525.Az

Varşava Universitetində Azərbaycanşünaslıq Mərkəzi yaradıldı


 

Varşava Universitetində Azərbaycanşünaslıq Mərkəzi yaradıldı<b style="color:red"></b>

Polşanın Varşava Universitetində Azərbaycanşünaslıq Mərkəzi fəaliyyətə başlayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutundan verilən məlumata görə, mərkəzin rəhbəri institutun beynəlxalq əlaqələr şöbəsinin müdiri Nərgiz Axundovadır.

Mərkəzin yaradılması barədə müqaviləni Varşava Universitetinin rektoru Marçin Palıs, Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov və Tarix İnstitutunun direktoru Yaqub Mahmudov imzalayıblar.

Mərkəzin rəsmi açılış mərasimində akademik Y.Mahmudov və institutun əməkdaşları - elmi katib İradə Əliyeva, şöbə müdirləri Tofiq Mustafazadə və İradə Bağırova iştirak ediblər.

Tədbirdə Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin direktor müavini Aliyə Ağazadə, Varşava Universitetinin şərqşünaslıq fakültəsinin dekanı Piotr Taraxa və Türkologiya və Orta Asiya xalqları kafedrasının rəhbəri Aqata Bareya çıxış edərək mərkəzə görə Tarix İnstitutuna təşəkkürlərini bildiriblər.

Daha sonra Varşava Universitetinin siyasi elmlər və beynəlxalq münasibətlər fakültəsində Tarix İnstitutunun şöbə müdiri, professor Tofiq Mustafazadənin "Tarixdə erməni məsələsi" kitabının (ingiliscə) təqdimatı keçirilib. Bu əsər alimin "Erməni məsələsi"ndən erməni terrorizminə" kitabının (2016) ingilis dilinə tərcüməsidir və Varşavada çap olunub.

Nəşrin elmi redaktorları tarixçi alimlər Yaqub Mahmudov və İradə Məmmədovadır. Kitabda "Erməni məsələsi"nin meydana gəlməsi, bu uydurma məsələnin beynəlxalq diplomatiyanın gündəminə gətirilməsi, ermənilərin silahlandırılaraq qiyamlara və terror əməlləri törətməyə təşviq edilməsi prosesi danılmaz faktlar əsasında təsvir olunur.

T.Mustafazadə tədbirdə qeyd edib ki, erməni terrorizmi beynəlxalq terrorizmin əcaib formasıdır.

"Yeni nəşr ermənilərə ciddi mesajdır. Ermənilər nəinki Cənubi Qafqaza, ümumiyyətlə, Asiya qitəsinə köçüb gəlmə əhalidir. XVII əsrin 70-ci illərində Azərbaycanın İrəvan bölgəsinə, o cümlədən, İrəvan şəhərinə səyahət etmiş türk səyyahı Evliya Çələbi "Səyahətnamə"sində və fransız səyyahı Jan Şarden "Parisdən İsfahana səyahət" əsərində bu torpaqların əhalisinin mütləq əksəriyyətinin Azərbaycan türkləri olduğunu bildiriblər. Tarix İnstitutunda aparılmış tədqiqatlar nəticəsində sübut edilib ki, 1918-ci ilə qədər Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb", - deyə Y.Mahmudov təqdimat mərasimində bildirib.

Tarix İnstitutunun nümayəndə heyəti Polşaya səfər çərçivəsində Poznan Universitetinin Tarix fakültəsinin rəhbərliyi və Şərqşünaslıq fakültəsinin professorları ilə görüş keçiriblər. Görüşdə ikitərəfli əməkdaşlıq müqaviləsinin imzalanması üçün razılıq əldə olunub. Tarixçi alimlərimiz Poznan şəhərindəki İqnaçı Paderevski adına Musiqi Akademiyasında Polşanın baş naziri olmuş İqnaçı Paderevskinin və Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri olmuş Əlimərdan bəy Topçubaşovun barelyefini ziyarət ediblər.

Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Tarix İnstitutunun əməkdaşlarını İqnaçı Paderevski və Əlimərdan bəy Topçubaşovun şəkilləri həkk olunmuş medallarla təltif edib.

C.ABASOV

 





11.12.2018    çap et  çap et