525.Az

"21 Azər" Hərəkatının 73-cü ildönümü İstiqlal Muzeyində qeyd olundu


 

"21 Azər" Hərəkatının 73-cü ildönümü İstiqlal Muzeyində qeyd olundu<b style="color:red"></b>

Dekabrın 8-də İstiqlal Muzeyində "21 Azər" Hərəkatının 73-cü ildönümü qeyd olunub.
 
Azərbaycan Demokrat Firqəsi (ADF) Mərkəzi Komitəsinin və "İranlı Mühacirlər Cəmiyyəti" (İMC) İctimai Birliyinin birgə keçirdikləri tədbirdə hər iki qurumun təmsilçiləri, alimlər, təhqiqatçılar, media nümayəndələri iştirak ediblər.

Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadənin məruzəsində ADF-nin yaranması və fəaliyyətinə yeni baxış konkret sənədlərə əsasən təhlilini tapıb.

Sonra ADF MK-nın və İMC-nin rəhbərliyində təmsil olunan, Azərbaycan Dövlət Tibb Universitetinin müəllimi, tibb üzrə fəlsəfə doktoru Adilə Çernikbulənd hadisələrin canlı şahidi və iştirakçısı kimi gördüklərini, müşahidə etdiklərini dilə gətirib. O qeyd edib ki, Seyid Cəfər Pişəvəri və silahdaşları İran tarixində elə islahatlara imza atıblar ki, bunlar heç vaxt unudulmayacaq: "Mühacirətdə bizlərə göstərilən doğma münasibəti, qayğı nümunələrini də heç vaxt unutmayacağıq. Biz illər ərzində özümüzü daim doğmaların əhatəsində hiss etmişik".

İMC-nin sədri, əməkdar jurnalist Rəhim Hüseynzadə isə qeyd edib ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamları ilə daha iki nəfər fədai övladı dövlət mükafatına layiq görülüb: "Tarix və şərqşünaslıq elminin inkişafına verdiyi tövhələrə görə alimlərimizdən Solmaz Rüstəmova-Tohidi əməkdar elm xadimi, Əkrəm Rəhimli-Bijə isə xüsusi diplomla təltif olunublar".

Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin sədr müavini Murtuza Nizamoğlu "21 Azər" Hərəkatının təsir gücünün əbədi olduğuna işarə edərək bunu əyani müşahidələri ilə əsaslandırıb.

İbrahim Şiri (Xalq Fədailəri Partiyası) mənsub olduğu təşkilatın adından iclas iştirakçılarını " 21 Azərin"in ildönümü münasibətilə təbrik edib.

Azərbaycan Yazıçılar Birliyinin üzvü Səyyad Kərimov (Dasi) gənclərin və yeniyetmələrin hərəkatında iştirakı barədə xatirələri də maraqla dinlənilib.

Tanınmış jurnalist Ənvər Qafarlı hər iki təşkilatın milli tariximizin şanlı səhifələrini təbliğinə dair aktiv tədbirlər keçirməsini təqdirə layiq hal sayıb. İranlı Mühacirlər Ədəbi Birliyin sədri, "Dədə Qorqud" Beynəlxalq mükafatı laureatı Tariyel Ümid mübariz ruhlu şeirlərini səsləndirib.

Cəmiyyətin sədri yekun sözündə tədbirin milli azadlıq tariximizə aid misilsiz sənədlərin, eksponatların toplandığı mötəbər bir yerdə keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb və İstiqlal Muzeyinin rəhbərliyinə hər iki təşkilatın təşəkkürlərini bildirib.

CEYHUN

 





11.12.2018    çap et  çap et