyasının yanında qızlar üçün şöbə açıldı. Həmin dövrdə qızları məktəbə cəlb etmək çox çətin iş idi. Qabaqcıl, mütərəqqi adamlar bu çətinliyin öhdəsindən gəlməyə çalışırdılar. Həmin il qızlar şöbəsinə Dilrubə, Dürrə, Validə və Həbibə Mustafayevalar, Dilşad Şıxlinskaya, Səlimə Əfəndiyeva, Kövsər Qayıbova qəbul oldular. Qeyd etmək lazımdır ki, bu qızların əksəriyyətinin seminariyaya daxil olmasının əsas səbəbi onların Qori Seminariyasının məzunu və Qazax Müəllimlər Seminariyasının direktoru, xalq maarifinin görkəmli nümayəndəsi Əhmədağa Mustafayev ilə qohumluq əlaqəsinin olması idi. Qızlar şöbəsi qapalı fəaliyyət göstərirdi, qızlar məktəb binasında yaşayır, orada oxuyur və dərslərinə hazırlaşırdılar. Seminariyada tərbiyəçi qadın müəllimləri var idi. Onlar qızlarla bir yerdə qalır, yeməklərinə, dərslərinə və otaqlarının səliqə-səhmanına nəzarət edirdilər. Cümə günlərindən başqa qızlara həftə ərzində pansiondan kənara çıxmağa icazə verilmirdi. Cümə axşamları isə valideynlər xüsusi icazə ilə qızlarını evlərinə apara bilərdilər. 1926-cı ildə bu qapalılıq aradan qaldırıldı və qızlarla oğlanlar bir yerdə təhsil almağa başladılar.

Qazax seminariyasına 1923-1926 və 1927-1929-cu illərdə xalq yazıçısı Mehdi Hüseynin atası Əli Hüseynov rəhbərlik etmişdir. Əli Hüseynov 1886-cı ildə Qazax qəzasının II Şıxlı kəndində anadan olmuş, ilk təhsilini öz kəndlərində İsa Abakarovdan almış və onun məsləhəti ilə 1897-ci ildə Qori Müəllimlər Seminariyasının aşağı hazırlıq sinfinə daxil olmuş, 1905-ci ildə seminariyanın tam kursunu bitirmişdi. 1918-ci ildə Firidun bəy Köçərli onu Qazax Müəllimlər Seminariyasına dəvət etmişdi. O, seminariyada müəllim işləməklə yanaşı, Qazaxda maarif işinin təşkilində böyük fədakarlıq göstərmişdir. Əli Hüseynov seminariyanı yeni müəllim kadrları ilə təmin etdi, ədəbiyyat müəllimləri Süleyman Qayıbovu, Əkrəm Cəfəri və Yusif Əfəndiyevi, coğrafiya müəllimi Mirzə Əfəndini, təbiət müəllimləri Mahmud Bayramovu, Tahir Abdullayevi, Abdulla Babanlını, rus dili müəllimi Əhmədağa Gülməmmədovu, alman dili müəllimi Əli Mustafayevi gətirdi. Əli Hüseynov 1926-27-ci illərdə Lənkəran, 1932-34-cü illərdə Qazax rayon xalq maarif şöbələrinin müdiri, 1930-cu ildə Naxçıvan Maarif Komissarı vəzifələrində işləmişdir.

1930-31-ci illərdə Qazax Müəllimlər Seminariyasına Əhməd Qurbanov rəhbərlik etmişdir. Əhməd Osman oğlu Qurbanov Qazax rayonunun II Şıxlı kəndində anadan olmuş, ibtidai təhsilini doğulduğu kənddə aldıqdan sonra Qazax Müəllimlər Seminariyasına daxil olmuş, seminariyanı bitirdikdən sonra orada müəllim işləmişdir. Əhməd müəllim sonralar Bakıya köçmüş, müxtəlif rəhbər vəzifələrdə işləmiş, İkinci Dünya Müharibəsinin iştirakçısı olmuş, müharibədən qayıtmamışdır.

1931-1936-cı illərdə Qazax Müəllimlər Seminariyasına Mirqasım Əfəndiyev rəhbərlik etmişdir. Mirqasım Hacı Ömər oğlu Əfəndiyev 1902-ci ildə Qazax qəzasının I Şıxlı kəndində anadan olmuş, ibtidai təhsilini aldıqdan sonra 1918-ci ildə Qazax Müəllimlər Seminariyasına daxil olmuşdur. O, seminariyada Səməd Vurğun, Mehdixan Vəkilov, Mirəli Mirəliyevlə birlikdə təhsil almışdır. Mirqasım Əfəndiyevin direktorluğu dövründə dərs hissə müdiri vəzifəsində Bəkir Əfəndiyev işləmişdir.

1936-1940-cı ilə qədər Qazax Müəllimlər Seminariyasına Mirzə Bağırov rəhbərlik etmişdir. Mirzə Bağırovun direktorluğu dövründə dərs hissə müdiri vəzifəsində 1936-1938-ci illərdə Alı Alıyev, 1939-1940-cı illərdə isə Məcid Tağıyev işləmişdir.

1940-1942-ci illərdə Qazax Müəllimlər Seminariyasına Məcid Tağıyev rəhbərlik etmişdir. Məcid Əsgər oğlu Tağıyev 1908-ci ildə Qazax rayonunun I Şıxlı kəndində anadan olmuş, ibtidai təhsilini öz kəndlərində almış, 1923-cü ildə Qazax Müəllimlər Seminariyasına daxil olmuş, 1928-ci ildə seminariyanı müvəffəqiyyətlə bitirdikdən sonra Şamaxı rayonunun Şəridli kəndində məktəb direktoru vəzifəsində çalışmışdır. Məcid müəllim 1929-cu ildə Ali Pedaqoji İnstituta daxil olub və 1932-ci ildə institutu qurtarmışdır. Sonralar o, Tovuz rayon Xalq Maarif Şöbəsinin müdiri vəzifəsində işləmişdir. Məcid Tağıyevin direktorluğu dövründə dərs hissə müdiri vəzifəsində Güllüzar Əliyeva işləmişdir.

1942-1947-ci illərdə Qazax Müəllimlər Seminariyasına Güllüzar Əliyeva rəhbərlik etmişdir. Güllüzar Əliyevanın direktorluğu dövründə dərs hissə müdiri vəzifəsində Osman Əfəndiyev işləmişdir.

1947-1950 və 1954-1959-cu illərdə Qazax Müəllimlər Seminariyasına Əhməd Cəlilov rəhbərlik etmişdir. Cəlilov Əhməd Məhəmməd oğlu 1913-cü ildə Qazax qəzasının II Şıxlı kəndində anadan olmuş, ibtidai təhsilini öz kəndlərində almış, 1932-ci ildə Qazax pedaqoji məktəbinə daxil olmuş, 1935-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir. 1935-1940-cı illərdə Azərbaycan Dövlət Universitetində ali təhsil almış, sonra bir il Azərbaycan Maarif Komissarlığında metodist vəzifəsində işləmiş, İkinci Dünya Müharibəsində iştirak etmiş, müharibədən qayıtdıqdan sonra Qazax pedaqoji məktəbində müəllim və qiyabi şöbənin müdiri vəzifəsində çalışmışdır. Əhməd Cəlilovun direktorluğu dövründə dərs hissə müdiri vəzifəsində Əli Zeynalov işləmişdir.

1951-1953-cü illərdə Qazax Seminariyasına Alı Alıyev rəhbərlik etmişdir. Alı Həşim oğlu Alıyev 1908-ci ildə Aşağı Salahlı kəndində anadan olmuş, ibtidai təhsilini Orta Salahlı kənd məktəbində almış, 1929-cu ildə Tovuzda kolxozçu gənclər məktəbini bitirdikdən sonra Orta Salahlı kənd məktəbinə müəllim təyin olunmuş, bir il burada müəllim işləmişdir. 1930-1935-ci illərdə Azərbaycan Ali Pedaqoji İnstitutunun tarix şöbəsində təhsil almışdır. Təyinatla Qazax Pedaqoji Texnikomuna müəllim göndərilmişdir. Alı müəllimin direktorluğu dövründə dərs hissə müdiri vəzifəsində Əli Zeynalov işləmişdir.

1918-1935-ci illərə qədər seminariyanın 12 buraxılışı olmuş, buranı 658 müəllim bitirmişdir. Onlardan 582-si oğlan, 66 nəfəri isə qız idi. 1935-ci ilə kimi məktəbdə 21 müəllim işləmişdir. Bu müəllimlərdən 16 nəfəri ali, 5 nəfəri isə orta təhsilli olmuşdur. Qazax Müəllimlər Seminariyası 40 illik (1918-1958) fəaliyyəti dövründə 3 mindən çox müəllim hazırlamış və onlar azərbaycanlıların yaşadıqları bölgələrin hamısına maarif işığı aparmışdır. Onlarla seminariya məzunu  Ermənistandakı və Gürcüstadakı Azərbaycan məktəblərində ibtidai sinif müəllimi kimi uğurlu fəaliyyət göstərmiş, həmin bölgədə yaşayan  azərbaycanlıların arasında təhsilin və maarifin yayılmasında fədakarlıq nümayiş etdirmişlər.  Seminariyada tələbələrin elmi biliklərə və geniş dünyagörüşünə yiyələnməsi, bacarıqlı müəllim kimi hazırlanması həmişə diqqət mərkəzində olmuşdur. Tələbələrdə nəzəri və praktik vərdişlərinin formalaşdırılması məqsədilə pedaqoji təcrübənin, sinifdənxaric və məktəbdənkənar təhsil-tərbiyə işlərinin təşkilinə xüsusi diqqət yetirilirdi. Tələbələrin təcrübə dərsləri 2-3 il davam edir, həmin dərslərin icmalları müəllimlər tərəfindən ciddi yoxlanılır, dərslərin geniş müzakirəsi keçirilirdi. Tədris-tərbiyə işlərinin səmərəli təşklində  seminariyanın demokratik əsaslarla idarə olunması mühüm rol oynayırdı. Seminariyada bu gün də qibtəediləcək möhkəm nizam-intizam, humanist və demokratik öyrətmə və öyrənmə mühiti, müəllim-tələbə əməkdaşlığı var idi.

Qazax Müəllimlər Seminariyası Qori Müəllimlər Seminariyasının ənənələri əsasında təşkil olunmuşdu. Onun Azərbaycanda fəaliyyət göstərən, kəmiyyət və keyfiyyətcə fərqlənən yeni bir modeli idi. Bu səbəbdən də bir müddət onun nizamnaməsi əsasında işləmişdi. 1921-ci ildə Azərbaycan Xalq Maarif Komissarlığı müəllim seminariyaları üçün yeni nizamnamə qəbul etdi. Qazax Müəllimlər  Seminariyası zahirən bu nizamnaməyə tabe olsa da, özünün Qori ənənəsinə sadiq qaldı, orada istifadə  edilən mütərəqqi təlim və tərbiyə üsullarının tətbiqini davam etdirdi. 1925-ci ildə Azərbaycan SSR Xalq Maarif Komissarlığının qərarı ilə seminariyaların bazasında dördillik pedaqoji texnikumlar yaradıldı. Qazax Seminariyası Qazax Pedaqoji Texnikumuna çevrildi. Azərbaycanda sovet dövründə açılmış digər seminariyaların tarixi ənənəsi olmadığından onlar bir neçə il sonra bağlandı. Qazax Müəllimlər Seminariyası Qori ənənələrini saxlamaqla onun layiqli varisi oldu, 1959-cu ilə qədər öz fəaliyyətini davam etdirdi.

Qazax Müəllimlər Seminariyası Azərbaycanda milli təhsilin inkişafında, orta ixtisas təhsilli müəllim kadrları hazırlığında məhsuldar və səmərəli fəaliyyət göstərmiş, təhsil tarixində Qori Müəllimlər Seminariyası qədər şərəf və şöhrətə sahib olmuşdur.  Qazax Müəllimlər Seminariyasının müəllim kollektivi səmərəli pedaqoji və metodiki fəaliyyəti, şəxsi nümunəsi ilə Azərbaycan xalqına onlarla dəyərli ziyalı bəxş etmişdir. Adını millətin şöhrət və şərəf kitabına yazan Səməd Vurğun, Mehdi Hüseyn, Osman Sarıvəlli, İsmayıl Şıxlı, Mövsüm Poladov, İlyas Əfəndiyev, Mehdixan Vəkilov, Əhməd Qaravəliyev, Tahir Məhərrəmov, Hacı Hacıyev, Alı Alıyev, Hüseyn Tağıyev, İsmayıl Qasımov, Məmməd Şıxlı, Yunis Eyyubov, Yasin Əfəndiyev, Əsgər Xasməmmədov, Abdulla Babanlı, Əhməd Əhmədov, Osman Cəfərov, Mansır Yaqubov, Qasım Murğuzov, Əli Zeynalov, İkram Eyyubov, Barat Qaravəliyev, Dilşad Şıxlinski, Gülbahar Vəkilova, Pəri İbrahimova, Qənirə Mehdixanlı, Nərgiz Mahmudova, Mirpaşa Nəsibov, İsmayıl Orucov, Ənvər Əfəndiyev, Mədət Məşiyev, Cavad Bağırov, İsaq İsaqov, Həmid Nəsibov, İslam Vəliyev, İsrafil Yaqubov, İsrafil Yusifov, Abbas Mazanov, Məcid Əhmədov, Mürsəl Əfəndiyev, Xanəhməd Bayramov, Yusif Zeynalov, Zöhrə Həsənova, Alı Mustafayev, Mirəli Mirəliyev, Mahmud Süleymanov, Məhəmməd Nəsibov, Mahir Mahmudov, Mehdi Həsənov, Nəsib Əfəndiyev, Mehdi Hüseynov, İbrahim İbrahimov, Mehri Əhmədova, Gilas Məmmədova, Niftalı Abdullayev və seminariyanın digər məzunları ilə fəxr edirik. Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyi ərəfəsində onların xatirəsini hörmətlə yad edir, milli məktəbin, milli təhsilin, milli maarifin, milli ədəbiyyatın və mədəniyyətin inkişafındakı xidmətlərinə görə ruhları qarşısında baş əyirik. Onlar özlərinin nadir istedadı ilə müəllim, alim, ədib, mütəfəkkir, ictimai və dövlət xadimi kimi yetişmiş və ölkəmizdə elmin, maarifin və mədəniyyətin inkişafında əvəzsiz rol oynamışlar. Qazax Müəllimlər Seminariyası haqqında yazını yekunlaşdırarkən də bir daha Ulu Öndər Heydər Əliyevi xatırladım. Ulu Öndər Qazax Müəllimlər Seminariyasının yaradılmasının 80 illik yubileyinə həsr olunmuş konfrans iştirakçılarına 27 dekabr 1999-cu ildə göndərdiyi təbrik məktubunda deyirdi: “Qazax Müəllimlər Seminariyasının xalqımızın mədəni həyatında oynadığı böyük rol danılmazdır. Onun təməli üzərində neçə-neçə təhsil ocaqları yaranıb inkişaf etmişdir. Bu təhsil məbədi özündən sonra böyük mədəni irs qoymaqla adını Azərbaycan maarifi tarixinə əbədi həkk etmişdir. Əminəm ki, müstəqil Azərbaycan Respublikasının təhsil işçilərinin neçə-neçə nəsli də bu zəngin irsdən bəhrələnəcəkdir”.

 





10.12.2018    çap et  çap et