525.Az

Ermənistanda seçkilər kobud qanun pozuntularıyla yadda qaldı


 

"SAXTA SEÇKİ İLƏ HAKİMİYYƏTƏ GƏLƏN PAŞİNYAN İQTİDARI ERMƏNİSTAN ÜÇÜN YAXŞI HEÇ NƏ VƏD ETMİR"

Ermənistanda seçkilər kobud qanun pozuntularıyla yadda qaldı<b style="color:red"></b>

Dekabrın 9-da Ermənistanda keçirilən növbədənkənar parlament seçkiləri seçici passivliyi və kobud qanun pozuntuları ilə yadda qalıb.

Seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların yarıdan çoxu iştirak etməyib. Cəmi seçiçilərin 48,63 faizi səsvermə hüququndan istifadə edib. Paytaxt İrəvanda seçici fəallığı 47,6 faiz (404599 nəfər), Gümrüdə 39,22 faiz (48817 nəfər), Vanadzorda isə 46,66 faiz (44949 nəfər) qeydə alınıb. Ermənistanda bundan öncəki parlament seçkilərində isə seçici aktivliyi 60,86 faiz olduğu bildirilmişdi. Yəni Serj Sarkisyanın seçki fokusları nəticəsində seçici sayı süni artırılmışdı, bunun üçün xaricə köçənləri, orada yaşayanları seçici kimi siyahıda saxlayırdılar.

Ermənistanın əhəlisi 2018-ci ilin iyul ayının 1-nə (yəni yeni hökumətin hesablamalarına görə) 2 mln. 969 min 800 nəfərdir. Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ölkədə guya 2 mln. 592 min 481 nəfər seçici var. Adi məntiqə görə, 2,9 mln. əhalisi olan ölkədə 2,6 mln. seçici, yaşı 18-dən aşağı cəmi 300 min nəfər ola bilməz. Bu o deməkdir ki, Paşinyan seçkilərə Sarkisyan dövrünün saxta siyahıları ilə gedib. Ortada 100 minlərlə "seçici" şişirtməsi var.

Diqqətçəkən məqamlardan biri də Nikol Paşinyanın iki yaxın qohumu - qardaşı oğlu və qaynının parlamentə deputat seçilməsidir.

Erməni mətbuatının yaydığı xəbərə görə, Tavuş vilayətində 17155 səs toplamış Sipan Paşinyan və 8920 səs toplamış Qraç Akupyan deputat mandatı qazanıblar.

O da bildirilir ki, "Çiçəklənən Ermənistan" partiyasından ən çox səsi (7472) Qagik Tsarukyanın mühafizəsinin başçısı Eduard Babayan toplayıb. Barəsində olan cinayət işinə gəlincə, Babayan bildirib ki, məhkəmə onu təqsirli bilərsə, mandatını təhvil verəcək.

Ümumilikdə, bu seçkilərdə 144 qayda pozuntusu haqqında məlumat qeydə alınıb.

Ermənistanın polis polkovniki Aşot Sarkisyan Mərkəzi Seçki Komissiyasının mətbuat konfrası zamanı qeyd edib ki, şikayətlərdən 36-sı İrəvandan və 108-i bölgələrdəndir.

Seçkilərinin gedişində, xüsusən, Vanadzor bölgəsində seçki bülletenləri ilə bağlı çoxlu sayda qanun pozuntusu olub.

Ermənistanın Respublikaçılar Partiyasının parlamentdəki fraksiyasının keçmiş rəhbəri Vaqram Baqdasaryan bildirib ki, bir çox məntəqələrdə Respublikaçılar Partiyasına məxsus bülletenlər olmayıb: "Seçicilərə bir sıra hallarda əlavə bülletenlər verilib. Vanadzor və digər bölgələrdə seçicilərə Nikol Paşinyanın "Mənim Addım" Blokuna səs vermələri istiqamətində təsir göstərilib.

"Çiçəklənən Ermənistan" Partiyasının namizədi Naira Zöhrabyan isə "Facebook" hesabından canlı yayım zamanı deyib ki, Sünik vilayətinin qubernatoru Unan Poqosyan bütün şəhər merlərinə və icma rəhbərlərinə vətəndaşları Nikol Paşinyanın "Mənim addımım" blokuna səs verməyə çağırmalarını tapşırıb.

Zöhrabyan bildirib ki, əlində "Mənim addımım" blokuna səs vermələri üçün vətəndaşlara pul təklif olunması barədə məlumat var: "Məlumat dəqiqləşdirildikdən sonra dərhal hüquq-mühafizə orqanlarına xəbər veriləcək".

Ermənistanda növbədənkənar parlament seçkilərində səsvermənin gedişatında ən gərgin vəziyyət Ararat vilayətindəki seçki məntəqələrində qeydə alınıb.

"İnformasiya vətəndaşı ittifaqı"nın başçısı Daniyel İoannisyan bildirib ki, orada gizli səsvermə prinsipi pozulub, seçki məntəqələrində insanların kütləvi gətirilməsi qeydə alınıb. Onun sözlərinə görə, seçki məntəqələrində yaranan problemlər, həmçinin, seçki komissiyalarının rəhbərlərinin qanunlarla tanış olma səviyyəsi ilə bağlıdır. Müşahidəçilərin seçki prosesinə müdaxilə etdiyini deyən təşkilat sədri qeyd edib ki, əvvəllər qayda pozuntuları daha çox seçki məntəqələrindən kənarda qeydə alınırdısa, indiki halda, pozuntular əsasən, seçki məntəqələrində baş verir.

İoannisyan bildirib ki, İrəvanda seçki məntəqələrindən kənarda seçkiqabağı rüşvətin verilməsi ilə bağlı bir neçə şikayət olub.

Məsələ ilə bağlı "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, Paşinyanın lideri olduğu partiyanın qələbə çaldığı aşkardır, o, təkbaşına hökuməti formalaşdırmaq imkanı qazanacaq: "20 ildən sonra "Qarabağ klanı" rəsmən hakimiyyətdən uzaqlaşdırıldı. Paşinyan qısa müddət ərzində təkbaşına hökuməti formalaşdıracaq. Qarşıda onu 3 çətin vəzifə gözləyir. Birincisi, Dağlıq Qarabağ münaqişəsinin həllində addım atmasa, cəbhə bölgəsində vəziyyət gərginləşəcək, üstəgəl, Qarabağdakı girovlarımızın "hamının hamıya" dəyişdirilməsini uzada bilməyəcək. İkincisi, istisadi islahatlar aparmaq üçün əlavə vəsaitə ehtiyac var, o biri tərəfdən də Ermənistanın artan xarici borc problemini həll etməlidir. Üçüncüsü isə Paşinyan xarici siyasət kursunu müəyyənləşdirməlidir. Onun Rusiya və Qərb arasında vurnuxması Moskvanın xoşuna gəlmir, ancaq Qərbə yaxınlıq da Paşinyana xüsusi divident vəd etmir".

"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə KİV-ə açıqlamasında qeyd edib ki, Ermənistanda keçirilən növbədənkənar parlament seçkiləri ölkənin tarixinə növbəti biabırçılıq kimi düşüb: "Buna seçki demək nə dərəcədə doğrudur? Sözsüz ki, bu seçki yox, "seçki fırıldağı" kimi yadda qaldı. Seçicilərin heç 50 faizi belə səsverməyə gəlməyib. Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçyan açıqlama yayıb ki, seçici fəallığı cəmi 48,63 faiz təşkil edib. İnsanların daha çox yaşadığı İrəvanda belə seçici passivliyi müşahidə edilib. Bu, hələ rəsmi statistikadır, şişirdilmiş rəqəmdir. Əslində isə bu faiz daha aşağıdır. Bu da insanların köhnə və yeni hakimiyyətə inamsızlığından irəli gəlir. İllərdir ki, xalqı boş vədlərlə aldadan terrorçu Sarkisyan rejimindən sonra hakimiyyətə gələn Paşınyan şirin vədlərlə öz şəxsində "lider" obrazı fomalaşdırmağa çalışdı. Ancaq onun 7 aylıq hakimiyyət dövrü göstərdi ki, Paşinyan xalqın yox, "başqalarının" qulluğundadır. Ermənistanda seçici passivliyinin baş verməsi isə məhz bu amillərlə bağlıdır".

V.Rəhimzadə qeyd edib ki, Ermənistandakı seçkilər zamanı kifayət qədər qanun pozuntusu qeydə alınıb: "Seçkilərdə ciddi saxtakarlıqlar baş verib. Bunların əksəriyyəti isə cinayət tərkiblidir. Hardadır Azərbaycanda keçirilən şəffaf, ədalətli seçkilərə hər fürsətdə qara yaxmağa çalışan bəzi beynəlxalq qurumlar, təşkilatlar? Nə üçün Ermənistanda baş verən biabırçılığa reaksiya vermirlər, hesabatlar yaymırlar? Bu mənada hesab edirəm ki, dünyanın nüfuzlu beynəlxalq təşkilatları, o cümlədən, ATƏT və digər qurumlar Ermənistandakı seçki saxtakarlığına lazım olan qiyməti verməlidirlər. Bütün dünyanın gözü qarşısında baş verən qanun pozuntuları, seçici passivliyi, şişirdilmiş rəqəmlər və müxalifətin, xalqın etirazı beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapmalıdır".

"İki sahil" qəzetinin baş redaktoru əlavə edib ki, saxta seçki ilə hakimiyyətə gələn Paşinyan iqtidarı özü və Ermənistan üçün yaxşı heç nə vəd etmir: "Paşinyan hakimiyyətə gəldiyi ilk günlərdə xalqı yalan vədlərlə aldatmağa çalışdı, bir müddət bunu bacardı da. Ancaq vaxt keçdikcə insanlar onun əsl simasını gördülər və 9 dekabr "seçki oyunu" da bunun bariz nümunəsi oldu".

Milli Məclisin deputatı Aydın Mirzəzadə isə qeyd edib ki, Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində cəmi 48,63 faiz seçicinin iştirak etməsinin səbəbi vətəndaşların böyük əksəriyyətinin ölkədə olmamasıdır. O, "Trend"ə bildirib ki, səs verən insanların əksəriyyəti yaşlılardır: "Əvvəlki hakimiyyətlərin "böyük Ermənistan" siyasəti əhalinin normal yaşayış üçün bütün dünya boyunca səpələnməsinə səbəb olub. Ölkədə yaşayan əhalinin sayı obyektiv hesablansa, indikindən qat-qat aşağı rəqəm alınar. Ermənistanda olanlar da burada məcburiyyətdən qalıblar və hakimiyyətə inamları yoxdur".

Deputat qeyd edib ki, seçkilərin antidemokratik və qeyri-şəffaf şəkildə keçirilməsi də açıq-aydın ortadadır.

A.Mirzəzadə əlavə edib ki, Azərbaycana qarşı işğal siyasəti ilk növbədə Ermənistanın özünə faciə yaşadır və yaşadacaq.

Siyasi şərhçi Arzu Nağıyev isə bildirib ki, Ermənistanda insanlar hakimiyyətə inanmır və seçkilərdə iştirak etmək istəmirlər. O qeyd edib ki, səsvermə prosesində kütləvi qanun pozuntuları baş verib: "Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın mitinq siyasəti hakimiyyətin idarəçilik siyasəti demək deyil".

Politoloqun sözlərinə görə, seçkilərlə bağlı son məlumatlar göstərir ki, səsvermədə çox az insan iştirak edib, gələnlər isə yaşlı adamlardır: "Bu, onu göstərir ki, Ermənistanda insanlar hakimiyyətə inanmır və seçkilərin qeyri-şəffaf keçirildiyini bildikləri üçün səsvermədə iştirak etmirlər".

A.Nağıyev bildirib ki, proseslər göstərir ki, seçkilər böyük qanun pozuntuları ilə müşayiət olunub və bu da təbii ki, seçkilərin saxtalaşdırılması ilə nəticələnib.

Qeyd edək ki, Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində 9 partiya və 2 siyasi blok iştirak edib. Rəsmi məlumatlara görə, ümumi seçicilərin sayı isə 2,5 milyondan çox olub.

Nəticələrə əsasən, 70,43 faiz (884 min 456) səslə Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın "Mənim addımım" bloku qələbə qazanıb. İkinci yeri 8,27 faizlə (103 min 824) "Çiçəklənən Ermənistan" partiyası tutub. "İşıqlı Ermənistan" partiyası 6,37 faizlə (80024) üçüncü olub. Qalan partiyalar isə parlamentin 7-ci çağırışı üçün lazım olan baryeri keçə bilməyib.

Beləliklə, yeni parlamentdə beş il müddətində yalnız Nikol Paşinyanın silahdaşları və müttəfiqləri olacaq.

Ceyhun ABASOV

 





11.12.2018    çap et  çap et