525.Az

Pedaqoji Universitetdə Heydər Əliyevin xatirəsi anıldı


 

Pedaqoji Universitetdə Heydər Əliyevin xatirəsi anıldı <b style="color:red"></b>

Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib.

Anım mərasimində Nəriman Rayon İcra Hakimiyyətinin (RİH) və Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının məsul şəxsləri də iştirak ediblər.

Tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin baş mütəxəssisi Aytən Daşdəmirova bildirib ki, müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin adı zəmanəmizin ən böyük siyasət və dövlət xadimlərinin, qüdrətli şəxsiyyətlərinin sırasında yer alıb. Heydər Əliyev həyatı mübarizə və qələbələrdən keçən, öz xalqının tarixi taleyində müstəsna rol oynayan dahi şəxsiyyətdir. Ulu öndər Heydər Əliyev bənzərsiz həyatı və zəngin fəaliyyəti ilə xalqımızın ümummilli lideri səviyyəsinə yüksəlmişdir. Heydər Əliyevin adı xalqımız üçün ucalıq rəmzinə, əməlləri isə hünər timsalına çevrilmişdir. Heydər Əliyev öz böyük xidmətləri ilə tarixin yaddaşında əbədiləşmiş ən böyük azərbaycanlıdır.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov çıxışında qeyd edib ki, xalqımız hər il ulu öndərə vəfa borcunu layiqincə yerinə yetirir. Heydər Əliyev Azərbaycanı çətinlik girdabından xilas etmiş, müstəqil dövlətimizi qurmuş, gücləndirmiş, inkişaf perspektivlərini müəyyən etmiş və beynəlxalq miqyasda layiqincə tanıtmışdır. Heydər Əliyevin ən böyük xidmətlərindən biri Azərbaycanı öz layiqli siyasi varisi Prezident İlham Əliyevə həvalə etməsidir. Bugünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz həyatımızın bütün sahələrində böyük uğurlar qazanır. Heydər Əliyev elm və təhsil sahəsində köklü və əsaslı dəyişikliklərin həyata keçirilməsini təmin etmiş, istedadlı azərbaycanlı gənclərin keçmiş Sovetlər Birliyinin tanınmış və nüfuzlu ali təhsil müəssisələrində təhsil almaları üçün səmərəli və məqsədyönlü fəaliyyət göstərmişdir. Bu siyasəti müasir dövrümüzdə Prezident İlham Əliyev uğurla davam etdirir. İlham Əliyevin 16 noyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" ali təhsil sisteminin yeni və müasir inkişaf istiqamətlərinin, strateji hədəflərinin müəyyən edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Belə ki, bu proqramın həyata keçirilməsi təhsilalanlara həm işlə təmin olunmaq, həm də təhsildə fasiləsizlik prinsipini gerçəkləşdirmək baxımından əlavə imkanlar yaradacaq. İkili diplomlar, xaricdə doktorantura təhsili ali təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, universitetlərin rəqabət qabiliyyətinin artırılması, ali təhsil müəssisələrinin Avropa məkanına daxil olması, tədris proqramlarının təkmilləşdirilməsi və keyfiyyətin təmin olunması, universitetlərdə infrastrukturun və idarəetmənin daha səmərəli qurulması, Bolonya prosesindən irəli gələn dəyişikliklərin təcrübədə qavranılması, insan kapitalının inkişaf etdirilməsi, strateji əhəmiyyət kəsb edən sahələr üzrə yüksəkixtisaslı milli kadrların hazırlanması baxımından da çox faydalı olacaq.

Tədbirdə Tarix və coğrafiya fakültəsinin Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərov  ulu öndər Heydər Əliyevin liderlik xüsusiyyətlərindən, xalqına, millətinə, Vətəninə məhəbbətindən, elm və təhsilə xüsusi diqqət və qayğı göstərməsindən, yüksək intellektual səviyyəyə malik gənc nəslin yetişdirilməsi üçün həyata keçirdiyi gənclər siyasətindən ətraflı danışıb.

Nərimanov RİH-in başçısının müavini İradə Mahmudova, YAP-ın Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, YAP-ın təsis konfransının iştirakçısı və Naxçıvanda YAP-ın Qadınlar Şurasının sədri olmuş Südabə Qəhrəmanova çıxış edərək ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında göstərdiyi böyük tarixi xidmətlərlə bağlı öz fikirlərini bölüşüblər.

S.QARAYEVA

 





11.12.2018    çap et  çap et