525.Az

Avropa "demokratiyası"nın Fransa nümunəsi: aksiyaçılara necə divan tutulur


 

Avropa "demokratiyası"nın Fransa nümunəsi: <b style="color:red">aksiyaçılara necə divan tutulur</b>

Fransada başlayan və kütləviləşən "sarı jiletlilər" aksiyası Avropa "demokratiyası"nın əsl simasını bəlli etdi.

Digər ölkələrə "demokratiya" dərsi keçən, insan hüquqlarından, özünüifadə azadlığından dəm vuran Fransa sərgilədiyi siyasətlə təkcə özünü deyil, Avropa demokratiyasının mahiyyətini sözün bütün mənasında ortaya qoydu. Reallıq ondan ibarətdir ki, "sarı jiletlilər" hərəkatı Belçikaya, hətta digər Avropa ölkələrinə də sıçramaq üzrədir. Yayılmış məlumatlara görə, Fransada keçirilən kütləvi etiraz aksiyaları zamanı iki minə yaxın şəxs həbs edilib, 130-a yaxın şəxs yaralanıb, xalq etirazlarını yatırtmaq üçün ölkə üzrə 89 mindən çox polis cəlb edilib. Fransadakı mövcud hakimiyyət maliyyə oliqarxları qarşısında götürdüyü öhdəliklərə əməl etmək naminə xalqın üzərinə gedir, nəticədə son 50 ilin ən güclü xalq etirazı ilə üz-üzə qalıb. Qərbdə, xüsusən Fransa siyasi institutların böhranı müşahidə edilməkdədir, kütlələr rəsmi hakimiyyətə, nə də müxalifətə etibar edir, nəticə etibarilə anonim qruplar, anarxist dəstələr etiraz aksiyalarının əsas aparıcı qüvvəsinə çevrilirlər.

Təsadüfi deyil ki, Azərbaycan prezidenti İlham Əliyev Fransadakı mövcud Emmanuel Makron hakimiyyətinin mahiyyətini uzaqgörənliklə və siyasi peşəkarlıqla analiz etmiş, buna görə də Azərbaycan tərəfindən onun  Bakıya səfəri ilə bağlı əvvəlcədən razılaşdırılmış addımlar atılmamışdı. Misal üçün, Makronun Ermənistana səfəri zamanı onun cinsi azlıq və gey parad nümayəndələri ilə birgə etdirdiyi davranışları, xüsusilə məkana çəkilmələri ilə bağlı informasiyalar mediaya sızdıqdan sonra Azərbaycan tərəfi qeyri-ciddi tərəfdaşla əlaqələrin davamında maraqlı olmadığını nümayiş etdirdi. Yeri gəlmişkən, Fransada I Dünya müharibəsinin 100-cü ildönümü ilə bağlı keçirilən təntənəli mərasimdə də Azərbaycan tərəfi prezident və baş nazir səviyyəsində deyil, xarici işlər nazirliyi səviyyəsində təmsil olunmaqla kifayətləndi.

O da məlumdur ki, Fransanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində hətta ATƏT-in Minsk qrupunun üzvü olmasına rəğmən, birtərəfli mövqe sərgiləməsi, daha dəqiq desək, işğalçı Ermənistanın tərəfindən çıxış etməsi, o cümlədən, Qarabağın separatçı və hərbi xuntası ilə ayrı-ayrı şəhərlərdə sıxlaşan əlaqələri Azərbaycan dövlətinin diqqətindən kənarda qalmır. Əbəs deyil ki, Azərbaycan tərəfi Fransanın ATƏT-in Minsk qrupuna həmsədrlikdən uzaqlaşdırılacağı barədə tələblər irəli sürərək, xəbərdarlıqlar edib. Əldə etdiyimiz digər məlumata görə isə, Prezident İlham Əliyevin Parisə son səfəri zamanı imzalanmış müqavilələrin icrası Azərbaycan tərəfindən dayandırılıb. Bunu belə əsaslandırmaq olar ki, Fransanın demokratik normalara, beynəlxalq hüquqa və iki ölkənin maraqlarına zidd addımları Azərbaycan tərəfini bu cür sərt addımlar atmağa vadar edib.

Halbuki Azərbaycan müstəqillik əldə etdiyi vaxtlardan başlayaraq, Fransa ilə əlaqələrə xüsusi önəm verib, erməni lobbisinin güclü olduğu ölkə ilə qarşılıqlı maraqlara söykənən münasibətlər qurmağa nail olub. Bu baxımdan, obyektivlik naminə deyilə bilər ki, əvvəlki hakimiyyətlərin, o cümlədən, Fransua Ollandın hakimiyyəti zamanı Fransa da Ermənistan və Azərbaycan əlaqələrində balanslı siyasəti qorumağa çalışıb, adətən Cənubi Qafqaz səfərlərinin trayektoriyasını müəyyən edərkən də bu kimi müvafiq addımlarını atıb. Belə olan halda, Makron iqtidarının bəlli addımları bilavasitə Azərbaycanın maraqlarına cavab verməməklə yanaşı, artıq görünən budur ki, o, daxili siyasətində, o cümlədən, iqtisadi siyasətində də ciddi və çox kobud səhvlərə yol verir. Nəticədə Fransa xalqı öz haqlı etiraz səslərini ucaldır.

Xatırlatmaq yerinə düşər ki, Fransada baş verənlərə bir çox ölkələrin liderləri də münasibət açıqlayıb, Makron hakimiyyətinin siyasətini sərt şəkildə tənqid ediblər. Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan bildirib: "Avropada baş verənləri görürsünüzmü? 15 iyulda onlar bizə edilənlərə qarşı səssiz qaldılar. Bir çox Avropa ölkəsinin, xüsusilə də Parisin küçələri bir-birinə qarışıb. Bizim polisimizə lağ edənlərin polisi indi görün nələr edir? Bizim polisimiz mərhəmətlidir".

Ərdoğan əlavə edib ki, Ankara həm nümayişçilərin yaratdığı xaosa, həm də etirazçılara qarşı həddindən artıq güc tətbiqinə qarşıdır.

ABŞ prezidenti Donald Tramp da Fransa hadisələri ilə bağlı fikirlərini açıqlayıb. O, Fransa hökumətinə "mənasız və son dərəcə qiymətli" Paris iqlim sazişinə son qoymağı və ölkədə vergiləri aşağı salmağı təklif edib: "Parisdə olduqca kədərli gün və gecədir. Bəlkə mənasız və son dərəcə qiymətli olan Paris sazişinə son qoymağın və daha aşağı vergilər şəklində pulları insanlara geri qaytarmağın vaxtı çatıb?"

Fransa hadisələrini şərh edən millət vəkili Asim Mollazadə isə deyib ki, Fransada sağ və sol qüvvələr xaricdən dəstək alır. Təbii ki, xaricdəki qüvvələrin də əsas məqsədi Avropa Birliyinin daxilində Avropanın ən əsas ölkələrinin birində xaos yaratmaqdır.

Deputatın sözlərinə görə, Azərbaycan bu prosesləri sadəcə olaraq kənardan müşahidə edir: "ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransa hadisələri ilə bağlı reaksiyasına gəlincə, onlar düşünürlər ki, hansısa Avropa Birliyi ölkələrinin təzyiqləri və yaxud da iqlim problemləri ilə bağlı hamını bu oxşar problemlərə yaxınlaşdırmaq vəziyyəti yaranır. Çünki Fransa prezidenti Emmanuel Makron Paris sazişi tələbilə ABŞ-a da təzyiq etmək istəyirdi. Bildiyiniz kimi, ABŞ Paris sazişindən çıxdı. Türkiyənin isə bu proseslərdə hansısa marağı yoxdur. Hazırda Fransada davam edən aksiyalarla bağlı danışıqlar gedir. Hökumət güzəştlərə getmək istəyir. Mənə elə gəlir ki, hökumət ciddi güzəştlərə getsə, vergiləri azaltsa, ola bilər ki, proseslər səngisin".

PƏRVANƏ

 





11.12.2018    çap et  çap et