525.Az

Bir şagirdin öz Müəllimi haqqında yazısı


 

Bir şagirdin öz Müəllimi haqqında yazısı<b style="color:red"></b>

Bu yaxınlarda Metbuat.az-dakı dostlar məndən çox geniş bir müsahibə almışdılar. Özü də siyasətdən, gündəmdən uzaq bir müsahibəydi. Uşaqlığım, gəncliyim, həyatımla bağlı suallar vermişdilər, mən də hər zamankı kimi səmimi cavablar vermişdim.

Düzdür, çox uzun müsahibə idi, amma oxunaqlı çıxmışdı. Hətta Azərbaycandan kənarda yaşayan bəzi dostlar-qohumlar da oxumuş və kövrəlmişdilər. Hər nə qədər olmasa da, səmimi bir müsahibəydi, mənim danışdıqlarım xatirələri canlandırmış və keçmişə daşımışdı onları da...

O müsahibədə daha çox məktəb illərim üzərində dayanmışdıq. Xatirələrim zəngindir o illərlə bağlı. Həm də xoşdur, kövrəkdir, bir çox hallarda isə ibrətamizdir.

Müsahibədə qeyd etmişdim ki, yuxarı siniflərdə - yeniyetməlik çağımda bir balaca təhsildən yayınmağa meyllənmişdim. 8-ci sinfə qədər əlaçı idim. Sinifdə sayılıb-seçilirdim. Adım hər zaman yaxşı işlərdə hallanırdı. Düzdür, arabir yaramazlıqlarım da olurdu, amma çox da dəhşətli bir şey etdiyim olmazdı.

9-cu sinifdə isə artıq dərslərə bir balaca biganə yanaşmağa başlamışdım. Kənd uşağıydım. Ana təbiətin bəxş etdiyi coşqunluq, üstəlik də ata-anamın miras buraxdığı dəmir kimi sağlamlığım məni əməlli-başlı emosional birinə çevirmişdi. Təbii ki, bu əsib-coşmalar dərslərimə əvvəlki kimi ürəkdən yanaşmağımı əngəlləyirdi. Nə edirdim, necə edirdim məsələsinin üzərində durmaq istəməzdim. Sadəcə görünən o idi ki, dünənin əlaçısı - seçilən şagirdi hər keçən gün dərslərində axsayırdı...

Belə bir durumda mənim əlimdən tutub girdabdan çıxarmağı bacarmış bir müəllimim haqqında danışmışdım o müsahibədə. Dədəli kənd orta məktəbinin ağsaqqal və təcrübəli direktoru, bütün anlamlarda pedaqoq, peşəsinə toz qondurmayacaq qədər ciddi bir müəllim olan Səfərbəy müəllimi nəzərdə tuturam.

Səfərbəy Balabəyov. İndiki sözlə desək, bir müəllim kimi xarizmasını zirvədə tutan, pedaqoq kimi yeri gələndə zəhmli, yeri gələndə mülayim olmağı bacaran, kəndimizdə hər kəsin evində açıq ürəklə qonaq etmək istədiyi bir Kişi! Bəli, Kişi, İnsan, Pedaqoq, Müəllim! Şəxsiyyət həm də!

Səfərbəy müəllim nə etmişdi, niyə onu illər sonra da belə minnət və şükranla anıram?

Belə baxanda qeyri-adi heç nə etməmişdi. Sadəcə bir müəllim - məktəb direktoru kimi üzərinə düşən vəzifəni sonadək və vicdanla yerinə yetirmişdi. O, dünənə qədər seçilən bir əlaçı şagirdin gözünün önündə geri getməsinə imkan verməmişdi.

Bilənlər bilir, o zaman bizim məktəbimiz ətraf kəndlər üçün ümumi orta məktəb idi. Qonşu Hacıabdurahmanoba, Sibiroba və Nağıobada yalnız 3 illik məktəb vardı. Onların uşaqları 4-cü sinifdən bizim kəndə gəlirdi. Bostançıda isə 8 illik məktəb vardı və oranın uşaqları 9-cu sinfə Dədəliyə gəlirdi. Elə mənim də zəiflədiyim dövr 9-cu sinfin başlanğıcına təsadüf edir. Çünki Bostançı uşaqları da bizə qoşulunca sayımız çoxaldı, məcburən "a" və "b" olmaqla iki sinfə ayrıldıq.

"B" sinfinə yalnız Dədəli uşaqları, o cümlədən, mən təyinat aldım. Bu isə o demək idi ki, biz 2-ci növbə oxuyacaqdıq. Bir az məktəbdə də boşluq olurdu 2-ci növbədə. Çünki sinif-şagird az olunca müəllimlərin də çoxu boşuna məktəbdə oturmurdu. Yəni şagirdlərin özlərini "azad" hiss etməsi üçün münbit şərait vardı. Amma buna baxmayaraq, məktəbin direktoru bütün günü iş yerində olur, daim siniflərlə maraqlanırdı. Elə mənim zəifləməyimi də dərhal hiss etmişdi. Ona görə də, müsahibədə də dediyim kimi, bütün məktəbi səfərbər etdi ki, məni xilas etsin.

Bacardı da. İlk işi məni 1-ci növbəyə - "a" sinfinə keçirmək oldu. Müəllimlərə də tapşırıq verdi ki, bunun üzərində gözünüz olsun. Direktorun bir sözünün iki edilmədiyi dövrdə müəllimlər, əlbəttə ki, tapşırığa yüzdə yüz əməl etdilər. Əlavə olaraq özü də vaxt-vaxtdan mənimlə maraqlanırdı. Təkcə müəllimlərdən deyil, özümdən də soruşub-sorğulayardı.

Nəticə də o oldu ki, mən yavaş-yavaş özümə çəki-düzən verdim. Davranışlarıma diqqət etməyə başladım. Hətta artıq çəkməyə öyrəşdiyim siqareti belə könüllü şəkildə atdım və bu günə qədər də o mərətə nifrət edirəm. Məktəbdə qurulan təlim-tərbiyə o qədər mükəmməl idi ki, bir məzun olaraq mən hara getsəm, nə əmələ imza atsam, gözümün önünə müəllimlərim - ordakı durum gəlir. Heç şübhəsiz, məni bəd əməllərdən çəkindirən ailəmin verdiyi tərbiyə ilə bərabər, həm də məktəbin şəxsimə aşıladığı mənəvi dəyərlərdir...

Bu yaxınlarda - dekabrın 1-də Xəzər Universitetində Respublika müəllimlərinin bir seminarında qonaq qismində iştirak edirdim. Ölkənin hər tərəfindən 300-ədək müəllim qatılmışdı seminara. Ordakı çıxışımda da Səfərbəy müəllimi xatırladım, haqqında danışdım və indi oxuduğunuz yazının anonsunu verdim.

Seminarda da qeyd etdim - mənim gözüm ətrafda daim Səfərbəy müəllimi axtarır. Bu böyük Kişi mənim üçün müəllim örnəyi-obrazıdır. Özəlliklə də addımbaşı müəllimləri gözdən salan əməllərin həvəslə tirajlandığı cəmiyyətimizdə bizim Səfərbəy müəllimlərə, onun kimi pedaqoq-direktorlara çox ehtiyacımız var, çox!

Həmişə düşünürəm ki, biz - cəmiyyətin fəal kəsimi ona çalışmalıyıq ki, müəllimin nüfuzu özünə qayıtsın. Biz müəllimlərlə bağlı pis xəbərlərin tirajlanmasından qaçmalıyıq. Əminəm ki, mənim Səfərbəy müəllimim kimi müəllimlər-direktorlar bu gün də var. Özü də onların sayı yüzlərlə, minlərlədir. Amma biz nə edirik? Hardasa bir qüsur işləmiş müəllimin adını bayraq edib məktəbi - təhsili yerdən yerə vururuq! Kim qazanır bundan? Əlbəttə ki, məktəbi gözdən salınmış bir millətin uçuruma yuvarlanmasını arzu edənlər! Azərbaycan təhsilini gözdən salıb ayaqlar altına atanların məqsədi millətə zərbə vurmaqdan başqa bir şey deyil və ola da bilməz!

Bəs kim itirir bundan? Hər birimiz! Məktəblə əlaqəsi olan da, olmayan da itirir. Məktəbin, müəllimin gözdən salınmasından hər bir insanımız itirir. Ona görə də çalışıb məktəbin-müəllimin nüfuzunu bərpa etməliyik. Ki, gündəmdə daim Səfərbəy Müəllimlər olsun, daha başqaları deyil...

Sözardı: Ötən həftə Səfərbəy müəllimin oğlu zəng eləmişdi. Şəxsən tanış deyilik, yolumuz da kəsişməyib heç zaman. Nömrəmi tapıb zəng etmiş, təşəkkürünü bildirirdi. Atası - mənim Müəllimim haqqında xoş sözlər dediyimə görə. İnternetdən xəbər tutmuşdu. Ailəsi adından təşəkkür edirdi. Qısa söhbətimizdə diqqətimi bir məqam çəkdi: hər ikimizin səsimiz titrəyirdi. Mən bunu gizlətməyə çalışdım və məncə bacardım. Amma o, deyəsən, sonadək bacara bilmədi. Kövrəlmişdi. Səfərbəy müəllimin oğlu atası haqqında bu qədər uzun müddət yaşayan xoş xatirələrə, onların dilə gətirilməsinə görə kövrəlmişdi. Telefon danışığımz bitdikdən sonra düşündüm: doğrudan da cənnətməkan Səfərbəy müəllim xoşbəxt insandır. Xoşbəxtdir ki, şagirdləri onun dünyasını dəyişməsindən sonra belə haqqında xoş düşünür, xoş danışır və buna görə də övladları - bu dünyada buraxıb getdiyi doğmaları qürur hissi yaşayır. Nə deyim? Hər bir müəllimə belə xatırlanma arzu edərdim...

 





11.12.2018    çap et  çap et