525.Az

Heydər Əliyev: Qüdrətli şəxsiyyət, görkəmli dövlət xadimi


 

Heydər Əliyev: <b style="color:red">Qüdrətli şəxsiyyət, görkəmli dövlət xadimi</b>

Ümummilli lider Heydər Əliyevin vəfatından 15 il keçir. Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyev 12 dekabr 2003-cü il tarixində dünyasını dəyişib. Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalıb.

Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı idi. O, dünya siyasətinə təsir etmək gücündə olan lider idi. 

Ulu öndəri xarizmatik lider, fenomenal şəxsiyyət adlandırırlar. Müasir siyasi texnologiyalarda lider üçün xarizma məsələsi çox vacib şərt hesab edilir. Heydər Əliyev məhz güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Heydər Əliyevin Azərbaycan tarixində gördüyü nəhəng işlər saysız-hesabsızdır. Onun ən böyük xidməti isə məhz müstəqil Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etməsi oldu. Bu gün də insanların verdiyi bir sual var: Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, Azərbaycanın taleyi necə olacaqdı? Təsəvvür etmək belə mümkün deyil. Bu günlər dünyanın tanınmış dövlət xadimləri, siyasətçilər, ziyalılar ümummilli lider haqqında xatirələrini bölüşür, onu ən xoş sözlərlə yad edirlər, böyük liderlik qabiliyyətinə malik olduğunu vurğulayırlar.

Məsələn, Ukraynanın ilk prezidenti Leonid Kravçuk Heydər Əliyevlə bağlı xatirələrini bölüşərək deyib ki, Heydər Əliyev müstəqil Azərbaycanın prezidenti, öz ölkəsinin oğlu idi: "Heydər Əliyev Azərbaycanın oğlu idi. Artıq nəsə demək lazım deyil. Mənimlə söhbətində Heydər Əliyev həmişə Azərbaycan haqqında danışırdı. Özünü ölkəsi olmadan təsəvvür edə bilmirdi".

İTAR-TASS agentliyinin sabiq baş direktoru Vitali İqnatenko Heydər Əliyevi zamanın fövqündə duran şəxsiyyət adlandırıb. Bildirib ki, şəxsiyyətinin miqyası çox nəhəng olan Heydər Əliyev özünün yüksək mədəniyyəti, cazibəsi, güclü iradəsi, geniş intellekti sayəsində çox şeyə qadir idi. Heydər Əliyev Azərbaycan xalqının taleyüklü məsələləri ilə bağlı çox mühüm işlər görüb. Hər bir insanın taleyinə töhfə vermiş bu dahi şəxsiyyətin xatirəsi ildən-ilə yeni keyfiyyətlərlə zənginləşərək, daim yaşayacaq.

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev də "525-ci qəzet”ə ümummilli liderlə bağlı ürək sözlərini dilə gətirib. O deyib ki, Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının tarixdə yetişdirdiyi ən böyük şəxsiyyətdir: "Çox işıqlı, hərtərəfli bir insan idi. Həm intellektual, həm fiziki, həm mənəvi baxımdan zəngin bir insan idi. Onu həm insan, həm rəhbər, həm də dövlət xadimi kimi xarakterizə edəndə, hər kəs tərəfindən ən yüksək qiymət verilir. Bu qiyməti tək biz yox, bütün dünya verir. Heydər Əliyevin hakimiyyəti dövründə dünyanı idarə edən liderlər hər zaman ona çox yüksək dəyər veriblər. Ən yüksək qiyməti eyni zamanda, Azərbaycan xalqı verib. Xalqımızın tarixində heç bir şəxsiyyət ümummilli lider səviyyəsinə yüksəlməyib və bu ad heç kimə verilməyib. Bu gün sadə insanlarımız, uşaqlar Heydər Əliyev demirlər, Heydər baba deyirlər. Bu, xalqın sevgisinin ifadəsidir. Ümummilli liderin dünyasını dəyişdiyi gün, dəfn günü də hər birimiz yadındadır. Minlərlə insan həmin gün havanın çox soyuq olmasına, qar yağmasına baxmayaraq, aeroporta  axışırdı. Prezident Administrasiyası önünə gələrək gül-çiçək dəstələri düzüb, şamlar yandırırdılar. Bu, ümumxalq sevgisinin bir ifadəsi idi. Dəfn günü isə, bəlkə də Azərbaycan tarixində elə bir dəfn görünməmişdir ki, milyondan çox insan indi öz adını daşıyan o vaxtkı Respublika sarayından Fəxri xiyabana kimi gəlib onu son mənzilə qədər müşayiət etdilər".

Millət vəkili deyib ki, ulu öndərin vəfatından artıq 15 il keçir və gördüyünüz kimi, hər il onun anım günü də, doğum günü də Azərbaycan xalqı tərəfindən necə böyük bir sayğı-sevgi, ehtiramla xatırlanır, yad edilir: "Bu, onun həm mənəvi keyfiyyətlərinin, həm insan sevgisinin, həm də ki, xalqın və millətin,  dövlətin tarixidə oynadığı rolun ifadəsidir, sevginin göstəricisidir".  O ki qaldı Azərbaycan dövləti, xalqımız üçün Heydər Əliyevin nə etdiklərinə, M.Quliyev bildirib ki, ulu öndər heç kimin etmədiyi bir işi etdi ki, dövləti parçalanmaqdan qorudu, xalqımızı qorudu, vətəndaş müharibəsinin qarşısını aldı, dağılmaqda olan, məhvə gedən ölkənin qalıqları üzərində yeni möhtəşəm bir Azərbaycanın bünövrəsini qoydu: "Azərbaycan xalqına üç əmanət qoyub getdi: bunun birincisi müstəqil Azərbaycan dövləti, ikincisi Yeni Azərbaycan Partiyası və nəhayət, öz siyasətini, siyasi ideloji xəttini uğurla davam etdirən, dünya azərbaycanlılarının lideri, cənab Prezident İlham Əliyev. Heydər Əliyev hər zaman böyük uzaqgörənliklə deyirdi ki,  Azərbaycan dünyaya günəş kimi doğacaq. Bu gün Azərbaycan dünyanın kosmos klubunun üzvü olan ölkələrindən biridir. Müstəqilliyi dövründə BMT Təhlükəsizlik Şurasının  qeyri-daimi üzvü seçildi . Ölkəmiz xarici siyasətdə böyük uğurlar əldə etdi. Dünya reytinqlərində ən qabaqcıl yerlərdə olan bir dövlətə çevrilib. Bizim sabitliyimiz də, ictimai-siyasi asayişimiz də, inkişafımız da, gələcək fəaliyytimiz də Heydər Əliyevin adı, onun siyasəti,  siyasi kursu ilə bağlıdır. Heydər Əliyev deyirdi ki, nə qədər Azərbaycan var, mən əbədi yaşayacam, Azərbaycan da dünyada əbədi yaşayacaq. Və dəfələrlə söyləyirdi ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır. Onu təkcə bizə demirdi, bu həm də müstəqilliyimizi gözü götürməyən xarici qüvvələrə bir mesaj idi. Yəni bu xalq  bu müstəqilliyi əldə edibsə, onu qanı, canı bahasına qoruyub saxlamağa qadirdir. Bu gün Azərbaycanın müstəqilliyinin əbədi olması heç kimdə şübhə doğurmur. Heydər Əliyev Azərbaycan üçün ölçüyəgəlməz xidmətlər göstərmiş, dünya tarixində adı yazılmış böyük bir şəxsiyyətdir və uzun illər, tarixlər, əsrlər, eralar  bitəcək, amma Heydər Əliyev və onun Azərbaycanı əbədi  qalacaq".

YAP Nərimanov rayon təşkilatının Qadınlar Şurasının sədri, millət vəkili Məhəbbət İbrahimova isə deyib ki, Heydər Əliyev görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan milli dövlətçiliyini bütün təhlükələrdən xilas edib qoruyan və inkişaf etdirən qüdrətli şəxsiyyət idi. Ulu öndərin həyat və fəaliyyəti müasir tariximizin ən mühüm və şərəfli mərhələsini təşkil edir: "Təsadüfi deyildir ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tariximizin qızıl dövrü kimi yaddaşlara həkk olunub. Gördüyü böyük miqyaslı işlərin nəticəsidir ki, bu gün yüksək ehtiram hissi ilə onun əziz xatirəsini xalqımız yad edir. Bu günün müasir və müstəqil Azərbaycanı Heydər Əliyevin şah əsəridir. Çünki çətin və məşəqqətli dövrlərdə yeganə nicat yolunu Heydər Əliyevin qayıdışında görən Azərbaycan xalqı onu təkidlə hakimiyyətə çağırırdı. Məhz ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün ciddi təhlükə qarşısında qaldığı anda Heydər Əliyevə müraciət edən xalqımız inanırdı ki, Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız Heydər Əliyev xilas edə bilər. Ümummilli liderimizin bizə ərməğan qoyub getdiyi zəngin irsi bu gün də, sabah da öyrənilməli, onun əsas mahiyyəti dərk edilməlidir. Bu gün hər bir azərbaycanlı fərəh hissi keçirir ki, dövlətimizin idarəçilik sükanı başında milli öndər Heydər Əliyevin yetirməsi, onun yaratdığı siyasi məktəbin davamçısı, partiyamızın sədri, möhtərəm prezidentimiz İlham Əliyev durur. Hər bir azərbaycanlının prezidenti olacağını qətiyyətlə bildirən və ötən müddət ərzində sözünün, vədinin sahibi olduğunu əməli işi, genişmiqyaslı fəaliyyəti ilə bir daha sübut edən cənab İlham Əliyevlə xalqımız yeni-yeni müvəffəqiyyətlərə, uğurlara nail olacaq, dövlətçiliyimizin inkişafı və möhkəmləndirilməsi istiqamətində mühüm göstəricilər əldə edəcəkdir".

PƏRVANƏ

 





11.12.2018    çap et  çap et